“Son sözü istedad və yaradıcı potensial deyir”
Hər il yay aylarında məktəbi bitirən şagirdlər üçün
yeni bir səhifə açılır. Onlar il boyu hazırlaşdıqları ixtisas üzrə imtahan
verərək, bundan sonrakı həyatlarını qurmağa çalışırlar. Bu il abituriyentlər
artıq qəbul imtahanının birinci turundan keçiblər. Onlar topladıqları ballara
uyğun ixtisas seçimi etməyə hazırlaşırlar. Elə ixtisaslar da var ki, onlar
şagirddən xüsusi yaradıcılıq, istedad tələb edir. Bunun üçün şagird il ərzində
nəzəri biliklərlə bərabər, seçmiş olduğu ixtisas üzrə ayrıca hazırlaşır. Burada
yaradıcılıq məsələləri xüsusi rol oynayır. Bəs görəsən yaradıcılıq tələb edən
ali təhsil ocaqlarında qabiliyyət imtahanları hansı meyarlarla keçirilir?
Tələbənin yüksək bal toplaması üçün hansı şərtlər əsas götürülür? Suallarımıza
cavab axtarmaq üçün ali təhsil
ocaqlarımıza müraciət etdik.
"Valideynlərin rəssamlıq anlayışı başqa, akademik meyarlar tamamilə
başqadır”
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat
xidmətinin rəhbəri və eyni zamanda
pedaqoq Fuad Sadıqov mövzu ilə bağlı "Kaspi”nin suallarını cavablandırdı.
Bildirdi ki, qabiliyyət imtahanlarının öz xüsusi meyarları var və akademik bilik
həvəskar qabiliyyətdən tamamilə fərqlidir. Misal üçün, qabiliyyət imtahanına
gələn tələbədən kiminsə rəsmini çəkmək tələb olunursa, o burada öz təxəyyülünü
işə salıb başqa bir şey çəkə bilməz. Müsahibim belə həlledici məqamlarda
tələbənin özündən nələrisə uydurmağının qeyri-mümkün olduğunu, tələbənin qarşısında
nəyi, hansı cizgidə görürsə, olduğu kimi çəkməyə məcbur olduğunu dedi: "Düzdür,
hər bir rəssamın öz dəst-xətti olmalıdır, ancaq bu, qabiliyyət imtahanında
keçərli deyil. Bizim Akademiyaya qabiliyyət imtahanı verməyə gələn hər bir
tələbə öncədən hazırlıqlı olur. Onlara təqdim olunan rəsmləri çəkməlidirlər. Rəsmlərdən
hansı şəkil reallığı tam əks etdirirsə, o rəsmlər də qiymətləndirilir. Yaradıcı
gənclərin ilk növbədə işləri gözəl olmalıdır ki, qabiliyyət imtahanından keçə bilsinlər.
Onlar akademiyamızın saytlarında yerləşdirilən məlumatlardan xəbərdar olmalı, bizim
tanınmış xalq rəssamlarını tanımalı, ən azı ilkin təsəvvürləri olmalıdır. DİM-in
imtahanı zamanı testdən kim çox bal yığıbsa, bu onun üçün bir üstünlükdür. Dövlət
İmtahan Mərkəzinin məqsədi odur ki, gələcək tələbələrin intellektual səviyyəsi yüksək
olsun. Ancaq yaradıcı təhsil ocaqlarında intellektual səviyyə ilə bərabər,
yaradıcı potensiala da üstünlük verilir. Bu bizim üçün ən önəmli nüanslardandır.
Ola bilər ki, tələbə test imtahanından 300 bal toplasın, ancaq bizim qabiliyyət
imtahanından keçə bilməsin. Biz belə hallarla az rastlaşmamışıq”.
Fuad bəylə söhbətimiz əsnasında qabiliyyət
imtahanında valideynlərin daha çox fəallıq göstərdiklərini, övladlarını dahi
rəssam, heykəltəraş hesab edənlərin olduğunu öyrənirik. O deyir ki, belə
valideynlərlə hər il rastlaşsalar da, qanun hər kəs üçün eynidir: "Belə
hallarla rastlaşanda, çalışırıq ki, valideynlərə məsələnin reallığını izah
edək. Ümumiyyətlə, valideynlərin rəssamlıq anlayışı başqa, akademik meyarlar tamamilə
başqadır. Onların təsəvvür etdiyi bu meyarlar, biliklər yalnız bizim xalq rəssamlarına
aiddir. Valideynlər hesab edirlər ki, övladları gözəl çəkir, şedevr yaradır. Tələbə
adam, göz, qız, maşın şəkli çəkirsə, bu onun peşəkar rəssam olmasına dəlalət
etmir. Belə olduğu halda, biz valideynlərə izah etməyə çalışırıq ki, bu Tanrı
tərəfindən övladlarınıza verilən özəl bir qabiliyyət deyil. Rəssamlıq
Akademiyasına qabiliyyət imtahanından keçmək üçün tələbələr göz, maşın şəkli
çəkərək qəbul ola bilməzlər. Onlardan imtahanda natürmort, kompozisiya, yağlı boya,
karandaşla gözəl işləmək qabiliyyəti tələb olunur. Valideynlər isə bundan
xəbərsizdir. Hər kəs üçün övladı dahidir, ancaq reallıq başqadır”.
"Akademiyamızda
tələbənin testdən yığdığı bal əsas rol oynamır”
Bakı Xoreoqrafiya
Akademiyası Milli rəqs kafedrasının müdiri, əməkdar
artist Sənan Hüseynli bizimlə söhbətində qabiliyyət imtahanının
vacibliyindən danışdı. Bildirdi ki, onun dərs dediyi Bakı Xoreoqrafiya
Akademiyasında sənədlərini baletmeyster ixtisasına verməyə hazırlaşan
tələbələrdə quruculuq, səhnəoqrafiya qabiliyyəti, musiqi seçimi düzgün olmalıdır.
Belə ki, tələbə musiqiyə uyğun olaraq kompozisiya qurmağı bacarmalı, etüd hazırlama
qabiliyyəti olmalıdır: "Prosesdə tələbələrə müəllimlər tərəfindən əlavə tapşırıqlar
verilir. Tələbənin potensialı yoxlanılır. Akademiyaya müraciət edən hər 40 tələbədən
25-i seçilir. Bakı Xoreoqrafiya Akademiyasında daha çox yaradıcılıq
potensialına üstünlük verilir. Yəni Akademiyamızda
tələbənin testdən yığdığı bal əsas rol oynamır. Daha çox tələbələrin istedadına
önəm veririk. Biz qabiliyyəti yoxlayırıq, nəzəri bilikləri deyil. Bizə DİM-in
testindən müxtəlif bal toplayan tələblər müraciət edir. Seçim zamanı tərəddüd
etdiyimiz anlar da olur. Misal üçün, iki
tələbə gəlir, biri testdən 40, digəri 50 bal toplayıb. 40 bal toplayan tələbə o
birindən daha istedadlı və daha yaradıcıdır. Belə halda biz 40 bal toplayan
tələbəyə üstünlük veririk. Çünki bizə istedadlı tələbələr lazımdır. Düzdür,
tələbənin nəzəri bilikləri də önəmlidir və bunun üçün testlərdən keçmələri
məcburidir. Ancaq son sözü istedad və yaradıcı potensial deyir”.
S.Hüseynli ilk baxışdanca tələbənin potensialından
xəbərdar olduğunu deyir: "Müsahibə otağına qapıdan içəri keçən hər bir
tələbənin girişinə, duruşuna, yerişinə, hərəkətinə xoreoqrafik nöqteyi-nəzərdən
diqqət edirik. Belə ki, tələbənin plastikasının yerində olub-olmadığını, onun bədən
quruluşunun düzgün formalaşmasını gözdən keçiririk. Bəzən də imtahana gələn
tələbəyə yerişindən, bir baxışdan qiymət verə bilirik. Çox nadir hallarda ilk
təəssürat bizi aldadıb. Elə tələbələrimiz olub ki, qabiliyyət imtahanına
gəliblər və biz onların duruşundan elə də istedadlı olmadığını düşünmüşük.
Ancaq plastikasını gördükdən sonra düşüncələrimiz dəyişib. İllər ötdükcə, daha
istedadlı tələbələrin gəldiyinin şahidi oluruq”.
"Bəzən tələbələr imtahanda "xaltura” edirlər”
Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinə də qabiliyyət imtahanı keçirilir. İmtahanlarda ekspert kimi çıxış
edən filologiya elmlər doktoru,
professor Alxan Bayramoğlu qeyd edir ki, jurnalistika fakültəsində
qabiliyyət imtahanının verilməsi vacib olduğu qədər də mürəkkəbdir: "Sovet
dövründə şagirdlər məktəbdə sərbəst məqalələr yazaraq öz fikirlərini ifadə
edirdilər. Bəzən onların yazdıqları məqalələr qəzetlərdə çap olunurdu. İndi
dövr başqadır. Bakı Dövlət Universitetində jurnalistika ixtisasına yiyələnmək istəyən
tələbələrin yazmaq qabiliyyətlərinin olması vacibdir. Biz onlara müəyyən
mövzular verərək yazı qabiliyyətlərini yoxlayırıq. Yazılan mövzunun həcminə
baxırıq, yazının başlığı ilə uyğunluğunu yoxlayırıq. Tələbələrin yazıya uyğun
başlıq seçmək, mətnin başlığa uyğun hazırlanması qaydalarına nəzarət edirik.
Bundan başqa, yazını oxuyub, orada bədii materiallardan istifadə etmək
bacarığını, yazdıqları məqalədə mövzuları bir-biri ilə əlaqələndirmək
qabiliyyətini gözdən keçiririk. Qeyd edim ki, jurnalist olmaq istəyən bəzi tələbələrin
orijinal yazıları var. Bəzən o yazıları oxuyub yaxşı mənada təəccüb edirik.
Bəzən də qabiliyyət imtahanında yazılan yazılara baxıb təəssüf hissi keçiririk.
Bu günün gəncləri günün çoxunu kompyuter arxasında keçirirlər. Bunun üçün əllə
yazmaq vərdişindən uzaq düşürlər. Əllə məqalə yazmağı unudurlar. Belə ki,
hərflərin yazılışı, yazılış şəklini yaddan çıxarırlar. Onların yazdıqları yazılar,
mətnlər dəyərləndirilir. Əgər iki tələbə testdən və qabiliyyət imtahanından
eyni balı toplayıbsa, attestat qiyməti nəzərə alınır və indiyə qədər əldə
etdiyi bütün uğurlar hamısı toplanır. Biz tələbələrə qiymətləndirmə sistemi ilə
9-15 arası ballar müəyyənləşdiririk. Tələbə qabiliyyətdən minimum 9 bal
toplayırsa, qəbul olunur”.
Ekspert deyir ki, qabiliyyət imtahanının indiki
formasının dəyişikliyə ehtiyacı var. Fikrini əsaslandırmasını xahiş etdikdə isə,
bildirdi ki, təkmilləşməyə ehtiyac duyulur: "Qanuna görə, tələbənin imtahana
qədər dövri mətbuatda məqaləsi çıxmalıdır. Bir də görürsən ki, internetdə yayılmış
press-relizləri göstərib deyir ki, bunlar hamısı mənimdir. Misal üçün, hansısa
bir yerdə işləyir, iş yerindən adi xəbərləri sayta yerləşdirir və onları bizə
göstərir ki, bunlar mənim məqalələrimdir. Ancaq bizim tələbədən tələb etdiyimiz
meyarlar tamamilə fərqlidir. Yaradıcı insan olmaq tamam başqa bir mövzudur.
Jurnalistikada daha çox yaradıcı insanlara yer verilməlidir. Yaxşı olar ki,
əvvəlki qaydalar bərpa olunar, jurnalist olmaq istəyən gənclərin qəzetdə,
jurnallarda yaradıcı yazıları çap olunardı. Tələbə günün aktual mövzularına
toxunan yazılar hazırlamalı, portret, araşdırma kimi məqalələr yazmaq vərdişini
formalaşdırmalıdır. Amma bəziləri saytlarda hansısa xəbər statuslu bir yazı olursa,
bunu öz adlarına çıxaraq, o status tipli xəbərləri bizə məqalə adı ilə ötürməyə
çalışırlar. O tələbələr qabiliyyət imtahanında "xaltura” edirlər”.
Xəyalə Rəis