• çərşənbə axşamı, 19 mart, 11:02
  • Baku Bakı 8°C

Sosial şəbəkələrdən pulu necə qazanırlar?

06.12.16 16:41 9614
Sosial şəbəkələrdən pulu necə qazanırlar?
Bu gün hər yaşda insanları sosial şəbəkə izləyicisi olaraq görürük. Bir çoxlarımız orda hansısa maraqlı videomuzu paylaşırıq, yaxud fikirlərimizi yazırıq, fərqli nəyisə bölüşməyə çalışırıq. Bu, bir həvəs, yaxud gününü rəngarəng keçirmək istəyənlər üçün üsul ola bilər. Amma sosial şəbəkədən həm də gəlir qazanmaq mümkündür.
Və bunu bir çoxları edirlər. Bunun üçün nə ofisə ehtiyac var, nə də maliyyəyə... Bəs sosial şəbəkələrdən pulu necə qazanırlar? Bu sualla elə sosial şəbəkədən gəlir əldə edənlərə müraciət etdik.

"Reklam təklifləri gəldi...”

"Azerbaijan-Azerbaycan”səhifəsinin rəhbəri Emil Məmmədov bildirdi ki, səhifəni 2011-ci ildə açıb, amma həmin vaxt məqsədi qazanc əldə etmək olmayıb: "Sonra izləyicilərimizin sayı sürətlə artmağa başladı. Əvvəllər səhifə üzvlərimizin sayını artırmaq üçün digər dost səhifələrlə qarşılıqlı paylaşırdıq. Artıq bir il sonra 200 min izləyicimiz varıydı. Bundan sonra reklam təklifləri gəldi və mən də bu fəaliyyətimi qazanca çevirməyə başladım. 2012-ci ilin sonlarından isə səhifədən gəlir əldə etdiyimiz üçün feysbukun sponsorlu reklamından yararlanaraq, izləyicilərimizin sayını artırmağa çalışdıq. Hər il izləyicilərimizin sayında 2-3 yüz min artım olur. Hazırda izləyici sayımız 812 mindir”.
E.Məmmədov deyir ki, səhifənin izləyici sayının çox olması üçün idarəetmə yaxşı olmalıdır, hər kəsin maraq dairəsinə uyğun paylaşımlar edilməlidir: "Biz də səhifə açılandan bunu nəzərə almışıq. Feysbukun reklamları var. Onları yerləşdirəndə, istənilən səhifənin izləyici sayını artırmaq olur. Azərbaycanda isə rəsmi olaraq 1,5 milyon istifadəçi var. İnsanların diqqətini çəkmək üçün hər kəsin marağına səbəb olan paylaşımlar edilməlidir. Onu da deyim ki, izləyiciləri daha çox cəlb edən vətənpərvərlik ruhunda olan paylaşımlardır. Maraqlı videolar da diqqət çəkir”.
Əsas gəlir isə saytlardan olur. E.Məmmədov bildirdi ki, saytlar üçün önəmli olan səhifə izləyicilərinin azərbaycanlı olma faizinin çoxluğudur: "Saytlar xəbərlərinin daha geniş auditoriyaya çatdırılmasında maraqlıdırlar. Hazırda Azərbaycanda geniş auditoriyası olan səhifələr çoxdur. Amma onların izləyici auditoriyasının azərbaycanlı olma faizi bizdən azdır. Xarici ölkə vətəndaşlarına Azərbaycan dilində xəbər onsuz da maraqlı deyil. Ona görə də izləyicilərin azərbaycanlı olma faizinin çox olması bir üstünlükdür. Bizdə izləyicilərin 81-i faiz azərbaycanlı, 10-11 faiz türk, qalanı isə Ukrayna, Rusiya, Almaniya, Amerika və s. ölkələrdəndir. Əsas gəlirimiz də məhz saytlardan olur. Xəbərlərinin daha geniş auditoriyaya çatdırılmasını istəyən saytlar bizimlə əməkdaşlıq edirlər. Biz paylaşdıqda, onların xəbərləri daha çox izləyiciyə çatır. Oxunmanın çox olması üçün xəbər və başlıq cəlbedici, səhifədə təqdimat da maraqlı olmalıdır”.

"Youtube” üzərindən çox yaxşı gəlirim var”

Aparıcı, youtuber Turana Hüseynli də maraqlı videoları ilə izləyici auditoriyası toplayıb. O bizimlə söhbətində bildirdi ki, ilk olaraq maraq üçün başladığı iş ona artıq gəlir gətirir: "Azərbaycanda adətən insanlar həvəskar olaraq videolar paylaşırlar, sonra bu sahədən gəlir qazanırlar. Mən "youtube” üzərindən pul qazanıram. Sırf maraq üçün və bir şirkətin təklifi ilə bu işə başlamışam. Saçlarla bağlı bir videobloq hazırlamışdım. Ondan sonra həvəskar olaraq mətbəxlə bağlı videolar çəkdim. Bundan sonra şirkətlər sponsorluq, əməkdaşlıq etməkdə maraqlı oldular. Sırf "youtube” üzərindən bu şəkildə çox yaxşı gəlirim var. Amma "youtube”un rəsmi kanalından isə cəmi 70 sent qazanmışam. Yüksək qazancım yoxdur. Azərbaycanda bu sahə bir az da irəliləsə, düşünürəm ki, Azərbaycan youtuberləri də "youtube”dan rəsmi lisenziya alacaqlar, əməkdaşlıq edəcəklər. Həmçinin də mən”.
T.Hüseynli deyir ki, Azərbaycanda "youtube”da videobloqlar hazırlayan kanallar elə də çox deyil. Ona görə də şirkətlər influcer marketinqə, bloggerlərlə işləməyə üz tuturlar. Sırf youtuberlər az olduğu üçün buradan pul qazanmaq olur: "Bizdə baxış sayı elə də yüksək deyil. 1-2 milyon baxış sayımız olmur. Çünki 9 milyondan çox əhalinin bir milyonu sosial şəbəkələrdən istifadə edir. Ona görə bu gün "youtube”dan böyük pullar qazanmağımız mümkün deyil. Amma sırf izləyicisi olan kanallar şirkətlərlə əməkdaşlıqdan pul qazanılır”.
T.Hüseynli onu da bildirdi ki, "iş yoxdur” deyənlər sosial şəbəkənin imkanlarından istifadə edərək yaxşı gəlir əldə edə bilərlər, sadəcə, ortaya yaradıcılıq qoymaq lazımdır: "Əgər sosial şəbəkədə maraqlı fikirlər paylaşırsansa, hansısa şirkət ödəniş təklif edəcək ki, sən o maraqlı yazının içində onların məhsullarının reklamları ilə bağlı nəsə yazasan. Bu gün sosial şəbəkədə bacarıqlarını yaxşı tərəfdən göstərmək insanlara həm də pul qazanmaq imkanı verir. Sosial şəbəkələr insanlar üçün böyük fürsətlər tanıyır, hansı ki, iş yoxdur deyən adamlar sosial şəbəkədən düzgün istifadə edərək, bacarıqlarını düzgün şəkildə ortaya qoyaraq işləyə, yaxşı da gəlir əldə edə bilərlər”.

Dollarla gəlir...

Foto-jurnalist, "Üç-Üz” prodakşnın ideya müəllifi və sosial şəbəkələr üzrə idarəçisi Məhəmməd Türkmən müxtəlif sosial şəbəkələrin bizə verdiyi qazanc imkanları haqqında danışdı. Bildirdi ki, "youtube”dan biz o qədər də gəlir əldə edə bilməsək də, digər ölkələrin vətəndaşları bu sosial şəbəkədən külli miqdarda pul qazana bilirlər: "Tutaq ki, sizin bir videonuz və yaxşı izləyici kütləniz var. Bu videodan pul qazanmaq istəyirsiz. Qısa videolarla "youtube” üzərindən böyük pul qazana bilməzsiz. Ona görə ki "youtube” videonun uzunluğuna, üzərində qoyduğu reklama görə gəlir verir. Əgər sizin bir dəqiqəlik videonuz varsa, "youtube” onun üzərində bir və ya iki reklam yerləşdirə bilər. Onun da gəliri elə çox etmir. Bir dəqiqəlik video ilə 10 dəqiqəlik videonun izlənmə sayı eyni olsa da, uzunmüddətli olan daha çox gəlir gətirir. Çünki 10 dəqiqəlik videoya 15-20 reklam əlavə etmək olur. Baxış sayı, reklam çoxaldıqca, gəlir də artır. Gəlir dollarla olduğu üçün hazırda azərbaycanlılar üçün bu çox sərfəlidir. Manata çevirəndə xeyli pul olur”.
M.Türkmən bildirdi ki, "İnstagram” üzərindən pul qazanmaq deyəndə, bu sosial şəbəkə hər hansı gəlir mənbəyi təklif etmir. Burada pul qazanmaq üçün yaxşı izləyici kütlən olmalıdır: "İzləyici çox olduğu zaman istər-istəməz şirkətlər reklamlarının səhifədə getməsi üçün pul təklif edirlər. Bu reklamlar isə iki cür olur. Açıq və ya virtual reklam. Açıq reklam odur ki, hansısa firmanın adını qeyd edib deyirsiz ki, mən burdan geyinirəm, sizə də məsləhət görürəm. Gizli reklam isə odur ki, hansısa tanınmış xanım ayaqqabını reklam etməlidirsə, o ayaqqabını geyindiyi şəkli paylaşır və yazır ki, xanımlar ayaqqabılarımı hansı firmadan aldığımı çox soruşurlar. Filan firmadan geyinirəm. "İnstagram”la bağlı Türkiyədə vergi də tətbiq olunur. Bu sahədə yaxşı pul qazananlar olurdu, artıq onlar vergiyə cəlb edilir. Azərbaycanda hələ ki bu sosial şəbəkədən böyük gəlir yoxdur. Bizdə tutaq ki, müğənniyə geyim verirlər, onlar da qarşılığında səhifələrində reklam edirlər”.

"Feysbuk üzərindən gəlir elə də çox deyil”

Feysbukdan isə gəliri xəbər saytlarından əldə etmək mümkündür. M.Türkmənin sözlərinə görə, burada önəmli olan izləyici sayında saxta profillərin olmamasıdır: "Feysbukun saxta bəyənmələri ilə yox, yetərincə izləyicisi varsa, şərhlər yazılırsa, müxtəlif xəbər saytları xəbərlərinin səhifədə paylaşılması üçün əməkdaşlıq təklif edirlər. Amma feysbuk üzərindən gəlir elə də çox deyil”.
M.Türkmən deyir ki, hazırkı dövrdə internet resurslarından normal istifadə edə bilən hər kəs buradan pul da qazana bilər: "Pul qazanmağın yolunu bilmirsinizsə, "Google” bu cəhətdən kömək edir. Axtarış sistemində "mən filan şəbəkədən necə pul qazana bilərəm?” yazmaqla, Azərbaycan dilində olmasa da, türk, rus və ya başqa dillərdə kifayət qədər məlumatlar, bloqlar, videodərsliklər əldə edə bilərsiz. "Youtube” hər kəsə pul təklif etmir. Ola bilsin sizin minlərlə izləyiciniz var, amma gəlir əldə edə bilmirsiz. Çünki bu məsələdən anlayışınız yoxdur. "Youtube”da pul qazanmaq üçün sizin hesabınız güvənli olmalı, hər hansı şikayət, müəllif hüquqlarının pozulması ilə bağlı hal olmamalıdır. Müəllif hüquqlarını pozsanız, minlərlə izləyiciniz olsa belə, fərq etmir, sizin hesabınız bağlana bilər. "Youtube”da ən yaxşı istifadə qaydası dərs olsa belə, onun qaydalarına riayət etməkdir. "Youtube” hər il qaydalarını daha da sərtləşdirir. O qaydalara riayət etdiyiniz müddətdə sizin hər hansı probleminiz olmur. Hətta əgər minimum 100 min izləyiciniz varsa, müəyyən vaxtdan sonra, hesabınızın təsdiqlənməsi ilə bağlı mesaj da ala bilərsiz. Bundan sonra işiniz daha da asanlaşır.
Bir müddət öncəyə qədər Azərbaycanda bu xidməti təqdim edən şirkətlər yoxuydu. Hər kəs Almaniya, Türkiyədə başqa şirkətlərlə anlaşırdı. Amma bu yaxınlarda Azərbaycanda bir türk şirkəti "Youtube”dan lisenziya alıb. Onlar Azərbaycanda youtuberlərə xidmət təklif edirlər, qarşılığında da əldə edilən gəlirin müəyyən bir hissəsini özlərinə götürürlər.
Qaydaları bildikdən sonra "Youtube”da pul qazanmaq asandır. Qonşu Türkiyədə onlarla youtuberlər var ki, məşhurdurlar, telekanallara çıxırlar, reklamlara çəkilirlər, böyük pullar qazanırlar. Ciddi bir işlə məşğul olduqlarını da demək olmaz. Türkiyənin əhalisi çox olduğu üçün sosial şəbəkə istifadəçiləri də çoxdur. Ona görə orada "youtube”da olmaq elə də çətin deyil. Amma insanların marağını cəlb etmək lazımdır. Bizdə bu, bir az problemlidir, elə də izləyici kütləsi yoxdur, ən məşhur insanların videolarına belə ən yaxşı halda 100-200 min dəfə baxılır. "Youtube”da ən çox baxılan təhlükəli videolar - efirdən götürülmüş kadrlardır. Hansısa kanal şikayət etsə, o video dərhal silinəcək, oradan əldə etdiyiniz gəlir də batacaq”.
M.Türkmən onu da bildirdi ki, hazırda dünyada ən yaxşı reklamlar sosial şəbəkə üzərindən gəlir. Bizdə isə hələ ki bu sahə o qədər də inkişaf etməyib: "Sosial şəbəkə reklamlarının insanlara çatma imkanları yüksəkdir. Bizdə hələ ki internet, sosial şəbəkə üzərindən reklamlara o qədər də ciddi yanaşmırlar. İnkişaf etdikdən sonra isə vergiyə də cəlb etmək olar ki, hər kəs qazancından vergi versin”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər