AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sosial şəbəkələr üzərindən yayımlar, virtual tamaşa nümayişləri

Sosial şəbəkələr üzərindən yayımlar, virtual tamaşa nümayişləri

Mədəniyyət
12 Sentyabr 2020, 15:15 147
Teatrlar yeni mövsümə, ötən mövsümün ikinci yarısında olduğu kimi, sosial şəbəkələr üzərindən yayımlar, virtual tamaşa nümayişləri (mövcud repertuar və arxiv tamaşalarının videoyazıları) ilə başlayacaqlar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, hələlik yeni mövsümün canlı tamaşa nümayişləri, premyeraları haqqında danışmaq tezdir: "Milli Dram Teatrı xüsusi karantin günlərində dörd ay olmaqla öz repertuarında olan, eyni zamanda cari repertuardan çıxarılan tamaşaları onlayn şəkildə təqdim etdi. Yeni mövsümdə bu işi yenə davam etdirmək niyyətindəyik. Ötən mövsümdən "Filumena Marturano” tamaşasının məşqləri yarımçıq qalmışdı. Fəaliyyətə başlayan kimi ilk işimiz həmin məşqlərin davam etdirilməsi olacaq. Bundan başqa, repertuar üzrə yeni əsərlərin hazırlanması planlaşdırılır. Ümid edirik ki, tezliklə həyat öz əvvəlki məcrasına qayıdacaq və ölkə teatrları da qapılarını tamaşaçıların üzünə aça biləcək”.

Akademik Opera və Balet Teatrı indiki şəraitdə mövsümü onlayn repertuarla açacaq. İlk nümayiş isə ənənəvi olaraq dahi Üzeyir Hacıbəylinin irsindən nümunə – bəstəkarın ölməz "Koroğlu” operası olacaq. Operasevərlər sentyabrın 19-dan etibarən teatrın rəsmi saytını və "YouTube” kanalını izləyə bilərlər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcək. Sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi qərara alınıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı da mövsümə onlayn formatda repertuar tamaşalarının nümayişi ilə başlayacaq.

Yuğ Dövlət Teatrının ədəbi-dram hissə müdiri Elçin Cəfərov diqqətə çatdırıb ki, 2020-ci il üçün təsdiqlənmiş repertuar planına əsasən, ilin əvvəlində M.Vişnekin "Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanmış "Kloun-BİZZ” tamaşasına daxili baxış keçirilmişdi, lakin karantin rejiminin tətbiqinə görə premyera təxirə salındı. Yeni mövsümdə ilk olaraq həmin tamaşanın premyerasının keçirilməsi planlaşdırılır. Bununla yanaşı, C.Məmmədquluzadənin "Çay dəsgahı” və J.P.Sartrın "Dəfn edilməmiş ölülər” əsərləri üzərində yaradıcılıq işlərinin başlanılması da nəzərdə tutulur.

Dövlət Pantomima Teatrı isə bizi festivalda iştirak xəbəri ilə sevindirdi. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev bildirib ki, 27-ci Qahirə Beynəlxalq Eksperimental Teatr Festivalında (Misir) virtual olaraq iştirak ediblər: "Bundan əvvəl də o festivalda çıxış etmişdik. Bu dəfə 40-dan artıq ölkənin təmsil olunduğu festivalda "Maska” tamaşasını təqdim etdik. Pandemiyadan öncə biz "Yük” tamaşası üzərində çalışırdıq. Səhnə işi bitmək üzrə idi. Ona görə də karantin bitər-bitməz bu tamaşa üzərində işi davam etdirib, premyerasını reallaşdıracağıq”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da yeni mövsümə mövcud şərtlər çərçivəsində başlayacaq. Yaradıcı heyət, müvafiq sanitar qaydalara riayət etməklə, məhdud sayda iştirakla məşqlərə də başlayıb. Kollektivin yeni mövsümdə 3 yeni tamaşa hazırlamaq planı var. "Məlikməmməd” xalq nağılı əsasında fərqli səhnə yozumlu nümunə, görkəmli uşaq yazıçısı, bu il 100 illik yubileyini qeyd etdiyimiz Xanımana Əlibəylinin "Cunquş” və Hans Xristian Andersenin "Kibritsatan qız” əsərinin kukla tamaşaları nəzərdə tutulur. Ötən mövsümdə hazırlanan, lakin premyerası ertələnən "Balaca qara balıq” (Səməd Behrəngi) və "Qızıl balıq” (Aleksandr Puşkin) tamaşalarının yenidən məşqləri davam edir.