• cümə axşamı, 18 aprel, 12:28
  • Baku Bakı 22°C

Solyaridə xərçəng şüası

06.06.13 08:58 2152
Solyaridə xərçəng şüası
Qarşıdan qızmar yay günləri gəlir. Dəniz sahili, isti qum, qızmar günəş... Hər kəs yayda dənizə gedib yayın dadını çıxarmağa və bədəninin rənginin dəyişməsinə cəhd göstərir. Amma bəziləri dərilərinin rəngini tündləşdirməyə, qaralmağa çalışarkən süni yola əl ataraq solyari vannaları qəbul edirlər. Bu sırada qadınlar üstünlük təşkil edir. Hava istiləşdikcə qadınların gözəl görünmək istəyi daha da artır. Həqiqətən, solyari vannaları bu gün qadınlar üçün aktual mövzulardan biridir.
Solyari salonlarında dərilərini arzuladıqları tona qədər qaralda bilirlər deyə, süni qaralmaya üstünlük verənlərin sayı daha çoxluq təşkil edir. Həkimlər, dermatoloqlar bu barədə həyəcan siqnalı çalsalar da, ancaq gözəllik qurban tələb edir, deyən xanımlar solyarinin bütün bu zərərlərinə göz yumaraq süni yolla qaralamaq niyyətlərindən əl çəkmirlər. Kosmetoloqların bildirdiyinə görə, ultrabənövşəyi şüa həm saça, həm gözə, həm də ürəyə ziyandır. Onların fikrincə, 40 dərəcəyə qədər istilik verən vannalar dərinin hədsiz qurumasına səbəb olur. Ultrabənövşəyi şüalar dərinin elastikliyini azaldır və vaxtından öncə qaralmasına səbəb olur. Bu gün dünyada yüz milyonlarla insan solyari qəbul edir ki, bu da insanları birbaşa xərçəng risqi ilə üz-üzə qoyur. Artıq Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içkilər qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan edib.
Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Son illər Azərbaycanda da bu avadanlıqların geniş istifadəsinə başlanılıb. Xanımlarımızın əksəriyyəti dərilərində hansı problemin olduğunu bilmədən, araşdırmadan solyari salonlarına üz tuturlar. Sonradan yaranan fəsadları aradan qaldırmaq isə bəzən mümkünsüz olur...
Avropa solyaridən imtina edir
2004-cü ildən solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etdiyini görən ABŞ 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoyub. Almaniya parlamenti isə 18 yaşından kiçik şəxslərin solyari qəbul etməsinə icazə vermir. Mütəxəssislərin apardığı araşdırmalara görə, bütün dünyada hər il 140 min nəfər solyari istifadəçisi dəri xərçənginə tutulur. İngiltərədə isə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. Britaniyalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, Avropada dəb düşmüş və şərqdə də yayılmaqda olan solyari qurğularında qaralma dəri xərçəngi ehtimalını 75% artırır. Ümumiyyətlə, günəş vannasında da xərçəngə yoluxma ehtimalı çoxdur.
Kimlər solyaridən istifadə edə bilər?
Tibb elmləri doktoru Adil Qeybulla bizimlə söhbəti zamanı solyaridə ultrabənövşəyi şüaların dəriyə birbaşa təsir etməsi zamanı dəridə müxtəlif xəstəliklərin peyda olduğunu, insanların bədənində müxtəlif şişlər və xəstəliklər əmələ gəlmək imkanı yarandığını qeyd etdi. Adil Qeybulla solyari istifadəsi zamanı həssas dərilərdə müxtəlif dəyişikliklərin peyda olduğunu və süni qaralma üsulunu seçən şəxslərə həkim nəzarətindən keçməyi məsləhət gördü: “Şübhəli relyefli törəmələr olan dəri sahibləri solyarinin qəbulundan çəkinməlidir. İlk növbədə xanımlar sağlamlıqlarının o şüaları qəbul edə biləcəyini düşünməlidir. Solyari vannası qəbul edən zaman artıq şüalanma da dərinin zədələnməsinə gətirib çıxara bilər. Ona görə də solyari aparatında ultrabənövşəyi şüaları ötürən aparat texniki baxımdan qaydasında olmalıdır. Bununla məşğul olan şəxslər solyari aparatları barədə yaxşı məlumatlandırılmalıdırlar. Solyaridən tez-tez istifadə məqsədəuyğun sayılmır. Şüalanmaya məruz qaldıqdan sonra növbəti seans 5-6 ay çəkməlidir. Amma tez-tez süni günəş vannasının qəbul edilməsi düzgün deyil. Solyari vannalarında ultrabənövşəyi şüaların birbaşa təsir etməsi bütün dünyada qadağan olunmuş prosedurdur. Bir sıra Avropa ölkələrində ümumiyyətlə, süni yolla qaralma qadağan olunub”.
A.Qeybullanın sözlərinə görə, ölkədə hər hansı bir tibbi yenilik tətbiq edilməzdən öncə bir müddət klinik təcrübədən keçməsi önəm daşıyır. Uzun müddət aparılan kliniki müşahidələr həmin yeniliyin zərərli və xeyirli tərəfini müəyyənləşdirir: “Qış aylarında solyariyə müraciət edənlər bilməlidir ki, bu, süni mühitdir. Orqanizmin bioloji parametrləri buna cavab vermir. Hər hansı xəstəxana və ya gözəllik mərkəzi müştəriyə təklif edilən xidmətin zərərli və xeyirli tərəfini izah etməlidir. Bəzi insanlar yeri gəldi-gəlmədi, gözəllik üçün solyaridən istifadə edirlər. Amma bəzi göstəriciləri nəzərə almaq lazımdır. 18 yaşa qədər olan xanımların solyaridən istifadə etməsi qəti qadağandır. 18 yaşından sonra sağlam dəriyə malik, heç bir xəstəliyi olmayan, işığa həssaslığı qeydə alınmayan insanlar solyari qəbul edə bilərlər. Qan təzyiqi olan, müxtəlif dəri xəstəlikləri olanlara solyari pis təsir göstərir. Süni vanna üçün 18-40 yaş arası optimal yaş göstəricisidir”.
Qaralmaq hər zaman dəbdədir
Uzun müddətdir ki, gözəllik salonunda çalışan və işlətdikləri salonun solyari şöbəsində fəaliyyətini davam etdirən, adının hallanmasını istəməyən xamım bizimlə söhbətində müştərilərinin əksəriyyətinin 15-30 yaş arası xanımlar olduğunu bildirdi. Onun sözlərinə görə, bu gün solyaridən daha çox gənc qızlar istifadə edirlər: “Bu gün solyari vasitəsilə qaralmaq dəbdədir. Təkcə qadınlar deyil, kişilərimiz də bu xidmətdən faydalanırlar. Bu gün diqqət yetirsək, görərik ki, solyari salonuna gələn kişilərin sayı çoxalıb. Buna olduqca normal bir hal kimi baxırlar. Qabaq solyari vannası qəbul etməyə gələn bəylərə qarşı qınaq çox idi. Amma indi, demək olar ki, əksəriyyət buna yaxşı baxır. Solyari xidmətindən hər gün istifadə etmək olmaz. Solyari vannası qəbul etdikdən sonra bədənə bir gün su dəyməməlidir. Solyari vannası qəbul edərkən gözləri qorumaq üçün eynəkdən istifadə etməlidirlər. Solyarini qəbul edərkən müştəri hansı rəngdə olacağına özü qərar verir. Belə ki, istəsə qızılı, ya da şokolad rəng şüalar qəbul edib qaralma imkanına malikdir. Süni günəş vannasında uzanmağın dəqiqəsi 1 manatdır, əgər başqa vasitələrdən istifadə olunarsa, o zaman qiymət qalxır. Müştərilərimiz bizdən hər zaman razı qalıb. Deyirlər ki, solyari xərçəng xəstəliyi yaradır, o daha çox gigiyenik qaydalara əməl olunmayan vannalarda rast gəlinir”.
5 ildir ki, solyari vasitəsi ilə süni qaralmağa üstünlük verən Nigar Əhmədova süni vannanın heç bir ziyanını görmədiyini və öz təbii dərisinin rəngindən razı qalmadığını söylədi. Onun sözlərinə görə, bu günə kimi solyari qəbul etdiyi üçün heç bir problemlə qarşılaşmayıb: “Son illər şokolad və qara rəngli xanımlar diqqət cəlb edir. Bu həm gözəl görünüş bəxş edir və həm də insanları elit göstərir. 5 ildir ki, yayda və qışda solyaridən istifadə edirəm, şükürlər olsun ki, hələ də sağam”.
Nəzərinizə çatdıraq ki, süni qaralmağın daha bir yolu var: kremlər və losyonlar. Kremlər solyaridən fərqli olaraq dərinin rəngini daha təbii göstərməyə kömək olur. Və belə kremlərin qiyməti 10-35 manat arasında dəyişir. Lakin unutmaq lazım deyil ki, üz və bədən üçün kremlər müxtəlifdir, onları səhv saldıqda, əks təsir edə bilər. Solyarinin 1 seansının qiyməti 10-20 manat təşkil etdiyi halda, kremlər xanımlar üçün daha baha başa gəlir.
Elit təbəqə
Qeyd edim ki, süni şüaların qəbulu dəri və gözdə xərçəngin melanoma növünün yaranmasına səbəb ola bilər. Əsasən də 30 yaşdan aşağı şəxslərin süni qaralma aparatlarından istifadəsi xərçəng riskini daha yaxına buraxır. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Hazırda solyaridən bütün dünyada, əsasən də Şimali Avropa və ABŞ-da daha geniş istifadə olunur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, nəinki yay aylarında, hətta soyuq fəsillərdə də süni qaralmaya üstünlük verənlərin sayı artıb. Apardığımız sorğu nəticəsində məlum oldu ki, hazırda ölkəmizdə istifadə edilən bu avadanlıqların keyfiyyətinə heç kim zəmanət vermir.
Onu da qeyd edək ki, xüsusilə son dönəmlər əksər şou-biznes nümayəndələri süni qaralmadan istifadə edib, bunu yalnız elit təbəqəyə məxsus bir qaralma üsulu kimi nümayiş etdirirlər. Biz də statistik rəqəmləri və mütəxəssislərin, eləcə də solyari istifadəçilərinin fikirlərini sizə çatdıraraq bu prosedurun mənfi və müsbət cəhətlərini göstərməyə çalışdıq. Hər zaman gözəl qalmaq diləyi ilə...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər