• cümə, 26 Aprel, 06:23
  • Baku Bakı 12°C

Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası

22.05.18 09:30 1151
Sosial şəbəkə “qəhrəmanları” arasında “yorğan” davası
ABŞ-da Helsinki Komissiyasında keçirilən dinləmələr zamanı orada iştirak edən bəzi "siyasi mühacirlər”in etdiyi çıxışlar radikal müxalifətdə təmsil olunanlar və bəzi sosial şəbəkə "qəhrəmanları” arasında fikir ayrılığı yaradıb. Hətta tərəflər arasında gedən "virtual savaş” qarşılıqlı ittihamlara səbəb olub. Xüsusilə Emin Millinin "müxalifət marginallaşıb” ifadəsi ölkədəki radikalları qəzəbləndirib. Əli Kərimlinin və Cəmil Həsənlinin tərəfdarları E.Millini ayrılan qrantları təkbaşına mənimsəməkdə ittiham ediblər. E.Millinin ətrafında olan "mühacir fəallar” isə Meydan TV-də C.Həsənli və Ə.Kərimliyə qadağa qoyaması ilə bağlı ittihamlara qarşılıq veriblər. Hər iki tərəfin sosial şəbəkədə "virtual savaşı” isə bir çox mətləblərə işıq salıb.

Bundan başqa daha bir "radikal cəbhədə” vəziyyət gərginləşib. Belə ki, Xədicə İsmayılla hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı arasında münaqişə olub. Söz davasına çıxan tərəflərdən biri X.İsmayıl S.Osmanqızını Meydan TV-nin direktoru olmağa çalışmaqda ittiham edib. O, həmçinin S.Osmanqızının indi internet üzərindən hazırladığı verilişlərin sponsorunun Rəsul Quliyev olduğunu deyib.

Sosial şəbəkədə digər bir qarşıdurma isə AXCP üzvləri ilə vəkil Aslan İsmayılov və Qurban Məmmədov arasındadır. Burada da maraqlı tərəflər biri-birini müxtəlif siyasi qruplara yönəlik fəaliyyət göstərməkdə ittiham edir.

Bütün bunlar onu deməyə əsas verir ki, "demokratiya, söz və fikir azadlığı”ndan danışanlar heç də ümumi məqsədə, əqidəyə xidmət etməyib. Bundan əvvəl də Leyla Yunusun hansısa dairələrdən kitab yazmaq üçün küllü miqdarda pul alması elə ona yaxın insanlar tərəfindən sosial şəbəkədə tənqid edildiyinin şahidi olduq. Buradan belə bir qənaətə gəlmək olar ki, "radikal düşərgə”də baş verənlər elə əslində "yorğan” davasıdır. Yəni, verilən qrantları bölüşdürə bilmədikləri üçün indi biri-biriləri ittiham edirlər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar artıq öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər və bir-birilərini ittiham etməyə başlayıblar: "Bu mərkəzlər bu və ya digər formada müxtəlif dəyərləri istismar etməklə Azərbaycana qarşı daim təxribatçı mövqe tuturlar və çox təəssüf ki, bu prosesdə ölkəmizdə qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən, siyasi baxışlarının guya fərqli olduğunu irəli sürən, ayrı-ayrı adamları şantaj edən qruplardan da istifadə edirlər. Ancaq əlbəttə ki, Azərbaycana qarşı bu düşünülmüş, məqsədyönlü strategiya uğurlu olmur, çünki Azərbaycan cəmiyyəti nəyin baş verdiyinin fərqindədir və ona qarşı necə mübarizə aparmağın yollarını bilir. Artıq bu uğursuz, yəni şantaj taktikası nəticə vermir və müxtəlif antiazərbaycan mərkəzlərdən qrant alan qruplar özləri öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər, bir-birilərini qısqanırlar və onlara tapşırılan işi əslində yarıtmadığına görə "ağaları” tərəfindən bir növ cəzalandırılırlar. Nəticədə onların maliyyə mənbələri kəsilir. Son dövrlərdə sosial şəbəkələrdə bir-birilərini qarşılıqlı şəkildə ittiham etmələri, verilən qrantın mənimsənilməsi ilə bağlı iddialar irəli sürmələri bununla bağlıdır”.

H.Məmmədov əlavə etdi ki, əlbəttə, öz xalqının, öz millətinin iradəsinə, maraqlarına qarşı çıxış etmək yaxşı hal deyil: "Bu hadisə bir daha onu göstərir ki, bu cür addımların perspektivi yoxdur və Azərbaycanda olan sabitliyi pozmağa heç kəs qadir deyil. Çünki Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan əleyhinə olan mərkəzlər də, onlara xidmət edənlər də bu həqiqəti nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar”.

Politoloq Elçin Mirzəbəyli "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu insanların indiyədək korporativ maraqları olub: "Bu şəxslərin bu günədək qrantla bağlı narazılıqlarının olduğu hər kəsə bəllidir. Diqqət yetirsək, mütəmadi olaraq Qənimət Zahid, Əli Kərimli və digər şəxslər haqqında bu cür məlumatlar yayılıb. Son olaraq bir il öncə 175 min avroluq qrantla bağlı Əli Kərimli ilə Qənimət Zahid arasında konflikt barədə məlumatlar yayılmışdı və bu ciddi faktlarla mətbuata açıqlanmışdı. Bundan öncə də belə proseslər baş verib. Şübhəsiz ki, bu insanların öz korporativ maraqlar var. Belə olmasaydı ideyalarına, prinsiplərinə dönük çıxmazdılar. Məsələn, zamanında dünyəvi-demokratik dövlət quruluşundan dəm vuran insanlar sonradan konstitusion dövlət quruluşunu dəyişməyə cəhd etməyə çalışan radikal ekstremistlərin müdafiəsinə qalxdılar. Bütün bu faktlar sübuta yetirir ki, belə insanlar üçün dəyərlər, ideoloji faktorlar yoxdur”.

E.Mirzəbəyli qeyd etdi ki, bir siyasətçi üçün ideoloji faktorlar yoxdursa, o, sadəcə, alverçidən başqa bir şey deyil, xırda spekulyantdır: "Belələrinin fəaliyyəti yalnız özünün maddi maraqlarının təmin olunmasına yönəlir. Onların bu günədək yürütdüyü siyasətin, eləcə də gördükləri işlərin mahiyyətində də bu dayanır. Bu baxımdan da virtual aləmdə, sosial şəbəkələrdə belə insanların qarşılıqlı ittihamlarla çıxış etməsini tamamilə təbii qəbul edirəm. Bu cəbhədə deqradasiya prosesi çoxdan baş verib. İndiki halda özlərini ifşa etmələri, əslində bu şəxslərin fəaliyyətinin, düşüncəsinin və əqidələrinin mahiyyətini ortaya qoyur”.
AZAD

banner

Oxşar Xəbərlər