• şənbə, 20 Aprel, 18:13
  • Baku Bakı 24°C

Sosial şəbəkələr - sizin haqqınızda ilk təəssüratı formalaşdıran məkan - Diskussiya

21.11.16 12:59 5871
Sosial şəbəkələr - sizin haqqınızda ilk təəssüratı formalaşdıran məkan - Diskussiya
Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. İndi səhər yuxudan durarkən, ilk işimiz sosial şəbəkələrdəki paylaşımlara göz atmaqdır. Kimisi şəkillərini, kimisi başına gələn hadisəni, kimisi işindəki problemi, kimisi də maarifləndirici məlumatları paylaşmaqla "ana səhifəmizi” doldururlar.
Bəs sosial şəbəkələrdə "hər şey” paylaşmaq olarmı? Hansı paylaşımlar insanları narahat edə, onlara mənfi enerji aşılaya bilər?

Bu sualın cavabını Azərbaycan Dillər Universitetinin sosial şəbəkələrdə aktiv olan tələbələri ilə müzakirə etdik.

Daha çox hansı paylaşımları edirsiniz?

Reyhan deyir ki, əgər sənin paylaşımlarını digər insanlar da səhifələrində paylaşırlarsa, deməli, sən onları narahat etmirsən.

Reyhan Orucova:
- Aktiv sosial şəbəkə istifadəçisiyəm. Təxminən 800-ə yaxın izləyicim var. Paylaşımlarım əsasən maraqlı məlumatlar haqqında olur. Bu yaxınlarda universitetin aktual mövzularından biri dövlət imtahanı ilə bağlı idi. Mən bu məsələyə bir qədər yumor hissi ilə yanaşdım. Tələbələrin stressdən uzaq olmaları üçün bir sıra şəkillər və videolar paylaşdım. Bununla da uşaqları müəyyən qədər də olsa, stressdən xilas etdiyimi düşünürəm. Hətta dekanımız da bizi hər zaman sosial şəbəkələrdən izləyir və fəaliyyətimizlə maraqlanır. Paylaşımlarımı digər insanların səhifələrində gördükdə, hiss edirəm ki, fəaliyyətim onları da qane edir. İnsanlar arasında pozitiv auranın yayılmasına kömək oluram. Mənfi hadisələri paylaşıb, insanlarda pis əhval-ruhiyyə yaratmağın əleyhinəyəm. Hətta çalışıram ki, mənfi hadisələri belə pozitiv istiqamətdən paylaşım.

Nərmin özü haqqında çox az paylaşım edir.

Nərmin Mütəllimova:

- "Facebook” səhifəmdə daha çox gündəmdə olan məsələləri paylaşmağa çalışıram. Əsas məqsədim dostluğumda olanların gündəmdən xəbərdar olmalarıdır.


Rəşad Bayramov:

- Düzdür, vaxtımızın çoxunu bu şəbəkələrdə keçiririk. Lakin gənclərin əksəriyyəti faydalı işlərlə məşğul olmur. Mənasız paylaşımlar etməklə məşğuldurlar. Kimsə dənizdə çimir, dostlarını işarələyir Yemək yeyir, şəklini çəkir. Axı bu bizim nəyimizə lazımdır? Sosial şəbəkələr hər şeydən öncə yeni insanlarla tanışlıq imkanı yaradır. Bu gün bir sıra dostlarım var ki, mən onları sosial şəbəkələrdəki müzakirələrdən tanımışam. Əgər sən ictimai sektordasansa, öz işinin reklamını burada pulsuz qura bilirsən. Həmçinin, qruplardan məqsədyönlü istifadə etdikdə, yeniliklərdən xəbərdar ola bilərik.

Nicat isə "mənasız” paylaşımlardan bezdiyi və insanları narahat etmək istəmədiyi üçün heç bir paylaşım etmir.

Nicat Aşurov

- Demək olar ki, 2-3 ildir "facebook” səhifəmdə heç bir paylaşım etmirəm. 2-3 il bundan öncə paylaşdıqlarım isə gülməli və əyləncəli statuslar idi. Daha çox yumoristik səhifələri izləyirəm. Mən əsasən "youtube” kanalından istifadə edirəm. Orada elmi videolara daha çox üstünlük verirəm və bu kanalda heç kim bir-birini narahat etmir.


Ramin Həbibzadə: "Paylaşımlar elə olmalıdır ki, gələcəkdə "kaş ki” sözündən istifadə olunmasın”

- Nicat kimi insanlar çoxdur. İnsanları sosial şəbəkədə narahat etmək onları qızıqlandırır, şəbəkələrə marağı azaldır. Hesab edirəm ki, gündə 15-20 paylaşım etmək düzgün deyil. Mən daha çox həftəlik paylaşımlara üstünlük verirəm. Ətrafımdakı insanlara həmişə deyirəm ki, sosial şəbəkələr sizin haqqınızda ilk təəssüratı yaradan bir amildir. Hansısa şirkət sizi işə qəbul etməzdən öncə sizin haqqınızda məlumatları məhz profilinizdən öyrənir. Siz nə qədər savadlı olsanız belə, əgər sosial şəbəkə profiliniz onları qane etməsə, onların sizi işəgötürmə faizi çox aşağı olur. Sosial şəbəkə insanın arxividir. Bəzən xanımlar şəxsi həyatlarını profillərində o qədər paylaşırlar ki, ailə həyatı qurduqdan sonra profillərini bağlamalı olurlar. Paylaşımlar elə olmalıdır ki, gələcəkdə "kaş ki” sözündən istifadə olunmasın. Tələbələr bütün sahələrin təmsilçiləridirlər. Tələbəlik dövründən məqsədyönlü şəkildə istifadə edək ki, gələcəkdə bundan ziyan görməyək. Bəzən paylaşdığın bir şəkil gələcəkdə karyerana böyük zərbə vura bilər. Daha çox maarifpərvər paylaşımlar etmək faydalıdır. Məsələn, Reyhanın paylaşımları tələbələrin dövlət imtahanı haqqındakı həyəcanını bir qədər azaltdı. Şəxsi həyatımızı "facebook”da və "instaqram”da sərgiləmək heç də yaxşı hal deyil. Çalışaq ki, az paylaşaq, amma daha yaxşı paylaşaq.


- Sizi sosial şəbəkələrdə nə narahat edir?

Ramin:


- Müxtəlif sahələrdən yazılan statuslarda tənqid əvəzinə təhqirdən istifadə edilməsi məni narahat edir. İnsanları aldatmaq, yalan məlumatlar paylaşmaq olmaz. Bəzən saytlar sosial şəbəkələrdə elə başlıqlı yazılar paylaşırlar ki, başlığın yazı ilə heç bir əlaqəsi olmur. Yazının başlığına like yığmaqdansa, gördüyün işə görə seçilməlisən.

Rəşad:

- İnsanları onlardan icazəsiz yaradılan qruplara əlavə edirlər ki, bu da hər kəsdə qıcıq yaradır. Əgər o qrupda gedən müzakirələr sənə xoş deyilsə, istər-istəməz insan əsəbiləşir. Bu kimi paylamışmlar da heç xoş deyil. Yaxud da ailə-məişət problemlərini bütün günü sosial şəbəkədə nümayiş etdirmək də düzgün deyil. Bir neçə gün bundan öncə saytlardan biri növbəti devalvasiyanın olduğunu yazının başlığına çıxarmışdı. Lakin daxil olub görürsən ki, buradakı söhbət Çindəki devalvasiyadan gedir. Belə paylaşım da insanları narahat edir. Hesab edirəm ki, sosial şəbəkələrdən normasında istifadə etmək lazımdır.

Nərmin:
- Şəxsi həyatı sosial şəbəkəyə daşımaq yanlışdır. İnsanları narahat etmək düzgün deyil. Mənim nəyimə gərəkdir sevgilisindən ayrılan insanın düşdüyü depressiya? Maarifləndirici paylaşımlar edilərsə, daha məqsədəuyğun olar. Sosial şəbəkələrdən düzgün istifadə edildikdə, faydası böyükdür.

Ramin deyir ki, dünyagörüşünün formalaşmasına görə "facebooka” borcludur.

Ramin:

- Mark "facebook”u yaradanda tələbələrə daha faydalı olacağını düşünürdü. Bu gün mən dünyagörüşümün bir hissəsini formalaşmasına görə sosial şəbəkələrə borcluyam. Elmə, maarifə həvəsi olmayan insanlar onsuz da lazımsız səhifələri bəyənəcəklər. Gördüyümüz işi heç bir pul ödəmədən sosial şəbəkədə yayımlaya bilirik.

Reyhan:
- Məni narahat edən geniş statuslardır. Düzdür, mən "facebook”a girəndə özümə maraqlı olan məlumatları oxuyuram. Amma kimsə məlumatı həddindən artıq geniş formada yazırsa, bunun faydalı olmayacağını düşünürəm. Çünki yazının axırını oxuyanda əvvəlini unuduram. Boş yerə vaxtımı sərf etmək istəmirəm. Elə insanları dərhal dostluğumdan çıxarıram. Minə yaxın səhifəni bəyənmişəm. İştirak etdiyim layihələrdə mənə "necə oldu ki, burada iştirak etdin” sualını verirlər. Mən daim yenilikləri izləyirəm və xəbərdar oluram. Sosial şəbəkələr vasitəsi ilə qlobal layihələrdə iştirak etmək şansı qazanıram. "Facebook”da görmək istəmədiyim şeylərdən biri də eyni rakursdan çəkilən şəkillərin dəfələrlə paylaşılmasıdır. Fərqli məkanlarda olsa, bəlkə də şəkillər maraqlı gələ bilər. Amma eyni yerdə çəkilən şəkillərin 100-200 dəfə paylaşılmasının mənası yoxdur. Hərdən onların özlərinə deyirəm ki, bezdik sənin şəkillərini görməkdən. Bəzən tənqidlərdən nəticə çıxaranlar da olur.

Nərmin:

- Sosial şəbəkədə görmək istəmədiyim bir şey də insanların özlərinin yox, sevdiyi müğənnilərin şəkillərini paylaşmasıdır. Heç kim bəyənməsə belə, dəfələrlə bunu yenə təkrar edirlər. Özlərinə deyəndə də, inciyirlər.

Ramin:

- Problemli məqamlardan biri də insanların şəxsi şəkillərini götürüb, onları narahat etməkdir. Bu daha bir çox xanımlar üçün ciddi problemlər yaradır. Dəfələrlə mesaj yazıb, onları narahat edirlər. Cavab yazmadıqda isə təhqirə keçməyə başlayırlar. Bu da insanların sosial şəbəkələrdən istifadə edə bilməmələri ilə bağlıdır. Sosial şəbəkələr tanışlıq saytı deyil ki, kimisə narahat edəsən.

Rəşad:

- Raminlə razıyam. Bəzi insanlar özlərinə saxta profillər yaradırlar. Sənin şəkillərini və statuslarını hesabından oğurlayıb eyni adlı başqa profil açırlar. Bu da insanların sosial şəbəkələrə münasibətdə ehtiyatlı olmağa məcbur edir. Bəzən yüksək statuslu şəxslərin də adından belə saxta profillər yaradılır. Bu da insanlarda qorxu yaradır. Bəziləri ümumiyyətlə, sosial şəbəkələrdən imtina edir.

Ramin:

- Cılız insanlara görə öz işimizdən imtina etməməliyik. Əksinə, mübarizə aparmalıyıq. İctimai qınaq və maarifləndirmə yolu ilə onları bu psixologiyadan uzaqlaşdırmalıyıq.

Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ


banner

Oxşar Xəbərlər