• şənbə, 20 Aprel, 16:07
  • Baku Bakı 23°C

Sosial sifariş olmayan mitinqlər kimə və nəyə lazımdır?

06.10.17 11:30 2295
Sosial sifariş olmayan mitinqlər kimə və nəyə lazımdır?
Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, xüsusilə seçkilər ərəfəsində bir sıra özünü "ana müxalifət” adlandıran partiyalar aktivləşirlər. Onların bununla yağışdan sonra çıxan və çox az ömrü olan göbələklərə bənzəyirlər. Sosial şəbəkələrdə insanlara demokratiya və digər gəlişigözəl sözlərlə vəd verən "Milli şura” fəalları bununla cəmiyyəti xaosa sürükləmək istəyirlər.

Əslində, keçirdikləri mitinqlərdə bu "ana müxalifət”in sosial bazasının olmadığını görürük. Bu mitinqlərdə səsləndirdikləri fikirlər isə "çevir tatı, vur tatı”dan o yana keçmir. Elə buradan görünür ki, əslində bu mitinqin təşkilatçıları kimlərinsə sifarişini yerinə yetirir. Görəsən, heç bir sosial bazası olmayan, yeni heç nə danışmayan bu qaragüruhçular mitinq keçirməklə özlərini niyə biabır edirlər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Aydın Mirzəzadə bildirdi ki, bu mitinqi keçirənlər sadəcə olaraq, tapşırıq yerinə yetirirlər: "Min nəfərlik bir mitinq keçirmək əslində cəmiyyətdə heç bir nüfuzunun olmadığını açıq şəkildə etiraf etməkdən ibarətdir. Danışdıqları yalan, iftira onların tərəfdarlarını daha da azaldır. Çünki insanlar ətrafında tamam başqa bir şey görürlər. O başqa məsələdir ki, xaricdən onlara xüsusi tapşırıqlar var və bu tapşırığı yerinə yetirməlidirlər. Əslində mitinq sifarişi cəmiyyətdən gəlmir. Mitinq keçirilməsi məsələsi bu gün insanların həmin təşkilat qarşısında qoyduğu tələb deyil. Xaricdəki təşkilatlar onlara tapşırıqlar verirlər, maliyyələşdirirlər. Onların burada keçirdiyi tədbirləri sonra beynəlxalq aləmdə guya Azərbaycanda narazılıq faktoru kimi qiymətləndirməyə çalışırlar. Prezident İlham Əliyev Avropa Birliyində təmsil olunan səfirlərin bir qrupu qarşısında çıxış edərkən açıq şəkildə bildirdi ki, Azərbaycan barəsində Avropada müəyyən dairələr mənfi fikir yaratmağa çalışırlar. Bu dairələr guya Azərbaycanda insanların hakimiyyətdən narazı olması təəssüratını yaratmağa çalışırlar. Ola bilsin min nəfər hakimiyyətdən narazıdır, amma nəzərə alsaq ki, biz 9,8 milyon nəfərik, onda bu böyük sosial baza qarşısında min nəfər ümumiyyətlə heç rəqəm deyil”.

A.Mirzəzadə vurğuladı ki, belə təşkilatların ola bilsin, seçkiyə ayrı planları olacaq: "Yəni, ayrı metodlardan istifadə etməyə çalışacaqlar. Amma ortada olan bir şey var, insanlar onları dəstəkləmir, fikirlərini bölüşmür və keçirdikləri kütləvi aksiyalara gəlmirlər”.

Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri, deputat Tahir Kərimli bildirdi ki, Prezident İlham Əliyev özünü müxalifət adlandıran və mitinqlər keçirən təşkilatla bağlı məsələyə daha düzgün qiymət verdi: "Dövlət başçısı Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı qeyd etdi ki, onlar normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həqiqətən də cənab prezident vurğuladığı kimi, bu mitinqlərə insanların gəlməsinə heç kim mane olmur. Mitinqlər paytaxtın mərkəzi yerlərindən birində keçirilir, həmin ərazi metroya yaxındır. Orada qapalı məkan var, təhlükəsizlik polis tərəfindən təmin olunur. Hətta özünü demokratik adlandıran ölkələrdə qeyd etdiklərim yoxdur, mitinqlər, aksiyalar zamanı insanlara qarşı edilən zorakılıqlar göz qarşısındadır. Ola bilər ki, bizdə 20 il əvvəl mitinqlərdə hansısa xoşagəlməz hadisələr olub. Amma faktdır ki, 10 ildən çox müddət ərzində keçirilən mitinqlərdə zorakılıq halları yoxdur.Ümumiyyətlə, bu mitinqlərin keçirilməsinin nə mənası var? Ötən 24 il ərzində xalq özünü müxalifət adlandıran bu insanlardan cana-boğaza yığılıb. Axı bunlar hakimiyyətə gələcəyini insanlara nə qədər vəd edib, amma öhdəsindən gələ bilməyiblər? Seçicilər qarşısına hansı proqramla çıxıblar? Müxalifətdəkilər güclü olduqları dövrdə hakimiyyətə gələ bilmədilər, indi necə qalib gələcəklər? Açıq şəkildə görünür ki, bunlar sosial şəbəkələrdə hay-küy qaldırırlar. Amma başa düşmürlər ki, sosial şəbəkədə kiminsə yazdıqlarını oxumaq heç də onu dəstəkləmək demək deyil. Sadəcə insanlara maraqlıdır ki, kimlər nə düşünür, nə haqda və necə fikir yürüdür, proqramı, real imkanları nədir. Əslində insanlar bunların yazdıqları ilə tanış olanda, görürlər ki, bu müxalifətdən sağlam hakimiyyət iddiası gözləməyə dəyməz”.

T.Kərimli qeyd etdi ki, müxalifət adına mitinq keçirənlərin heç bir ideoloji tandemi yoxdur: "Özünün müstəqil və müxtəlif ideoloji baxışı olmayan müxalifətin hansı cəlbediciliyi var? Nəhayət, hamı görür ki, bu müxalifət birləşə bilmir, bir-birinə qarşı ittihamlar səsləndirir. Elə axırıncı fakta nəzərə salaq. Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevi açıq müdafiə etmək nə deməkdir? Necə olur ki, hər zaman korrupsioner saydıqları bir insanı indi müdafiə edirlər? Onlar hesab edirlər ki, onun və yaxınlarının maddi imkanları var. Yaxud da yaxın keçmişdə "milyonçular ittifaqı” yarananda, onunla birlik nümayiş etdirdilər. Axı, burada hansı əqidədən, ideologiyadan və ya hansı xalq uğrunda mübarizədən söhbət gedir? Müxalifətin məğlubiyyəti öncədən məlumdur. Ona görə də bunları heç kim müdafiə etmir, arxasınca getmir. Onların mitinqlərinə öz yaxınları gəlir. Təbii ki, bu mitinqlərdən sonra "qış yuxusu”na gedəcəklər. İndi sadəcə olaraq, qarşıdan prezident seçkiləri gəlir və bunlar özlərini xaricdəki havadarlarına göstərmək istəyirlər ki, biz varıq və bizə "stavka” edin. Burada heç bir əqidə uğrunda mübarizə görmürəm”.
AZAD

banner

Oxşar Xəbərlər