• cümə, 26 Aprel, 05:35
  • Baku Bakı 16°C

Sosial mediada etik prinsiplərə əməl olunmur

19.03.14 10:54 1824
Sosial mediada etik prinsiplərə əməl olunmur
Sosial mediada etik prinsiplərə əməl olunub - olunmaması son zamanlar müzakirə olunan məsələlərdəndir. Mövcud vəziyyət barədə mənfi fikirlər söylənilsə də, vəziyyətin elə də bərbad olmadığını deyənlər də var. Martın 17-də İREX-Azərbaycan təşkilatı Bakıda “Sosial mediada etika” mövzusunda konfrans da keçirib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və USAİD-nin dəstəyi ilə keçirilən konfransda QHT təmsilçiləri, jurnalistlər, onlayn media sahəsində ekspertlər iştirak ediblər.
Bu mövzuda fikirlərini qəzetimizə açıqlayan media hüququ üzrə ekspert Ələsgər Məmmədli söylədi ki, Azərbaycanda sosial media çox sürətlə inkişaf edir və ənənəvi medianın müəyyən mənada, yaratdığı boşluğu da doldurmağa müvəffəq olur: “Etik standartlara gəldikdə isə durum o qədər də yaxşı deyil. Hələ də müəyyən problemlərimiz qalır. Sosial media üzərindən paylaşılan xəbərlərə və digər informasiyalara baxırsan ki, balans saxlanılmayıb. Yəni, tərəflərin mövqeyi, qərəzsizlik prinsipləri nəzərə alınmır, vacib məqamlar operativliyə qurban verilir. Bunun nəticəsində dəfələrlə yanlış informasiyaların yayıldığını hər kəs bilir. Bu, ciddi problemdir. Təəssüf ki, narazı qaldığımız məqamlar bununla bitmir. Sosial medianın digər ciddi problemi odur ki, xüsusilə, sosial şəbəkələrdə bəziləri fikirlərini sərhəd tanımadan ifadə edirlər”.
Ə.Məmmədlinin fikrincə, insanlar bu məkanın virtual olduğunu düşünüb ictimai qaydalara əməl etməməyin mümkün olduğunu düşünməməlidirlər: “Kimsə kompüterin qarşısında oturub elə bilir ki, heç kəs onu görmür. Beləliklə də, kobud, hətta təhqiramiz söyüşlərə əl atacaq qədər sərbəstləşir, pis ifadələrdən istifadə etməkdən çəkinmirlər. Təəssüf ki, yazılanların əksəriyyəti məhz çoxluğun görməsi üçün nəzərdə tutulur. Bilirsiniz ki, sosial şəbəkələrdə sadəcə kiməsə xüsusi mesaj göndərdiyimizdə bunu digər insanlar görmür. Amma statusu paylaşarkən dostlarımız, dostlarımızın dostları, pablik-yəni ictimai şəkildə paylaşdıqda isə hər kəs görür. Bəzən insanları diksindirən ifadələrlə də rastlaşırıq. Hesab edirəm ki, sosial medianın etikası baxımından insanlar müəyyən qayda tətbiq etməlidirlər. İlk növbədə düşünməlidirlər ki, onların özünə qarşı belə ifadələr yazılsaydı, hansı duyğunu keçirərdilər. Bu barədə ətraflı düşündükdən sonra hansı formada davranmaq lazım olduğunu bəlkə də, anlayarlar”.
Həmsöhbətimiz dedi ki, insanın özünü kontrol etməsi mütləqdir. Hər məsələ barədə özümüzə məxsus müəyyən düşüncələrimiz ola bilər. Lakin bu, bizə başqasını təhqir etmək üçün əsas vermir: “Bəzən sizə elə hadisələr təsir edə bilər ki, o durumla bağlı çox kobud ifadələr işlətmək istəyərsiniz. Amma unutmaq olmaz ki, kim olursan ol, sənə deyildiyi zaman qəbul etmədiyin sözü başqaları üçün söyləməyə haqqın çatmır. Təhqiramiz ifadələr yaymaq yolverilməz haldır. Ona görə də sosial medianın etik problemindən narazı olanların sayı az deyil. Sirr deyil ki, sosial medianın əhatə dairəsi ənənəvi mediaya nisbətən daha genişdir. Həm də ənənəvi mediada redaktorlar var. Müxbirlər isə bəlli bir kateqoriyanın insanları, yəni, ali təhsil almış insanlardır. Sosial mediada durum fərqlidir. Oraya istənilən sferanın insanı daxil olur. Halbuki onların bəziləri ömrü boyu nə qəzetdə, nə televiziyada iki kəlmə söz söyləməmiş insanlardır. Bu baxımdan, sosial mediada olan şəxsləri etik məsələlərdə bir az daha diqqətli olmağa çağırıram. Bu sahənin gözdən düşməsinə səbəbkar olmayın”.
Media eksperti vurğuladı ki, mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün sosial medianın mahiyyətini geniş şəkildə yaymaq, təbliğ etmək lazımdır: “Bu, bir mediadır. Hər nə qədər düşünsək də ki, bu mənim feysbukumdur, öz lövhəmdir, yenə də istənilən sözü yazmaq olmaz. Sosial şəbəkələrdə yayılanlar başqalarına zərər verə bilir. Ona görə də maarifləndirmə işi aparmaq lazımdır. Sosial media da eyni ilə qəzet, jurnal, televiziya, radio kimi çox önəmli bir kütləvi informasiya vasitəsidir. KİV-lərin məsuliyyətli olması isə əsas prinsiplərdən biridir. Həm başqalarına yönəlik hüquq və azadlıqlar baxımından, həm də yaydıqları məhsulun keyfiyyət və doğruluğu baxımından bu, belə olmalıdır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də məsələnin bu gün üçün aktual problem olaraq qaldığını dedi: “Mənim uzun müddətdir başçılıq etdiyim təşkilat da sırf bu məsələlərlə məşğul olur. Sosial, ümumiyyətlə onlayn mediada etik prinsiplərə əməl olunması və özünü mədəni şəkildə ifadə etmə vərdişlərinin formalaşdırılması istiqamətində müəyyən işlər görülməkdədir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində, eləcə də Azərbaycanda yeni texnologiyalardan istifadə edənlərin əksəriyyəti etik prinsipləri ciddi şəkildə pozurlar. Özü də bu kimi hallar ənənəvi mediada rast gəldiyimiz pozuntular deyil. Çox dəhşətli və ağır situasiyaları müşahidə etmişik. Hətta iki insanın qarşı-qarşıya olduqları zaman biri-birinə deyə bilməyəcəyi sözlər də sosial mediada ayaq açıb yeriyir. Ən acınacaqlı vəziyyət isə bunun adi hala çevrilməsidir. Deyilənlərlə bərabər, son vaxtlar müsbət məqamlara da şahid oluruq. İnsanlar artıq sosial mediada davranış qaydaları və etik prinsiplərə daha çox əməl etməyə çalışırlar. Belə deyə bilərik ki, özünü ifadənin daha mədəni formaları üstünlük təşkil etməyə başlayıb. Bu da, təbii ki, sevindirici haldır”.
A.Həsrət onu da bildirdi ki, çox zaman bəzi həmkarları, dostları sosial mediada müəyyən tənzimləmələr edilməsinə ehtiyac olduğunu deyirlər. Hətta qanunvericilikdə dəyişikliklər edilməsini təklif edirlər: “Məncə, bu, uğurlu çıxış yolu deyil. Çünki internet üzərindən həyata keçirilən fəaliyyətlər bir ölkənin içi ilə məhdudlaşmır. İnternet çərçivəsiz məkandır və bütün dünyanı əhatə edir. Ona görə də baş verən prosesləri bir ölkənin qanunu ilə idarə etmək, tənzimləmək mümkün deyil. Deyilənləri nəzərə alıb təklif etmişik ki, bu sahədə özünü tənzimləməyə üstünlük verilsin. Yəni, daha çox maarifləndirmə işi aparılmalı, insanlara sosial mediada davranış qaydalarının necə olması aşılanmalıdır. Etik çərçivədə özünü necə ifadə etmək, başqalarının fikirlərinə münasibət bildirmək, müzakirə və mübahisələrdə daha ədəbli şəkildə iştirak etmək və s bir çoxlarına ətraflı başa salınmalıdır. Bu yolda istər onlayn, istərsə də ənənəvi medianın üzərinə çox böyük vəzifə düşür”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər