• şənbə, 20 Aprel, 10:42
  • Baku Bakı 14°C

Sonuncu Ağaoğlu

12.02.18 15:30 2108
Sonuncu Ağaoğlu
"Sovet İttifaqına getmişəm. Şoloxovun "Sakit don” kitabını tərcümə etmişdim. Şoloxovun bu kitabı Türkiyədə mənim tərcüməmlə tanınır. Bu kitaba görə Moskvaya dəvət olundum. Tək getdim. Yaşar Kamal mənə demişdi ki, belə bir kitab var, mütləq bunu çevir. Mən təcili kitabı ingiliscədən çevirməyə başladım. Şoloxov Nobeli aldıqdan sonra başqaları da heyət halında kitabı çevirməyə başladılar. Bir kitabı 3-4 hissəyə bölüb tərcüməçilərə verir, yekunda da biri birləşdirməklə məşğul olurdu. Mən onlardan öncə başlasam da, sonra bitirdim. Çünki tək idim. Çox vaxt xərcləyirdim və önəm verirdim. Mənim tərcüməm çox uğurlu oldu. "Ağaoğlu” yayın evindən çap etdik, çox yaxşı satıldı. Çox pul qazandıq, tez bir mətbəə aldıq. Azərbaycanda da oldum. Anarla Bakını dolaşdıq. Sərin payız günü idi. Yazarlar Birliyinin bir yeməkxanası vardı, ora getdik. Müxtəlif toplantılarda da iştirak etdim”.
Azərbaycanla bağlı xatirəsi az idi. Ondan aldığım ikinci müsahibədə ancaq bunları demişdi.
Amma onun atasının Bakı ilə bağlı çox xatirəsi vardı. Bu xatirələrini "Sovet Rusiya imperiyası” adlı kitabında yazıb. Babasının isə daha çox xatirəsi vardı. Çünki onun babası Azərbaycan tarixinə damğasını vurmuş bir şəxs idi: Əhməd bəy Ağaoğlu.
Bu ilin yanvarında kədərli bir hadisənin iştirakçısı oldum. Türkiyə tarixində mühüm rol oynamış azərbaycanlı ailə olan Ağaoğluların sonuncu ziyalı nümayəndəsi Tektaş Ağaoğlunun dəfnində iştirak etdim. İstanbulun Nişantaşı səmtində yerləşən Teşvikiyyə məscidində cənazə namazı qılındıqdan sonra Ağaoğlu Feriköy İslam məzarlığında anası Nəriman Ağaoğlunun məzarında dəfn edildi.

Mühacirət başlayır...
1909-cu il. Əhməd bəy Ağaoğlu "Difai”nin qurucusu kimi tezliklə həbs olunacağını başa düşür. Ona görə də Şuşadan Parisə, Parisdən Bakıya doğru uzanan həyat bu dəfə onu İstanbula aparır. Qısa zamanda ailəsini də yanına gətirən Ağaoğlu Osmanlı parlamentində millət vəkili olur, dönəmin tanınmış türkçü aydınları ilə dostluq qurur. 9 il sonra vətəninə qayıdır. Bu dəfə Vətəni artıq müstəqil idi, Bakını azad etmək üçün türk ordusu köməyə çağırılmışdı.
Çarlıq rejimindən qaçan Ağaoğlu bu dəfə vətənini işğaldan azad etmək üçün gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri olur. Tale onu Azərbaycan parlamentində millət vəkilliyi şansı da verir, ardınca hökumət onu dövləti tanıtmaq üçün Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə göndərir. Amma o, ermənilərin təxribatı ilə ingilis tərəfindən həbs edilib Malta adasına sürgün edilir.
Əhməd bəy Maltada əsarətinin dərin sarsıntısını keçirir, adadan xilas olmaq üçün Nərimanova məktub göndərir, bolşevizmi dəstəklədiyini bildirir. Lakin qısa zamanda Mustafa Kamal paşa onları xilas etdiyi üçün Əhməd bəy bu dəfə ona başqa məktub göndərir. Tektaş Ağaoğlu bizimlə söhbətində həmin hadisə barədə belə demişdi: "Babam Maltada bir neçə il qaldı. Ondan sonra ingilislər qərar verdilər ki, Maltanı boşaltsınlar. Türk elitasının yarısı, yazarlar, siyasətçilər orada idilər. Babam hələ Maltada olarkən ona Nəriman Nərimanovdan bir məktub gəlir. Yazır ki, biz sizi tanıyırıq, apardığınız mübarizənin heyranıyıq. Çıxacaqsınız, gəlin bizimlə bərabər olun, birlikdə xalqımız üçün çalışaq. Babam da cavab yazır ki, təşəkkür edirəm, fəqət mən ikinci vətənim saydığım Türkiyə Cümhuriyyətinə xidmət etməyi seçirəm”.
Əhməd bəy ömrünün axırına qədər Türkiyəyə xidmət edir. Millət vəkili, Sərbəst Cümhuriyyət Firqəsinin qurucularından, Anadolu Agentliyinin yaradıcılarından olur, xeyli kitab, məqalə yazır. Mühacirətdə Azərbaycanın istiqlal savaşına qoşulmasa da, mühacirlərin iş-güc tapmalarına yardım edir. 1939-cu ildə vəfat edərkən, geridə üç nəhəng varis qoyur: Səməd Ağaoğlu, Sürəyya Ağaoğlu, Tezer Ağaoğlu. (Ağaoğlunun Əbdürrəhman və Gültəkin adında iki övladı da olub).
Sürəyya xanım Türkiyədə vəkil kimi, Tezer xanım millət vəkili və müəllim kimi tanınır.
Atasının yolunu davam etdirən isə Səməd Ağaoğlu olur.
Hekayə ustası, siyasi məhkum
Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində Bakıda doğulur. Atasının Osmanlıya mühacirətə getməsi nəticəsində ilk təhsilini orada Beyazit Feyziyye məktəbində tamamlayır. 1926-cı ildə Ankara liseyini, 1931-də Ankara Hüquq fakültəsini bitirir. Ardınca doktorluq müdafiəsi üçün Strasburqa yollanır, həyatının bu dönəmi ilə bağlı "Strasburq xatirələri” adlı kitab yazır. Demokrat Partidən siyasətə qoşulur, Adnan Menderesin yaxın silahdaşı olur, nazir vəzifəsi daşıyır. 1960-cı il hərbi çevrilişi zamanı həbs edilir, bir müddət sonra azad edilir. 1967-ci ildə Şuşaya və Bakıya gəlir.
"Atamdan xatirələr”, "Atamın dostları”, "Dostum Menderes”, "Mərmərədə bir ada”, "Tanış üzlər”, "Siyasi günlük”, "Sovet Rusiya imperiyası” kimi əsərlər yazır. "Zürriyyət”, "Böyük ailə”, "Qatırın ölümü”, "Müəllim Qafur” kimi hekayə kitabları, "Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını çap etdirir.
Əhməd bəydən mütəfəkkirlik bayrağını alan Səməd bəy bu bayrağı iki övladına ötürür: Mustafa Kamal Ağaoğlu və Tektaş Ağaoğlu.
Atatürkün adaşı
Səməd bəy oğlunun adını niyə Mustafa Kamal qoyur? Tektaş bəy bizimlə söhbətində belə demişdi: "Kaş qardaşım Mustafa Kamalla tanış olsaydınız. Bir şeir kitabı da var. Anamla atam adını Mustafa Kamal qoymaq istəyiblər, Əhməd bəydən soruşublar. Əhməd bəy də "əlbəttə, mütləq qoyun” deyib. Mustafa Kamalla "Ağaoğlu” yayın evini qurmuşduq, əsas işləri o görürdü. Mustafa Kamalın bir qızı var, görüşürük. Adatəpədə atasından qalan bir evdə yoldaşı ilə bərabər yaşayır”.
Qeyd edək ki, Mustafa Kamal "Mim Kaf Ağayev” soyadından istifadə edib, "Nüzüllü şeirlər” adlı kitabı çap olunub.
Mustafa Kamal 1999-cu ildə vəfat etdikdən sonra isə Ağaoğlu ailəsinin yaşayan tək dahisi qalır: Tektaş Ağaoğlu.
İlk görüş
Onu ilk dəfə 2015-ci ilin avqustunda tanıdım. Dostum, Türkiyənin Mərmərə Universitetinin əməkdaşı, türkoloq Mehdi Gəncəli mühacirət tarixi ilə məşğul olduğum üçün məni onunla görüşdürdü. Mecidiyeköydəki evinə getmişdik. Xanımı Ezel Ağaoğlunun da iştirakı ilə maraqlı söhbət etmiş, müsahibə almışdıq. Bizim üçün "Qaranlıqda oturma azadlığı” kitabını imzalamışdı. Gəncliyində "Ölümdən həyata” adlı bir kitab da yazmışdı. Amma nədənsə o kitabından imtina etmişdi. Bizimlə söhbətində belə demişdi: "Mən bu kitabımı heç sevmirəm. Bizdə rəddi-övlad (övladlıqdan rədd etmək – D.Ə) deyə bir şey var. Mən bu kitabımı rəddi-övlad etmişəm. Bunları çox gənc, 18-19 yaşlarımda yazmışdım”.
Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda doğulub. Babası Əhməd bəy öldüyü zaman 5 yaşı vardı, ona görə də bizə onu xatırlamadığını demişdi: "Sitarə xanımı (Əhməd bəyin həyat yoldaşı – D.Ə) görməmişəm. Mən anadan olmadan bir və ya iki il öncə vəfat edib. Əhməd bəyi 4 yaşımda bir-iki dəfə görmüşəm. Xəyal kimi xatırlayıram. Əhməd bəy bura 1910-cu ildə gəldi. İkinci dünya müharibəsindən bir az əvvəl isə bəzi qohumlarımız gəldi. O zamanlar bolşeviklər "istəyən getsin” deyə icazə vermişlər. Qohumlar da həmin ərəfələrdə gəldi. Təbii ki, o qohumlar da artıq rəhmətə gedib, uşaqları, nəvələri qalır... Əhməd bəy daha liberal bir adam idi. Atatürk Əhməd bəyi çox üzüb, "ona sən bir sığıntısan” deyib. Amma sonra üzr istəyib. Atatürk elə bir adam idi ki, hər şeyi söylər, sonra üzr istəyərdi”.
Tektaş bəyin siyasi fəaliyyətinə keçmədən öncə qeyd edək ki, o, həm rəssam, həm də heykəltəraş idi. Ankarada Atatürk liseyində orta təhsil alıb, 1956-cı ildə Oksford Universitetinin hüquq fakültəsini bitirib. 1956-cı ildən Parisdə rəsm işlərini başlayıb, bir il sonra Ankarada ilk fərdi sərgisini açıb. 1984-cü ildə Sürixdə xanımı Ezel Ağaoğlu ilə birlikdə heykəl sərgisi təşkil edib. 1993-də də Ankarada heykəl sərgisi keçirib.
Həmçinin daş kolleksiyası ilə məşğul olurdu.
Liberal babanın kommunist nəvəsi
Tektaş Ağaoğlu babası və atasından fərqli, Türkiyənin 60-cı illərinin havasına uyğun olaraq sol düşüncəli idi. Məsciddən Feriköy məzarlığına bələdiyyənin avtobusu ilə dəfnə gedərkən dostlarından biri mənə belə demişdi: "Sən həmşəri olaraq iştirak edirsən, biz isə kommunist yoldaşı olaraq”. Həmin o kommunist yoldaşlar dəfndən sonra məzarın başında İnternasionalın marşını da oxudular.
1964-1972-ci illərdə qardaşı Mustafa Kamalla "Ağaoğlu” nəşriyyatını işlədib. 1956-cı ildə İstanbulda "Varlıq” yayınlarından "Ölümdən həyata” adlı hekayə kitabı çap olunub. Anasına ithaf etdiyi kitabında ən təsirli hekayə atası ilə bağlıdır. Bizə imzaladığı "Qaranlıqda oturma azadlığı” kitabı isə 1978-ci ildə çap olunub, gündəlik yazılarından ibarətdir.
Dostoyevskidən Şoloxova
Tektaş bəy daha çox tərcüməçi kimi tanınırdı. Təsadüfi deyil ki, öldüyü zaman mətbuat daha çox "usta tərcüməçi öldü” başlığı ilə xəbər yaymışdılar.
Tərcüməçiliyi ilə bağlı bizə bunları demişdi: "Rus ədəbiyyatını türk dilinə ingiliscədən çevirmişəm. Məsələn, Şoloxovun "Sakit Don”unu çevirdim. Onun ingiliscəsinin adı "Durğun axardı Don” idi, mən də o cür çevirdim. Mən rusca bilmirəm, atam da bilmirdi. Əhməd bəy isə bilirdi. Sürəyya bibim də bir az bilirdi”.
Şoloxov, Dostoyevski, Remark, Dikkens, Marks, Engelsin əsərləri onun tərcüməsində türk dilinə çevrilib. Marks və Engelsin əsərlərindən seçərək hazırladığı "Siyasət və fəlsəfə” əsərinə görə, 1973-cü ildə 5 ay müddətinə həbs edilib. Türkiyədə məşhur 12 mart hadisəsi dönəmində bir yazısına görə, bu dəfə bir illiyinə məhkum edilib. Yazılarında sol düşüncəni yaymaqla yanaşı, Türkiyə Sosialist İşçi Partiyasının qurucularından olub.
Sol düşüncəyə o qədər bağlı idi ki, atasının "Sovet Rusiya imperiyası” kitabına da qarşı çıxıb. Bizə belə demişdi: "Atam "Sovet Rusiya imperiyası” kitabını bizim çap etməyimizi istədi. Biz də solçu olduğumuz üçün "çap etmirik” dedik. Atam bizə çox hirsləndi. Çünki onun kitablarını həmişə biz çap edirdik. Dedik ki, siz özünüz çıxarın, biz kömək edək. Nə istəyirsən edək, amma bizim nəşriyyatdan olmasın”.
Onun tərcümələri arasında Dostoyevskinin "Puşkinin nitqi”, Dikkensin "Mister Pikkviksin macəraları” (başından keçən müxtəlif siyasi hadisələr səbəbindən bu əsəri 42 ilə çevirib), Leninin "Şərqdə milli qurtuluş hərəkatları” kitabları var.
İsveçrə yolunda
Kənan Evrenin həyata keçirdiyi 12 sentyabr hərbi çevrilişindən sonra xanımı ilə birlikdə İsveçrəyə sığınıb. Bu mühacirətlə bağlı bizə belə demişdi: "Ölümdən qurtulmaq, işgəncədən xilas olmaq üçün getmişdik. Yoxsa, mənim nə işim vardı orada...”.
Ezel xanım isə o illərlə bağlı bunları bölüşmüşdü bizimlə: "Tektaş İsveçrədə müxtəlif işlər gördü. Ən axırda adi bir qalereyada çalışdı. Oranın adisi buranın ən yaxşısının sinfi kimiydi. Qalereyanın çərçivəçisi oldu. Ramkaları yerlərinə asırdı və s. Axırda qalereya sahibinə məsləhət verirdi ki, bu çərçivəni bura assaq, yaxşı olar. Mən keramika ilə məşğul oldum. Bir ara boyunbağı düzəldib satdım, pul gətirmədi. Min dənə güldan, boşqab, çanaq düzəldib satdım. Gələnə qədər keramikə ilə məşğul oldum. Müəllimlik etdim, kurslardan keçdim. Axırda yuvamıza qayıtdıq. Necə bir sevgiydi, nələr gəldi başımıza”.
T.Ağaoğlu bu illərdə BBC radiosunda da redaktor kimi çalışır.
Keçmişin doğma dostları
Tektaş bəy babasının yaxın dostu Əli bəy Hüseynzadə haqqında bizə danışmışdı. Əli bəyin qızı Feyzavər xanımı görmək istədiyini demişdi. Mehdi bəylə birlikdə bu görüşü həyata keçirmək üçün çalışdıq, amma qismət olmadı. Əli bəy haqqında bizə belə danışmışdı: "Atam Əli bəyi çox tərifləyərdi, mədh edərdi. "Hamısının, hətta atamın da müəllimi Hüseynzadə Əli bəydir” deyərdi. Hüseynzadə Əli bəy çox maraqlı adam olub. Məsələn, kaman çalarmış. Mən onun oğlu rəssam Səlim Turan bəylə Parisdə tanış oldum. Çox xoş adam idi. Vəfat etdi o da. Qızı Feyzavər xanımı da tanıyıram. Əli bəy İttihad və Tərəqqinin qurucularından olub”.
Son görüşümüzdə Tektaş bəy Ağaoğlu ailəsi haqqında kitab yazmaq istədiyini demişdi. Bu kitab üçün Bakıdakı qaynaqları ona gətirməyimizi istəmişdi. Təəssüf ki, o, bu fikrə çox gec qərar vermişdi...
Mühacirət bitir...
Tektaş bəyin Əhməd adında oğlu, Kai adında nəvəsi var. Oğlu haqqında bizə bunları demişdi: "Əhməd bəy Adanada əkinçiliklə məşğuldur. Anasından ona torpaq qalıb. Anası böyük torpaq sahibinin qızı idi. Oğlum İstanbulda yaşayır, tez-tez Adanaya gedib-gəlir”.
Dəfndə Əhməd Ağaoğlu ilə tanış ola bildim. Atasından müsahibənin də yer aldığı "Mühacirlərin dönüşü” kitabımdan hədiyyə etdim. Əhməd bəy Azərbaycan türkcəsində oxuya bildiyini, ailəni ziyarət etməyimizdən xəbərdar olduğunu bildirdi.
Beləliklə, bu ilin yanvar ayının 9-u Ağaoğlu ailəsinin sonuncu ziyalı nümayəndəsi aramızdan ayrıldı. 1909-da başlayan 2018-də bitən Ağaoğlu ailəsinin mühacirəti beləcə, öz missiyasını tamamlamış oldu.
Amma bizim üzərimizdə bir missiya yükləndi: Tektaş bəyin bizə hədiyyə etdiyi Ağaoğlular ailəsinə aid nadir materialları kitablaşdırmaq. Bunu isə ən qısa zamanda həyata keçirəcəyik.
Dilqəm Əhməd

banner

Oxşar Xəbərlər