• cümə axşamı, 25 aprel, 07:58
  • Baku Bakı 14°C

Sosial il...

09.01.14 08:18 2168
Sosial il...
“Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülüb. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib”. Bunu prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib. Ölkə başçısı həmçinin qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı böyük işlər görülüb: “Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaq. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun. Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir”. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir: “Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşüb. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət alıb. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaq”.
Ölkə başçısı səhiyyə sisteminin əsas göstəricisinin həkimlərin peşəkarlığı olduğunu bildirərək bu istiqamətdə hələ görüləsi işlərin çox olduğunu qeyd edib: “Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcək. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq”.
Dövlət başçısı 2014-cü ildə səhiyyə sahəsinin, ümumiyyətlə, sosial sahənin prioritet olaraq qalacağını vurğulayıb: “Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olub. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaq”.
Sosial sahənin inkişafı artıq neçə illərdir ki, diqqət mərkəzindədir. Bir-birinin ardınca qəbul olunan dövlər proqramları, milli strategiyalar, qanunlar hər biri özündə sosial sahənin bu və digər sektorlarının inkişafını əks etdirir. Azərbaycanın artan iqtisadi imkanları ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən sosial-iqtisadi sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir, desək, yanılmarıq.
Bu gün həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlər, o cümlədən, həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində addımlar atılır, tədbirlər reallaşdırılır.
Problem yoxdur demirik...
Lakin bütün bunlar o demək deyil ki, Azərbaycanda heç bir sosial problem yoxdur. Məsələ ondadır ki, səhiyyəyə, təhsilə, normal yola, içməli suya əlçatanlıq hələ də ölkənin iqtisadi imkanlarına adekvat səviyyədə deyil. Hətta paytaxt Bakıda da bu cür problemlərlə rastlaşmaq olur. Sosial sahə ilə bağlı çox geniş işlər görülməlidir. Sosial proqramların icra edilməsi, sosial infrastrukturun yaradılması, məktəb, xəstəxana tikintisi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, - bütün bunlar sosial sahəyə aid olan məsələlərdir. Hazırda elə bir dövrdəyik ki, bəzi inkişaf etmiş ölkələrdə sosial proqramlar ixtisar edilir, maaşlar kəsilir, iş yerləri ixtisara düşür. Ancaq Azərbaycanda istənilən dövrdə, hətta böhranlı illərdə də maaşlar, pensiyalar, sosial müavinətlərin məbləğləri artır və sosial proqramların heç biri təxirə salınmayıb. Düzdür, burada neft amili böyük rol oynayıb, amma hər bir halda dövlətin buna getməməsi təqdirəlayiqdir.
Aztəminatlı ailələrə yardım
Azərbaycanda sosial təminatın gücləndirilməsi və aztəminatlı sosial təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən mühüm proqramlardan biri ünvanlı sosial yardım mexanizminin yaradılmasıdır. Bu mexanizm Azərbaycan prezidenti tərəfindən 2005-ci il oktyabrın 25-də imzalanmış qanunla tənzimlənir. Qanunun əsas məqsədi orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasını tənzimləməkdir. Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyəti olmaması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ötən 6 ildə proqramın reallaşdırılmasında bir sıra problemlər, məmur özbaşınalığı nəticəsində ədalətsizliklər meydana çıxsa da, son dövrlərdə aparılan islahatlar nəticəsində bunların aradan qaldırılması prosesi gedir.
Dövlət mənzil probleminin həllinə çalışır
Sosial sahədə həyata keçirilən proqramlardan biri də müəyyən sosial qrupların məqbul şərtlərlə mənzil əldə edə bilməsinə yönəlmiş sosial ipotekadır. Sosial ipotekanın məqsədi dövlət vəsaitləri hesabına müəyyən sosial qruplara aşağı bank faizi ilə uzunmüddətli mənzil kreditlərinin ayrılmasıdır. Sosial ipoteka proqramına maraq sürətlə artır. Hazırda dövlət büdcəsindən bu proqrama ayrılan vəsaitlərin həcmi 40 milyon manat təşkil edir. Gələcəkdə bu sahəyə daha çox vəsait ayrıla bilər. Burada da problem olmamış deyil. Belə ki, sosial ipotekaya əlçatanlığı təmin edən bəzi şərtlərin ağırlığı aktualdır. Şərtlərin yüngülləşdirilməsi, faiz dərəcəsinin daha da aşağı salınması, məbləğin artırılması istiqamətində gedən müzakirələrin bu il müsbət sonuclanacağına ümid etmək olar. Qeyd edək ki, sosial ipoteka kreditlərinin faiz dərəcəsi illik 4% təşkil edir. Kreditlərin qaytarılması üçün maksimal müddət isə 30 ildir. Ümumilikdə ipoteka proqramı müsbət hadisə sayılsa da, bəzi problemlər proqramdan daha geniş təbəqənin yararlanmasına əngəl yaradır ki, bunun da yaxın zamanlarda aradan qalxacağı gözlənilir
Ən zəif təbəqə - pensiyaçılar
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da pensiyaçılar ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqə hesab edilir. Son illərdə ölkədə bütün növ pensiyaların orta aylıq məbləğində davamlı artım həyata keçirilməkdədir. Həmçinin pensiya təminatı sistemində islahatlar aparılıb və bunun nəticəsində pensiyaların orta aylıq həddində əhəmiyyətli artım baş verib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 2011-ci il iyul ayının 1-i tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bu islahat Azərbaycanda əhalinin pensiya təminatını vahid sistemə salıb.
Problemlər həllini tapacaq?
Düzdür, islahatlar aparılır, yeni-yeni qanunlar qəbul edilir, dövlət proqramları reallaşdırılır, lakin yenə də bir sıra problemlər mövcuddur. Halbuki sosial sahə hər bir vətəndaşın birbaşa marağında olan istiqamətdir. Görünür, elə bu səbəbdəndir ki, ölkə başçısı da 2014-cü ildə sosial sahənin prioritet olacağını bəyan edib. İnanırıq ki, bu il ərzində sadalanan və sadalanmayan bir çox problemlər öz müsbət həllini tapacaq. Çünki ortada siyasi iradə var...
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər