• şənbə, 20 Aprel, 04:50
  • Baku Bakı 15°C

Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi - Fotolar

17.01.17 13:00 4889
Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi - Fotolar
"Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi "Şollar” çeşməsinin suyu da əbədidir”
Hacı Zeynalabdin Tağıyev
Orta və ali təhsil müəssisələrindəki dərsliklərdə, eyni zamanda populyar ədəbiyyatlarda sudan bəhs olunarkən, - "su həyat mənbəyidir”, - fikrinə tez-tez rast gəlmək olur. Əslində isə Yer kürəsinin üçdə ikisinin ibarət olduğu su planetimizdə həyatın özüdür. Çünki yaşadığımız dünyada bütün canlıların, o cümlədən insanların, heyvanların, bitkilərin orqanizmi bu və ya digər nisbətdə sudan ibarətdir. Misal üçün, insan orqanizminin hər yerində, xüsusən də qanda, sümükdə, əzələdə, daxili orqanlarda və sairdə az və ya çox miqdarda su var. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Su həm də çox universal mühitdir. Məlumdur ki, insanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə insanın həzm sistemi tərəfindən "emal” oluna bilir. Məhz bu hikmətdən başqa bir vacib şərt qaynaqlanır – suyun insan həyatı üçün faydalılığı həm də onun təmizliyi ilə şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit məhv olur, elə o qədəri də yaranır. Su nə qədər təmiz olarsa, onun iştirakı ilə yaranan və yaşayan qan maddəsi daha təmiz və sağlam olar. Çünki su özü ilə gətirdiyi "çirkab” vasitəsilə qanı korlayır, orqanizmdə mutagen dəyişikliklər yaradır və genlərə yazılmış "genetik informasiya”nı dağıdır. Məhz bu kimi bir çox səbəblərdən içməli təmiz su insan üçün həyati əhəmiyyət kəsb edir.
Su ehtiyatlarına görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi
Bütün bunlar nəzərə alınaraq, Yer kürəsində mövcud olan hər bir ölkədə əhalinin içməli təmiz suya olan tələbatının ödənməsi üçün müxtəlif tədbirlər görülməkdə, irimiqyaslı layihələr həyata keçirilməkdədir. Lakin bir çox ölkələrdə içməli su problemi hələ də özünü göstərməkdədir. Azərbaycan da ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi sayılır. Ancaq buna baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Bu vəziyyətə çatmaq üçün isə ölkəmiz uzun bir yol qət edib. Azərbaycanda, xüsusən də paytaxt Bakıda içməli su deyən kimi, ilk yada düşən "Şollar” olur ki, bu da təsadüfi deyil. Çünki "Şollar” Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığında yerləşən Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildir ki, Bakı əhalisini su ilə təmin edir.
"Şollar”la başlayan həyat
Hazırda ölkə istehlakçılarınımərkəzləşdirilmiş qaydadaiçməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat üçün yaydığı məlumatlardan aydın olur ki, mənbəyini Bakıdan187 kilometr məsafədən götürən "Şollar” su kəmərinin tikintisinə hələ 1903-cü ildə başlanıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından "Şollar” suyu Bakı əhalisinə düz 14 ildən sonra, yəni 1917-ci ildə çatdırılıb. Həmin il fevralın 18-i tarixə "Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb. 1917-ci ildə "hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb. "Azərsu” rəsmilərinin söylədiklərinə görə, 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. Hazırda da "Şollar” ilin bütün dövrlərində orta hesabla saniyədə 1200-1300 litr su verir.

Məhsuldarlığı "Şollar”dan 2 dəfə çox olan ikinci su kəməri
Mənbəyini Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı Su Kəmərinin tikintisinə isə 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin 17 sentyabr tarixli qərarı ilə başlanılıb. İkinci Dünya Müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə yarandığından, bu layihəni düz 24 ildən sonra reallaşdırmaq mümkün olub. 1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılıb və bu mənbədən Bakıya saniyədə 2,73 kubmetr (sutkada 240 min kubmetr) təmiz su nəql olunub. Uzunluğu 175 kilometr olan dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran rayonlarını da içməli su ilə təmin edir. Məhsuldarlığı "Şollar”dan 2 dəfə çox olan İkinci Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan, lay və bulaq sularından qidalanır. Maraqlısı budur ki, eyni istiqamətdən çəkilmiş Birinci və İkinci Bakı Su kəmərlərinin suyu paytaxta qədər heç yerdə qarışmır. Belə ki, İkinci Bakı Su Kəməri Xudat-Bakı avtomobil yolunun solunda,"Şollar” isə magistralın sağında yerləşir. "Şollar” kəmərində olduğu kimi, İkinci Bakı Su Kəməri ilə nəql olunan su da H.Z.Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər özüaxımlı rejimdə ötürülür. Buradan da nasoslarla Bakıya çatdırılır.
Kürün suyu paytaxt Bakıya çatdırılır
Qeyd edək ki, Abşerona sözün əsl mənasında həyat bəxş edən "Şollar” – I və II Bakı Su Kəmərləri zaman keçdikcə böyüyən, inkişaf edən yarımadanın tələbatının ödənilməsinə kifayət etməyib. İstehlakçıların su təchizatının dayanıqlılığını təmin etmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında Kür çayının sahilində sutəmizləyici qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin çəkilməsinə başlanılıb. 1969-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "xalq tikintisi”nə çevrilən bu layihə qısa müddətdə tamamlanıb. Kür su kəmərləri sisiteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilib. Təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən 2 ədəd magistral kəmər çəkilib.
Birinci mərhələdə kəmərlərlə paytaxta saniyədə 3,2 kubmetr içməli su ötürülsə də, bu, artan tələbatı yenə də ödəməyib. Ona görə də 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi tikilib. 1984, 1986 və 1988-ci illərdə 3 mərhələdə Bakıya daha 3 magistral su kəməri çəkilib. Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılıb. 1998-2005-ci illərdə "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Kür su kəmərləri sisteminin imkanlarından yararlanmaqla, 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri tikilib. Magistral kəmərin tam istismara verilməsi Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakininin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasına yol açıb.
Ceyranbatan su anbarı
Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi də Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilib. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılıb və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlanıb. Ceyranbatan sutəmizləyici qurğular kompleksi və magistral su kəmərləri isə Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci il tarixli və 2 iyun 1960-cı il tarixli nömrəli qərarları əsasında 3 mərhələdə inşa edilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci idə istismara verilib.
Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb. Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. Müasir dövrdə Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatı məqsədilə Ceyranbatan gölünün sahilində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də inşa olunub. 28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu kompleks və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

Su təchizatında ən iri layihə
Oğuz-Qəbələ-Bakı su kəməri isə Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş verib. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanıb. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib. Uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olan bu su kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın əksər rayonlarını təmin edir.
2035-ci ilədək görüləcək işlər
Bütün sadalanan bu faktlar onu deməyə əsas verir ki, su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi sayılan Azərbaycanda suya olan tələbatın ödənilməsi hər zaman diqqət mərkəzində olub. Ötən əsrin əvvəllərində məşhur xeyriyyəçi H.Z.Tağıyevin "Şollar”la başlatdığı, bu gün 100 yaşı olan aksiya ümummilli lider Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə müstəqillik illərində Azərbaycanda siyasi hakimiyyətdə olduğu müddətdə daha da genişləndirilib, günün tələbləri səviyəsinə çatdırlıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev dəstəyi ilə bu gün "Azərsu” ASC də ölkədə içməli suya olan tələbatın maksimum səviyyədə ödənməsinə çalışır. Paytaxt Bakı və Azərbaycanın bütün rayonlarının 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla, bölgələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin uğurla həyata keçirilməsi buna ən bariz nümunədir.
Rufik İSMAYILOV
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər