Sosial şəbəkələrdə yardım aksiyası, yoxsa fırıldaqçılıq?
"2 yaşlı
bu uşaq ürək çatışmazlığından əziyyət çəkir. Həyatı təhlükədədir. Əməliyyatı
ancaq xaricdə həyata keçirilir. Kömək etməklə 2 yaşlı körpənin həyatını xilas
etmiş ola bilərsiniz. Hesab nömrəsi….”
Hər gün "facebook”da
bu cür elanlarla qarşılaşırıq. Bəzən belə elanlara etinasız yanaşsaq da, diqqətimizi
cəlb edən olanda, özümüz də paylaşırıq. Bəzənsə ürəyimizdə şübhə yaranır ki,
görəsən, elan həqiqəti əks etdirirmi? Təəssüflər olsun ki, bu gün sosial şəbəkələr
köməyə ehtiyacı olan insanlara yardım etməklə yanaşı, fırıldaqçıların da pul qazanmasına vəsilə
olur. Elə buna görədir ki, çox vaxt "qurunun oduna yaş da yanır”. Bəs sosial şəbəkələrdə
paylaşılan elanların həqiqətə uyğun olub-olmadığını necə müəyyənləşdirmək olar?
Fırıldaqçıların insanların hissləri ilə oynayaraq pul qazanması insanlarda
xeyirxahlıq hissini məhv etmirmi? Suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə söhbətləşdik.
Elanın doğru olub-olmadığını necə aydınlaşdırmalı?
Sosial-psixoloq Əhəd Kazımov bizimlə söhbətində bildirdi ki, artıq texnologiya
erasıdır və bu erada insanların sosial şəbəkələrdə yardım istəməsi normaldır:
"Çünki problemi sosial şəbəkələr vasitəsilə paylaşanda daha çox effektiv nəticə
əldə edirlər. Dəfələrlə şahidi olmuşuq ki, sosial şəbəkələrdə hansısa imkansız
xəstə üçün xeyriyyə aksiyası keçirilib və bu məsələ Heydər Əliyev Fondunun rəhbərliyinin diqqətini çəkib və Fond tərəfindən
bütün səhiyyə xərcləri qarşılanıb Bu baxımdan belə şeylərin sosial şəbəkələrdə
paylaşılması yaxşıdır. Amma təbii ki, məsələnin fırıldaqçılara işləyən tərəfi də
var. Heç kim fırıldaqçıların qurbanı olmaqdan sığortalanmayıb. Belə şeylər
Amerikada da, İngiltərədə də ola bilər.
Fırıldaqçılar bilirlər ki, sosial şəbəkədə acınacaqlı bir şəkil qoyub bank
hesabı yerləşdirsələr, insanlar inanıb pul köçürəcəklər. Bu da onu göstərir ki,
biz xeyirxah xalqıq”.
Ə. Kazımov
fırıldaqçıların qol-qanad açmaması üçün könüllü bir qrupun yaranmasına ehtiyac
olduğunu deyir: "Bu qrup paylaşılan elanda göstərilən xəstələrlə evlərində görüşüb,
məsələnin nə dərəcədə doğru olub-olmadığını yoxlaya və bu barədə sosial şəbəkə
iştirakçılarına məlumat verə bilər”.
Qeyd edək
ki, Əhəd Kazımovun "facebook” səhifəsində tez-tez köməyə ehtiyacı olan müxtəlif
uşaqlar barədə elanlara rast gəlirik. Müsahibimiz deyir ki, o elanları səhifəsində
paylaşır ki, onların dürüstlüyünə əmindir: "Bir də ona fikir verirəm ki, paylaşılan
elanda telefon nömrəsi olsun. Bir də görürsən ki, yalnız şəkil və bank hesabı
paylaşırlar. Burada artıq şübhə yarana bilər. Çünki telefon nömrəsi olanda, kim
istəsə zəng edə, suallar verə, lap görüşə də bilər. Bu baxımdan elanda xəstə ilə
bağlı bütün məlumatların, bank hesabının, kimin adına olmasının, telefon nömrəsinin
olması mütləqdir”.
"Əvvəlcə ekspert qrupumuz yoxlayır, sonra yardım
edirik”
"LAYF”
xeyriyyə ictimai birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Mustafa
Abbasbəyli deyir ki, imkan daxilində əməliyyatla sağalmaq ehtimalı olan
insanlara, xüsusilə uşaqlara yardım edirlər: "Təşkilatımız talassemiya, qan
donorluğu sahəsində çox ciddi bir quruma çevrilib Çox böyük qan donoru bazamız
var. Hətta, deyim ki, Azərbaycanda ən böyük qan donoru bazası bizdədir.
Talassemiyalı xəstələrin qana ehtiyacı olduqda, bizə müraciət edirlər. Biz dərhal
bazadan istifadə edib onları qanla təmin edirik”.
M.Abbasbəyli
deyir ki, onlara müraciət edənlərin həqiqətən yardıma ehtiyacı olub-olmadığını
yoxlayırlar: "Bizim ekspert qrupumuz ehtiyac sahibinin sənədlərini yoxlayır,
gedib evində baxırlar ki, doğurdanmı xəstəliyi var və bu xəstəlik üçün filan məbləğdə
maddi vəsait tələb olunur. Yoxladıqdan sonra vəsait toplamaq üçün biz onu
ictimailəşdiririk”.
Abbasbəyli
etiraf edir ki, bu gün ayrı-ayrı adamların "facebook”da şəkil qoyub, bank
hesabı yerləşdirərək, yardım istəməsini heç də hamı birmənalı qarşılamır: "Bu
elanlara həmişə inanmaq olmur. Bəlkə də elanların əksəriyyəti reallığı əks
etdirir. Amma arasında fırıldaqçılar olduğundan insanlar onları ayırd edə
bilmir. Yaxşı olardı ki, bu məsələ mərkəzləşdirilmiş şəkildə, hansısa təşkilat
vasitəsilə həyata keçirilsin ki, fırıldaqçılıq ehtimalı sıfıra ensin”.
Müsahibimiz
ehtiyac sahibləri üçün vəsaitlərin toplanması ilə bağlı sistem hazırladıqlarını
bildirdi: "Sistem vasitəsilə müəyyən olunur ki, məsələn, toplanmalı olan 10 min
manatın nə qədəri yığılıb. 3 min manat yığılıbsa, təşkilatımızın saytında göstəriləcək
ki, 7 min manat qalıb. Çünki adamlar hesaba pul köçürəndə bilmir ki, nə qədər vəsait
yığılıb və daha nə qədər lazımdır. Bəlkə elə lazım olan vəsait artıq toplanıb”.
"Sosial şəbəkələrdən əvvəl də belə fırıldaqçılar
olub”
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, "xeyriyyəçiliklə” məşğul olan fırıldaqçılar 10-15
il olar ki, peyda olub: "Sosial şəbəkələr olmamışdan əvvəl də bu cür
fırıldaqçılar idarələrə gəlir, yaxud məktub yazır, zəng edib yardım edilməsini
xahiş edirdilər. O vaxt hüquq-mühafizə orqanları ilə bir neçə hadisə araşdırıldı,
məlum oldu ki, əksəriyyəti səmimi deyil. Belə insanlar elə o vaxtdan xeyriyyə
işini gözdən salıb. Amma indi sosial şəbəkələr vasitəsilə bu iş daha da genişlənib.
Buna görə də insanlar artıq belə şeylərə ciddi reaksiya vermir. Ola bilsin ki,
onların arasında həqiqətən də o maddi vəsaitə ehtiyacı olan adamlar var. Amma
ehtiyac sahibləri bu fırıldaqçıların oduna yanırlar. Baxmayaraq ki, Azərbaycanda
qəlbən xeyriyyəçilik etmək istəyən insanlar var. Amma fırıldaqçılar xeyriyyəçiliklə
məşğul olmaq istəyən insanların inamını öldürürlər”.
Psixoloq Elnur Rüstəmov deyir ki, tarixən insanların xeyirxahlığından
istifadə edənlər olub: "İndi də olacaq. Bütün insanlar eyni deyil. Buna görə də
diqqətli olmaq lazımdır. Bunun üçün müəyyən təşkilati dəstək, komissiya
olmalıdır ki, həmin insanın köməyə həqiqətən ehtiyacı olub-olmadığını müəyyənləşdirsin.
Bir də görürsən, kimsə elan göndərir ki, paylaşım. Elanda isə səhih məlumat
yoxdur. Paylaşmayanda da pis adam olursan. Paylaşanda da sabah elanın
fırıldaqçılar tərəfindən hazırlandığı bəlli olur və sənə inam qırılır. Buna görə
düşünürəm ki, bu cür elanları paylaşanda etibarlı adamların təqdimatına diqqət
yetirmək lazımdır. Xeyriyyəçiliklə bağlı aksiya, tədbir keçiriləndə, nəzarət edənin
səhih, dürüst, cəmiyyət tərəfindən qəbul olunan insan olmasına fikir verdikdən
sonra onu dəstəkləmək olar. Bir də
görürsən ki, tədbir keçirilir, xəstə özü ortaya çıxmır. Bu cür hallarda
insanlarda yaxşılıq etməyə qarşı inam ölə bilər.
Bax, məsələnin
ən problemli tərəfi budur. Əgər görsək ki, xeyriyyəçilik adı altında kimsə
alver edir, pul qazanır, həqiqətən də ehtiyacı olan insanlara kömək etmək
prosesində çətinlik yaşayacağıq. Buna görə də insanlarımız diqqətli
olmalıdırlar. Bundan sonra bu cür hallarla tez-tez qarşılaşacağıq. Yaxşı olardı
ki, səhiyyə ilə bağlı müəyyən təşkilatlar bu prosesi həyata keçirsinlər, nəzarət
etsinlər”.
"Bizə şübhə edənlər, sənəd istəyənlər də var idi”
Jurnalist Rövşən Abdurəhmanlı bir müddət öncə "facebook” vasitəsilə iş yoldaşının
beyin iflicindən əziyyət çəkən övladı üçün xeyriyyə aksiyasına başlamışdı.
Deyir ki, aksiyanı həyata keçirdiyi müddətdə ona çox fərqli yanaşmalar göstərən
insanlarla qarşılaşıb: "Bizə şübhə edənlər, sənəd istəyənlər var idi. Amma ümumilikdə, çoxluq inanaraq, yardım əlini
uzadırdı. Şübhə ilə yanaşanları çox gözəl başa düşürəm, onları qınamıram. Çünki
sosial şəbəkələrdə fırıldaqçılıqla məşğul olanların sayı artıb, insanlar indi
daha həssasdırlar”.
Lalə
MUSAQIZI