Sonsuz şərhlər: L.ev Tolstoyun “Anna Karenina” romanı müasirlərinin gözü ilə
"Anna Karenina” romanının müxtəlif
qiymətləndirmələrini analiz edərkən belə nəticəyə gəlmək olar ki, L.N.Tolstoyun
müasirləri əsərin əsl mənasını anlamağa müvəffəq olmamışlar. Belə görünür ki,
buna səbəb Konstantin Levin obrazının ideya-kompozisiya rolu, iki süjet
xəttinin – Anna və Levinin romanın bədii strukturunda qarşılıqlı əlaqəsi
anlaşılmamışdır. Başqa sözlə – romanın bədii vahidliyini mühafizə edən L.N.Tolstoyun
təbirincə desək, müasirləri həmin "daxildəki kilid”i görə bilməmişlər. Qarşınızdakı məqalədə "Anna
Karenina” romanına L.N.Tolstoyun müasirlərinin yanaşma tərzi nəzərdən
keçirilir.
F.M.Dostoyevski Levinin avtobioqrafik obrazı haqqında 1877-ci ili əhatə edən "Yazıçının gündəliyi”ndə bircə düzəlişlə yazmışdır: "Bir çoxları iddia edir və hətta mən də aydın görürəm ki, Levinin üzündə müəllif bir çox hallarda öz qənaət və düşüncələrini ifadə edir, onları Levinin dilindən, hətta bəzən bədiiliyi qurban verərək az qala məcburən dilə gətirir, amma Levinin surətini müəllifin təsvir etdiyi kimi müəllifin öz üzü ilə qarışdırmıram”.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
"Anna Karenina” əsəri 1873-1877-ci illər
aralığında ərsəyə gəlib, bu zaman yazıçı artıq cəmiyyətin yüksək qatlarında
həyatın mənasızlığını dərk etmişdi və öz sinfi ilə münasibətlərinin sona
yetməsi astanasında idi. Tolstoyun "müasir Rusiyanı və ya ən azından müasir
cəmiyyəti təsvir etməyə çalışdığı...” "Anna Karenina” "müasir həyatı
canlandıran romandır”.
Roman 1875-ci ildə "Russkiy vestnik”
jurnalında M.N.Katkovun redaksiyası altında dərc edilmiş, dərhal çoxsaylı oxucu
rəylərini qazanmışdır. Şərhlərin bir qismində oxucular əsərə heyranlığını
gizlətmir, qəhrəmanların psixologiyasına dərin nüfuz edilir, situasiyaların və
personajların həyatiliyi qeyd olunur, digərlərində romandan narazılıq ifadə edilir,
hətta Tolstoy ideyasının qavramamazlıqdan irəli gəldiyini sübut edən mənfi
qiymətləndirmələr də dilə gətirilirdi.
N.N.Straxov L.N.Tolstoya
1876-cı il 8 aprel tarixli məktubunda etiraf edirdi: "Mən "Anna Karenina”nın
yaratdığı heyranlıq və qəzəbə ədəbiyyatda rast gəlməmişəm. Şərhlərin
sayı-hesabı yoxdur”. Növbəti ildə "Anna Karenina”nın altıncı hissəsinin
dərcindən sonra Tolstoya ünvanlanan məktubda isə tənqidçi yazır: "Sizin roman
hər kəsə maraqlıdır və həvəslə oxunur. Uğurunuz möhtəşəmdir. Bu cür ancaq
Puşkinlə Qoqol (əsərlərinin hər səhifəsinə hücum edilərək) oxunub”.İlk heyranlıqların ardınca
mənfi qiymətləndirmələr də başladı. Roman hələ tam dərc olunmamış ilk oxunuşu
zamanı İ.S.Turgenevi, F.M.Dostoyevskini, V.V.Stasovu, M.E.Saltıkov-Şedrini
həvəsdən saldı. Turgenev 1875-ci ildə yazırdı: "bu, hələ ki, süni və cılız,
hətta (deməyə də çəkinirəm!) darıxdırıcıdı”. Saltıkov-Şedrin romanı "ancaq
cinsi meyllər” üzərində qurulmuş əsər olaraq qiymətləndirirdi”. Məşhur ictimai
xadim və ədəbiyyat tənqidçisi P.N.Tkaçov da iddia edirdi ki, Tolstoyu cinsi
münasibətlərdən başqa heç nə maraqlandırmır. Digər tənqidçi A.M.Skabiçevski
"Anna Karenina”nın ilk hissələrini "uşaq bələyinin idilliyası”, "qədim fransız
romanları ruhunda melodramatik cəfəngiyat” adlandırırdı.
Əslində cəmiyyət "Anna
Karenina”nı qavrayarkən iki düşərgəyə ayrılırdı: demokratlar romanı müzakirə
edirdi, liberallar isə əksinə, onu yüksək qiymətləndirirdi. Amma hər iki tərəf
siyasi meyllərin təsiri altında romanın məğzini tez-tez təhrif edirdilər.
"Anna Karenina” haqqında ilk məqalələrdən
birini ədəbiyyatçı və tənqidçi, əsərin cəmi iki hissəsini oxuyaraq Tolstoyun
məqsədini tamamilə anlamadan yazıçını aristokrat cəmiyyətin müğənnisi adlandıran
V.Q.Avseenko yazmışdır. O, həm də romanda "ahəng” çatışmazlığını qeyd edirdi. "Anna Karenina”da bədii "ahəng”in yoxluğu
ideyası Tolstoyun bir çox tənqidçiləri tərəfindən hallanmışdır. P.N.Tkaçov
1878-ci ildə yazdığı "Salon incəsənəti” məqaləsində hətta "Anna Karenina”nın
roman adlandırılmasına etiraz edir: "Bu, insan əməllərinin protokolunun
toplusu, fotoşəkillərin kolleksiyasıdır. Bu kolleksiya görünür, tamamilə
təsadüfən, hansısa plansız, xüsusi ideya olmadan tərtib edilmişdir. Fotoqraf
heç nədən iyrənmirdi, onların necə göründüyü vecinə də deyildi”.
"Anna Karenina”nın 7 hissəsinin dərci (8-ci
hissə M.N.Katkovun müəlliflə ideya ziddiyyətləri nəticəsində jurnalında dərc
edilməmişdir) bir çox yazıçı və tənqidçidə Tolstoyun romanı haqqında ilkin
səthi və ədalətsiz yanaşmanı dəyişmələrinə səbəb olmuş, bu da yeni şərhlərin
yaranmasına gətirib çıxarmışdır. F.M.Dostoyevski "Yazıçının
gündəliyi”ndə yazırdı: "Anna Karenina” müasir dövr Avropa ədəbiyyatında
müqayisə edilməyəcək qədər mükəmməl bədii əsərdir”. Yazıçını romandakı mənəvi
problem cəlb etmişdir. İ.A.Qonçarov Tolstoyun ustalığını xalqın müxtəlif
təbəqələrinin təsvirində qeyd edir: "O, (Tolstoy – İ.B) ovçunun tor qurduğu
kimi – yüksək və ən aşağı təbəqədən olan insan kütləsini nəhəng çərçivəyə
salır, həmin çərçivəyə düşən heç kəs onun nəzərindən, analiz və təsvir
fırçasından qaça bilmir”.
Lakin yuxarıda qeyd
etdiyimiz fikirləri oxuduqda romanın tam nəşrindən sonra oxucular tərəfindən
qeyd-şərtsiz qəbul olunduğu qənaətinə gəlinməməlidir. Fransız yazıçısı və
ədəbiyyat tarixçisi, "Rus romanı” (1886) kitabının müəllifi Ejen Melkyor de
M.Voqyu "Anna Karenina”da müxtəlif çatışmayan cəhətləri qeyd etmişdir:
simmetriyanın pozulması, uzun-uzadı dəqiq təsvirlər (bu sıraya o, misal olaraq
ovçuluq və cıdır haqqındakı fəsilləri aid etmişdir). Romana Rusiyanın inkişaf
yolları və ərazisi haqqında düşüncələrin daxil olma səbəbini anlamayan müəllif
əsəri sadəcə növbəti ailə dramı olaraq görür. Bundan başqa, Voqyu üçün "Anna
Karenina”nın fransız tənqidçisinin romanda "lüzumsuz” hesab etdiyi (Rusiyanın
ərazisi və inkişaf yolları haqqında) hissələr barədə düşüncələrinin əlaqədar
olduğu Levin obrazının ideya-kompozisiya qeydi olmadan təyin edilməsi mümkün
olmayan janr spesifikası da anlaşılmaz olaraq qalır. Eyni zamanda (1887-ci
ildə) ingilis şairi və tənqidçi Metyu Arnold "Qraf Lev Tolstoy” məqaləsində
"Anna Karenina”nı birbaşa olaraq "ənənəvi ailə dramının çərçivə və sxemlərini
sındıran” əsər olaraq xarakterizə etmişdir.
Oxucular zamanla "Anna Karenina”nın bədii
mənasını dərk etməyə başlayırdı. Gördüyümüz kimi romanda əsas qəhrəman, Anna
Kareninanın parlaq obrazına ilk əvvəl kölgə salan Konstantin Levin obrazı
dərhal anlaşılmamışdır. Sonralar isə nəhayət ki, Levin obrazının vacibliyini
dərk edən müasirlər ona müxtəlif formalarda şərh verirdilər.
Oxucunun nəzərində
Konstantin Levinin avtobioqrafik obrazı isə dərhal formalaşdı. Mülkədar
olmasına baxmayaraq xalqla bərabər alaq edən, ot biçən Levini müasirləri müəllifin
özü ilə uzlaşdırırdılar. Tolstoyun yaxınları, tanışları və ailəsi qəhrəmanın
soyadının yazıçının adı ilə eyniköklü "Lev” sözündən götürüldüyünü
anlamışdılar. Təkcə davranış və sözlərin eyniyyətini deyil, Levinin və
müəllifin özünün həm də mənəvi əzablarını tənqidçi N.K.Mixaylovski də qeyd
edirdi: "Konstantin Levinin sevgi hekayəsi vasitəsilə qraf Tolstoy bizə nə
zamansa sarsıntı keçirdiyi və artıq rahatlığa qovuşduğu həyat dramının
təsvirlərini ötürmüşdür”. F.M.Dostoyevski Levinin avtobioqrafik obrazı haqqında 1877-ci ili əhatə edən "Yazıçının gündəliyi”ndə bircə düzəlişlə yazmışdır: "Bir çoxları iddia edir və hətta mən də aydın görürəm ki, Levinin üzündə müəllif bir çox hallarda öz qənaət və düşüncələrini ifadə edir, onları Levinin dilindən, hətta bəzən bədiiliyi qurban verərək az qala məcburən dilə gətirir, amma Levinin surətini müəllifin təsvir etdiyi kimi müəllifin öz üzü ilə qarışdırmıram”.
Əcnəbi oxucunu Levin
obrazındakı mənəvi təmizlik, adət edilmiş siniflərdən qəfil uzaqlaşma,
daxilində harmoniya yaratmaq hədəfi cəlb edir. Məsələn, "Tolstoyun həyatı”
kitabının müəllifi (1911) Romen Rollan Levinin mənəvi axtarışlarında
avtobioqrafik izləri qeyd edərək güman edirdi ki, məhz qəhrəmanın bütün sosial
şərtləri rədd edən və mujik həqiqətinə müraciət edən mənəvi axtarışları romanın
əsas marağını təşkil edir.
Lakin Levin obrazı heç də hər kəs tərəfindən
eyni cür qəbul edilmədi. İlahiyyatçı, filosof və yazıçı K.N.Leontyevə görə isə
Levin obrazının – onun nöqteyi-nəzərincə mujikə səcdə etməsi "həddi aşmaq”dır,
bu səbəbdən də o, Tolstoyu məzəmmət edirdi. Leontyev "Rusiyaya Tolstoydan daha
gərəkli və qiymətli” şəxsiyyət olaraq Levini deyil, Aleksey Vronskini görürdü.
V.P.Meşerski də məhz bu barədə yazır, əsas qəhrəman qismində Vronskini qeyd edir
və məhz onun "doğma diyarda qiyam yarada” biləcəyini iddia edirdi. Aydın olur ki, Levin obrazının məramını
dəqiqləşdirmədən romanın mənasını anlamaq qeyri-mümkündür. "Qrajdanin”
qəzetində anonim tənqidçi yazırdı: "biz öz təsərrüfatının səmərəli qurulmasına
sadiq olan və xalqı səmimi qəlbdən sevən mülkədar Levinin tipik şəxsiyyətini
sükutla qarşılaya bilmərik...”. "Mülkədar Levinin şəxsiyyəti – tənqdiçi davam
edir – romanda olduqca əhatəli sərgilənir və ümumiyyətlə qeyd etmək gərəkdir
ki, qraf Tolstoyun yeni əsərindəki bu hissə Anna Karenina ilə Vronski arasındakı
intriqadan heç də az maraq kəsb etmir”.
"Anna Karenina”nın mənasını digər müasirlərdən
daha çox N.N.Straxov qavramağa nail olmuşdur. "Anna Karenina”da "zehni
narazılıq dövrü”nün təsvirindən danışarkən o, "müəllifin simpatiya bəslədiyi” Levini
"həmin narazılığın ən yaxşı nümayəndəsi” adlandırırdı – Straxov Levinin romanda
əhəmiyyətini və onun bədii strukturunda süjet xəttinin vacibliyini qeyd edir.
Levin obrazının romanda
vacibliyinin dərk edilməsi ilə bərabər həm də müasir tənqiddə Levinin süjet xəttinin
Anna Kareninanın süjet xətti ilə harmonik uyğunlaşmaması düşüncəsi öz yerini
möhkəm qoruyub saxlamağa müvəffəq olmuşdur. Bundan başqa, bəzi tənqidçilər,
məsələn V.Çuyko ("Qolos” qəzeti, 1875) "Levin”in fəsillərini "romanın marağına
xələl gətirən yalnışlıq” kimi dəyərləndirirdi. Hətta Straxov da onların süst və
zəif olduğunu qeyd edirdi. "Konstantin Levinin hekayəsi – Anna Kareninanın
hekayəsinə zorla əlavə edilmişdir” deyə N.K.Mixaylovski iddia edirdi.
Hətta romanın bədii strukturunda
Levin obrazının mühümlüyü etiraf edildikdə belə romanda iki süjet xəttinin öz
aralarında necə əlaqələnməsi tənqidçilər üçün tam aydın olmadı. Buna sübut
olaraq məşhur pedaqoq, professor S.A.Raçinskinin 1878-ci ildə Tolstoya yazdığı
"romanın yaranmasında köklü çatışmazlıqlar” haqqında məktubunu misal göstərə
bilərik: "Burada memarlıq yoxdur. Burada (romanda-İ.B.) möhtəşəm, bir-biri ilə əlaqəsi olmayan iki mövzu yanaşı
inkişaf edir”. Həmin məktuba L.N.Tolstoy bu cür cavablandırmışdır: "Sizin "Anna
Karenina” haqqındakı müddəalarınız mənə yanlış təsiri bağışlayır. Mən əksinə
memarlıqla fəxr edirəm – ixtisarlar elə aparılıb ki, qıfılın harada olduğunu
görmək mümkün deyil. Mənim çalışdığım da bu idi. İnşaatın əlaqəsi şəxslərin
fabulasında və şəxslərin münasibətlərində axtarılmamalıdır. İnanın, bu,
qınaqları qəbul etməmək məsələsi deyil – əslində, siz onu düzgün yerdə
axtarmırsız və ya biz əlaqəni müxtəlif cür başa düşürük, mənim əlaqə qismində
anladığımı isə – bu işi mənim üçün əhəmiyyətli edən əlaqə orada var – yaxşı baxsaz,
tapacaqsız”.
Beləliklə, "Tolstoyun romana iki baş qəhrəmanla
əlaqələndirilmiş iki süjet xətti salmasının səbəbi nədir, onları birləşdirən
"qıfıl” haradadır, romanın "inşasının” "daxili əlaqəsi” nəyə əsaslanır, Levin
obrazının ideya-kompozisiya əhəmiyyəti nədir” – bütün bunlar gələcəkdə
düşünməli olduğumuz məsələlərin bir qismidir.
İrina Babuşkina
(Ural Dövlət Pedaqoji Universiteti)
Mənbə: academia.edu(Ural Dövlət Pedaqoji Universiteti)
Rus dilindən tərcümə edən: Xatirə Nurgül