• cümə axşamı, 25 aprel, 09:54
  • Baku Bakı 14°C

Son 10 ilin Azərbaycanı

09.10.13 08:49 1387
Son 10 ilin Azərbaycanı
Son 10 il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Bu müddət ərzində ölkədə hər bir sahədə uğurlar əldə edilib, nəticələr yaxşılaşdırılıb, çoxsaylı yeniliklər təqdim edilib. 2003-cü ilin Azərbaycanı ilə 2013-cü ilin Azərbaycanı arasında böyük fərq olduğunu əsaslandırmağa o qədər ehtiyac yoxdur. Hər şey göz qabağındadır.
O vaxtkı Azərbaycanla bugünkü Azərbaycan arasında yerlə göy qədər fərq var. Bu fərqi göstərmək üçün statistikaya müraciət etsək, çox maraqlı nəticələr görmüş olacağıq. Prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin toplantısında qeyd etdiyi kimi, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb. Hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır.
Prezident İlham Əliyev deyib ki, son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilmiş və ya təmir edilib, 35 olimpiya idman kompleksi inşa olunub. Bu dövrdə neft-qaz siyasətində Azərbaycan mühüm uğurlara imza atıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilib. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaradıb. Azərbaycan kosmos ölkəsinə çevrilmiş və ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olub. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Son 10 il ərzində sovet vaxtından qalan əmanətlərin qaytarılması məsələləri də öz həllini tapıb. Azərbaycan dövləti sosial siyasət nümayiş etdirərək bu əmanətlərin qaytarılmasına da nail olub. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub. Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilib. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarıb. Son məlumata görə, Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşüb. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaq: «Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha da yaxşı yaşamalıdır. Bunu təmin etmək üçün sosial proqramlar əlbəttə ki, icra edilir» - deyə prezident qeyd edib. O əlavə edib ki, son 10 ildə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılıb. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılıb. Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində olub. Fermerlərə böyük güzəştlərlə kreditlər ayrılıb və infrastruktur layihələri icra edilib.
Prezident qeyd edib ki, bütün bunların əhalinin həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsiri göstərib. Son 10 il ərzində mütəmadi olaraq əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyib. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranıb.
Makroiqtisadi vəziyyətin sabitliyi qorunub və bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir: «Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir» - deyə prezident İlham Əliyev vurğulayıb.
O əlavə edib ki, son 10 ildə ölkə iqtisadiyyatına böyük miqdarda investisiyalar cəlb edilib və proses davam edir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkəyə çevrilib: «Xarici investisiyaların cəlb edilməsi nəticəsində biz 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bilmişik. Bu gün isə xarici investorlar üçün daha da gözəl imkanlar vardır. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xarici bazarlara çıxışlarımız da yaradılır. Belə olan halda xaricdən investisiyaları cəlb etmək məsələləri gələcəkdə də prioritet olaraq qalacaqdır. Baxmayaraq ki, hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyil və investisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapmışdır».
10 il ərzində aparılan islahatlar, ölkə iqtisadiyyatının inkişafı Azərbaycanı varlı ölkəyə çevirib. Azərbaycan dövlətinin zənginlikləri ildən-ilə artır. Hökumət hər il valyuta ehtiyatlarının artırılmasına nail olur. Büdcə xərclərinin ildən-ilə artmasına, böyük investisiya layihələrinin reallaşdırılmasına baxmayaraq, valyuta ehtiyatları da ildən-ilə artırılır. 2013-cü il ərzində də ərzində də valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər