• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

“Sola dönməyi qadağan edən” kitabın təqdimatından...

25.12.17 10:45 1067
“Sola dönməyi qadağan edən” kitabın təqdimatından...
2017-ci il, dekabrın 16-da, "Kitabevim.az" kitab mağazasında tanınmış şair-tərcüməçi Cəlil Cavanşirin "Xan" nəşrlərində yenicə çapdan çıxmış "Sola dönmək qadağandır" esselər toplusunun təqdimat və imza günü keçirildi.
Kitabevim.az kitab mağazasında baş tutan tədbirdə tanınmış ədəbi imzalarla yanaşı, gənc kitabsevərlərin, tələbələrin fəallığı diqqəti cəlb edirdi. Qonaqların, qələm dostlarının çıxışları, təbrikləri yazıçının ailə üzvlərinin də qatıldığı təqdimat mərasimini isti bir məcraya köklədi.
Tədbiri giriş sözü ilə açan Parafr.az saytının baş redaktoru, gənc yazıçı Cavid Qədir, əvvəlcə kitabın çap olunması üçün bir müddət öncə başlanan satış kampaniyası barədə geniş məlumat verdi və bu təşəbbüsün baş tutmasında köməklik göstərən oxuculara təşəkkürünü bildirdi.
O, "Sola dönmək qadağandır" kitabında yer alan yazıların mövzusuna dair fikirlərini bölüşərək, şairin yaradıcılığının özünəməxsus yaradıcı çalarları ilə həmkarlarının ədəbi nümunələrindən fərqləndiyini söylədi.
Sonra söz kitabın naşiri və redaktoru yazıçı Müşfiq Xana verildi. C.Cavanşirin kitabının ərsəyəgəlmə prosesindən söz açan M.Xan, ədəbi mühitin mövcud problemlərinə də toxundu, yeni çapdan çıxmış kitabı misal göstərərək, oxucu-müəllif münasibətlərinin hazırki durumundan bəhs etdi.
Bundan başqa, təqdimat mərasimində müəllifin atası Cavanşir Hacıyev, publisist Rey Kərimoğlu, şair Raqif Raufoğlu çıxış edib, öz ürək sözlərini söylədilər.
Sonda söz alan Cəlil Cavanşir iştirakçılara təşəkkürünü bildirib, "Sola dönmək qadağandır" toplusunun artıq işıq üzü görmüş səkkizinci kitabı olduğunu qonaqların nəzərinə çatdırdı. Şair oxucuların kitabına göstərilən marağın ən gözəl hədiyyə və stimul olduğunu vurğuladı.
Təqdimatın rəsmi hissəsindən sonra saytımıza xüsusi açıqlama verən Cəlil Cavanşir, bu günün onun üçün ikiqat sevincli olduğunu və məhz bugünkü – səkkizinci kitabının təqdimatında ilk dəfə valideynlərinin, ailə üzvlərinin də iştirak etdiyini söylədi. Eyni zamanda daha bir təcrübənin, bu dəfə kitaba şamil edilən sosial çağırışın sonda uğurla nəticələndiyini əlavə etdi.
Artkaspi.az təqdimatda iştirak edən digər qonaqların da açıqlamalarını təqdim edir:
Parafr.az saytının baş redaktoru, gənc yazıçı Cavid Qədir: "C.Cavanşir sosial şəbəkədə maddi çətinliklər səbəbindən kitab çıxara bilmədiyini paylaşmışdı biz də ədəbiyyata sevgidən və yazarın yaradıcılığına diqqətdən dolayı bu məsələyə etinasız yanaşa bilmədik və nə yaxşı ki, yanaşmadıq. Müəlliflə müzakirə edib, bu layihəni həyata keçirmək qərarına gəldik. Sağ olsun "Hədəf” nəşriyyatı, Müşfiq Xan da bizə dəstək oldu. Beləcə bu kitab adı çəkilən nəşriyyatda çap olundu. Sonrakı mərhələdə isə hazırlanmış kuponları kitab evlərinə payladıq. Açığını desəm, nəticə tam da arzuolunan şəkildə reallaşmadı, amma diqqət o qədər də yetərsiz sayılmaz. Budur, qarşınızda yeni bir kitab var. Artkaspi.az da içində olmaqla bir neçə kütləvi informasiya vasitələri bu xəbəri yayımlayıb, bizə dəstək oldular. Məncə kitab çap olunubsa, bu gün təqdimata yığışmışıqsa, layihəni baş tutmuş saya bilərik. Kitabın içindən danışmaq lazım gələrsə, mətnlər müəllifin müxtəlif vaxtlarda yazıb çap etdirdiyi, heç yayımlamadığı esselər və köşə yazılarından ibarətdir. Yazıçı esselərdə daha çox sosial mövzulara toxunub. Bundan başqa "Sağa dönmək qadağandır”da Azərbaycan ədəbiyyatının aktual problemləri və ironik yazılar da yer alıb. İstər sosial, istər məişət, istərsə də sosial müstəvidə işlənmiş mövzuları özündə cəm edən bu kitab Cəlilin qələminə bələd olan, düşünürəm ki, elə olmayan da bütün oxucuların diqqətindən kənarda qalmayacaq. Kitabı oxuyan kəslər heç nə itirməyəcək, əksinə nələrsə qazanmış olacaq. Zənnimcə, kitabda yer alan mətnlər həm də insana özünə gülə bilmək rahatlığı bəxş etdiyinə görə, kifayət qədər maraq doğuracaq.
Ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli: "C.Cavanşir ədəbiyyatda fərqli və maraqlı imzadır. Əvvəla, Cəlil yazdığın oxutmağı bacarır. İstər mövzu baxımından, istər mətn içərisindəki gedişlər sarıdan elə texnoloji üsullar işlədir ki, o mətn oxunmaq istəyir. Esse deyəndə təsəvvürümüzə, adətən, ağır və oxunmayan janr gəlir. Cəlil məhz bu janrın içərisində elə metodları tətbiq edir ki, mətnlərin duzu, bir az əyləncə tərəfi yaxşı şəkildə həll olunur. Onun köşə yazılarında da bu ovqat var. Adam ən qaçaraq vaxtında belə baxmaq, vərəqləmək istəyir. Ona görə ki, təsadüfi mövzulara toxunmur, ya gündəmi bəlirləyir, ya da bəlirlənmiş gündəmin içərisində fərqli baxış ortaya qoyur. Düşünürəm, bu kitab oxunacaq. Layihə çərçivəsində məhz Cəlil kimi imzanın kitabının buraxılması təqdirə layiqdir. Çünki, məhz bu imzanın özünün bəlli bir auditoriyası var. İnanıram "Sağa dönmək qadağandır”la bu auditoriya genişlənəcək, həmçinin çağdaş yazıçıların oxunmasına sosial səsləyiş baxımından da uğurlu hesab olunacaq.
Kitabın redaktoru, yazıçı, naşir Müşfiq Xan: "Sağa dönmək qadağandır” C.Cavanşirin ilk esselər kitabıdır. Xan nəşriyyatında, çağdaş ədəbiyyat silsiləsində işıq üzü görüb. Kitab üç sərlövhədə yer alıb. Müxtəlif zamanlarda müəllifin yazdığı esselər, ilk sərlövhə "Söz”, ikinci "Süz”, ən sonuncu – yazılarının az bir qisminin yer aldığı "Sözsüz” olmaqla üç yarımbaşlıqda verilib. Baxmayaraq ki, yazılar çox idi, biz müəllifin öz razılığı ilə oxuculara daha maraqlı ola biləcək mətnləri seçdik. Düşünürəm ki, seçilən yazılar ədəbi müstəvidə qalıcılığı ilə fərqlənəcək. Kitabla bağlı təəssüratlarım bu mənada da çox müsbətdir. Əksəriyyəti tanış yazılar olmasına baxmayaraq, o mətnlər üzərində həvəslə işlədim, buna mətnlərin bəxş etdiyi xoş ovqat da səbəb oldu desəm, daha doğru olar. Esselər maraqlı nüanslarla zəngindir. Müəllifin xüsusi manevrləri var ki, məsələn: bir səhifədən digər səhifəyə keçid alarkən müəllif müdaxiləsi, sonra qəfil obrazın dilindən danışması... Və bu da tanıdığımız şair Cəlil Cavanşiri başqa ampluada tanımağa pəncərə açır. Müəllifin bütün kitablarını oxuyan bir şəxs kimi deyə bilirəm ki, onun nəsrdə belə sürətlə püxtələşməyindən oxucular da məmnun qalacaqlar. Bildiyiniz kimi, nəşr prosesində mətni bir dəfə yox, dönə-dönə oxumaq məcburiyyətindəsən. Burdan çıxış edib irəliləyişi görə bilirəm və əminliyim də məhz bu səbəbdəndir. C. Cavanşir imzası nəsrdə də özünü doğruldur və yazıçıya çevrilmək əzmini birə min edir.
Bəstəkar Aygün Səmədzadə: "Cəlili sosial şəbəkə üzərindən tanımışam. Bir bəstəkar kimi məni şeirləri ilə özünə cəlb edib. Yəqin məlumatınız var, Cəlilin şeirlərini ruhuma yaxın hiss etdiyimdən bizim onunla birgə iş birliyimiz də maraqlı alındı. Özü ilə danışıb şeirlərindən birinə mahnı bəstələmək istədiyimi dedim. Keçən il bunu gerçəkləşdirdik. Və düşünürəm ki, uğurlu bir kompozisiya alındı. Mənim ifamda özündən başqa bunu çox az adam eşidib. Ümumən, çox bəyənirəm onun yazı üslubunu, cəmiyyətə münasibətini və s. Cəlili maraqlı ziyalılardan hesab edirəm və ona görə bu özəl gündə dostumun yanında olmaq istədim. Onu təbrik edirəm, yeni, sanballı oxucular arzulayıram. Mən də o oxuculardan biriyəm. Kitabı hələ oxumadığım üçün mətnlər haqqında heç nə deyə bilməyəcəyəm. Ümumiyyətlə, gənc yazıçı və şairlərin yaradıcılığını böyük həvəslə izləyirəm. Kimlərsə yeni heç nəyin yaranmadığından giley-güzar edib ictimai çıxışlarında tənqidə tez-tez yer verəndə qəribə oluram. Çünki yaxşıları da görmək lazımdır. Bizim fərqlənən incəsənət nümayəndələrimizin də bu sarıdan yaxşısı çox yaxşıdır, pisi də çox pis”.
Şairin özünün də qeyd etdiyi kimi valideynləri də müəllifin imza günündə iştirak edirdilər:
Şairin anası Şəkurə Həsənova: "Mən bu gün çox sevinərəm ki, oğlumun kitab təqdimatında iştirak edirəm, çox şadam ki, o belə insanların – ədəbiyyatı, kitabı sevənlərin əhatəsindədir. Onun yazıları, duyumlu qələmi ilə bir ana kimi həmişə fəxr edirəm”.
Atası da bu təbriklərə qoşulub, uğurlarının axırıncı olmasını arzuladı.
Hazırladı: Aysu Kərimova
banner

Oxşar Xəbərlər