• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

“Şopinq Festival”ın nəticələri

13.05.17 11:00 1296
“Şopinq Festival”ın nəticələri
Azərbaycan tarixində ilk dəfə təşkil edilən "Şopinq Festival”a yekun vurulub. FestivalınTəşkilat KomitəsindənAPA-ya bildirilib ki, aprelin 10-dan mayın 10-dək keçirilən I Bakı "Şopinq Festival”ı gözlənildiyindən də uğurlu alınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da festival haqqında danışıb. APA-nın xəbərinə görə, o, "eurasiadiary.com” saytına müsahibəsində bildirib ki, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: "Bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm, iştirak etmək imkanım olacaq. İnanıram ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq”.
Festivalın təşkilatçısı olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə, ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb. Festival barədə danışan mədəniyyət və turizm naziriƏbülfəs Qarayev qeyd edib ki, Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib. Biz də ekspertlərdən festivalın əhəmiyyəti və nəticələri haqqında soruşduq.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, şopinq festival turizm strategiyasının daxilində nəzərdə tutulan fəaliyyətlərdən biri kimi, bu ildən etibarən ölkəmizdə keçirilməyə başlanıb: "Bundan sonra festivalın il ərzində iki dəfə keçirilməsi nəzərdə tutulub ki, bu da xüsusilə istehlak imkanlarının genişləndirilməsi və istehlak aktivliyinin artırılması baxımından əhəmiyyətlidir. Festivalın təşkili həm də turistlərin Azərbaycanda xərcləmələrinin təşviq edilməsi məqsədi daşıyır. Bildiyimiz kimi ölkəmizdə 2016-cı ildən başlayaraq turistlər üçün "tax-free” sistemi tətbiq edilməyə başlanıb. Festival çərçivəsində tətbiq edilən "tax-free” həm turistlər, həm də yerli vətəndaşlar üçün hədəflənmişdi. Təbii ki, proyekt özlüyündə digər əyləncə fəaliyyətləri ilə həm bu istiqamətdə cəlbediciliyi artırır, həm də onların mənfəətini yüksəltməklə alıcılıq imkanlarını artırmaq və xərcləmələrinin həcmini genişləndirmək yolu ilə ölkəyə valyuta cəlb etmək məqsədi daşıyır. Şopinq festivalının ölkədə ilk dəfə keçirilməsinə baxmayaraq, xeyli aktivlik müşahidə olundu. Buna baxmayaraq, bəzi çatışmayan məqamlar da var di. Məsələn, xərcləmələrin böyük bir qismi yerli vətəndaşlar tərəfindən həyata keçirilib. Halbuki festival daha çox turistlərə yönəlik məqsədi daşıyırdı. Xərcləmələrin artırılması proyektin digər istiqamətlərdə nəzərdə tutulan hədəflərə nail olma imkanlarını artıra bilərdi. Böyük ehtimalla, gələcək dövrlərdə bu proseslərin genişləndirilməsi və şaxələndirilməsi nəticəsində, təbliğat imkanlarının və informasiya təminatının gücləndirilməsi istiqamətində görülən işlər davam etdirilərs,ə Azərbaycanda turizm sektoruna və o cümlədən istehlak aktivliyinin artırılmasına və iqtisadi fəallığa xeyli müsbət təsir göstərəcək”.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, ölkəmizdə belə bir festivalın keçirilməsi turizmin reklamına və təbliğinə böyük dəstək oldu: "Festival çərçivəsində ölkəyə gələn turistlər gələcəkdə turizm sektorunun daha da canlanmasına və turist axınının güclənməsinə səbəb olacaq. Bununla yanaşı, hesab edirəm ki, şopinq festivalı həm də iqtisadi səmərəliliyin artırılmasına da öz töhfəsini verəcək. Tədbirin ölkəmizin beynəlxalq arenada tanınmasında rolu inkaredilməzdir. Festival həm iqtisadi baxımdan, həm də ölkəyə gələn turist axınının artması baxımından öz effektini yaxın zamanda göstərəcək. Festival ərəfəsində ölkəyə gələn turistlər bir növ canlı reklam rolunu oynadılar. Bildiyiniz kimi şopinq festivaldan sonra Azərbaycanda Dördüncü İslam Oyunları start götürür. Bu ərəfədə keçirilən bütün tədbirlərin turizm sektorunun inkişafına və ölkəmizin təbliğinə böyük faydası olacaq. Qeyd edim ki, şopinq festivalına maraq daha çox region dövlətləri tərəfindən qeydə alınıb. Həmçinin, Şərqi Avropa və yaxın qonşu dövlətlərdən gələn turistlər də ölkəmizə xeyli maraq göstərirdilər. Hətta bəzi Şərqi Avropa ölkələrindən gələn turistlər paytaxt Bakının və Azərbaycanın bu qədər dəyişib inkişaf edəcəyini təsəvvür etmədiklərini deyirdilər. Lakin qeyd edim ki, Azərbaycandakı inkişafı qısqanclıqla qarşılayanlar da oldu. Düşünürəm ki, bu tip tədbirlərin keçirilməsi Azərbaycanın müsbət imicinin formalaşması baxımından çox vacibdir”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, festivalın keçirilməsində əsas məqsəd ölkəmizə daha çox turist cəlb etmək idi və demək olar ki, nəticələr qənaətbəxşdir: "Bu ərəfədə ölkəyə gələn turistlər turizmin təbliği, reklamı və təşkilində mühüm rol oynayacaq. Şopinq festival təkcə alış-veriş üçün nəzərdə tutulmayıb. Bu festival necə deyərlər, həm ziyarət, həm ticarət məqsədi daşıyır. Təbii ki, bu festival ilk dəfə keçirildiyinə görə, bəzi çatışmayan məqamlar da var idi. Ümid edirik ki, bu məqamlar növbəti dəfə öz həllini tapacaq. Gələcəkdə nəinki yaxın bölgələrdən, həmçinin dünyanın müxtəlif ölkələrində turist cəlb edə biləcəyik”.
Assosiasiya sədrinin müşaviri bəzi məqamları da qeyd etdi: "Bir məsələni də qeyd etmək lazımdır ki, keçmiş MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda belə bir festival keçirilib. Hesab edirəm ki, bu festival keçmiş SSRİ ölkələrinin turistlərinin ölkəmizə cəlbi üçün də çox vacib idi. Çünki festival Azərbaycanın turizm potensialının beynəlxalq arenada yüksək səviyyədə təbliğidir. Festivala maraq da çox yaxşı idi və "tax-free”in tətbiqi də bu baxımdan çox mühüm rol oynadı. Festival vaxtı müxtəlif əyləncəli proqramlar, konsertlər, şouların, Azərbaycanın folklorunun, milli mətbəxinin təqdimatı da özünü doğrultdu”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər