Şopinq Festivala maraq artır
Turistlərin getdikləri ölkədə əsas pul xərclədikləri məsələlər
sırasında alış-veriş böyük yer tutur. Buna görə də turizmin inkişaf etdiyi,
turistlərin cəlb olunmasında maraqlı olan ölkələrdə şopinq festivalları
keçirilir. Artıq aprelin 10-dan etibarən Azərbaycanda da ilk dəfə olaraq Bakı
Şopinq Festivalı keçirilir.
Müvafiq sərəncama və prezidentin ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsindəki ticarət festivallarının keçirilməsi
üzrə qoyulmuş tapşırığına əsasən, festivalın hər il təşkili Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.
Festival Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Qardaş ölkə mətbuatı
Azərbaycanın Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının açılış günündə"İstanbul Shopping Festivalı”nın direktoru Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul
etməsindən yazıb.
Bakıda olan Rusiyanın "Skolkovo” texnoparkının baş
direktoru Renat Batırov da bu günlərdə paytaxtımızda təşkil olunmuş şopinq
festivalına da qatılmaq fikrindədir. Festivalın rəsmiBAKUSHOPFEST.COMsaytına müsahibəsində
o bildirib ki, bu cür festivalın keçirilməsi onun sevimli şəhəri olan Bakı üçün
çox doğru ideyadır. Şopinq festivallarının turist axınına təkan verdiyini deyən
R.Batırov Dubay və Andorrada keçirilən festivalları nümunə göstərərək
bildirib:"Bir daha əmin ola bilərsiniz
ki, belə reklama xərclənən hər bir dollar, ƏDV olaraq alıcılara qaytarılan hər
bir vəsait sonra 100 dəfələrlə artıqlaması ilə ölkəyə qayıdır. Bu festivalın əsas
vacib cəhəti odur ki, ölkə iqtisadiyyatında turizm gəlirlərinin həcmini kəskin
şəkildə artırır. Çünki bütün xidmət sektoru inkişaf edir – hotellər,
restoranlar və aviaşirkətlərin də gəlirləri artır”.
Qeyd edək ki, R.Batırov Bakıda Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın "Skolkovo” Fondunun təşkilatçılığı
ilə keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turu” (Open Innovations Startup
Tour) konfransında iştirak edir.
Festival
çərçivəsində aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsaitVergilər Nazirliyi tərəfindən geri qaytarılıb. Apa-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm
naziriƏbülfəs Qarayevməlumat verib. Nazirin sözlərinə görə, festival çərçivəsində
alışın 10%-i geri qaytarılıb: "Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5
milyon manat artıb. Digər dövrlərlə müqayisədə bu göstərici ümidvericidir. Hər
hansı çətinliklər mövcud olduğu zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər
Nazirliyinin əməkdaşları çevik şəkildə çox peşəkarlıqla onu həll edirlər. Hələlik
festivala marağın artdığını görürük. Festivalın keçirilməsi üçün 2 ay müddətində
hazırlıq işləri görmüşük. Ciddi təbliğat və reklam edilməyib. Hesab edirəm ki,
bu, onu sübut edir ki, festival öz-özlüyündə maraq kəsb edib”.
İlk
günündə bir çox mağaza və şirkətlərin festival qoşulması ilə bağlı mətbuatda məlumatlar
getmişdi. Günbəgün yeni mağazalar da festival qatılırlar. Mədəniyyət və Turizm Nazirliyinin
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar
Şıxməmmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, həm gəlir, həm də iştirak cəhətdən
sahibkarlar festivalda iştirakda maraqlıdırlar: "Festivalın ilk günlərində prosesə
110-a yaxın müəssisə, şirkət və mağaza qoşulmuşdusa, hazırda bu rəqəm 200-dən artıqdır. Mütəmadi
olaraq siyahı yenilənir. Bu, sahibkarların festival olan marağından və işin biznes
tərəfini düşünmələrindən irəli gəlir”.
V.Şıxməmmədov
deyir ki, tədbir keçirilərkən dünya təcrübəsi öyrənilib, amma proqramdakı bəzi
yeniliklər ilk dəfə bizdə tətbiq olunur: "10 may tarixinədək davam edən
tədbirdə bir sıra yeniliklər var. Düzdür, tədbiri təşkil edəndə dünyada belə tədbirləri
keçirən ölkələri təcrübəsini öyrənildi. Bununla belə bir sıra yeniliklərimiz
var ki, onlar dünya ölkələrinin təcrübəsində yoxdur. Onlardan ən başlıcası əcnəbilərə
tətbiq olunan "Tax-Free” sisteminin Azərbaycan vətəndaşları üçün də eyni
qaydada tətbiq edilməsidir. Alıcı alış-veriş mərkəzlərinin birindən alış-veriş
edən zaman orada verilmiş qəbzi götürərək həmin alış-veriş mərkəzində yerləşən,
Vergilər Nazirliyi tərəfindən quraşdırılmış xüsusi köşkə yaxınlaşıb təsdiq
etdirir. Sonra həmin alış-veriş mərkəzində müvəkkil bankların birindən ƏDV-ni həmin
gün nağd şəkildə geri ala bilir”.
Şöbə müdirinin sözlərinə görə, festival təkcə
alış-veriş məqsədli tədbir deyil: "Şopinq Festival yalnız alış-veriş demək
deyil. Eyni zamanda həm ölkəyə gələn əcnəbilər, həm də festivaldan istifadə edən
vətəndaşlarımız üçün mədəni tədbirlər həyata keçirilir. Festivalın açılış mərasimi
möhtəşəm mədəni tədbirlərlə yadda qaldı. Ümumilikdə isə 6 alış-veriş mərkəzində,
"İçərişəhər" Dövlət
Tarix-MemarlıqQoruğu ərazisinə, Qoşa Qala
qapısının qarşısındakı meydanda və "Sabir bağı”nda mütəmadi olaraq mədəniyyət tədbirləri,
konsert proqramları, müxtəlif dj-lərin iştirakı ilə proqramlar, flaşmoblar və
s. tədbirlər keçirilir. Cümə, şənbə və bazar günləri bu tədbirlər daha da aktiv
şəkil alır”.
V.Şıxməmmədov qeyd etdi ki, ilk dəfə keçirilməsinə
baxmayaraq, müsbət tendensiyalar kifayət qədərdir: "Həm turistlərin cəlb
olunması, həm festivaldan gələn gəlirlərlə bağlı proqnozlar müsbətdir. Bu
festivalda təbliğat işimiz daha çox qonşu və Yaxın Şərq ölkələrində - İran körfəzi
ölkələrində aparıldı. Düşünürük ki, oktyabrda keçiriləcək növbəti festivalda
biz daha geniş müstəvidə təbliğ edib, nəzərdə tutulan ölkələrin coğrafiyasını
daha da genişləndirəcəyik. Artıq Rusiya, İran, Türkiyə mediasında təbliğat işləri
aparılıb. Rusiyanın telekanallarında festivalla bağlı mütəmadi materiallar,
verilişlər yayımlanmaqdadır”.
Aygün