“Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi”
Azərbaycan Hökuməti
ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər
üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları
üçün "Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə 5-ci təlim kursuna başlanıb.
Bu dəfəki təlim
"Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır.
Təlim kursunun
başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin proritetləri
sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı,
xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə
əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət
başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda
da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların
əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini
tapıb.
A.Əliyev bu istiqamətdə
Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd
edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər
arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. Ötən dövrdə
BƏT-lə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıran nazir
müavini gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də
bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu
bildirib.
O, Təşkilatla
birgə icra olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Dövlət Məşğulluq Xidmətinin
potensialının gücləndirilməsinə, o cümlədən məşğulluq orqanları əməkdaşlarının
bilik və peşəkarlığının artırılmasına mühüm dəstək olduğunu vurğulayıb. A.Əliyev
bu məqsədlə beynəlxalq ekspetlərin iştirakı ilə ardıcıl olaraq təşkil edilən təlim
kurslarının əhəmiyyətindən bəhs edib. Nazir müavini hazırkı təlim kursunun
sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi kimi
vacib iş sahəsində məşğulluq orqanları işçilərinin bilik və səriştələrinin
artırılması, bu sahədə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından
faydalı olduğunu qeyd edib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in
Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri
üzrə ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin dövlət məşğulluq
xidmətlərinin keyfiyyətinin artırılmasının və əməkdaşların peşəkar bacarıqlara
yiyələnməsinin vacibliyini vurğulayıb, bu məqsədlə BƏT-in dəstəyi ilə belə təlim
kurslarının təşkilinin önəmindən bəhs ediblər.
Sonra M.Puşkin
"Dəyişən əmək bazarında Məşğulluq Xidməti orqanları. BƏT-in 100 illik yubileyi
və "Əməyin gələcəyi” təşəbbüsünə ümumi baxış” mövzusunda təqdimatla çıxış edib.
Təlim kursu ƏƏSMN yanında Dövlət Məşğulluq
Xidmətinin rəis müavini Fuad Musayevin moderatorluğu ilə davam edib. BƏT-in
"MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro
Pizarronun "Sosial cəhətdən həssas qruplara xidmətlər və Məşğulluq Xidməti
orqanları tərəfindən onların əmək bazarına daxil edilməsi” mövzusunda təqdimat
olub.
Dörd gün davam
edəcək təlim kursunda Norveçin İşəgötürənlər təşkilatının
nümayəndəsi Paul Haavorsen ("Əlilliyi olan şəxslərin əmək bazarına daxil edilməsi
sahəsində Norveç təcrübəsi”), BƏT-in baş
mütəxəssisi Valentin Mokanu və Yuriy Qertsiy ("Əməyin təftişi və sosial cəhətdən
həssas qrupların əmək bazarına inteqrasiyası”), Avstriya Dövlət Məşğulluq Xidmətinin
əməkdaşı Helena Senqstbratl və İsveç Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kleas
Qoran Lok ("İş təcrübəsi olmayan gənc məzunlar üçün məşğulluq xidmətləri
portfeli”), ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin əməkdaşı
Nizami Hüseynli ("Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi
üçün Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən aktiv əmək bazarı
proqramları”) və digər beynəlxalq və yerli ekspertlər tərəfindən təqdimatların
edilməsi, qrup işinin aparılması nəzərdə tutulub.