• çərşənbə axşamı, 19 mart, 09:26
  • Baku Bakı 8°C

“Sonra”lar uğura çatmaq üçün insanın qarşısına sədd çəkir” – Uğur hekayəsi

26.05.17 11:00 5656
“Sonra”lar uğura çatmaq üçün insanın qarşısına sədd çəkir” – Uğur hekayəsi

İxtisası mühasibat uçotu və audit olsa da, özünü marketinq, satış, menecmentdə daha perspektivli görüb. Deyir ki, hər iki sahə üçün lazım olan keyfiyyətlər onda var. Amma o, rəqəmlərlə işləməyi yox, daha çox yaradıcılıq tələb olunan istiqaməti seçib və artıq illərdir bu sahədə çalışır. Müsahibimiz AzMarketinq Şirkətinin marketinq direktoru və biznes konsultant Əyyub Qarabağlıdır.

- Marketinq son vaxtlar dəbdə olan sahələrdən olsa da, illər öncə bizdə indiki qədər maraq yox idi. Sizin illər öncə marketinqə maraq göstərməyiniz necə oldu?

- 2000-ci ildən sonra Azərbaycanda İqtisad Universitetində marketinq tədris olunmağa başladı. Düzdür, ölkəmizdə marketinq peşəsi var idi, amma həmin illərdən sonra daha da inkişaf etməyə başladı. Lakin tam olaraq marketinqin inkişafını təxminən 2008-2009-cu illərdən sonra görürəm. Həmin illərdə mən İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsini bitirib 2008-ci ildə hərbi xidmətə yollandım. İxtisasım mühasibat uçotu və audit olsa da, nədənsə marketinq, satış, menecmentində özümü daha perspektivli gördüm. Mənə görə, insan üçün bitirdiyi ixtisasdan da çox, onun özünü harada görməsi önəmlidir. Daha dinamik sahə olduğu və özümü daha çox burda gördüyüm üçün marketinqə yönəldim.

- Yəqin ki, sizdə yaradıcılığa meyllilik var. Çünki marketinq həm də insandan yaradıcılığını ortaya qoymağı tələb edir. Mühasibatda isə rəqəm və statistika ilə işləyəcəkdiniz…
- Əslində hər bir sahənin özünün müəyyən qədər yaradıcılıq meyarları var. Hərbi xidmətdən qayıdandan sonra bir il böyük zavodlardan birində baş mühasibin köməkçisi işləmişəm. Mühasibatlıqda lazım olan keyfiyyətlər də məndə var, marketinqdə olanlar da. Mühasibatlıqda daha diqqətli, funksional olmaq lazımdır. Siz demişkən, həyatımızın bütün hissəsi rəqəmlərlə keçir. Aşağı-yuxarı, rəqəmlərdən o tərəfə nə isə görmürsən. Marketinqdə isə bir az kreativlik lazımdır.

- Bəs marketoloq özü hansı keyfiyyətlərə malik olmalıdır?
- İlk növbədə inandırmağı bacarmalıdır. Çox ciddi nəzəri bilikləri olmalı, amma bu, həm də təcrübəyə dayanmalıdır. Dünyagörüşü yaxşı, hər sahədən az da olsa məlumatlı olmalıdır. Deyə bilərsiniz ki, hər sahədən məlumatlı olması niyə bu qədər önəmlidir? Məsələn, tutaq ki, Fransaya hansısa bir məhsul ixrac edəcəyik. Məhsulumuzu fransızlara satmaq üçün onların psixologiyalarından tutmuş, adət-ənənələrinə qədər müəyyən məlumatları bilməliyik. Təsadüfi deyil ki, bir çox şirkətlər yapon bazarına çətinliklə girirlər. Çünki Yaponiyanın özünün alt mədəniyyəti, öz qanunları, spesifik xüsusiyyətləri var. Şirkətlər onları bilmədən, onlarla işləmədən birbaşa bazara daxil olmaq istədikləri üçün uğursuzluqla qarşılaşırlar.

- Marketinqlə bağlı ilk iş yeriniz "Embawood” olub. İlk iş olduğu üçün yəqin çətin olar…
- Professional karyeram 2009-cu ildən başlayıb. Ancaq 2004-cü ildə birinci kursda oxuyandan yarımştat olaraq mebel biznesi olan qohumlarla işləyirdim. Ümumiyyətlə, mənim marketinq həyatımın böyük hissəsi mebel və "fast food” sistemində olub. O vaxt "Embawood”un bir nümayəndəliyində satış meneceri işləyirdim. Həm mebelə qarşı marağım böyük idi, həm satışa. Bu işi bacardığım üçün özümü uğurlu hesab edirdim. Əsgərlikdən gələndən sonra bir zavodda baş mühasibin köməkçisi işlədim. Sonra isə "Embawood” şirkətində regional satış meneceri olaraq fəaliyyətə başladım. O illər ərzində mənim ən böyük tapıntım, həyatda ən yaxın dostum marketoloq Seymur Quliyev oldu. Seymur məndən iki yaş balaca olsa da, marketinqdə onu özümə bələdçi hesab edirəm.

- "Bigmama Catering Company”nin marka müdirliyi sizə aid olub. İndi həmin şirkətlə əlaqəniz var?
- "Embawood”dan sonra Türkiyənin ölkəmizdə fəaliyyət göstərən bir brendində çalışdım. Ondan sonra Azərbaycanda ketrinq bazarı hələ yeni vüsət alırdı. Hətta çox adam ketrinqin nə olduğunu bilmirdi. Ketrinq yeməklərin çatdırılması, tədbirlərin təşkil olunması, furşet stollarının yaradılması ilə əlaqəli işdir. İnsanlar bunun nə olduğunu bilmirdilər. Azərbaycanda dostlardan birinin ketrinq şirkətində marka müdirliyini üzərimə götürdüm və onu böyütmək üçün çalışdıq. Söhbət qeyd etdiyiniz Bigmama ketrinq şirkətindən gedir. Hazırda isə o şirkətin konsultantıyam. O şirkətlə çox böyük uğurlara imza atdıq. Brend olaraq o məhsulu həm yerli, həm də dünya bazarına çıxardıq.

- Xaricdə təhsil almadığınızı bilirik. Amma hər yerdə "xaricdə təhsil almış kimiyəm” deyirsiniz. Maraqlıdır bunu niyə deyirsiniz?
- Bəli, elə bir məsələ var. Dostum Seymur İngiltərədə təhsil alan zaman arabir dərslərə skaypla məni də bağlayırdı. Virtual olsa da, bütün mühazirələri dinləmişəm. Həm elmi tərəfdən, həm də dost olaraq Seymurun mənə dəstəyi çox olub. Ona görə də hər yerdə zarafatla deyirəm ki, xaricdə təhsil almışam. Eyni zamanda, hazırda çalışdığım "Azmarketinq” şirkətində mütəxəssislərin 80 faizi xaricdə təhsil alıb, bu sahə üzrə iqtisad elmləri doktoru, namizəd rütbələrindədirlər. Nəzəri cəhətdən mənə lazım olan bütün kitabları oxumağa çalışıram. Evimin bir hissəsi kitabxanadır. Yoldaşlarımız xaricə gedəndə geyim dalınca qaçanda, biz kitab axtarırıq. Marketinq elədir ki, hər il trendlər dəyişir. 2015-ci ildə uyğun sayılan strategiya 2016-cı ildə effektli olmaya bilər. Ona görə kitabın arxasınca qaçmağa çalışırıq. Tez-tez seminarlar, tədbirlər təşkil edirik. Yenilikləri, problemləri müzakirə edirik. Xaricdə və ya ölkəmizdə təhsil almaqdan asılı olmayaraq, insan daim öyrənməyə meylli olmalıdır. Xaricdə təhsil almaq ölkəmizdə marketoloq işləmək üçün tam yetərli olmaya da bilər. Çünki hər ölkənin öz marketinq strategiyası, biznes etikası var. Hansı ölkəyə getsəniz, gərək o ölkənin biznesinə uyğunlaşasınız. Xaricdə təhsil böyük silah ola da bilər, olmaya da. Çox şey insanın özündən asılıdır.

- Həm də biznes məsləhətçisisiniz. Biznesə özünüzün marağınız var, yoxsa məşğul olanlara dəstək verməklə kifayətlənirsiniz?
- İndi özünü biznes konsultant adlandıranlar çoxdur. Onlar peşəkarların da fəaliyyətinə xələl gətirirlər. Biznes konsultant, marketinq, satış və menecment fəaliyyətlərini özündə birləşdirir. Biznes konsultant olmaq üçün minimum 5 il həmin istiqamətlərdə həm nəzəri, həm praktiki tərəfdən parlaq karyera lazımdır. Bütün bunları birləşdirəndən sonra adam yeni-yeni layihələrə girişə bilər. Bu, çox ağır sahədir. Ona görə ki, biz burada şirkətlərin ancaq marketinq deyil, eyni zamanda satış yükünü üzərimizə götürürük. Ümumilikdə isə, satışı bacarmayan marketoloq yaxşı marketoloq deyil. Biznes məsləhətçisi olaraq konsultasiya verirsənsə, mütləq özünün biznesin olmalıdır.

- Karyeranızla bağlı plandan danışaq. İnsanın istədiklərini əldə etməsində plan nə dərəcədə önəmlidir?
- Biz şirkətlərə gedərkən araşdırma ilə başlayırıq, amma ikinci iş plan qurmaq olur. Müəyyən plan əsasında həm nəzəri, həm praktiki həyatımızı qururuq. Plan odur ki, insan gələcəklə bağlı hədəflərini müəyyənləşdirir. Öz arzu və xəyalları üzərində plan qurur. Ola bilsin ki, xəyal və hədəflərinə çatmaq üçün çatışmayan nələrsə var. Tutaq ki, xarici dil biliyi zəifdir. Deməli, planda birinci dilini təkmilləşdirməyi qeyd edir. Yaxud çıxış etmək qabiliyyəti zəifdir, bu məsələləri planlı şəkildə aradan qaldırmalıdır. Karyerada irəliləmək üçün yoldakı maneələri planlı şəkildə aradan qaldırmaq lazımdır.

- Sizin karyeranızla bağlı aradan qaldırmağa çalışdığınız zəif tərəfiniz hansıdır?
- Hər kəsdə yəqin ki nəsə var. Mən nə qədər çalışsam da, bir problemimin böyük hissəsini həll edə bilməmişəm. Bu da nəyisə əldə etməyə çalışarkən çox səbirsiz olmağımdır. Bəzən hansısa hədəfə çatmaq üçün çox tələsirəm. Amma karyerada irəliləmək üçün bəzən elə məqamlar olur ki, dayanmaq lazım gəlir. Məndə isə belədir ki, əgər maşını dəyişməyi qərara almışamsa, tez bir zamanda reallaşdırmaq üçün bütün qüvvəmi səfərbər edirəm. 5-6 ay ərzində onu etməyə çalışıram, bankdan müəyyən qədər pul götürmək lazım olsa da, onu edəcəm. Bu, əslində həm yaxşı, həm də pis xüsusiyyətdir.

- Karyeranızla bağlı istədiklərinizə nail olduğunuzu demək olar?
- Deməzdim, çünki daha böyük məqsədlərim var.

- Uğurun sirri sizə görə nədir?
- Uğurlu olmaq üçün çox şey lazımdır. Bəzən insanlar illərlə əziyyət çəksələr də, istədiklərini əldə edə bilmirlər. Bu, onların uğursuz olduqları da demək deyil. Sadəcə olaraq, planlama məsələsində hansısa səhvləri buraxa bilərlər. Yaxud bir məqsəd olub, amma onu sonraya saxlayıblar. Məsələn, dil maneəsini sonra həll edəcəklərini düşünüblər. "Sonra”lar uğura çatmaq üçün insanın qarşısına sədd çəkir. Uğurlu olmaq üçün təmkinli olmaq, nəzəri və praktiki cəhətdən güclü olmaq, uğurlu insanlarla ünsiyyət qurmaq, bədbin insanlardan uzaq durmaq lazımdır. Hətta bu, sənin dostun olsa belə. Şükür ki, ən xırda işimdə dostlarım mənə kömək edirlər. Uğuru əldə etmək üçün həm də ona inanmaq lazımdır. Bir də uğuru qazanmağa motivasiya edən adamlar olmalıdır.

- Dostlarınızdan çox bəhs edirsiniz. Bu da deyəsən, bir uğurunuzdur…
- Mən dostlarımla varam. Mənim işlə bağlı dostlarım elə həyatda da yaxın dostlarımdır. Hərtərəfli dəstək olurlar. Adi problem olanda, 10 dəqiqə bəs edir ki, bir yerə yığışaq. Bu da bizi motivasiya edir, insan özünü tək hiss etmir. Yaxşı dost hər adama qismət olmur.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər