Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...

Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...

Siyasət
19 İyun 2019, 11:15 219
Azərbaycan prezidenti İlham Əliyev ötən gün əhalinin sosial rifahının gücləndirilməsinə yönələn növbəti sənədlərə imza atıb. Bununla da İlham Əliyev son dövrlər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan gəlirlərin əhalinin sosial rifahına yönəldiləcəyi vədinə sadiqliyini yenidən nümayiş etdirib. 

Söhbət ondan gedir ki, İlham Əliyevin 2018-ci il seçkilərindən sonra başlatdığı yeni islahatlar, xüsusilə vergi və gömrük sahələrində şəffaflığın təmin olunması ilə bağlı tədbirlər sosial rifahla bağlı yeni qərarlar üçün əlverişli zəmin yaratdı. Yaradılan  şəffaflıq büdcəyə daxilolmaların davamlı olaraq əhəmiyyətli dərəcədə artımları ilə müşahidə olundu.  Formalaşan yeni və əlavə maliyyə resursları İlham Əliyevin siyasi iradəsi ilə bilavasitə vətəndaşların sosial müdafiəsinə yönəldilməyə başlandı. 

Xüsusi vurğulamaq yerinə düşər ki, ən yüksək inkişaf səviyyəsinə malik istənilən iqtisadiyyatın ortaya qoyduğu nəticələr cəmiyyətin sosial ehtiyaclarının təmininə yönəlməyibsə, onda o, özünəqapalı bir sistem olaraq qalır. Burada əsas məsələ - iqtisadi sahədə əldə olunan dəyərlərin effektiv şəkildə sosial dəyərlərə çevrilməsinə bağlıdır. Və İlham Əliyev bunu etməkdədir...

Cari ilin arxada qalan 6 aya yaxın dövründə imzalanan müxtəlif sənədlər, sonuncu sərəncamlar da nəzərə alınmaqla, nəticə etibarı ilə bütün əhali kontingentini əhatə edir desək, yanılmarıq...

Gəlin bunun məhz belə olduğunu görmək üçün cari ilin ötən dövrü ərzində verilən qərarlara ardıcıllıqla diqqət edək:

-         İlin əvvəlində şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapdı; cari ilin martın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdləri 242 manatdan 300 manata çatdırıldı; minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırıldı; minimum pensiyaların məbləği də təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox artırıldı; təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı; Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata çatdırıldı; cari il aprelin 1-dən isə ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin məbləğlərində əhəmiyyətli dərəcədə artımlar oldu;  ümumilikdə, 12 növ müavinətdə, təqribən 120-130 faiz arasında artım baş verdi;

-         Bundan başqa,  Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi də genişləndi və I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü təsis edildi;  həmçinin, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü təsis olundu.

İlin əvvəlində imzalanan sənədlər və Prezident səviyyəsində yaxın gələcək üçün verilən bəyanatlar, işsizliyin və yoxsulluğun tam aradan qaldırılmasının hədəfləndiyi, əhalinin sosial güzəranının daha da yaxşılaşdırılmasının əsas vəzifə kimi qarşıya qoyulduğunu göstərirdi. Baxmayaraq ki, müəyyən dairələr bu siyasətin gözdən salınması üçün müxtəlif iddialar ortaya atırdılar və bu qərarların ötəri xarakter daşıyacağının davamlı olmayacağı iddia edilirdi.

Amma İlham Əliyev cəmi bir neçə ay sonra imza atdığı yeni sənədlərlə bu iddiaları alt-üst etmiş oldu.

Belə ki, prezident dünən statistik dillə ifadə etsək, 17 sənədə imza ataraq müxtəlif kateqoriyalar üzrə sentyabrın 1-dən əməkhaqqının əhəmiyyətli artımını gerçəkləşdirib.

Belə ki,

-          Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncamla  müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb;

-         Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 20 faiz artırılıb;

-         Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə sərəncamıla bu kateqoriyaya daxil olanların aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faizi həcmində artırılıb;

-         Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Bura Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu daxildir;

-         Müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Dövlət başçısının digər sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-          "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamla  Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib: Sədr – 3060 manat; Sədrin müavini – 2845 manat; Katib – 2110 manat; Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.
-         Digər sərəncamla Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Müvafiq sərəncamla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;
-         Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-          Sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;
-         Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-         Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı digər ən mühüm sənəd isə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamdır.  Sərəncama uyğun olaraq minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Öncə qeyd edək ki, bu il Azərbaycanda minimum əmək haqqının məbləğinin artımını ehtiva edən sərəncama əsasən, 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılmışdı. 

Sonuncu 40 faizlik artım isə bu il minimum əmək haqqında 2 dəfəyə yaxın artımın edildiyini ortaya qoyur ki, bu da indiyə qədər bir ilkdir. 

Bununla da Azərbaycan minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə MDB-də 2-ci yerdə qərarlaşacaq.  

Ümumilkidə 2006-2019-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası isə aşağıdakı kimidir:

-         2006-cı ilin oktyabrından - 30 AZN;
-         2007-ci ilin fevralından - 50 AZN;
-         2008-ci ilin yanvarından - 60 AZN;
-         2008-ci ilin avqustundan - 75 AZN;
-         2010-cu ilin sentyabrından - 85 AZN;
-         2011-ci ilin dekabrından - 93,50 AZN;
-         2013-cü ilin sentyabrından - 105 AZN;
-         2017-ci ilin yanvarından - 116 AZN;
-         2018-ci ilin yanvarından - 130 AZN;
-         2019-cu ilin martından - 180 AZN;
-         2019-cu ilin sentyabrından -250 AZN.

Bir ildə minimum əməkhaqqının iki dəfəyə yaxın artımının əsasən nələrə təsir edəcəyinə gəldikdə isə bundan sonra işəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 250 manatla - minimum əməkhaqqı ilə tənzimləyəcəklər və bu qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsir edəcək, minimum əməkhaqqı aztəminatlı təbəqələr üzrə artacaq və nəticədə ölkədə yoxsulluq həddi azalacaq,  qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq, orta aylıq əməkhaqqının artırılması əməkhaqqının ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına gətirib çıxaracaq və s.

Sadalanan faktlar bir daha isbat edir ki, Azərbaycanda iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə söykənən inkişaf strategiyası mükəmməl əsaslar üzərində bərqərar olub.

Azərbaycanda son dövrlərdə başladılan yeni aparılan islahatlar dalğası öz müsbət nəticələrini verməkdədir.  Əldə olunan nəticələr və əhalinin məmnunluğu islahatların davamlı olmasına və bu islahatlardan doğan, sosial rifaha yönələn yeni qərarların verilməsinə imkan yaradacaq…
 
Elman BABAYEV