• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Sosial siyasətin inkişafı istiqamətində növbəti addım

04.12.19 10:00 949
Sosial siyasətin inkişafı istiqamətində növbəti addım
Ekspertlər deyir ki, Prezidentin yeni sərəncamının əsas məqsədi sosial müdafiənin təşkili çərçivəsində əhalinin xüsusi təbəqəsinin cəmiyyətə inteqrasiyasıdır
Prezident İlham Əliyev "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kaspi"yə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 dekabr 2019-cu il tarixli Sərəncamı ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür. Qeyd edilir ki, ötən dövrdə dövlət başçısının uğurlu sosial siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib. Bu siyasətin tərkib hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün artıq 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi vardır. Bu sahədə növbəti addımlar kimi, ötən ay Nazirliyin Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra və müasir ləvazimatlarla, avadanlıqlarla təchiz olunmaqla, istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə Tədris Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək.
Sözügedən sərəncam bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması, bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır. Sərəncam üç istiqaməti – tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikintisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməsi və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur. Nəticə etibarilə sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir.
Millət vəkili Azər Badamov bildirdi ki, dövlət başçısının apardığı siyasətin təməlində sosial-siyasət ilk pillədə dayanır: "Cari il ərzində bu sahədə verilən qərarlar bunu bir daha təsdiq edir. 2019-cu ildə əhalinin pul gəlirlərinin artması istiqamətində imzalanan sərəncamlar, sosial müdafiəyə ehtiyacı olan təbəqənin vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Dövlət başçısının imzaladığı yeni sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat vəsait ayrılıb. Bu vəsait sosial müdafiəyə ehtiyacı olan insanların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin icrasına yönəldiləcək. Yeni sərəncam əhalinin bu təbəqəsinin sağlamlığının, maddi durumunun yaxşılaşdırılması baxımından mühüm rol oynayır. Düşünürəm ki, gələn il bu siyasət davam etdiriləcək. Yəni bu siyasət davamlı olaraq icra olunacaq”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, başa çatmaqda olan 2019-cu il bir sıra mühüm sərəncam və qərarlarla yadda qalıb: "Bu il dövlət başçısının təşəbbüsü ilə geniş miqyaslı sosial paketin icrasına başlanıldı. Bu siyasət öz miqyasına görə bir sıra sahələri əhatə edir. Verilən qərarlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. İndi əlavə tədbirlər haqqında imzalanan yeni sərəncam, sosial müdafiəyə xüsusi ehtiyacı olanların rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Əhalinin bu təbəqəsinin rifahına hər zaman diqqət edilib. Əvvəllər də bu sahələrdə mühüm qərarlar qəbul edilib. Dövlət hər zaman bu insanların qayğısına qalıb. Sərəncam bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu insanların cəmiyyətə inteqrasiyası üçün 20 milyondan çox vəsait ayrılıb. Sərəncam 2019-cu ildə başlanılan sosial paketin tərkib hissəsidir. Gələcəkdə də bu cür qərarların veriləcəyi gözlənilir və bu sərəncamların icrası uğurla davam etdiriləcək”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədriSahib Məmmədov hesab edir ki, bu sərəncamın imzalanmasında əsas məqsəd sosial müdafiənin təşkili çərçivəsində əhalinin xüsusi təbəqəsinin cəmiyyətə inteqrasiyasıdır: "Əlilliyi olan şəxslərin reabilitasiyası, ödənişsiz istirahət və texniki bərpa vasitələri ilə təmin olunması bu sərəncamda öz əksini tapıb. Ona görə də, bu qərar alqışalayiq bir addımdır. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında konvensiyanın iştirakçılarından biri də Azərbaycandır. Tibbi və sosial reabilitasiyaya ehtiyacı olan şəxslərin sosial təminatının yaxşılaşdırılması dövlət başçısının daima diqqətindədir. Hesab edirəm ki, əhalinin bu təbəqəsinin sosial müdafiəsi ildən-ilə daha da gücləndiriləcək. Bu qərar Azərbaycanın sosial yönümlü dövlətə çevrilmə prosesinin tərkib hissəsidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər