• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

Sosial mənzillər əmlak bazarına ciddi təsir göstərməyəcək

23.11.16 11:11 1419
Sosial mənzillər əmlak bazarına ciddi təsir göstərməyəcək
Daşınmaz əmlak, tikinti materialları bazarında vəziyyətin heç də yaxşı olmadığı göz önündədir. Bu il ərzində ipoteka kreditləşməsi ilə bağlı gözlənilən addımlar atılacağı halda, bazara müəyyən qədər təsir göstərəcəyi bildirilirdi. İpoteka kreditləşməsi isə demək olar ki, aparılmadı.

Amma sosial evlər layihəsi gündəmə gəldi və bu istiqamətdə işlər aparılmaqdadır. Eyni zamanda Azərbaycanda növbəti ipoteka kampaniyası üçün vəsaitlərin formalaşdırılmasına start verilib. Fins.az-ın məlumatına görə, noyabrın 21-də Maliyyə Bazarlarına Nəzarət Palatası «Azərbaycan İpoteka Fondu» ASC-nin 50 milyon manatlıq ipoteka istiqrazlarının emissiya prospektini təsdiqləyib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 50 000 ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazları buraxılacaq.

Qeyd edək ki, bir qayda olaraq ipoteka istiqrazlarının buraxılması ilə əldə edilən vəsaitlər adi ipoteka kreditlərinin (illik 8%-lə) ayrılmasına sərf edilir. Sosial ipoteka kreditləri (illik 4%-lə verilir) üçün vəsaitlər isə dövlət büdcəsindən ayrılır.

Sosial mənzillərin tikintisi, ipoteka ilə bağlı qeyd edilən məbləğin bazara daxil olması daşınmaz əmlak və tikinti materialları bazarına nə kimi təsir göstərəcək? Hazırda vəziyyət nə yerdədir və qiymətlərdə dəyişiklik ola bilərmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qəzetimizə açıqlamasında bildirdi ki, sosial evlərin tikintisinin daşınmaz əmlak bazarına ciddi formada təsiri olacaq, müəyyən mənada bu sahədə aktivliyi artıracaq. Amma əsaslı qiymət dəyişikliyini, bazarda ciddi dinamika yaradacağını proqnozlaşdırmır.

R.Osmanlı ipoteka ilə bağlı maliyyənin də hər hansı dəyişiklik yaradacağını düşünmür. Deyir ki, dəyişiklik olması üçün bütün hallarda ipoteka kreditləşməsində sadələşdirilmə aparılmasına ehtiyac var: "Çünki indiki məqamda ipoteka əlçatanlığı o qədər də normal şəkildə deyil. Əgər ipoteka kreditlərinin verilməsində ciddi dəyişikliyə, xüsusilə də faizlərin azaldılması ilə bağlı addımlara gedilərsə, o halda ipoteka kreditlərinin verilməsi, istiqrazların çıxarılması nəticə verə bilər. 2009-cu ildə ikinci İpoteka Proqramı başlayarkən bir müddət qiymət artımları müşahidə olundu, bazarda dinamik dəyişikliklər baş verdi. Qısa müddətli dövrü əhatə etdi, amma müəyyən qədər proseslərdə canlanma müşahidə olundu. Bizdə sosial ipotekanın formatı bir qədər dəyişdirildi, Sosial Mənzil Fonduna keçmiş oldu. Ümumi ipoteka ilə bağlı isə hələlik ciddi əhəmiyyət kəsb edən qərar qəbulu olmayıb. Hesab edirəm ki, Müşahidə Şurası ölkə başçısının fərmanından irəli gələn məsələlərdən biri kimi faiz məsələsinə baxmalı və bununla bağlı qərar qəbul etməlidir. Faizlərin aşağı salınması və digər məqamlar öz həllini tapmalıdır. Bütün hallarda sadələşdirilməyə gedilməlidir. Çünki əlçatanlığın təmin olunması vacibdir”.

R.Osmanlı onu da bildirdi ki, hazırda tikinti bazarında vəziyyət qənaətbəxş deyil, qiymətlər stabildir: "İdxal məhsullarının bəzilərində qiymət artımları müşahidə edilir. Hazırkı vəziyyət stabildir, tikinti materialları bazarında ciddi dəyişiklik müşahidə olunmur. Tikinti, inftasturuktur layihələrinin həcmi azalır, mənzil tikintisi ilə bağlı vəziyyət göz qabağındadır. Bunlar hamısı təsir göstərir. Bütövlükdə alıcılıq qabiliyyəti aşağı düşür. Tələb azaldığı üçün indiki şəraitdə bu, mövcud vəziyyətin stabilləşməsinə, qiymət dinamikasının stabil qalmasına, hətta bəzi yerli məhsulların müəyyən mənada azalmasına gətirib çıxarır”.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevdeyir ki, növbəti ipoteka kampaniyası üçün vəsaitlərin formalaşdırılması məqsədilə istiqraz buraxılması məsələsində diqqət edilməli məqamlar var: "İpoteka Fondu istiqraz buraxacaq. Əgər əvvəlki istiqraz buraxılışlarına baxsaq, o vaxt istiqrazlar üzrə orta faiz göstəricisi 3 idi. Ancaq həmin vaxt Mərkəzi Bankın uçot dərəcəsi çox aşağı, manatın məzənnəsi sabit idi. O vaxt istiqrazı yerləşdirəndə dolların məzənnəsi 78,5 idi. Sual yaranır ki, indi istiqrazı necə yerləşdirəcəklər? Çünki Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdir. Mərkəzi Bank banklardan depoziti 15-dən bir qədər az faizlə qəbul edir. Dövlət istiqrazları çox yüksəkdir. "SOCAR”ın dollar istiqrazları 5 faizdir. Maraqlıdır ki İpoteka Fondu bu istiqrazları bazarda necə yerləşdirəcək? Çünki elə faizlə yerləşdirməlidir ki, ipoteka üzrə banklar vasitəsilə əhaliyə 8 faizlə kredit verə bilsin. Düşünürəm ki, bu istiqrazları Mərkəzi Bank və ya Maliyyə Nazirliyi alacaq. Mövcud bazar şəraitində bu istiqrazların yerləşdirilməsi aşağı faizlə qeyri-mümkündür, yuxarı faizlə yerləşdirilsə isə, bu, İpoteka Fondu üçün səmərəsiz olacaq”.

R.Əliyevin sözlərinə görə, əgər bu məbləğ bazara daxil olsa, ipoteka kreditləşməsinə başlanılsa, müəyyən dəyişikliklər ola bilər: "İpoteka kreditləşməsi bu il demək olar ki, sıfır səviyyəsində olub. Bu da sözsüz ki, bazara mənfi təsir edib. İpoteka kreditləşməsinə başlanılsa, bazarda cüzi də olsa canlanma müşahidə ediləcək”.

R.Əliyev bildirdi ki, sosial mənzillərin satış elanı tikinti işlərinin 30 faizi yekunlaşandan sonra veriləcək. Bu o deməkdir ki, yaxın aylarda sosial evlərin satışı ilə əlaqəli heç bir məlumat olmayacaq. Ekspert tikinti sektorunda vəziyyətin bu gün ürəkaçan olmadığını, əgər tikinti işləri sürətlənsə, tikinti materialları bazarında da müəyyən qədər canlanma olacağını bildirdi: "Bu gün tikinti materialları istehsal edən müəssisələrin bəziləri heç də tam gücü ilə işləmir. Sözsüz, tikinti işlərinin canlanması həmin müəssisələrin istehsl gücünü artırmasına imkan verəcək. Tikinti materiallarının qiyməti o zaman artır ki, həm xərcləri, həm maya dəyəri artır. Gərək mallara yüksək tələbat olsun ki, onlar da bu vəziyyətdən istifadə edib qiymətləri qaldırsınlar. Ümumi götürəndə manatın məzənnəsinin ucuzlaşması tikinti materiallarının qiymətinin qaldırılmasına onsuz da şərait yaradır. Amma sosial mənzillərin tikintisi ümumilikdə tikinti bazarına əhəmiyyətli dərəcədə təsir etməyəcək”.

Aygün

banner

Oxşar Xəbərlər