• şənbə, 20 Aprel, 16:20
  • Baku Bakı 23°C

Sosial sahədəki problemlərin həllinə doğru

12.07.18 09:00 741
Sosial sahədəki problemlərin həllinə doğru
"Sosial təminat sahəsində ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Prezident vurğulayıb ki, bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək: "Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq”.
Prezidentin müşavirədəki çıxışına münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai şuranın üzvü Əliməmməd Nuriyev bu sahədə həllini gözləyən problemlərdən danışdı: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü işlərin sayı artmaqdadır. Bir çox sahələrdə vəzifələr müəyyənləşdirilib. Şəffaflığın təmin edilməsi üçün görüləcək əsas işlərdən biri ünvanlı sosial yardımın verilməsi prosesində yaranan problemlərin aradan qaldırılmasıdır. Belə ki, cənab prezident də öz çıxışında qeyd edib ki, bəzi hallarda bu kimi sosial yardımlar ehtiyacı olanlara yox, olmayanlara verilir. Bu, həllini gözləyən ən vacib məsələlərdəndir. Digər tərəfdən, əhalinin məşğulluq proqramına başlanması da vacib sayılan məqamlardandır. Məşğulluq sahəsində həyata keçiləcək islahatlar əhali arasında yoxsulluğun həlli istiqamətində çox əhəmiyyətli olacaq. Onu da qeyd edim ki, nazirlik bu məsələ ilə bağlı böyük tədbirlər planı hazırlayıb. Həllini gözləyən digər vacib bir məsələ isə qeyri rəsmi məşğulluqla əlaqəlidir. Belə ki, bəzi müəssisələrdə işçi sayı olduğundan az göstərilir. Rəsmi işçi sayı ilə real işçi sayı üst üstə düşmür. Bu da gələcəkdə pensiyaların verilməsində problemlərin yaranmasına şərait yaradır. Bu addım həmçinin qeyri formal iş mühitinin formalaşmasına səbəb olur”.
Müsahibimiz bildirir ki, qeyri şəffaflığın müşahidə olunduğu sahələrdən biri də əlliliyin müəyyən olunmasıdır: "Bu sahədə də bəzi problemlər olub. Əlil olmayan insanlara əlillik dərəcələrinin verilməsi bu sahədə olan şəffaflığın elə də yaxşı olmadığının göstəricisidir. Bildirim ki, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə şəffaflığı təmin etmək üçün birgə tədbirlər planı hazırlayıb. Mərkəzləşdirmə siyasəti güclənəcək. Həmçinin kadrların yerləşdirilməsi məsələsində də yeni addımların atılmasına böyük ehtiyac var. Düşünürəm ki, bu məsələ də, yaxın zamanda öz həllini tapacaq”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd etdi ki, sosial yardımlarının verilməsində ünvanlılığın pozulması həmişə prezidenti narahat edib: "Bizdə əhalinin təminatsız təbəqəsinə ünvanlı sosial yardımların verilməsi prosesinə 2006-cı ildən başlanılıb. Həmin dövrdən bu yana dəfələrlə bu sahədə şəffaflığın artırılması ilə bağlı həm qanunvericiliyə dəyişiklik edilib, həm də müxtəlif mexanizmlər yaradılıb. Yardımların müəyyən edilməsi ilə bağlı fəaliyyət göstərən qurumların və şəxslərin təminatı ilə bağlı ayrıca prezident fərmanı olub. 2012-ci ildə ünvanlı sosial yardım proqramına alternativ olaraq özünü dəstək proqramı işə salındı. Baxmayaraq ki, pilot mərhələ uğurla başa çatdı, amma nazir dəyişikliyindən sonra proyekt dayandırıldı. Bir neçə il bundan əvvəl özünüməşğulluq proqramına start verildi. Əslində əvvəlki proqram da çox maraqlı idi. Bir sözlə, ünvanlı dövlət sosial yardımlarının verilməsində ünvanlılığın pozulması həmişə prezidenti narahat edib və daim bu məsələlərə toxunub. Toxunmaqla yanaşı, qanunvericilik təşəbbüsü ilə çıxışlar edib, öz fərmanları ilə bu məsələləri tənzimləməyə çalışıb. Təəssüf doğuran odur ki, hələ də bu məsələ sona qədər həllini tapmayıb”.
S. Məmmədov bildirdi ki, şəffaflığın təmin olunması üçün geniş işlər görülməlidir: "Bütün məsələlərin həllində, o cümlədən qərarların qəbul edilməsində vətəndaş cəmiyyətinin iştirakçılığı, kütləvi informasiya vasitələrinin çıxışı təmin edilməlidir. Vəsaitlərin kimlərə, hansı məqsədlərə, hansı işlərə görə ayrılması məsələsi və bütün məlumatlar bazada olmalıdır və bunu istənilən şəxs əldə edə bilməlidir. İstər dövlət vəsaiti, istərsə də dövlət sığorta şirkətinin vəsaitindən ayrılan pulun ünvanına dəqiq çatması, prezidentin ən böyük istəyidir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər