Son 20 ildə 20 dəfə artan xəstəlik
Müasir həyat tərzi, əlimizin altında olan imkanlar
işimizi asanlaşdırdığı kimi sağlamlıqla bağlı bir sıra problemlər də ortaya
çıxarıb. Belə problemlərdən ən geniş yayılanı isə bel, yaxud elmi dillə desək fəqərələrarası disk
yırtığı xəstəliyidir. Belə ki, statistik
göstəricilərə əsasən, son iyirmi ildə bu
xəstəlikdən əziyyət çəkənlərin sayı 20 dəfə artıb. Bəs görəsən xəstəliyin bu
qədər geniş yayılmasının səbəbi nədir? Nə etməliyik ki, özümüzü bundan qoruyaq?
"Tövsiyəm
budur ki, insanlar əməliyyatdan qaçsınlar”
Fizioterapevt və
reabitoloq Pərvin Əkbərov deyir ki, müasir dövrdə insanların fiziki
keyfiyyətinin aşağı düşməsinin tədricən artması müşahidə olunur: "Problemlərdən
biri də məhz disk yırtıqlarıdır. Xəstəliyin yaranmasının ən
önəmli səbəblərindən biri bizim yanlış həyat tərzimizdir. Yəni, həyat tərzində
hərəkətin azlığı, insanların get-gedə passiv həyat tərzinə meylli olması bu problemləri çoxaldır. İkinci səbəb,
insanların müəyyən iş zədələridir. Məsələn, bank işçiləri, sürücülər, fiziki
işlə məşğul olan fəhlələr, rəhbər işçilər bütün günü kabinetdə otururlar. Bu
insanların əksəriyyəti saatlarla
kompyuterə baxmağa məcburdur. Bu da mühüm səbəblərdən biri hesab olunur. Üçüncü
səbəb isə yanlış idman edən insanlardır. Düzdür, idmanla məşğul olanların getdikcə sayı çoxalır. Amma təəssüf ki,
düzgün bilgiyə sahib olmayan insanlar, həmçinin
onlara düzgün məsləhətlərin, yaxud da
düzgün proqramın verilməməsi
müəyyən zədələrin yaranmasına səbəb olur. Məsələn, bir çoxları çəkini
düzgün qaldırmırlar, texnikanı düzgün etmirlər ki, bunlar da bu problemi yarada
bilir”.
P.Əkbərov bəzi maraqlı məqamları da vurğuladı:
"Disk yırtıqları əslində heç bir təhlükə
yaratmır. Bu yırtıqdan insan dünyasını dəyişə bilməz. Amma həyatı
keyfiyyətlərini sıfıra qədər endirə bilər. Yəni, bəzən bu yol cərrahiyyəyə
qədər gedə bilir. Yaxud da, xəstə yatağa düşə bilərlər, fiziki aktivliyini itirə
bilərlər. Ümumilikdə, bu xəstəlik insanlara həm sosial, həm də iqtisadi
baxımdan böyük bir ziyan vura bilir.
Əməliyyat bu işin ən axırıncı yoludur və
qeyd edim ki, əməliyyata xüsusi göstərişlər olmalıdır. Əməliyyat üçün üç
göstəriş olmalıdır. Bu gün həkimlər insanları əməliyyata sövq edirlər
ki, bu, tamamilə yanlışdır. İnsanlar maarifləndirilmirlər və ağrıların çox
olmasından dolayı əməliyyat təklifi ilə tez razılaşırlar. Dünya statistikasına
nəzər salsaq, görərik ki, disk yırtıqlarının
cəmi 10 faizinə əməliyyat məsləhət görülür. Bu
da kəskin göstəricilər olarsa. Xəstəliyi müalicə etmək olar. Reallıqda
xəstələrin 90 faizinin əməliyyata
ehtiyacı yoxdur. Mən özümün 9 illik təcrübəmdə əməliyyatdan sonrakı fəsadları
da görürəm. Əməliyyatın həlli yolu da olmur çox hallarda. Tövsiyəm budur ki,
insanlar əməliyyatdan qaçsınlar, çünki bunun başqa yolları da var. Bəzən bel
yırtıqlarında heç həkimə ehtiyac belə yoxdur. İnsanlara düzgün istiqamət
verildikdə və səhlənkarlıq edilmədikdə həkim məsləhətinə əməl etsələr, xəstəlik öz
həllini tapar”.
Həkimin sözlərinə görə xəstəlik artıq gəncləşib:
"Ara-sıra gənc insanlarda da bunu görürük. Uşaqlar parta arxasında düzgün oturmur, məktəb
çantalarının daşınmasına düzgün riayət etmirlər və onlarda müəyyən mexaniki pozğunluqlar əmələ
gəlir. Bu da sonradan yırtıqların meydana gəlməsinə səbəb olur. Digər bir fakt isə xəstəliyin irsi olması
məsələsidir. Bəzən elə olub ki, bir
ailənin 5 üzvündən 3-ü müalicə alıb. Bu da onu göstərir ki, bu ailədə qığırdaq
sümüyündə problem var. Elə uşaq da var ki,
10 yaşı olmasına baxmayaraq raxitlik
əlaməti var. Bədən elastik olsa da,
uşaqda raxitlik olur. Yəni, həmin uşaq
barmaqlarını qatlayıb arxaya rahat vura bilər. Bu uşaqlarda da yırtığın əmələ gəlmə faizi çoxdur. Hesab
edirəm ki, insanlar erkən vaxtdan
düzgün maariflənsələr və müəyyən məsləhətlərə əməl etsələr bu kimi problemlərlə üzləşməzlər”.
"Qidaların
keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan faktorlardan biridir”
Tibb eksperti
Adil Qeybulla da
mövzu ilə bağlı fikirlərini bildirdi : "Oturaq həyat tərzi getdikcə insanların sağlamlığında müxtəlif
problemlərə yol açır. Bu problemlərdən biri və birincisi fəqərələrarası disk yırtıqlardır. Belə həyat tərzi keçirən insanların orqanizmində,
xüsusən də qığırdaqlarda duzlaşma prosesi gedir. Bu isə son nəticədə belə
yırtıqların yaranmasına və böyüməsinə gətirib çıxarır. Digər mühüm faktor isə
insanların düzgün qidalanma rejiminə əməl etməməsidir. Müasir dövrdə daha çox
ziyanlı və tərkibində duz və digər
mineral maddələrin çox olduğu qidalara üstünlük verirlər ki, bu da yırtıqların əmələ
gəlməsinə səbəb ola bilir. Qəbul edilən
qidaların keyfiyyət parametrləri də bu məsələdə mühüm rol oynayan
faktorlardan biridir. Bu kimi amillər günümüzdə bel yırtığı xəstəliyindən əziyyət
çəkənlərin artmasına gətirib çıxarır. Qeyd edim ki, bu xəstəliyə hətta azyaşlı
uşaqlarda da rast gəlinir. Uşaqların əksəriyyəti az hərəkətdə olur, bütün günü
kompüterlə məşğul olurlar. Həmçinin onlar dərs zamanı da düzgün oturmur və nəticədə fəqərələr bundan ziyan görür. Ağır məktəbləri
çantaları da uşaqlarda belə xəstəliyin yaranmasının səbəblərindən biridir”.
Şəbnəm
Mehdizadə