Sona Vəliyeva: “KİV DF-nin “Kaspi”ni dövlət yardımı alan qəzetlərin siyahısından çıxarması ədalətsiz qərardır”
"Azərbaycan Respublikasının Prezidenti yanında KİV DF-nin
"Kaspi” qəzetini maliyyələşən qəzetlərin siyahısından çıxarması bütövlükdə
bizim kollektivə qarşı ədalətsiz qərardır”.
Bu barədə qəzetin təsisçisi Sona Vəliyevabildirib. O qeyd edib ki, dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından
yalnız rus və Azərbaycan dillərində çıxan "Kaspi” qəzetləri ixtisar olunub: "Bu
gün "Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan
dillərində gündəlik çıxan "Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı
isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir. Hər
iki qəzetin çoxsaylı kollektivi dünən ölkə rəhbəri cənab İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladı. Cənab İlham
Əliyevin hər zaman Azərbaycan mətbuat işçilərinə qarşı yüksək qayğı və diqqət
göstərdiyi hamımıza məlumdur. Jurnalistlərin sosial şəraitinin
yaxşılaşdırılması üçün mənzillərin tikilməsi, medianın inkişafı üçün yüksək məbləğdə
vəsaitin ayrılması buna sübutdur. Geniş islahatların başlandığı, dövlətin
inkişafının mediada geniş təbliğ olunduğu zamanda jurnalistlərin dostu olan cənab
Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın
bizim bu müraciətə müsbət cavab verəcəyinə inanırıq.
S.Vəliyeva bildirib ki, "Kaspi” tarixi taleyi və ənənəsi
olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə
"Kaspi” qəzeti həm də "Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi,
Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi
çalışıblar: "1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində
ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet
öz tarixi fəaliyyətini bərpa etdi. O vaxtdan Azərbaycan dövlətçiliyinin təbliğində
böyük rol oynayaraq, bu günə qədər qüsursuz və nöqsansız fəaliyyət göstərib. Qəzetin
saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyətdədir. Eləcə də
artkaspi.az ədəbiyyat saytımız da var. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir.Həftənin cümə axşamı günləri
"Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri "Ədəbiyyat” əlavələri nəşr
olunmaqdadır. «Kaspi» gündəlik rəngli formatda, həftəarası günlərdə 16 səhifə,
şənbə günü isə 24 səhifə rəngli çap olunur.2019-cu
ildə qəzet 3800 tirajla çıxıb”.
S.Vəliyeva bildirib ki, "Kaspi” qəzeti bu günə qədər
Azərbaycan dövlətinin inkişafı ilə bağlı tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin
təbliği mövzusunda müxtəlif layihələr həyata keçirərək, 20-dən artıq kitab çap
edib: "Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı
ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı
bir dövrdə "Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin
media siyasəti haqqında heç də yaxşı fikir yaratmır: "Bu addımı atanlar, bu təşəbbüsdə
olan məmurlar , KİV DF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən
sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli
və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki,
prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin
bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin
fəaliyyətini davam etdirməsini dəstəkləsinlər. Biz "Kaspi” qəzetinin yaradıcı
heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə
belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu "Könüllülər ilində”
qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki zamanında Hacı Zeynalabdin
Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti
yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən
imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin
ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet
bağlanmasın, fəaliyyətini dayandırmasın”.
S.Vəliyeva sonda əminliyini ifadə edib ki, "Kaspi”
qəzeti kollektivinin ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan müraciəti müsbət həllini
tapacaqdır.