• şənbə, 20 Aprel, 07:26
  • Baku Bakı 14°C

“Son 10 ildə 2 min meqavattdan çox əlavə generasiya gücü yaradılıb”

28.10.14 13:36 1417
“Son 10 ildə 2 min meqavattdan çox əlavə generasiya gücü yaradılıb”
Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı dünəndən işinə başlayıb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gələrək, ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı öz işinə başlayıb. Tədbirdə dövlət rəsmiləri, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələri, investorlar, bank təmsilçiləri, məsləhətçilər və s. iştirak ediblər. Ümumilikdə isə, konfransa 40-a yaxın ölkədən 200-dən çox nümayəndə qatılıb.
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının sədri Alpaslan Bayrakdar qurumun növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib, tədbirin ERRA-ya üzv ölkələr arasında əməkdaşlığa təkan verəcəyini bildirib. A.Bayrakdar çıxışında ERRA-nın fəaliyyəti barədə də məlumat verib.
Konfransda çıxış edən İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov ERRA-nın 13-cü illik Konfransının Azərbaycanda – dünyada neftin sənaye üsulu ilə ilk dəfə hasil olunduğu, enerji sahəsinin inkişafına böyük töhfələr verən, beynəlxalq əhəmiyyətli transmilli layihələr həyata keçirən bir ölkədə keçirilməsinin əməkdaşlığın daha da inkişafı baxımından əlavə sinerji yaradacağını vurğulayıb. Bildirilib ki, Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə keçib, beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş imici formalaşıb: “Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Beləliklə də, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu transmilli layihələr nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu il sentyabrın 20-də “Əsrin kontraktı”nın 20 illik yubileyi günündə Azərbaycan tarixində daha bir əlamətdar hadisə baş verib - Cənub Qaz Dəhlizinin təməli qoyulub. Dəyəri 45 milyard dollardan çox olan və nəinki regionun, hətta qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə əhəmiyyətli olacaq bu layihə “Yeni əsrin layihəsi” adlandırılır”.
Azərbaycan iqtisadiyyatı və ölkəmizin qazandığı uğurlar barədə məlumat verən nazir müavini N.Səfərov qeyd edib ki, ölkənin davamlı inkişafı öz növbəsində ölkəmizin enerji təhlükəsizliyini tam təmin etməyə imkan verib: “Son 10 ildə 2000 meqavattdan çox əlavə generasiya gücü yaradılıb. Müstəqilliyinin ilk illərində elektrik enerjisini idxal edən Azərbaycan bu gün enerji ixracatçısıdır. Bununla yanaşı, əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayan yüzlərlə yarımstansiya istifadəyə verilib, elektrik paylayıcı şəbəkələr yenilənib, enerji sisteminin yenidən qurulması zamanı ekoloji tələblərə əməl olunub. Azərbaycan alternativ enerji, o cümlədən külək, günəş, biokütlə, geotermal və kiçik su elektrik stansiyaları sahəsində də böyük potensiala malikdir və bu sahənin inkişafı xüsusi dövlət proqramı əsasında təmin edilir, ümumi enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payının artırılması nəzərdə tutulur. Regional əməkdaşlığa böyük önəm verən ölkəmiz, enerji layihələri ilə yanaşı, tranzit potensialının reallaşdırılmasında mühüm rola malik bir çox infrastruktur layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısıdır. Təəssüflər olsun ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın davam edən işğalçılıq siyasəti regional əməkdaşlığa ciddi və başlıca maneə olaraq qalmaqdadır”.
Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili çıxışında Gürcüstanın enerji siyasəti, bu sahədə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə danışıb.
Sonra Konfrans müxtəlif sessiyalar üzrə öz işini davam etdirib. Sessiyalarda ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə neft və təbii qazın hasilatına və kəşfiyyat işlərinə, şöbə müdiri Vaqif Əliyev TANAP layihəsi və onun Avropa qaz tranzit marşrutunda potensial roluna, İSN-in şöbə müdiri Nurəli Yusifbəyli və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə müdiri Valeh Nəsibov Azərbaycanda Enerji Məhsuldarlığı Memarlığı İndeksinin göstəricilər vektoru dinamikasına, Energetika Nazirliyinin departament müdiri Asəf Rzayev Azərbaycanın enerji sistemi və inkişaf perspektivlərinə dair məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Xatırladaq ki, ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı bu gün də işini davam etdirir. Konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi Samir Rəhimovun bərpa olunan enerjinin yayılması nəticələri, “Azərsu” ASC-nin nümayəndəsi Rəşail İsmayılovun Azərbaycanda su təchizatı üzrə mövcud vəziyyət və perspektivlər, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin isə Azərbaycanın enerji bazarında istehlakçıların hüquqlarının müdafiəsi mövzularında məruzələrlə çıxışı nəzərdə tutulub.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər