• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

"Sosial şəbəkələr göstərici deyil" - Fenomen

24.04.20 15:15 3435
"Sosial şəbəkələr göstərici deyil" - Fenomen
Nihat Məlik: Əgər bir insanın istedadı varsa, mütləq cəmiyyətdə özünə yer tapacaq
Onun ifa etdiyi mahnılar, eləcə də duetlər çox qısa zamanda sosial şəbəkələrdə izlənmə rekordları əldə etdi. "İnstagram"da 84 mindən, "Youtube" isə milyondan çox izləyicisi var. 9 yaşından səhnədə olan gənc ifaçı daha çox "mash up"larla gündəmə gəldi, tanındı və sevildi.

Beləliklə, "Fenomen" rubrikamızın qonağıgənc ifaçı Nihat Məlikdir. O bizimlə söhbətində "İnstagram”ın heç də məşhurluq göstəricisi olmadığından və gələcək hədəflərindən danışdı.
- Fenomen olmaq necə bir hissdir?
- Hesab etmirəm ki, böyük nailiyyət əldə etmişəm. Ancaq yaşıma görə bu qədər insan tərəfindən tanınıramsa, bunun özü də az nailiyyət deyil. Bu səviyyəyə gəlib çatmağım mənim arzum idi və öz arzularımı yaşayıram. Sevdiyim işlə məşğulam.
- Bu gün məşhurluğun əsas göstəricilərindən biri sosial şəbəkələrin qazandırdığı izləyicilərdir. Siz özünüzü sosial dünyanın fenomeni də hesab etmirsiniz?
- Əslində, bu, reallıqdır. Ancaq onunla razı deyiləm, bu, ədalətsizlikdir. Məşhurluq sosial şəbəkə ilə ölçülməməlidir. İfaçının səviyyəsi, keyfiyyəti sosial şəbəkələrdəki like-ları, izlənmə sayı ilə ölçülməməlidir. Mənim "Youtube"da, "İnstagram"da kifayət qədər izləyici sayım var. Ancaq bu, göstərici deyil. Onlar real izləyici sayı deyil. Misal üçün, xalq artistimiz Faiq Ağayevi hər kəs dinləyir, ancaq onu sevənlərin hamısı "İnstagram”da onu izləmir. Yəni, məşhurluq anlayışı, sənətçinin uğuru, dəyəri bununla ölçülməməlidir. Sənətçilərin tamaşaçıları ilə real görüşü üçün konsert proqramlarının keçirilməsinə şərait yaradılmalıdır. Pulsuz keçirilən konsertə gələn izləyici real tamaşaçıdır. Müğənnini sevən hər bir izləyicinin büdcəsi çatmaz ki, bilet alıb konsertə gəlsin.

- "İnstagram”da ən çox izlənilən gənclərdənsiniz. Daha çox izlənməyin sirlərini bilmiş olarsınız.
- "İnstagram”da daha çox izlənmək üçün heç nə etməmişəm. "İnstagram” üçün çalışmıram. Orda hamı necə, mən də elə, öz işlərimi paylaşıram. Açığı, çox da paylaşım etmirəm. Ancaq işimlə bağlı paylaşımlar edirəm və bununla da kifayətlənirəm. İnsanlar mənim sənətimi sevir və izləyir. Mənə görə isə, "İnstagram” bir göstərici deyil. Necə ki, "Facebook" yarananda hər kəs orda idi, paylaşımlar edirdi, indi dəbdən düşüb. Gün gələcək, "İnstagram” da elə dəbdən düşəcək. Texnologiyalar da müasir dövrün tələblərinə cavab verir. "İnstagram”da 10 000 izləyicin varsa, sən artıq ulduzsan demək deyil. Baxırsan ki, "İnstagram”da 500 000 izləyicisi var, ancaq tanınmır. Demək ki, burda bir əmma var. Buna inanmaq olmaz. Modellər var ki, modelliyə aidiyyatı yoxdur. Adını model qoyub, izləyici toplayır.
- Amma "İnstagram” səhifələrində hər kəs model, ifaçı və aktyordur...
- Olsunlar. Nəyi pisdir ki? Gedib avaralanmaqdansa, bir işlə məşğul olub başlarını qatırlar. Oğurluq etmirlər ki... Əgər bir işin ucundan yapışırlarsa, onun incəliklərinə qədər mənimsəsinlər. İşlərinə peşəkarlıqla yiyələnsinlər. İşə başdansovdu yanaşmaq olmaz. Bu sənin gəlir yerindir.
- Sizcə, bu gün sosial şəbəkələr gənclərin özlərini tanıtması üçün bir meydan rolunu oynayırmı?
- Mənim üçün sosial şəbəkələr göstərici deyil. Ancaq sosial şəbəkə ilə məşhurlaşanlar var. Əgər bir insanın istedadı varsa, mütləq cəmiyyətdə özünə bir yer tapar. "İnstagram”da məşhurlaşmaq peşəkar göstərici deyil. Sabah "İnstagram” olmasa, demək sən də yoxsan. Həyatını "İnstagram” üzərində quranlar var. Sabah o olmasa nə edəcək? Blogger işi "İnstagram”da video, şəkil paylaşmaqdır, ancaq ifaçının işi o deyil. İfaçının işi sənətidir. Ola bilər ki, istedadı var, ancaq ulduzu "İnstagram”da parlayıb. Ancaq danılmaz bir həqiqət də var ki, sosial şəbəkə daha böyük kütləyə çatır.
- Deyirsiniz ki, hazırda televiziya sosial şəbəkələrə məğlub olur?
- Mən "İnstagram”a daha çox baxıram, nəinki televiziyaya. Sosial şəbəkələrdə maraq dairəmizdə olan verilişlərə, mahnılara daha çox baxmaq imkanı əldə edirik.
- Əvvəllər albomlar sənətçilərin yaradıcılıq vəsiqəsi, möhürü hesab edilirdi. Bəs indi necə?
- İndi sənətçinin möhürü onun mahnılarıdır. Mənim öz saytım fəaliyyət göstərir. Bu sayt vasitəsi ilə hər bir insan rahat şəkildə haqqımda məlumatlar ala, ifa etdiyim mahnıları dinləyə və şəkillərə baxa bilər. İndi albomları bunlar əvəz edir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər