• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Tahir Mirkişili: "Son fərman və sərəncamlar ümumilikdə 2 milyon 2 yüz min insanı əhatə edəcək" - MÜSAHİBƏ

26.02.19 19:48 1509
Tahir Mirkişili: "Son fərman və sərəncamlar ümumilikdə 2 milyon 2 yüz min insanı əhatə edəcək" - MÜSAHİBƏ
Deputat:"Həm yeni iş yerlərinin açılması və sahibkarlara verilən dəstəyin, həm də iqtisadi layihələrin son məqsədi Azərbaycan vətəndaşının daha təhlükəsiz və daha yaxşı yaşamasıdır”
Ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı ilin birinci ayının sosial-iqtisadi göstəricilərindən söhbət açıb, aparılan islahatların müsbət nəticələr verdiyini dilə gətirib. Ötən ilin dərin iqtisadi islahatlar ili olduğunu, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verildiyini xatırladan ölkə rəhbəri 2017-ci ilin də iqtisadi sabitləşmə ili kimi tarixə düşdüyünü dilə gətirib. Qeyd edib ki, 2017-ci ildə iqtisadi sabitliklə bağlı atılan önəmli addımlar 2018-ci ildə çox ciddi islahatlara başlamağa imkan yaradıb və bu islahatlar artıq özünü göstərir. Azərbaycan Prezidenti cari ilin yanvar ayının yekunlarına nəzər salaraq, ümumi daxili məhsul artımının təxminən 3 faiz təşkil etdiyini vurğulayıb. Bunu son 2-3 il ərzində ən yüksək göstərici kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, 2019-cu ildə də Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək. Azərbaycan Prezidenti yanında keçirilən müşavirə, orada səsləndirilən fikirlər, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilicavablandırır.
- Tahir müəllim, fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib. Həmin müşavirəni necə dəyərləndirirsiniz?
- Prezident yanında keçirilən bu müşavirədə sosial-iqtisadi məsələlərə, xüsusən də cari ilin ötən müddətində əldə edilən iqtisadi göstəricilərə diqqət yönəldildi. Nəzərə alaq ki, cari ilin yanvar ayının sosial-iqtisadi göstəriciləri kifayət qədər yüksək və dinamikdir, əvvəlki illərlə müqayisədə daha çox iqtisadi inkişafa nail olunub. Bu baxımdan, müşavirədə yanvar ayında əldə edilən nailiyyətlərə, uğurlara toxunulması təsadüfi deyil. Bir tərəfdən iqtisadiyyat artıb, böyüyüb, istehsal artıb, digər tərəfdən Prezident tərəfindən sosial məsələlərə dair bir sıra fərman və sərəncamlar imzalanıb, islahat xarakterli addımlar atılıb. Bu da sosial-iqtisadi sferada mühüm dəyişikliklərə səbəb olmaqdadır. Yanvar ayındakı iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, ümumi daxili məhsul 3 faiz, qeyri-neft sənayesi 14 faiz, ötən müddətdə iqtisadiyyata kapital qoyuluşu 11 faiz artıb. İnflyasiya isə təxminən 1,7 faiz səviyyəsində olub. Ötən ilin eyni dövrü ilə müqayisə etsək kifayət qədər müsbət dinamikanı, artımı müşahidə edə bilərik. 2018-ci ilin yanvar ayını 2017-ci ilin yanvar ayı ilə müqayisə etsək, o zaman ümumi daxili məhsulun, qeyri-neft sektorunun, sənayenin artım surəti bu ilin yanvar ayı ilə müqayisədə xeyli aşağı idi. Amma bu keçən müddət ərzində iqtisadi islahatların aparılması, dərinləşməsi, iqtisadiyyatda şəffaflığın artırılması, uçotluluğun aparılması iqtisadi artımı təmin edib. Bu da bir daha onu göstərir ki, aparılan iqtisadi islahatların nəticəsini qısa müddətdə iqtisadiyyatda əldə etmək mümkündür. Əldə edilən bu inkişaf nəticəsində büdcənin gəlirləri də artıb. Çünki təkcə 2019-cu ilin ilk ayı ərzində vergi orqanları plandan əlavə 80, gömrük orqanları isə 20 milyon manatdan çox vəsait toplayıb. Beləliklə də ümumi daxilolmalar 105 milyon manat artıb. Bu artıq vəsaitin toplanması, iqtisadi gəlirliliyin artması Prezident İlham Əliyev tərəfindən əhalinin sosial təminatının daha da gücləndirilməsi istiqamətində addımlar atılmasına şərait yaradıb. Minimum əməkhaqqının, pensiyanın, həmçinin təqaüdlərin artırılması barədə, eləcə də dünən "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamların imzalanması bütövlükdə bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bu tədbirlərə dövlət büdcəsindən təxminən 1 milyard manata yaxın vəsaitin ayrılması planlaşdırılır. Bu da sosial və iqtisadi cəhətdən Azərbaycan üçün mühüm addımdır.
- Dövlət başçısı müşavirədə bəyan etdi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Sizcə, bu fərqlilik nədən ibarət ola bilər?
- Fərqliliyi ən azı iki istiqamətə bölmək və bu kontekstdə qiymətləndirmək olar. İqtisadi istiqamətdən baxsaq, yanvar ayının göstəriciləri Azərbaycan iqtisadiyyatının islahatlara, şəffaflığa açıq olduğunu, buna kifayət qədər çevik reaksiya verdiyini ortaya qoyub. İlin əvvəlindən ötən bir ay ərzində ölkənin ümumi daxili məhsulunda, sənayedə, qeyri-neft sektorunda, iqtisadiyyatın makro göstəricilərində müsbət dinamika müşahidə olunub. Bu da onu deməyə əsas verir ki, ilin sonuna doğru da iqtisadi dinamiklik hiss olacaq. Təcrübə göstərir ki, ilin ilk ayı iqtisadi dinamikanın az olduğu ay kimi yadda qalır. Amma Azərbaycanda cari ilin ilk ayının iqtisadi dinamikası müsbətdir. Bu da ilin sonuna qədər iqtisadi dinamikanın olacağı barədə fikir bildirməyə əsas verir. Eyni zamanda həm iqtisadi, həm də struktur islahatları 2019-cu ildə iqtisadi idarəetmənin çevikliyini bizlərə göstərəcək. Məhz bu çeviklik ölkə iqtisadiyyatının daha çox gəlir əldə etməsinə, iş yerləri yaratmasına səbəb olacaqdır. Azərbaycanın hələ ötən il istifadəyə verdiyi zavodlar var. Buna misal olaraq Türkiyədə istifadəyə verilən Star Zavodunu, Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki kimya zavodlarını qeyd edə bilərik. Bu zavodlar istehsal etdikləri məhsulların ixracına daha çox cari ildə başlayacaqlar. Bu məhsulların ixracından əldə edilən gəlirlər də Azərbaycan iqtisadiyyatına daxil olacaqdır. Təbii olaraq iqtisadi inkişaf olduqca, gəlirlər artdıqca Azərbaycan Prezidenti tərəfindən sosial sferanı əhatə edən qərarların qəbul edilməsi halları da artacaq. Prezident İlham Əliyev daim bəyan edib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar imzalanan fərman və sərəncamlar, sosial sahəni əhatə edən addımlar bunu əyani nümayiş etdirir. Ölkə başçısının qəbul etdiyi qərarlar sırf sosial baxımdan qayğıya ehtiyacı olan insanların maddi-rifah halının yaxşılaşmasına yönəlib. Təkcə son iki ay ərzində imzalanan fərman və sərəncamlar ümumilikdə 2 milyon 2 yüz min insanı əhatə edəcək, bu sayda vətəndaş dövlətin qayğısı ilə əhatə olunacaq. Ona görə də 2019-cu ilin fərqli olması sosial-iqtisadi sahədə aparılan islahatlar, onların nəticələri əhalinin hər birinin öz həyat şəraitində bu addımların müsbət tərəfini hiss etməsi ilə nəticələnəcək. Bu baxımdan mən də düşünürəm ki, 2019-cu il fərqli il olacaqdır.
- Əhalinin sosial-müdafiəsi ilə bağlı son dövrlər atılan addımlar ölkədə aparılan iqtisadi islahatların ilkin nəticəsi kimi qiymətləndirilə bilərmi?
- Ümumiyyətlə, Azərbaycanda sosial-iqtisadi islahatlar davamlıdır. Məhz əhalinin sosial təminat səviyyəsinin yaxşılaşması istiqamətində görülən işlər ölkəmizdə zaman-zaman atılan uğurlu addımların nəticəsidir. Sadəcə, aparılan islahatlar iqtisadiyyata daha çox gəlir gəlməsinə səbəb olub. Bir qədər əvvəlki suala cavabda vurğuladığım kimi, şəffaflığın və hesabatlılığın aparılması büdcə gəlirlərini artırıb. Bu gəlirlər də əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verib. Bu kontekstdən yanaşsaq məsələyə iqtisadi gəlirliyin artması, iqtisadiyyatın böyüməsi, sonradan əhalinin böyük bir hissəsinin sosial qayğı ilə əhatə olunması dövlət başçısının sosial prioritetinin tərkib hissəsidir. Azərbaycan dövlət büdcəsinin 35 faizə yaxını sosial xərclərə sərf olunur. Bu, il ərzində 7 milyard manata yaxın vəsait deməkdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda sosial siyasət ümumilikdə dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bunu bütün parametrlər üzrə müşahidə etmək olar. Həm yeni iş yerlərinin açılması və sahibkarlara verilən dəstəyin, həm də iqtisadi layihələrin son məqsədi Azərbaycan vətəndaşının daha təhlükəsiz və daha yaxşı yaşamasıdır.
- İslahatların əsas prioriteti nədən ibarətdir?
- İslahatların başlıca hədəfi Azərbaycanın güclü, dayanıqlı iqtisadiyyatını qurmaqdan, ixracı artırmaqdan, idxalı əvəz edən yeni sahələrin yaradılmasından, daimi yeni iş yerlərinin açılmasından, bütünlükdə iqtisadiyyatı inkişaf etdirməkdən ibarətdir. Bunun nəticəsində Azərbaycan dövlətinin daha da güclənməsi, insan kapitalının inkişafı, əhalinin sosial-rifah halının bir qədər də yaxşılaşdırılması prioritetdir. Bu məqsədlər naminə həyata keçirilən sosial-iqtisadi və struktur islahatlar həm dövlət, həm də özəl strukturları əhatə edərək, onları qarşıya qoyulan hədəflərə çatmaq üçün hazırlaşdırır. Yəni, həyata keçirilən hər bir islahat və dəyişiklik dərin təhlillər, strateji araşdırmalar nəticəsində meydana çıxır. Heç bir təsadüfi dəyişiklik yoxdur. Zaman-zaman atılan hər bir addım əvvəlcədən planlaşdırılıb. Bu baxımdan hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının iqtisadi islahatlara qısa zamanda çevik reaksiya verməsi, müşahidə olunan dinamik artım, iqtisadiyyatın getdikcə daha çox dayanıqlı olması, ixracın artması, yeni-yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması mövcud islahatların zərurətdən yarandığını, düzgün istiqamətdə getdiyini sübut edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün gedilən yol tamamilə düzgün və uğurlu yoldur.
- Sosial sferanı əhatə edən addımların davamlı olması, gələcəkdə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi üçün iqtisadi potensial varmı?
- Dünən və bu gün atılan addımlar, əldə olunan nəticələr son məqsəd deyil. Ölkə başçısı da müşavirədəki çıxışında bildirdi ki, bu həddin daha da artırılması üçün gələcəkdə də müəyyən işlər görüləcəkdir. Fikrimcə, Azərbaycan iqtisadiyyatı böyüdükcə, dövlətimiz gücləndikcə vətəndaşların yaşayışı, sosial-rifah halı da artır. Bunun davamlı olması üçün gələcəkdə də lazımi addımlar atılacaqdır. Prezidentin imzaladığı fərman və sərəncamlarla minimum yaşayış həddinin, maaş və pensiyaların minimum həddinin artırılması ölkə vətəndaşlarının maaş və pensiyalarının, gəlirlərinin artması ilə müşahidə olunur. Ölkədə minimum hədlər artdıqca, bu, ümumilikdə iqtisadiyyatın artmasına, canlanmasına gətirib çıxarır. Bu prosesdə ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşmasına da təsir edir. Bütün bunlar isə Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər