• çərşənbə axşamı, 19 mart, 08:00
  • Baku Bakı 8°C

Sonuncu əsgər

19.03.18 15:10 2155
Sonuncu əsgər
Qoca gülləri qarıya uzadıb əlini cibinə saldı.
– Tut görüm açarları hara qoymuşam!
Qarı gülləri alıb söylənə-söylənə daş pillələrlə aşağı endi.
Bir xeyli ciblərində eşələnəndən sonra qoca açarı qapının açar dəliyində gördü. İtiyi tez tapdığına sevinib qarısına sarı getdi.
Qarı qocanın qoluna girib: – "Pulları götürdünmü?” – xəbər aldı.
Qoca sinirlənib – "Səninki də ancaq pul olsun!” – dedi.
Eşikdə quşbaşı qar yağırdı. Xəzri qarı hərlədib fırladıb adamın üzünə sillə kimi vururdu. Qoca yüngül geyindiyinə görə qarını danladı. Onun bu danlağından məhrəm sevgi duyulurdu. Ərinin qayğısına qalması qarının xoşuna gəlsə də bunu bildirmirdi. Qocanın illər əymiş sısqa çiyinləri, ağappaq qaşları altından görünən xırda, solğun gözləri birdən birə qarıya elə doğma göründü ki, içi ilıqlandı.
– Gəl ayağnan gedək!
– Geçikmərik? – Qoca soruşdu.
Qarı – "Yox!” – deyib ayağını kraxmallanmış köynək boynu kimi xışıldayan ağappaq qara basdı.
Külək sözü adamın ağzından qapırdı. Dinməzcə iki küçə keçdilər. Qoca sürüşkən küçələrlə harasa tələsən üstü qarlı insanların özünü qoruma hissinin yaxınlığında birdən-birə darıxdı. Qolundan boş kisə kimi sallanmış qarısına üzünü tutub: – "Gedirik!” – dedi.
– Yox da dedim! – Qarı qocadan çox qara sinirləndi.
– Bəlkə uşaq üçün oyuncaq alaq?
Qarı dinmədi.
Qarşılarına çıxan ilk oyuncaq dükanına girdilər. Yaşıl rəngli polis maşınını görən qarı: – Bunu bəyənəcək! – dedi. Oyuncağı alıb eşiyə çıxdılar. Dükanın önündə Qocanın ayağı sürüşdü.
– Qocalırsan ha, Səfərov! – Qarı gülə-gülə ərini sancdı.
– Qocalıb eləmirəm!
Yolu keçib "London taksisinə” əyləşdilər. Maşının yan şüşəsindən görünən cökə ağacları qar altında adamlar kimi dayanmışdılar. Deyirdin yük daşıyan hamballardı. Dəniz vağzalından gəlirlər. Hava soyuqdur deyə rəngləri ağarıb.
– Məktəbə girməyi yadındadır?
– İndiki kimi!
– Birinci kursda onu Lənkərana apardılar. Çay yığmağa. Sən də hər gecə ağlayırdın. Unutmamısan? Mən özüm də ondan ötrü yaman darıxmışdım
– Məni demirsən!
– Orda bir qız sevmişdi!
– Qızıl sırğa aldığım qızı deyirsən?
– "Bəlkə ,onlar lap yaxın olublar. Ər arvad kimi. Ola bilər də! Niyə susursan? Sən bizim dövrümüzə baxma. İndikilər azaddırlar. Hər şey ola bilər!
– Həyat sənin üçün serial deyil! Mənə yalandan ümid vermə!
– Ola bilər də
– Ola bilməz. Çünki oğlun da sənin kimi əfəldir!
– Mənəm əfəl?
– Mən olmasaydım sən heç vaxt ailə qurmayacaqdın. Qorxağın biriydin!
– Düş, bir az da gəzişək, sən allah. Ürəyim sancdı!
Taksidən düşüb açıq havada bir qədər gəzişdikdən sonra yaxınlıqdakı kafeyə girdilər.
Boş masa arxasında oturub çay sifariş verdilər.
– Görəsən, bizim gədə bu "rokda” nə görüb?
– Rok nədir?
– Nə bilim. Bir cür musiqidir. Bircə təsəllim odur ki, indi hamı belədir. Sərdarın oğlu da! Yəqin dəb belədir, biz qanmırıq. Qocalmışıq!
– Balam müasirdi də! Qurban olum ona! Uşağım İtalyan artistlərinə oxşayır!
– Bəsdir, sən allah! Öymə oğlunu! İtalyan ha.
– Gecikmirik?
– Yox!
– Hava qaralıb da! Nə qədər qalıb vaxta?
– Hələ bir saat var! Tələsmə!
Küçəyə çıxandan qarının ayaq barmaqları donurdu. Qocanı hirsləndirməmək üçün üşüdüyünü ona demirdi.
– Kafeyə niyə girdin?
– Çay bəhanədir! Son günlər adam içində darıxıram. Bilmirəm mənə nə olub?
– Taksi nə vaxtdan adam içi olub? Kürkünü atmışdım çiyninə axı. Keçən səfər görürəm qarğalar qollarını didiblər. Buna bax e. Görürsən, sən allah? Yaddaşıma ox batıb. Görürsən? Səndən də mənə bir kömək yoxdur. Keyin birisən. İynə sap götürüb kürkünün qollarını tikəcəkdim! Yadıma niyə salmadın?
– Ovcumun içini iyləmişdim? Mən nə bilim beynində hansı fikirlər dolaşır? Sənə bir iş tapşırdın heç nə. Adamı yarıtmırsan. Eybi yoxdur. Sabah tikib gətirərsən!
– Leyla deyir, sabah da qar yağacaq! Uşağa soyuq olar ! Bütün günü eyvanda dayanır axı. Kül olsun mənim başıma!
– Son vaxtlar mənim də yaddaşım xarab olub. Yadımda heç nə qalmır. Uşaqlığı ən kiçik xırdalıqlara qədər yadımdadır. Yeddi yaşına qədər cəmi üç diş çıxarmışdı. Üçüncü dişini çıxaranda sən hədik bişirdin. Yadındadır? Mərcisi də yox idi ha. Mərci mədəndə qaz yaradırdı deyə qazana atmırdın. Ona yeddi yaşına qədər süd verirdin axı. Xatırlayırsan? Beş yaşı olanda artıq qəzet oxuyurdu. Əsgərlikdən sonra nə etdiyini isə heç cür xatırlaya bilmirəm. Elə bil başıma iynəylə hava vurmusan. "Lok-lok lokkuldayır”. Heç nə yadıma düşmür. Üzü də. Şəkillərdə də elə bil yaddır. Özü deyil. Necə oldu bəs bizim bu uşaq? Hara getdi, görəsən? Ona nə oldusa əsgərlikdən sonra oldu. Elə bil, gədənin şəkli dəyişdi.
– Danışdığından utanırsan heç? Görəndə necə baxacaqsan oğlunun üzünə? Sən həmişə belə daş ürəkli olmusan. Onu necə döyməyin elə bilirsən yadımdan çıxıb? Adam elə uşaq döyər? –Əclafsan sən? Onu bu günə də sən qoydun. Döyməklə! Yumuqlarla. Uşağım belə deyildi ha. Quzu kimiydi. Evə tort zad alırdı. Hamı kimi işə gedirdi.
– Araq içirdi də!
– Nə olsun, içirdi. Hamı araq içir də. Sən özün içmirsən, araq? İndi də versələr içərsən.
– Çatdıq. Üzünə çox gülmə. Həkim necə demişdi özünü elə apar. Onunla sərt davranmalıyıq!
Bir ayaq-bir ayaq pillələri qalxıb qapının ağzında dayandılar. Çətin nəfəs alan Qoca açarları cibindən çıxarıb dəmir qapını açdı. İçəri keçdilər. Qarı əlində tutduğu gül dəstəsini üstünü toz basmış çini güldanın içinə qoydu. Əlləri əsdiyindən qoca oyuncaq dükanından aldığı maşının qutusunu aça bilmirdi. Qarı açdı. Aldıqları oyuncaq maşını da güldanın böyrünə qoydular.
Dəhlizdəki soyuqdan qocanın gözləri yaşardı. Titrək barmaqlarıyla gözlərini ovuşdurub: – "Nəfəsliyi yenə açıq qoyub” – dedi. Qarı tələsik otağa girib işıqları yandırdı. Çömbəlib ayaqları zəncirlə dəmir sobaya bağlanmış kişinin ağ saçlarını tumarlaya-tumarlaya: "Mənim gözəl balam, görəsən, burda mənsiz darıxmayıb ki?” – pıçıldadı.
Döşəmədə uzanmış ağ saçlı kişi gözlərini açıb oğrun-oğrun gülümsündü.
Otağın qapısından indicə içəri girmiş Qocanın hənirindən diksinib: – Ana, mən bu qarğalarla daha bacarmıram! Onlar dünyanı dimdikləyirlər – qışqırdı.
ORXAN FİKRƏTOĞLU
banner

Oxşar Xəbərlər