• cümə axşamı, 18 aprel, 09:59
  • Baku Bakı 12°C

“Soros şəbəkəsi”nin növbəti əl işi

18.01.19 18:48 704
“Soros şəbəkəsi”nin növbəti əl işi
Bu günlərdə Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olub. Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Kaspi”yə açıqlamasında söylədi ki, Azərbaycan belə bir şəraitdə informasiya müharibəsinə çox ciddi yanaşmalıdır: "Biz öz qüvvələrimizi səfərbər etməliyik. Diaspor işinin daha da gücləndirilməsinə ciddi ehtiyac var. Xaricdə yaşayan azərbaycanlılar yaşadığı ölkənin ictimaiyyətini bu haqda məlumatlandırmalıdır. Hesab edirəm ki, bu istiqamətdə görüləsi çox işlər var. Biz belə bir halla ilk dəfə deyil ki, rastlaşırıq. Ona görə də hər kəs bu məsələdə fəallıq göstərməlidir. Bu mənada ermənilər xüsusi fəallıq və canfəşanlıq göstərirlər. Onlar heç bir fürsəti əllərindən qaçırmır. Biz də onlardan geri qalmamalıyıq. Məsələnin dərindən araşdırılıb, həqiqətlərin ortaya çıxarılmasına ehtiyac var”.


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, politoloq Hikmət Babaoğlubildirib ki, Avropa Parlamentində təcili "qətnamə” qəbul olunması ilk növbədə onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı anti-Azərbaycan mərkəzləri tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi: "Qısa bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb. Özü vəziyyətinin yaxşı olduğunu bəyan etdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndələri də orada oldular. Hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edirlər. Necə deyərlər "papadan artıq katolik olmağa çalışır”. Ancaq həqiqət bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.
H.Babaoğlu deyib ki, əgər bu "qətnamə”nin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst xətti aydın görünür. Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda o, rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib: "Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda, Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır. Azərbaycanın 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bu məsələ ilə bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə çatmaq üçün prinsipial mövqeyini davam etdirəcək”.
Şəbnəm


banner

Oxşar Xəbərlər