• şənbə, 20 Aprel, 14:09
  • Baku Bakı 23°C

Sonuncu xəbərdarlıq

09.04.21 18:15 1218
Sonuncu xəbərdarlıq
Kompromis əldə edilməsə, Avropa Gürcüstana sanksiya tətbiq edəcək?
Qonşumuz Gürcüstan özünün müstəqilliyi tarixində hələ indiki kimi çətin duruma düşməyib. Necə deyərlər, stol üzərinə Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin gələcəyi qoyulub. Avropalı parlamentarilərinin gürcü siyasətçilərinə ünvanladıqları müraciətin qısa rezyumesi məhz belədir. Məktub bütün düşərgələri təmsil edən qüvvələrin üzərinə, sanki su çiləmiş olub. Gürcüstan üçün həlledici hesab edilən məqamda, yeddi avroparlamentari açıq məktubla çıxış edərək qəti şəkildə bildiriblər – siyasətçilərin tərsliyi sözün əsl mənasında onlara baha başa gələcək. Görünən də odur ki, siyasi gərginlik səngimək bilmir. Və müxalifətlə iqtidar arasında parlament seçkilərindən sonra yaşananlar Avropanı ciddi şəkildə narahat edir. Artıq Avropa açıq şəkildə bəyan edir ki, hakimiyyət müxalifətlə kompromisə getməlidir. Avropa İttifaqının vasitəçiliyi ilə ikiraundlu danışıqlar iflasla nəticələndiyindən, Tbilisidə səfərdə olan Avropa Parlamentinin deputatları belə bir sərt xəbərdarlıqla çıxış ediblər. Avrodeputatlar, artıq müvafiq təklifi Avropa Komissiyası qarşısında qaldırmağa hazırlaşır. Məktubda əsas təhlükəli və vacib məqam odur ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin gələcəyinin stol üzərinə qoyulduğu qəti şəkildə ortaya qoyulur. Bu da hər bir gürcünü narahat edir. Əlbəttə ki, bunun məsuliyyəti rəsmi Tbilisinin üzərinə düşür. Gürcüstan tarixində ilk dəfə olaraq bildirilir ki, ölkəyə investisiya formasında edilən texniki yardım və proqramlar dayandırıla bilər. Müxalifət fəalı Aleko Elisaşvili hesab edir ki, məktub tək iqtidara deyil, müxalifətə qarşı da yönəlib: "Bu, tək utancverici hal deyil, həm də bizim tərəfimizdən məsuliyyətsizlik və cinayət deməkdir. Bizim tərsliyimiz ucbatından Qərb cəmiyyətinin gözündə ölkənin imicinə zərbə vurulmayıb, həm də maliyyə sanksiyası müzakirə olunur. Təsəvvür edin, 60 mln. avro yardımın verilməsi dayanarsa, hansı zərbə dəymiş olacaq”. Gürcü politoloq Georgi Xuxaşvili bildirib ki, Avropa gürcüləri əldə olunan razılaşmalara əməletmə prosesinə qoşulmağa çalışır. Dərhal da əlavə edib ki, Brüssel Avropa siyasi mədəniyyətinə uyğun olaraq dərhal deyil, mərhələ ilə hərəkət etməyə çalışacaq. Əvvəlcə nümayişkaranə şəkildə hər hansı bir görüş keçirməkdən imtina edəcək, səfərlər ləğv ediləcək, sonra isə əgər Gürcüstan hakimiyyəti ağıllanmayacaqsa, o zaman real sanksiyalar da tətbiq edə bilər.

60 milyon avro verilməsə...
Söhbət ilk növbədə Gürcüstana ayrılması nəzərdə tutulan 60 milyon avronun verilməsi prosesinin dondurulmasından gedir. Brüsselin rəsmi Tbilisini cəzalandırmaq istəyini Avropa Parlamentinin deputatlarının qeyd etdiyimiz kimi, yazdıqları məktub də göstərir. Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin sədri Devid Makkalisterin, Aİ və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament komitəsinin həmsədri Marina Kalyurandın, eləcə də, Gürcüstan üzrə həmməruzəçi Sven Mikserin yazdığı məktubda bildirilir ki, gürcü partiyalarının qarşılıqlı kompromisə getməkdən imtina etmələrindən sonra siyasi liderlər hər hansı bir biznes təklifləri gözləməməlidir. Məktub müəllifləri qeyd ediblər ki, yaxın günlərdə Avropa Komissiyasına Gürcüstanla münasibətləri əks etdirən kompleks tədbirlər işləyib hazırlamaq üçün müraciət edəcəklər. Səbəb də odur ki, Avropa Komissiyasının (daha dəqiq desək, Kristian Danielsonun və Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin) vasitəçiliyi ilə iki dəfə keçirilən danışıqların uğursuzluğa düçar olması "nəticəsiz” qalmayıb. Bəyanat şübhə yeri qoymur – söhbət hakim "Gürcü Arzusu” və onunla qarşıdurma vəziyyətində olan "Vahid Milli Hərəkat”ın cəzalandırılmasından getmir. Söhbət Gürcüstanın dövlət olaraq cəzalandırılmasından gedir. Lakin bununla belə, əsas məsuliyyət hakim partiyanın üzərinə düşür. Avropa Parlamentinin üzvləri tək hakimiyyət partiyasını tənqid etmir, İrakli Qaribaşvili hökumətini, "Vahid Milli Hərəkat” və yaxud Gürcüstanın birləşmiş müxalifətini deyil, bütövlükdə ölkənin siyasi sinfini tənqid edirlər. Məktub üzə çıxdıqdan sonra "Gürcü Arzusu”nun Siyasi Şurası dərhal toplantı keçirib. Eləcə də, intensiv məsləhətləşmələrə müxalifət partiyalarının liderləri də başlayıb. Buna baxmayaraq, tərəflər iki başlıca məsələ ilə bağlı kompromisə getməyə hazır deyillər. Bu tələblər də müxalifətin nail olmaq istədiyi növbədənkənar seçkilərin təyin olunması və "Vahid Milli Hərəkat”ın lideri Nikanor Meliyanın azad olunmasıdır. Partiya sədri fevralda məhkəmənin təyin etdiyi girovu vermədiyinə görə həbs edilib. "Gürcü Arzusu”nun parlament fraksiyasının sədr müavini Qivi Mikanadze bildirib ki, məktub Avropa parlamentinin mövqeyi demək deyil: "Və xüsusi ilə qeyd etməliyəm ki, maliyyə sanksiyalarını Avropa Parlamenti tətbiq etmir. Bunu Avropa Komissiyası həyata keçirir”. Ardınca da, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, isveçrəli diplomat Karl Harçel gürcü siyasətçilərini xəbərdarlığa hörmətlə yanaşmağa çağırıb. Qeyd edək ki, Avropa İttifaqının vəd etdiyi maliyyə ayırdığı pandemiya şəraitində gürcü iqtisadiyyatının stabilləşməsi üçün nəzərdə tutulur. Söhbət Avropa İttifaqı ölkələrində gürcü vətəndaşlarının leqal şəkildə mövsümü kənd təsərrüfatı işlərinə cəlb olunmasından gedir. Artıq bu işlərə 100 mindən artıq insan qoşulmaq istədiyini bildirib.
Süpürgə aksiyası

Gürcü siyasi gərginliyi isə buna baxmayaraq sərt formada davam edir. Batumidə hakim partiyanın tərəfdarları müxalif "Vahid Milli Hərəkat”ın ofisini süpürgə və yumurta atəşinə tutublar. Süpürgəni də ona görə nümayiş etdirmək istəyiblər ki, bunu keçmiş iqtidar partiyasının güc simvolu hesab edirlər. Müxalifətdə hesab edirlər ki, hakim qüvvələrin hərəkətləri vətəndaş qarşıdurmasına gətirib çıxaracaq. 9 il əvvəl süpürgələr həbsxanalarda məhbusların sistemli şəkildə hüquqlarının pozulmasını əks etdirirdi. Bu kadrların 2012-ci il parlament seçkilərindən əvvəl nümayiş olunması öz rolunu oynadı. Gürcü seçicilərinin böyük əksəriyyətinin Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyasına deyil, Bidzina İvanişvilinin "Gürcü Arzusu”na səs verməsinə gətirib çıxardı. O zaman və sonrakı illərdə keçmiş iqtidar partiyası etiraf edirdi ki, həbsxanalarda sistemli qanun pozuntuları olub, lakin süpürgələrin əks olunduğu videolar da qondarma olub. Süpürgələrlə məhbusların zorlanması faktını "Gürcü Arzusu”nun liderlərindən olan Sozar Subari bu gün də təsdiq edir. O, süpürgələri gürcü siyasətində Nyutonun üçüncü qanununun təzahürü kimi nəzərdən keçirilməsini təklif edir. Əlavə edib ki, "Gürcü Arzusu”, əgər müxalifət özünü konstruktiv aparacaqsa, dialoq aparmağa hazırdır. "Əgər bu müxalifət boykotu və etiraz aksiyalarını davam etdirəcəksə, parlamentə girməyəcəksə, indiki hakimiyyətlə məhkəmə və seçki islahatları aparmayacaqsa – hansı əməkdaşlıqdan söhbət gedə bilər”, - deyə əlavə edib. Süpürgənin keçmiş iqtidar partiyasının simvolu olduğunu hakim partiyanın digər deputatları da təkrarlayıblar.
Batumi insidentinin əleyhdarları hesab edirlər ki, bu tip tədbirlər baş nazir İrakli Qaribaşvilinin verdiyi vədin yerinə yetirilməsi anlamına gəlir. Belə ki, ötən həftə Avropa İttifaqı heyəti ilə görüşdən sonra baş nazir bildirib ki, müxalifətə vaxt itirmək niyyətində deyil. "Vahid Milli Hərəkat”dan ayrılan "Milli Hərəkat” lideri Xatiya Dekanoidze bildirib ki, Rustavidə onun həmkarı Georgi Mqebarişvili bıçaqla yaralanıb. Bunu da Batumi hadisələrinin davamı adlandırıb. Bildirib ki, "Gürcü Arzusu” üçün siyasi böhranın həlli əhəmiyyətli deyil: "Bütün bunlar hakim partiyanın idarəçiliyinin doqquzuncu ilində baş verir. Batumidə baş verənlər, tərəfdarımızın bıçaqlanması onu deməyə əsas verir ki, "Gürcü Arzusu” ölkədəki qütbləşməyə görə məsuliyyəti öz üzərinə götürmək və böhranı həll etmək istəmir”. Hakimiyyət fəallarının aktivləşməsi və mobilləşməsini, müxalifət, mayın 15-də keçirmək istədikləri irimiqyaslı etiraz aksiyası ilə əlaqələndirir. Bu aksiyada əsas tələb növbədənkənar parlament seçkilərinin keçirilməsi, müxalifət lideri, "Mtavari” müxalif televiziyasının lideri Georgi Ruruanın həbsdən azad edilməsi olacaq.


"Süpürgə aksiyası” və onun hansı məqsədi güddüyünü "Aqmaşenebeli Strategiyası” hərəkatının lideri Sergo Çiladze də şərh edib. "Hakimiyyət bildirir ki, ölkəni Avropa İttifaqına doğru aparır. Eyni zamanda, süpürgələrlə hərəkət edir. Bu süpürgələrlə Avropa İttifaqına daxil ola bilməyəcəyik, qütbləşmə ilə də. Normal ölkədə müxalifətə qarşı belə bir əks tədbirlər görülməsi yolverilməzdir. Bununla da hakimiyyət diqqəti digər problemlərin həllindən uzaqlaşdırmağa çalışır. Hələ regionlara getmək istəyən müxalifətə qarşı baryerlər yaratmağa çalışır. Əks aksiyalar keçiriləcəyi anonsunu verir. Bütün bunlar məsuliyyətsizlikdir, hakimiyyətin düşmənçiliyi anlamına gəlir, bununla vətəndaş qarşıdurmasını gücləndirir”, -deyə bildirib.
Müxalifətin boykot qərarına münasibət necədir?
O da bəlli olur ki, əhalinin 60 faizi müxalifətin boykot qərarına neqativ yanaşır. Bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu başqa məsələləri də üzə çıxarıb. Gürcülərin 79%-i hesab edir ki, son bir ildə ölkədəki iqtisadi vəziyyət pisləşib. Respondentlərin 63%-i ölkədə iqtisadi vəziyyətin məişət səviyyəsində pisləşdiyini bildirib. Gürcülərə görə, hazırda ölkə əhalisinin əsas problemi işsizlik (65%), qiymət artımı (37%) və yoxsulluqdur (26%). Sorğuya əsasən, hazırda Gürcüstanda əhali üçün qəbul olunan şəxs Patriarx II İlya sayılır. Əhalinin 89%-i II İlyanı dəstəklədiyini bildirib. Ondan sonrakı yerlərdə keçmiş baş nazir Georgi Qaxariya (65%), Tbilisi meri Kaxa Kaladze (54%), "Avropa Gürcüstanı” Partiyasının lideri David Bakradze (52%), "Vahid Milli Hərəkat” Partiyasının lideri Nika Meliya (42%), Bidzina İvanişvili (40%) və digərləri qərarlaşıb. Respondentlərin 35%-i gələn həftə seçki olarsa, "Gürcü Arzusu” Partiyasına səs verəcəyini bildirib. Ondan sonrakı pillələrdə "Vahid Milli Hərəkat” Partiyası (18%), Avropa Gürcüstanı Partiyası (3%), "Aqmaşenebeli Strategiyası” (3%) qərarlaşıb.
Azər

banner

Oxşar Xəbərlər