• şənbə, 20 Aprel, 12:30
  • Baku Bakı 23°C

Sosial media problemləri Beynəlxalq Humanitar Forumunun platformasında

09.10.14 12:53 1252
Sosial media problemləri Beynəlxalq Humanitar Forumunun platformasında
Artıq ənənə halını almış Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir platformaya çevrilməkdədir. Forumlarda XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarılır, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılır.
Hər il forumlar çərçivəsində sosial media və ənənəvi media arasında münasibətlər də müzakirə mövzusuna çevrilir. Artıq Beynəlxalq Humanitar Forumun panellərindən birinin bu mövzuya həsr olunması adət halını alıb. Ötən həftə başa çatan IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində də “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” adlı dəyirmi masa keçirilib. Azərbaycan Dövlət teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun sədrliyi ilə keçən tədbirdə xarici və yerli mütəxəssislər, media nümayəndələri, dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri iştirak ediblər.
Forumdakı media ilə bağlı budəfəki panellər "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri", "Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın yeni məqsədi" və "Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu" mövzularına həsr olunub.
Bundan əvvəlki forumlarda da bu aktual mövzu ətrafında müzakirələr açılmışdı. Qloballaşma dünyada informasiya mənbəyi kimi sosial şəbəkələrin əhəmiyyətini getdikcə artırır. Artıq sosial şəbəkələr XXI əsrin sosial tələblərindən birinə çevrilib. Yeni reallıqlara əsasən, hər bir kəsin jurnalist olmaq imkanı var. Buna baxmayaraq, sosial media ilə ənənəvi media arasında nəzərəçarpacaq fərqlər də var. Bu gün sosial medianın inkişafı fonunda ənənəvi medianın, xüsusilə də informasiya agentliklərinin gələcəyi sual altına düşməyə başlayıb. Bəziləri hesab edirlər ki, sosial medianın inkişafı ənənəvi informasiya agentliklərini sıradan çıxaracaq. Bu gün sosial media cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərir. Sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında fikir mübadiləsi üçün platforma yaradır. Bununla bərabər, yeni situasiyada ənənəvi medianın yerinin necə olacağı da sual doğurur.
Sosial medianın mənfi və müsbət tərəfləri də forum çərçivəsində müzakirə olunan mövzulardandır. Əvvəlki forumlarda “Associated Press” İnformasiya Agentliyinin direktor müavini Tomas Kent bildirirdi ki, son vaxtlar sosial şəbəkələr ənənəvi media üzərində üstünlük qazanmağa başlayıblar. Əvvəllər insanlar «Dünyada nə baş verir» - sualına cavab tapmaq üçün televiziyaları açırdılarsa, indi «twitter» şəbəkəsini açmağa üstünlük verirlər. Amma bununla belə, ənənəvi medianın yeri hələ də möhkəmdir. Belə ki, əksər hallarda sosial mediadakı xəbərlər də ənənəvi mediaya istinadən verilir.
Ənənəvi media ilə sosial medianın bir neçə ciddi fərqi var. Əsas fərq ondan ibarətdir ki, ənənəvi media informasiyanı bir neçə mənbədən dəqiqləşdirməklə, peşə etikası qaydalarına əməl etmək şərti ilə yayır. Sosial mediada isə xəbərlər redaktə olunmadan və heç bir prinsip gözlənilmədən yayılır. Bu baxımdan, həmin xəbərlərin mötəbərliyinə heç kim arxayın ola bilmir.
Bununla belə, sosial medianın müəyyən üstünlükləri də var. Məsələn, cəmiyyətdə böyük nüfuzu olan kino ulduzları adətən evlənmələri, boşanmaları haqqında xəbərləri sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə yayırlar. Bu da yeni mediaya bu kimi xəbərlərlə bağlı əlavə üstünlük verir. Təhlükəli olan məqam ənənəvi media ilə sosial media arasında sərhədlərin itməsidir. Ənənəvi mediada jurnalist ancaq xəbəri yaymaq hüququna malikdir. Peşə prinsipləri jurnalistə yaydığı xəbərləri şərh etmək hüququ vermir. Sosial mediada isə məlumatı verənlər onu istənilən kimi şərh edirlər. Həmin məlumatlara çoxsaylı əlavə şərhlər də yazılır. Bundan əlavə, sosial şəbəkələrdə manipulyasiya üçün münbit şərait var.
Sosial medianın digər bir problemi yayılan xəbərlərin yalnız dost çevrəsinə çatmasıdır. Ənənəvi medianın isə auditoriya problemi yoxdur. Sosial medianın inkişafı ilə əlaqədar xeyli sayda bloqqerlər də peyda olub. Onların çoxu özlərini jurnalist və publisist kimi təqdim edir. Amma onların jurnalist hesab edilib-edilməməsi ilə bağlı fikir ayrılıqları hələ də qalır. Əslində yalnız xəbərləri şəffaf yayanları, peşə prinsiplərinə əməl edənləri jurnalist hesab etmək lazımdır. Sosial medianın tərəfdarları iddia edirlər ki, bir neçə ildən sonra artıq ənənəvi media olmayacaq. İnsanlar xəbərləri sosial media vasitəsi ilə alacaqlar. Amma forum iştirakçılarının, media boslarının fikrincə, bu, heç vaxt olmayacaq. İnsanlar hələ uzun müddət etibarlı xəbər almaq üçün ənənəvi mediaya müraciət edəcəklər.
Yeni reallıqlardan biri də budur ki, bəzən informasiya agentliyində çalışan jurnalist xəbəri peşə prinsiplərinə uyğun yaydıqdan sonra sosial şəbəkələrdə bununla bağlı öz fikirlərini bölüşür. Bunun özü də mübahisəli məsələdir. Bunun nəzərə alan “Associated Press» öz müxbirlərinə yazdıqları xəbərlərlə bağlı sosial şəbəkələrdə məlumat yaymağı qadağan edib.
Sosial media doğrudan da öz sərhədlərini ildən-ilə genişləndirməkdədir. Bəzən ölkələrin gündəmini də məhz sosial media müəyyənləşdirir. Təsəvvür edin ki, hazırda dünyada iki milyarddan çox insan internetdən istifadə edir, 156 milyon ictimai bloq var. İndi əsas problem sosial media ilə ənənəvi media arasında balans yaradılmasıdır. YUNESKO fikir azadlığının təmin olunması baxımından sosial medianın inkişafını dəstəkləyir. Eyni zamanda, qurum sosial mediada ifadə azadlığının qorunub saxlanmasının tərəfdarıdır. Sosial medianın inkişafı bir sıra yeni problemlər də yaradıb. Belə ki, bu xətlə yayılan xəbərlərdə neytrallıq olmadığından əsl həqiqəti üzə çıxarmaq xəbəri oxuyanların özündən tələb olunur. Bunun üçün isə insanların savadlılığına ehtiyac var. Yəni insanların savadı elə bir səviyyədə olmalıdır ki, onlar xəbəri oxuyanda onun mənbəyini fərqləndirə bilsinlər.
İstənilən halda, reallıq budur ki, internetin meydana çıxması ilə jurnalistikada yeni bir dövr başlayıb. Hər bir oxucu üçün fotomüxbir və ya publisist olmaq imkanı yaranıb. Bu səbəbdəndir ki, bu gün sosial media ənənəvi informasiya agentliklərinə meydan oxumağa başlayıb. Danılmaz faktdır ki, müasir gənclik ənənəvi media orqanlarından çox, sosial şəbəkələrdə fəaldır. Ənənəvi media orqanları üstünlüyünü paylaşmaq istəmir, amma aşağıdan da çox böyük güc gəlir. Bu gün dünyada ən çox oxunan qəzetlər 500-600 min tirajla çap olunursa, sosial şəbəkələr vasitəsi ilə gün ərzində iki milyard mesaj yayımlanır. Əgər «Anadolu» agentliyi gün ərzində maksimum 2500 foto yayımlayırsa, sosial şəbəkələrdə minimum 250 milyon foto yayımlanır. Amma məlumat verənlə xəbər verəni qarışdırmaq lazım deyil. Sosial şəbəkələr məlumat, ənənəvi media isə xəbər verir. Bu baxımdan, məlumat verənlər deyil, xəbər yazanlar jurnalist hesab olunmalıdırlar.
Bir sözlə, sosial media, onun gətirdiyi yeniliklər, yaratdığı problemlər Beynəlxalq Humanitar Forumun müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Dünya üçün mühüm əhəmiyyət kəsb edən bu mövzu ilə bağlı yeniliklər hər il Bakıda masaya yatırılır, fikirlər ümumiləşdirilir, ümumi mövqelər axtarılır.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər