Sosial şəbəkələrin “yalançı çobanları”
"Dəfələrlə şirkətlərin sosial şəbəkə vasitəsilə paylaşdıqları iş
elanlarına müraciət etmişəm. CV-im hansı şirkətin qoyduğu tələbə uyğun gəlibsə,
göndərmişəm, amma heç vaxt da cavab gəlməyib. Ən azından seçim üçün çağıra,
yaxud təsdiq mesajı yaza bilərlər. Çünki qoyduqları tələbə uyğun bir CV-im
varsa, seçim etmək üçün heç olmasa ofisə çağırmalıdırlar, amma heç biri
çağırmayıb” – bu sözləri bizimlə söhbətində proqramçı Lalə xanım dedi.
O bildirdi ki, bir neçə dəfə cavab verilmədiyi halda, şirkətlə əlaqə
saxlayıb, "iş elanı” ilə bağlı məsələnin nə yerdə olduğunu soruşub. Adətən
aldığı cavab "ehtiyac olsa, sizinlə əlaqə saxlayacağıq” olub: "Çox gözəl,
mədəni şəkildə adamı yola verirlər. Bəzilərində isə ümumiyyətlə, nömrə olmur,
sadəcə e-mail yazılır, sonra mesaj yazsam da, cavab verilməyib. Əvvəllər
dost-tanışlar o cür elanların çoxunun reklam xarakterli, səhifəyə daha çox adam
cəlb etmək üçün bir üsul olduğunu deyirdilər, inanmırdım. Amma indi düşünürəm
ki, çoxu reklam məqsədli edir”.
Bu gün xidmət sahələri və məhsul istehsalçılarının reklam üçün
yararlandıqları üsullardan biri də sosial şəbəkələrdir. Çünki bu gün sosial
şəbəkədə istənilən yaşda və fərqli maraqları olan insan kifayət qədərdir. Artıq
marketinq strategiyasının bir tərəfi də məhz sosial şəbəkə səhifələrinin
izləyicilərin maraq dairəsində saxlanmasıdır.
"Səhifədə
bəyənmənin çox olması heç bir önəm daşımır”
Bunun üçün marketinq cəhətdən bir çox strategiyalar tətbiq olunur.
Amma izləyiciləri sağlam olmayan üsullarla da cəlb etmək metodu var. Bunun üçün
izləyicilərin mənfi reaksiya verəcəkləri məlumatlardan da istifadə edənlər
çoxdur. Yaxud, müsabiqələr keçirirlər. Amma son vaxtlar "dəb”də olan bir
variant da var: "İş elanı” paylaşımları. Çünki bu elan iş axtaran kütlənin
istər-istəməz maraq dairəsində olacaq, nə isə yazacaq, səhifəni diqqətdə
saxlayacaq. Düzdür, sosial şəbəkə vasitəsilə verilən elanlar arasında doğru
olanları da çoxdur. Amma səhifədə aktivliyə səbəb olan bu metoddan sui-istifadə
üçün yararlananlar da az deyil.
PR üzrə mütəxəssis Vüqar Baba "Kaspi”yə açıqlamasında bildirdi ki, səhifənin
"bəyənmə” sayının çox olması bu gün artıq o qədər də əhəmiyyət daşımır: ""Bəyənmə”
çoxluğunun önəmli faktor olması əvvəllər gündəmdə idi. Əvvəllər sosial
şəbəkələrdə belə idi ki, əgər səhifədə 10 min izləyicin varsa, paylaşdığın 6-7
min nəfərə çatırdı. Sən hardasa pulsuz auditoriya qazanmış olurdun, reklamını
ödənişsiz edirdin. Buna görə də bir müddət əvvəl səhifə satışı ilə bağlı bir
bazar da formalaşmışdı. Səhifə yaradıb, böyük bir izləyicisi toplayıb, onu
satırdılar. Qiymətlər isə izləyici sayının çoxluğuna görə dəyişirdi. Böyük
şirkətlər isə bunu alırdılar. Amma artıq səhifənin izləyici sayının nə qədər
olması elə də önəmli faktor hesab edilmir. Çünki "facebook”un qurucuları
alqoritmi dəyişiblər. İndi heç də səhifəni bəyənən hər kəs paylaşılan
məlumatları görmür. Yəni, səhifədə bəyənmənin çox olması heç bir önəm daşımır.
10 min izləyici varsa, onun 2, maksimum 3 faizi paylaşımı görür.
Çünki "facebook”u idarə edənlər düşünürlər ki, bu qədər şəbəkəni
qurmuşuq, əziyyət çəkib işləyirik və hər kəs də hansısa üsulla səhifəyə kütlə
yığmaqla, xərc çəkmədən pul qazanacaq. Bunu "facebook” rəhbərliyi əlbəttə ki,
istəmir. Özünü reklam etmək, paylaşımlarının daha çox adama çatmasına nail
olmaq istəyirsənsə, daim pul xərcləməlisən. Pul xərclənmədiyi halda nə qədər
izləyicin olursa-olsun, çox cüzi sayda adam görür. Hansısa üsullarla səhifəsinə
izləyici toplayanlar da bu metodu yəqin ki bilmirlər”.
"Yalançı
elanlar aqressiv izləyici kütləsi formalaşdırır”
V.Babanın sözlərinə görə "bəyənmə”dənsə, səhifədə aktivliyin
saxlanılmasına nail olmaq daha effektiv üsuldur: "Yəni səhifədəki paylaşıma neçə
rəy yazılır, nə qədər bəyənilir... Səhifə izləyicilərinin sayı yox, paylaşıma
olan reaksiya səviyyəsi önəmlidir. Yalandan hansısa bir iş elanı paylaşmaqla
həmin statusda aktivlik ola bilər. Amma daha sonra o səhifənin paylaşdığı
diqqət çəkməyəcəksə, maraqsız olacaqsa, onsuz da o paylaşımları yenə az adam
görəcək. "Facebook” paylaşımlara yazılan rəyləri, "bəyənmə”ləri hesablayır. Çox
bəyənmə gələn və daha çox rəy bildirilən paylaşımları digər istifadəçilərin
görməsinə də şərait yaradır. Ona görə də səhifədə aktivliyin olmasına çalışmaq
lazımdır”.
PR üzrə mütəxəssis deyir ki, səhifədə aktivlik olması üçün
izləyicilərin maraq dairəsində olan nələrsə paylaşmaq lazımdır. Amma
paylaşımların saxta, qeyri-dəqiq olmamasına diqqət edilməlidir. İnsanları
aldatmaqla səhifəyə cəlb etmək, özünə qarşı aqressiv kütləni daha yaxına çəkmək
deməkdir: "Səhifələr maksimum dərəcədə maraqlı, dəqiq və düzgün informasiyaları
paylaşmalıdırlar. Yalan informasiya istər-istəməz həmin şirkətlərin əleyhinə
işləyir. Bir-iki yalan izləyicilər tərəfindən məlum olanda artıq həmin səhifədə
onlara qarşı əks fikirlər yazıla bilər ki, izləyiciləri aldadırsınız. Bu,
şirkət üçün kiçik də olsa, böhranın başlanğıcı sayıla bilər. Yəni, yanlış
reklamlarla özlərinə qarşı əks fikirdə olan kütlə yığmış olacaqlar.
Yanlış paylaşımdan dolayı səhifəyə gələn izləyicilər paylaşımlara
qarşı qıcıq reaksiya verəcəklər. Məsələn, şokolad firması səhifəsində iş elanı
adı ilə izləyici yığa bilər. Amma onların səhifəyə gəlməkdə məqsədləri şokolad
almaq deyil. Ona görə fəaliyyət göstərdikləri istiqamətdə şirkətin maraqlarına
uyğun izləyici toplamaq daha yaxşı ola bilər. Əgər səhifənin izləyicisi 10 min
nəfərdirsə və onun 500-nə məhsulunu sata bilməyəcəksə, 10 min nəfər onun nəyinə
lazımdır? Bunları düşünmədən rəqəmə qaçırlar. O rəqəm onlara heç vaxt müştəri,
pul kimi dönməyəcək. Bəzi səhifələrdə görürük ki, nə paylaşsalar neqativ rəylər
yazırlar. Çünki o izləyicilər ora necəsə düşüblər, hansı yollasa cəlb ediblər.
Sənin müştərin deyil, məhsulunun fanatı deyil, nə vaxtsa sənin məhsulunu almaq
arzusunda da deyillər”.
"Səhifənin
idarəetməsi şirkətin imicinə uyğun olmalıdır”
"Modern
Marketinq Group"un rəhbəri, marketoloqYusif Vəliyev bizimlə söhbətində bildirdi ki,
məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Birincisi odur ki, sosial şəbəkə
vasitəsilə elan verdikdə daha çox müraciət olur və daha yaxşı kadrı seçib işə
cəlb etmək olur. Amma bir də "iş elanı” adından sadəcə istifadə edənlər var: "İş elanları
üçün sosial şəbəkə elanları çox yaxşıdır. Şirkətlər bu yollarla ən real və daha
yaxşı kadrı əldə edə bilər. Çünki elan verəndə daha çox işçi müraciət edir və
seçim imkanı da çox olur. Bu işin marketinq tərəfi deyil, sadəcə olaraq yaxşı
kadrı axtarıb tapmaq üçün bir üsuldur.
Əgər marketinq tərəfindən yanaşılsa, səhifəyə cəlb olunacaq insanlar
şirkətin maraq dairəsində olmalıdır. Şirkətin göstərdiyi xidmət, satdığı məhsul
sırf həmin tip kütləyə aiddirsə, bunu da müəyyən qədər başa düşmək olar. Çünki
ola bilsin ki, onun hədəf kursunda olan insanlar həmin kütlədir. Amma istənilən
halda insanlara ümid vermək, onlardan istifadə etməkdən söz gedirsə, bu,
qeyri-peşəkarlıqdır. Burada hər hansı marketinq taktikasından söhbət gedə
bilməz”.
Y.Vəliyev deyir ki, bu cür metodlardan böyük şirkətlər deyil, kiçik
və nisbətən orta şirkətlər istifadə edirlər. Onun sözlərinə görə, öz imicini
yaratmaq, onu qoruyub saxlamaq üçün daha sağlam və effektiv üsullardan
yararlanmaq lazımdır: "Böyük şirkətlər marketinq işi apararkən səhifədə
izləyicilərin aktivliyini təmin etmək üçün öz xidmətləri ilə bağlı olmayan
nələrisə də paylaşa bilərlər. Məsələn, hansısa maraqlı bir videoçarx çəkib, onu
səhifədə yerləşdirə bilərlər. Bu, düşünülmüş şəkildə görülən işdir.
Düşünülməmiş şəkildə isə hansısa ucuz bir xəbərin səhifədə paylaşılması uğurlu
bir metod deyil. Səhifənin idarəetməsi şirkətin imicinə uyğun olmalıdır. İstər
yalançı vakansiya, istər hansısa bir şou xəbəri və yaxud nəsə şirkətə uyğun
gəlməyən, amma diqqət çəkən məlumatların paylaşımı qeyri-peşəkarlıqdır və burda
hər hansı bir uğurdan söhbət gedə bilməz”.
"İş
elanı adı ilə bir çox insanı səhifələrinə cəlb edə bilirlər”
Edumap.az saytının
həmtəsisçisi Toğrul Bayramlının sözlərinə görə, bu gün bir çox şirkətlər
az büdcə ilə daha yaxşı reklam etmək üçün çalışırlar: "Bunun üçün də müxtəlif
yollar axtarıb tapırlar. Bu gün sosial şəbəkələr iş və işçi axtaranlar üçün
daha çox seçim imkanı yaradır. İş elanı olan paylaşımlara verilən reaksiyaları
hər birimiz görürük. Əvvəllər bir səhifəm vardı, sonra onun adını dəyişib
vakansiyalarla bağlı etdik. İş elanları paylaşırıq. Bir il ərzində səhifənin
izləyicilərinin sayı dəfələrlə artdı. Vakansiyalarla bağlı paylaşımlar səhifəyə
aktivlik gətirir, bəyənənlər, rəy yazanlar çox olur. Ona görə az büdcə ilə
özlərini tanıtmaq istəyən şirkətlər indiki dövrdə iş axtaranların çox olduğunu
fikirləşərək, bu metoddan istifadə etməyə üstünlük verirlər. İşsiz olan şəxslər
belə vakansiyalar görəndə istər-istəməz oxuyurlar, bəyənirlər, maraq
dairələrində iş olsa rəy yazırlar”.
T.Bayramlı deyir ki, "facebook”un pullu reklamı vasitəsilə şirkət
hansısa məhsulunu paylaşsa belə, iş elanları qədər maraq doğurmur: "Məhsulun,
yaxud hansısa xidmətin reklamlı paylaşımı olanda, bunu görənlərin arasından yalnız
o məhsulu almaq, həmin xidmətdən yararlanmaq istəyənlərin diqqətini çəkəcək.
Amma bu o demək deyil ki, onlar bu səhifəni bəyənəcəklər, rəy yazacaqlar. Lakin
iş elanı adı ilə bir çox insanı səhifələrinə cəlb edə bilirlər. Məhsullarını,
yaxud xidmətlərini satmasalar belə, ən azından özlərini reklam edirlər. Çünki
iş elanı ilə bağlı paylaşımda şirkətləri gördükləri iş haqda məlumat yazmaqla
da bir növ reklam edirlər. Bilirlər ki, vakansiya ilə bağlı olduğu üçün bu
məlumat daha çox yayılacaq”.
Diqqət
edilməli məqamlar var...
Müsahibimiz bildirdi ki, bəzi şirkətlərin iş elanı paylaşımları işçi
götürmək xarakterli olmasa da, reklam məqsədli də deyil: "Bəzi şirkətlərin
strategiyalarına uyğun olaraq, iş prosesi
zamanı işçilərlə bağlı elan vermək kimi bir öhdəliyi də var. İşçiləri özləri
seçsələr də, elan verirlər, amma elanda məqsəd işçi götürmək olmur. Sadəcə,
plana uyğun olaraq işçi axtarmaq üçün elan verilməlidir”.
T.Bayramlı qeyd etdi ki, işçi axtarmaq məqsədilə edilən paylaşımlarda
peşəkarlıq hiss olunur. Ona görə də paylaşılan iş elanları ilə bağlı insanlar
müəyyən nüanslara diqqət etməklə, müəyyən araşdırma apara bilərlər: "Bizə paylaşmaq üçün
çox vakansiya təqdim olunur. E-mail ünvanı, iş yerinin yerləşdiyi məkan, əlaqə
nömrəsi qeyd olunursa, bu zaman elanı ciddi qarşılamaq olar. Paylaşacağımız
elanın ciddiliyinə fikir veririk. Amma sosial şəbəkə səhifələrində paylaşılanların
formal bir elan olduğunu çox vaxt hiss etmək olur. E-mail ünvanı isə korporativ
olsa, daha yaxşıdır. Şəxsən mənim
şirkətim olsa və işçi lazım olacağı təqdirdə, sosial şəbəkə vasitəsilə özümə
işçi axtara bilərəm. Bu, daha yaxşı kadr tapmağa kömək edə bilər. Amma iş elanı
adı ilə insanları aldadanlar da olduğu üçün insanlar CV göndərməmişdən əvvəl
elan verilən şirkəti araşdırmalı, elanın ciddiliyinə əmin olmalıdırlar”.
Aygün Asimqızı