AZE | RUS | ENG |

Solaxay tarzənin ev muzeyi

Solaxay tarzənin ev muzeyi
Əhməd Bakıxanovun kiril əlifbası ilə yazılan barelyefi də o vaxtdan dəyişməyib. Görünür, muzey işçiləri bu barelyefi də eksponat kimi qoruyurlar...

Hələ keçən il Musiqi Mədəniyyəti Dövlət Muzeyinə telefon açıb həm muzey, həm də nəzdində olan və görkəmli tarzən Əhməd Bakıxanovun ev-muzeyi kimi qorunan Xalq Çalğı Alətləri şöbəsi haqqında reportaj hazırlamaq istədiyimi bildirmişdim. Bu barədə muzeyin direktoruna məlumat verib icazə aldıqdan sonra mənimlə əlaqə yaradacaqlarını bildirsələr də, heç bir soraq çıxmadı.

Keçən şənbə günü Əhməd Bakıxanovun sentyabr ayında qeyd olunan doğum günü və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamla əlaqədar görkəmli tarzənin ev muzeyinə yollandım. Qapını açan muzey baxıcısı işçilərin olmadığını, yalnız günortadan sonra gələcəklərini bildirsə də eksponatları seyr etməyimə mane olmadı.

Əslində, bir neçə il əvvəl yolüstü ziyarət etdiyim muzeydə heç nə dəyişməyib. Təkcə otaqlara çökən qaranlıq fərqli idi, bir də muzeyin bir tərəfində köçmə əhval ruhiyyəsi yaradan böyük kardon qutulara yığılan hansısa əşyalar. Sən demə, bunlar qonşuluqda yerləşən başqa bir muzeydən - Üzeyir Hacıbəylinin ev muzeyində təmir işləri aparıldığından oradan müvəqqəti gətirilən əşyalar imiş.

Şərq konservatoriyası

Bu muzeydəki kolleksiyaların hamısı görkəmli tarzənin şəxsi alətləridir. Eksponatların yarısı isə Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur. Burada Əhməd Bakıxanovun həyat və fəaliyyətinin yer aldığı broşürlər və kitablar görkəmli tarzən haqqında ziyarətçilərə bilgi verir. Muzeyin vitrinlərində qədim musiqi və simli çalğı alətləri bölməsi, görkəmli tarzənlərdən Mirzə Fərəcin, Qurban Pirimovun tarı və səhnə geyimi, eləcə də Qılman Salahov, Bəhram Mansurov, Məmmədağa Muradov, Səid Rüstəmov kimi məşhur sənətkarların adını xatırladan nəsnələr var. Əhməd Bakıxanovun sol əllə çaldığı sədəfli tar da burdadır. Divarları bəzəyən görkəmli sənətkarların şəkilləri bizi ötən əsrin əvvəllərindəki musiqi mühiti ilə tanış edir. Dahi Üzeyir bəyin şəkilləri də muzeyin divarını bəzəyir. Vaxtilə qonşuluqda yaşayan Üzeyir bəy tez-tez bu evin qonağı olub. Bu evin pəncərələrindən süzülən həzin musiqilər, muğam sədaları küçədən keçənləri yoldan edib. Evin küncündə qoyulub sükuta dalan qədim və köhnə patefondan vaxtilə ən gözəl musiqilər eşidilib. Əhmədxanın mizrabından süzülən muğamları dinləmək üçün qohum-qonşular, sənət adamları bu evə yığışıb. Bu evi Şərq konservatoriyası adlandırıblar.

Əhməd xanın babası Məmmədxan musiqinin qədir-qiymətini bilən adam idi. Əmisi və dayısı tez-tez evdə musiqi məclisləri düzəldir, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd, Şirin Axundov, Kor Əhəd, Yavər və Münəvvər Kələntərlilər, Haşım Kələntərli, Qurban Pirimov, Rübabə Muradova və bir çox başqa görkəmli sənətkarlar bu evə yığışardı. Məclislərdə xalq musiqisi ifa olunar, zil xanəndə zənguləsini kamanın yanıqlı naləsi, tarın pərdələrindən qopan həzin səslər əvəz edərdi. Balaca Əhmədxanla qardaşı o böyük sənətkarlara uşaq marağı ilə diqqət kəsilər, sehrkar musiqi aləmi onları ovsunlayardı.

“Yadigardı bu tar...”

Əhmədxanın anası Mələk xanım hər gün səhər tezdən görürdü ki, oğlu yenə tarı qucağına alaraq yatıb. Mələk xanım nə illah eləyirdi bu adəti oğluna tərgidə bilmirdi. Sakit, ulduzlu yay gecələrində balaca Əhməd köksünə sığmayan tarını götürüb dama qalxırdı. Vaxtilə atası Məmmədrza bəy də onun kimi həzin-həzin tar çalardı. Əhməd tarı balaca köksünə sıxıb çaldıqca o günləri xatırlayırdı. Bu tarı Əhmədə atası tutulandan sonra onlara ata əvəzi olmuş dayısı Mirzağa almışdı. Təxminən yüz ilin yadigarı olan bu qədim tarı məşhur usta Manas düzəltmişdi. Mələk xanım yuxudan duranda görərdi ki, Əhməd tarı qucağına sıxaraq yatıb. Uşaqdan tarı ehtiyatla alıb divardan asardı.

Onu Əhməddən başqa çala bilən yox idi. Anası bir gün Əhmədi götürüb tar bağlayan ustanın yanına getmişdi. Usta tarı görən kimi: "Bu ki, Manasın düzəltdiyi tarlardandır. Nə qədər istəyirsiniz pul, üstündə sizə tar da verirəm - bunu verin mənə".

- Yox, qardaş, yadigardı bu tar. Oğlum solaxaydı, sən bu tarı bir az dəyiş, elə elə ki, çala bilsin - deyir Mələk xanım.

Usta simlərin, xərəklərin yerini dəyişərək tarı solaxay edir. Əslində, balaca Əhməd solaxay deyildi. Ancaq o gündən ömrünün sonunadək tarı sol əllə çaldı.

Tarın həzin simləri Əhmədxanın barmaqları altında xoş, cingiltili bir səslə inlədikcə dənləyənləri heyran edərdi. Bir gün isə Əhmədxanın sədəfli tarından "Bayatı-şiraz", "Dəşti", "Əbu-əta" muğamlarının, rəng və təsniflərinin sehrli sədalarını eşidən Üzeyir bəy heyrətə gəlmiş: "Siz "Nəva-Nişapur"u da çala bilərsinizmi? Axı bu qədim və mürəkkəb muğam havasını çox az adam bilir - deyəndə, Əhmədxan gözlərini yumub tarı sinəsinə basaraq dilə gətirmişdi. Bu an uşaqlıqda onu öz çalğısı ilə heyran edən qoca tarzəni xatırlatmışdı. O özü də bilmədən Üzeyir bəyi ovsunlamışdı. Və həmin gün dahi bəstəkar Əhmədxana Konservatoriyada dərs deməyi təklif etmişdi.

"Atamın 16 yaşı olanda Cənubi Azərbaycanın dünya şöhrətli musiqiçisi, İran şahının baş xanəndəsi Əbülhəsənxan İqbal Azər Soltanın yanında tar çalmağı öyrənir. Atamla əmim həmin böyük sənətkarın köməyi ilə muğam sənətinin bütün sirlərinə yiyələnir.

Atam Konservatoriyada müəllimliyə başlayanda o vaxt tələbələrə cəmi 5 muğam - "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Segah" və "Şur" muğamları öyrədilirdi. O, yeni proqramla muğamların sayını 12-yə çatdırdı"- deyə Tofiq Bakıxanov danışır: "Atamla əmim həm Azərbaycanın sədəfli tarında, həm də İranın beşsimli tarında gözəl çalır, hətta onların İran musiqisindən ibarət ayrıca repertuarları da vardı. Həmçinin atam "solaxay tarzən" kimi çox məşhur idi.

Lakin onların bu uğurları maneəsiz ötüşmədi. Atamı və əmimi İran musiqisini yaymaqda, muğamlarımızın adını "iranlaşdırmaqda" günahlandırırdılar.

1937-ci ildə Moskvada ədəbiyyat və incəsənət ongünlüyü keçirilirdi. Üzeyir bəyin təklifi ilə dekadaya gedəcək Xalq Çalğı Alətləri Ansamblına Əhməd xan rəhbərlik etməli idi. O, həm də ansamblın solisti idi. Lakin həmin vaxt qəflətən atamı və əmimi İran şahının "agenti" kimi həbs etdilər. Üç ay onları incitdilər. Evimizdə axtarış aparıldı. Guya evimizdən çoxlu silah, məktublar və İran azuqələrinin çıxması haqqında şayiələr də yayılmışdı.

Üzeyir bəy bizim qonşuluqda yaşadığından bir-birimizin evinə gedib-gələrdik. O, anam Məsməxanımdan atamgilin başına gətirilənləri öyrəndi və kömək edəcəyinə söz verdi. Dekada zamanı Üzeyir bəy Mircəfər Bağırovla Moskvaya bir qatarda yol gedərkən atamgilin günahsız olaraq həbs edildiyini bildirir və onların azad olunması haqqında xahiş edir. Mircəfər Bağırov atamı tanıyaraq:
- O "solaxay" çalanı deyirsən, mən onların həyatlarını çox
yaxşı bilirəm - deyir. Sonradan Mircəfər Bağırovun köməyi ilə atamla əmim həbsdən azad olunur".

Bas tar, saz, ud, kanon...

1941-ci ildə Əhmədxanın radioda solo konsertini dinləyən Üzeyir bəy onu çağırır və təcili olaraq ansambl yaratmağı təklif edir. Əhmədxanın rəhbərliyi ilə 1941-ci ildə Xalq Çalğı Alətləri Ansamblı yaradılır. Əhmədxan ilk dəfə olaraq ansambla bas tar, saz, ud, kanon, qaboy, qoşanağara və fortepiano daxil edir. Ansamblın ifasında 351 adda muğam, rəng və rəqs melodiyaları səslənirdi. Bu, görünməmiş möcüzə idi.

O zaman Üzeyir bəy Əhməd Bakıxanovu xidmətlərinə görə Azərbaycanın ilk Əməkdar müəllimi adına təqdim edir.

"1923-36-cı illərdə isə əmim Məmmədxan Əli Bayramov adına əməkçi türk qadınlarının Mədəniyyət Sarayında ilk dəfə qızlardan ibarət "Şərq orkestri"ni yaratmışdı"- deyə görkəmli tarzənin oğlu Tofiq Bakıxanov xatırlayır: "Sonralar bu ansambl dünyanın bir sıra ölkələrini gəzərək olimpiadalarda, festivallarda birincilik qazandı, fəxri fərmanlara, pul mükafatlarına layiq görüldü. Onu tanıyanlar haqqında həmişə xoş sözlər danışırdılar. Bakıda heç bir toy onsuz keçməzdi. Onunla qastrollara getmək hamı üçün xoş idi. Heç kimdən inciməz, heç kəsin xətrinə dəyməzdi. Hətta bir qarışqanı incitməyəcək qədər ürəyiyumşaq adam idi. Maştağadakı bağ evi hamının üzünə açıq idi. Həmin evdə bir otağı Zülfü Adıgözəlovun ailəsinə vermişdi. Rayonlara qastrollara tez-tez gedərdi. Belə səfərlərin birindən qayıdarkən avtomobil qəzasına düşdü və aldığı zədələrdən bir il sonra vəfat etdi. Azərbaycan musiqisi onun simasında görkəmli bir sənətkarını itirdi".

Muğam laylası

Qardaşı dünyasını dəyişəndən sonra Əhmədxan üçün də yaşamaq o qədər asan olmur. Bu itki ona çox təsir edir. Həyat yoldaşı rəhmətə gedəndən sonra isə görkəmli tarzən tək yaşayır, öz dünyasına qapılıb kimsənin evinə getmir. Bir müddətdən sonra isə ağır xəstələnir.

Ulu öndər Heydər Əliyev Əhməd Bakıxanovun xidmətlərinə yüksək qiymət verərək "Xalq artisti" adı alması haqqında fərman verir. Fərman qəzetdə dərc olunan gecə bir dəmir yolu işçisi qəzeti gətirib qapını döyür. Həmin gecə televiziyadan da çəkilişə gəlirlər. Ancaq ağır xəstə olan Əhmədxan ömrünün son saatlarını yaşayırdı. Elə bu zaman haradansa həzin musiqi səsi eşidilir. Onun ətrafına yığışanların hamısı heyrətdən donub qalmışdı: muğam səsi böyük sənətkarın ömrünün son saatında sinəsinə basdığı kiçik radio qutusundan eşidilirdi. Onun son nəfəsi də həzin musiqi ilə birlikdə sönürdü. Əhmədxanı müayinəyə gələn həkim: "O özünü muğamla dəfn elədi" - deyə pıçıldayır.

İndi Əhmədxanın yaşadığı bu mənzildə onun barmaqlarının, nəfəsinin toxunduğu alətlər də sükuta dalıb. Sahibinin yoxluğunu xəbər verirmiş kimi qəribə bir səssizlik çöküb hər yerə. Ev muzeyin pəncərələri çöl tərəfdən tamam qapanıb. Demək olar ki, pencərə tərəfdən içəri nə işıq düşür, nə də hava daxil olur. Havanı tənzimləmək üçün içəridə yalnız kondisoner işləyir. Muzeyin qarşısındakı hündür binalar da mənzili az qala görünməz edib. Muzeyə çevrilən mənzil, ona bitişik Süleyman Sani Axundovun yaşadığı mənzil də yazıq-yazıq boynunu büküb. Bu nəhəng binaların bir gün dəyəri heç bir pulla ölçülə bilməyən bu köhnə mənzilləri uda biləcəyinə inanmamaq çətindir. Mənzillərin nə vaxtsa sökülüb-sökülməyəcəyi haqqında Tofiq Bakıxanov da məlumatsızdır: «Bu barədə mənə heç bir xəbər verilməyib. Ola bilər ki, binaya toxunulmasın». Muzeyin çöl tərəfdən pəncərələrinin hörülməsinə gəlincə, bəstəkar bunu muzeydə nadir alətlərin oğurlana biləcəyi ehtimalı ilə əlaqələndirir.
Qəribədir ki, Əhməd Bakıxanovun kiril əlifbası ilə yazılan barelyefi də o vaxtdan dəyişməyib. Görünür, muzey işçiləri bu barelyefi də eksponat kimi qoruyurlar...

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202