Sosial ipoteka ilə bağlı təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunub

Sosial ipoteka ilə bağlı təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunub

Cəmiyyət
19 Noyabr 2012, 13:18 1111
"Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunub. Müəyyən razılaşmalar, əlavə və düzəlişlər edildikdən sonra gənclərə sosial ipotekaların verilməsi bu və ya digər şəkildə tətbiq olunacaq". APA-nın xəbərinə görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni təkliflərdə sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin dəyişdirilməsi və faiz dərəcələrinin aşağı salınması öz əksini tapıb. İ.Babayev gənclərin gələn ildən sadələşdirilmiş ipoteka kreditlərini ala biləcəklərinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, əsas təkliflərdə veriləcək kreditlərin məbləğinin bugünkü 35 min manatdan daha yüksək məbləğə qaldırılması, ipoteka kreditlərinin təkcə gənc ailələrə deyil, subay gənclərə də verilməsi nəzərdə tutulub: "Eyni zamanda, təkliflərdə kateqoriyaların sayı da genişləndirilib. Artıq ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər daha geniş gənclər kütləsini əhatə edəcək. Əvvəlki təklilərdə sosial ipotekanın dövlət qulluqçuları, hərbçilər, elmi dərəcəsi və ya adı olan insanlara verilməsi nəzərdə tutulurdusa, yeni təkliflərdə dərəcəsi olmayan, lakin elmi fəaliyyətlə məşğul olan gənclərə də ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Çünki ola bilər ki, gəncin elmi dərəcəsi olmasın, lakin bu və ya digər elmi tədqiqat işləri ilə məşğul olsun. Bu da onun fəaliyyətini stimullaşdırmaq üçün əlavə imkan verəcək. Eyni zamanda, fəxri adlara layiq görülən gənclərə də ipotekaların verilməsi, mənzillərin verilmə qaydalarının yüngülləşdirilməsi təklif olunub. Bütün bu təklilər qəbul olunarsa, ipoteka alacaq gənclərin dairəsi kifayət qədər genişləndiriləcək".