Sosial problemlərin həlli əsas prioritet kimi
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi
həyatında böyük dəyişikliklər baş verib. 1993-cü ildə xalqın təkidli tələbi ilə
ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən
sonra sabitliyin bərpası, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi
və əhalinin sosial durumunun, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin
qarşısında vacib vəzifələr kimi dayanıb. Ölkə iqtisadiyyatının bütün
sahələrində köklü islahatlara start verilib, bir sıra yeniliklər tətbiq edilib,
müasir dövrün tələblərinə uyğun yeni-yeni istehsal müəssisələrinin
yaradılmasına başlanılıb. 2003-cü ildən sonra da iqtisadi sahədə bir çox
uğurlara imza atılıb. İqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb.
Azərbaycanın bölgələrinin inkişafında müşahidə olunan vəziyyət isə mövcud
potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf
səviyyəsinin daha da yüksəldilməsini və onlar arasında fərqin minimuma
çatdırılmasını tələb edib. Buna görə də müxtəlif vaxtlarda 2004-2008,
2009-2013, 2014-2018-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi
inkişafı” Dövlət Proqramları qəbul olunub. Azərbaycanda uğurla həyata keçirilən
davamlı inkişaf strategiyasının mühüm halqalarından biri olan regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının
bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan
verən strateji sənəd olub.
Regionların
sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş
dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə
tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına,
regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin
məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan
verib. Ümumi götürsək, 2003-cü ildən indiyə qədər iqtisadiyyat 3 dəfədən çox
artıb, çoxsaylı istehsal müəssisələri yaradılıb. İndiyə kimi 2 milyona yaxın iş
yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir. İqtisadiyyata 230 milyard
dollardan artıq sərmayə qoyulub, valyuta ehtiyatlarımız 23 dəfə artıb.
2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər
sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə
3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300
kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi
istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Bütün
bunların sayəsində Azərbaycandakı işsizlik səviyyəsi 5 faizə enib. Müqayisə
üçün qeyd edək ki, 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 49 faizə
bərabər olub. Bundan başqa, əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən
artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində sosial sahədə
həyata keçirilən tədbirlər nəticəsində maaşlar və pensiyalar dəfələrlə artıb.
Qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması
məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, bu vaxta qədər sahibkarlara
güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.
2017-ci ildə də
Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib. İl
ərzində infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, sözügedən
məqsədlər üçün böyük vəsait ayrılıb. Elektrik təchizatı daha da
yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, qazlaşdırma 93 faizə
çatdırılıb, 100 min hektardan çox sahə suvarılmağa başlanıb, 1300 kilometr
avtomobil yolu, o cümlədən beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su
layihələri uğurla icra edilib. Ötən il sosial infrastrukturla bağlı da çox
ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib,
500-ə yaxın məktəbdə cari təmir aparılıb. Bununla yanaşı, 2017-ci il ərzində
ölkənin müxtəlif regionlarında 30 tibb müəssisəsi tikilib və əsaslı təmir
edilib, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Bütün bunlarla
paralel sosial sahədə atılan addımları xüsusi qabartmaq istərdik. Məlumat üçün
qeyd edək ki, hazırda Azərbaycanda 116 min ailə, 400 mindən artıq insan ünvanlı
sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir.
Eyni zamanda, bir qədər əvvəl vurğuladığımız kimi, son illər ərzində maaş və pensiyalar
dəfələrlə artıb. Bu, həyata keçirilən sosial siyasətin əyani təzahürüdür. Bundan
başqa, ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar
2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta
aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. 2018-ci ilin əvvəlindən 1
milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan
ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial
yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ
müavinətlərin, o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin,
846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə
3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və
qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində
ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.
2017-ci ildə
sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı
çərçivəsində ötən il bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148
nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi)
təqdim edilib. Bununla da indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə
çatdırılıb. Eyni zamanda, 2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12
min insan yeni evlərə, mənzillərə köçürülüb. Bu çərçivədə görülən işlər
içərisində Cocuq Mərcanlı kəndinin bərpasını xüsusi qeyd etmək olar. Çünki,
Prezident İlham Əliyevin də vurğuladığı kimi Cocuq Mərcanlı kəndinin bərpası
tarixi nailiyyətdir. Burada yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni
həyat başlayıb.
Qeyd
olunanlarla bərabər, onu da vurğulamaq yerinə düşər ki, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki "Məzun
evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən
məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun
təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş
sexləri də açılıb. 2017-ci ildə 1165 nəfər əlilliyi olan şəxsin istirahəti
təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər
tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində
sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra
olunan layihələr əsasında 4100 nəfər
uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1
saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində
2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28
nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.
Ölkəmizdə
həyata keçirilən sosial siyasətdən danışarkən Azərbaycan Prezidenti yanında
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətini də vurğulamaq gərəkdir.
Agentlik qarşısında qoyulan başlıca vəzifə vətəndaşlarının yaşayış sahələrinə
olan ehtiyacını ödəməkdən, sosial mənzillər inşa etməklə aztəminatlı və gənc
ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Bu məqsədlə
2016-cı il dekabrın 24-də MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış
Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının
təməlqoyma mərasimi keçirilib. Mərasimdə bildirilib ki, yaradılacaq bu ilk
şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. 2017-ci il dekabrın
24-də isə Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk
binanın təməlqoyma mərasimində iştirak edib. Bu yeni şəhərciyin çoxmənzilli 11
yaşayış binasından ibarət olacağı planlaşdırılıb. Bütün mənzillər tam təmirli
vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə, güzəştli şərtlərlə
vətəndaşlara təklif olunacaq.
Bütün bu
faktlar onu deməyə əsas verir ki, əlverişli coğrafi mövqeyə malik olan, Şərqlə
Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim öz vətəndaşına
qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosialproblemlərinin
həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət
həyata keçirir. Ölkə iqtisadiyyatının inkişafı fonunda bu siyasət razılıqla
qarşılanmaqla bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır.
Alpər TURAN