• çərşənbə axşamı, 16 aprel, 23:17
  • Baku Bakı 18°C

Sosial problemlərin həllində ictimai nəzarətin gücü

12.10.18 18:40 1006
Sosial problemlərin həllində ictimai nəzarətin gücü
9 oktyabrda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclası giriş nitqi ilə açan prezident bildirib ki, hazırda ölkəmizin malik olduğu sabitliyin, uğurlu inkişafın təməlində düşünülmüş siyasət, eyni zamanda, xalq tərəfindən həmin siyasətə göstərilən dəstək dayanır.
Daha sonra bəzi sosial problemlərin işıqlandırılmasında vətəndaşların rolunun böyük olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu və ya digər məsələlərə ictimai nəzarət güclü olmalıdır: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki qanunsuz nə isə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.
Hazırda ictimai rəyin nə qədər önəm daşıdığını və ictimai nəzarətdə kimlərin əsas rol oynadığını mütəxəssislərlə müzakirə etdik.

Hüquq müdafiəçisiSahib Məmmədov qeyd edir ki, sosial problemlərin həllində ictimai rəy böyük rol oynayır: "İctimai rəyin son dövrlər olduqca effektiv təsirləri olur. Xüsusilə də sosial şəbəkələrin inkişaf etdiyi zamanda ictimai rəyin həll etdiyi bəzi məsələlər var. Həmçinin kütləvi informasiya vasitələrində qaldırılan bir çox problemlərə də hakimiyyət orqanları dərhal reaksiya verir. Amma təəssüf doğuran hallar da mövcuddur. Məsələn, bəzən ictimai rəyi başqa istiqamətə yönəldənlər olur. Bunlar bilərəkdən, qəsdən atılan addımlardır. Xüsusilə də yalan informasiyalar yayaraq ictimai rəyi yanlış istiqamətdə formalaşdırırlar. Bir sıra məqamlarda başqa bir ölkədə baş vermiş hadisənin fotosunu sosial şəbəkədə yayıb, insanlarda mənfi fikirlər yaradırlar və ya hər hansısa bir dövlət məmurunun söylədiklərini təhrif olunmuş şəkildə xalqa çatdıraraq insanlarda qıcıq yaratmağa çalışırlar. Lakin istənilən halda ictimai rəyin müsbət tərəfi odur ki, sosial problemlərin həllində böyük rol oynayır. Özəlliklə də ölkə başçısı son dövrlər demək olar ki, bütün çıxışlarında ictimai nəzarət haqqında fikir söyləyərək ictimai fikri dəstəklədiyini açıq şəkildə bəyan edir. Bu da o deməkdir ki, hakimiyyət vətəndaşların istər mənfi, istər müsbət rəylərini izləyir”.

Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bildirir ki, dövlət başçısı üçün başlıca amil vətəndaşdır: "Prezidentin Nazirlər Kabinetinin toplantısındakı çıxışı xalqın problemlərinə necə həssaslıqla yanaşıldığının və həlli üçün hansı addımların atılacağının göstəricisi idi. İlham Əliyevin çıxışı ilə bağlı analitiklərin, şərhçilərin fikirlərini izlədim və ümumi olaraq qeyd edə bilərəm ki, prezidentin bütün məsələlərlə bağlı əhatəli və hətta çox detallı çıxışı bir daha onu sübut edir ki, dövlət başçısı cəmiyyəti narahat edən bütün hadisələri yaxından izləyir, cəmiyyətin problemlərini bölüşür və məsələlərə son dərəcə həssaslıqla yanaşır. Yəni, dövlət başçısı üçün başlıca amil - vətəndaş amilidir. Cənab Prezident çıxışında qanunsuz tikililərlə bağlı mübarizə, qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsi və sosial müavinətlərin təyinatı məsələlərində də vətəndaş maraqlarının qorunacağını xüsusi vurğulayıb”.
Baş redaktor deyir ki, ictimai nəzarət məsələsində prezident mediaya böyük önəm verir: "Cənab Prezident jurnalistlərlə görüşündə demişdi ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir. Dövlət başçısı vətəndaş sözünün mötəbərliyinə və o sözü cəmiyyətə çatdıran mediaya necə diqqət göstərdiyini nümayiş etdirir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər