• cümə axşamı, 28 mart, 18:49
  • Baku Bakı 13°C

“Sokrat kimi 3 hərəkəti eyni anda görmək istəyirdim” – Mən gənc olarkən

23.06.14 13:17 3015
“Sokrat kimi 3 hərəkəti eyni anda görmək istəyirdim” – Mən gənc olarkən
Orta məktəbdə atasına görə oxuduğunu deyir. Hər gün dərsdən evə gələndə atası ondan necə aldığını soruşar, o da həvəslə “5”lərinin sayını deyərmiş. Atasının “əhsən!”, “afərin!” deməsi onu fərəhləndirər, stimul verərdi. Buna görə də hər gün dərsdə oturanda fikirləşərdi ki, necə olur-olsun bütün dərslərdən “5” alıb atasını sevindirməlidir. Müsahibimiz millət vəkili Cavanşir Feyziyevdir.
“Atama görə oxuyurdum”
Şəki rayonunun Böyük Dəhnə kəndində müəllim ailəsində anadan olub. Ailədə altı uşağın dördüncüsüdür. Sakitliyi ilə digər bacı-qardaşlarından fərqlənib. Hətta o qədər sakit olub ki, küçəyə çıxıb uşaqlarla belə oynamağı sevmirmiş. Ona elə gəlirmiş ki, evdə oturmaq daha maraqlıdır. Bəzən küçədə futbol oynayan, söhbətləşib sonra dalaşan uşaqlara baxar, amma onun üçün maraqsız olduğundan onlara qoşulmazmış. Hər gün dərsdən çıxanda kitabxanaya gedib kitab seçər və dərslərini hazırlayandan sonra mütaliə edərmiş. Hətta hərdən səhərə qədər yatmayıb kitab oxuduğu vaxtlar da olub. Yeddinci sinifdəykən artıq məktəbin kitabxanasındakı bədii kitabların hamısını oxuduğundan kitabxanaçı onu rəflərin arası ilə gəzdirib deyirmiş ki, “buradakı bütün kitabları oxumusan, sənə hansı kitabı verəcəyimi bilmirəm”.
Müsahibimiz atasına görə oxuduğunu deyir. Çünki hər gün dərsdən evə gələndə atası ondan “bu gün necə oldu?”, deyə sual verərmiş. C.Feyziyev də “5”lərinin sayını deyərmiş: “Atam elə bir şəkildə “Əhsən!”, “Afərin!” deyirdi ki, bu, məni daha da fərəhləndirirdi. Buna görə hər gün dərsdə oturanda fikirləşirdim ki, gərək necə olursa-olsun bütün dərslərdən “5” alıb atamı sevindirim. İstəyirdim ki, o, məndən hər gün neçə aldığımı soruşsun və mən də “5”lərimin sayını deyim. Doğrusu, mən atama görə, onu sevindirmək, ondan “afərin” kəlməsini eşitmək üçün oxuyurdum”.
İnternat həyatı
O, yeddinci sinifdən riyaziyyat təmayüllü internat məktəbində oxuyur, həftənin 5 gününü orada qalır, şənbə-bazarı evlərinə gəlir: “Təhsil aldığım internat məktəbi yuxarı siniflərin ali məktəb qəbulu nəticələrinə görə ölkədə ikinci yerə çıxmışdı. O məktəbin müəllimləri digər məktəblərə komissiya üzvü kimi gedirdilər. Bir həftə bizim məktəbdə də oldular. Sonra məktəb rəhbərliyi ilə danışıb mənim bütün dərslərə yüz faiz hazırlıqlı gəldiyimi bildirdilər və onların məktəbində oxumağımı təklif etdilər. Oxuduğum məktəbdə müəllim işləyən anamla da danışdılar. Anam evdə məsələni açıqlayanda hamı tərəddüd etdi. Məndən soruşanda, dedim ki, “siz bilərsiniz”. Çünki internatda yaşamağın necə olduğunu təsəvvür etmirdim. Nəhayət yay tətilində, avqust ayında bütün ailəm toplaşaraq qərar verdi ki, internatda təhsil alım”.
13 yaşı olanda valideynlərindən ayrılıb internatda qalmaq ona heç də asan başa gəlmir. İnternatda hamı birlikdə yuxudan oynayır, yemək yeyir, idman edir, dərsə başlayır, yatırdı. İlk vaxtlar rejim ona bir az ağır gəlirdi və hərdən fikirləşirdi ki, onu niyə bura gətiriblər.
İnternatda uşaqların çox yaxşı oxuduğunu deyən müsahibimiz bir-iki həftə sonra burada oxuyan uşaqlardan zəif olduğunu hiss edir və bu, ona daxilən əzab verir. Buna görə birinci rübdə demək olar ki, yatmır, axşam saat 11-də növbətçi hamının yatdığına əmin olub öz otağına gedəndən sonra C.Feyziyev durub dərslərinə hazırlaşır. Beləliklə, rübün sonunda digər sinif yoldaşlarına çatır və bütün qiymətləri “5” olur.
Məktəbin ictimai həyatında da aktiv rol oynayan doqquzuncu sinif şagirdi məktəb üzrə şagird-komsomol təşkilatının katibi seçilir: “Hər gün yarım saatlıq tənəffüsdə radio qovşağında şagirdlərə müxtəlif verilişlər hazırlatdırırdım və həmin verilişlər üç binadan ibarət məktəbdə yayılırdı. Fənn gecələri keçirirdim. Müəllimlərin köməyi olmadan Səməd Vurğunun “Vaqif” pyesini səhnələşdirmişdik. Mən tamaşanın həm rejissoru, həm də ssenaristi idim. Hətta geyimləri ya əlimlə, ya da maşınla özüm tikirdim”.
Sokrata bənzəməyə çalışır
5-6-cı siniflərdə oxuyanda müsahibimiz Sokratın eyni anda ən azı üç müxtəlif hərəkət etdiyini eşidir. Uşaq vaxtından həmişə çətinliyə qaçan həmsöhbətimiz fikirləşir ki, görəsən, bunu edə bilərmi. Televiziyaya qulaq asa-asa riyaziyyatdan məsələlər həll etməyə başlayır. Məsələləri düzgün həll etdiyinə əmin olandan sonra televiziyada deyilənləri öz-özümə təkrarlayır ki, görsün hamısını yadında saxlaya bilibmi. Təxminən iki il öz üzərində məşq edir və bu müddətdə təkmilləşdiyini görür. Bu dəfə eyni anda üç iş görmək istəyir. Həm televiziyaya qulaq asır, həm bacı-qardaşlarının dediklərini dinləyir, həm də məsələ həll edir. Beləliklə, uşaq fikri ilə Sokrat kimi üç hərəkəti birdən edə bilir.
“Bəlkə ali təhsil almayım?”
Məktəbdən evə gedib-gələndə isə yolboyu fikirləşir ki, yaşayışlarında nəsə səhv var: “Evimizdə həmişə təbliğ olunurdu ki, yaxşı oxuyub ali məktəbə qəbul olmaq lazımdır. Düşünürdüm ki, valideynlərim hər ikisi müəllim olsa da, onların əməkhaqqı növbəti aya qəpiyə-qəpik güclə çatır. Eyni zamanda, baxırdım ki, texnikumu bitirib, elektrik, yaxud dükanda satıcı işləyən qonşumuzun dolanışığı bizdən daha yaxşıdır. Bu da məndə sual doğururdu ki, niyə evimizdə ali təhsil almağı bu qədər təbliğ edirlər. Axı ali təhsil almayanlar alanlardan daha yaxşı dolanırdı. Fikirləşirdim ki, bəlkə mən ali təhsil almayım. Təsəvvür edin, bir il məktəbdən evə gələndə bunu düşünmüşəm. Valideynlərim deyirdilər ki, ali təhsili olmayan adamın dünyagörüşü məhdud, dostları az olur. Onlar məni yaşıma uyğun müxtəlif arqumentlərlə inandırmağa çalışırdılar ki, mütləq ali təhsil almalıyam. Amma mən nəyinsə səhv olduğunu bilirdim. Böyüyəndən sonra anladım ki, dövlətin quruluşunda problem var, iqtisadiyyatı düzgün qurulmayıb”.
4 ildən sonra tələbə adını qazanır
Dərslərini çox yaxşı oxuduğundan bütün fənn müəllimləri düşünürmüş ki, C.Feyziyev onların dərs dediyi fənlər üzrə ali məktəbə sənəd verəcək. Riyaziyyat təmayüllü internat məktəbində oxumağına baxmayaraq, jurnalist olmağı arzulayır:
“O vaxt “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” və digər qəzetlərə məqalələr yazırdım. 10-cu sinfi bitirəndə çox tərəddüd etdim ki, sənədlərimi hara verim. Hüquq və jurnalistika çox prestijli fakültələr sayılırdı. Mən də bu fakültələrə sənəd vermək istəyirdim. Amma o zaman korrupsiyanın qarşısını almaq üçün belə bir qanun qəbul olunmuşdu ki, hüquq və jurnalistika fakültəsinə iki il fəhlə kimi əmək stajı olmayan adamları qəbul etməsinlər. Amma mən cəhd etdim. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gəlsəm də, sənədlərimi qəbul etmədilər. Mən də Şəkiyə qayıtdım ki, iki il işləyib sənədlərimi jurnalistikaya verim. Evdən çox israr etsələr də, Bakıya qayıdıb sənədlərimi başqa fakültəyə vermədim”.
Müsahibimiz bir aydan sonra işləmək üçün Moskvaya getməyə qərar verir. Atası uzun müddət xaricdə yaşadığından sözarası övladlarına təbliğ edir ki, ölkədən kənara çıxmaq lazımdır, Moskvada da, Leninqrada da yaşamaq olar: “Atam deyirdi ki, hər bir respublikadan bu şəhərlərə ən savadlı insanlar getdiyi üçün orada mədəni səviyyə yüksəkdir. Beləliklə, iki il Rusiyada yaşayıb Metallurgiya Zavodunda işlədim. Sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən qayıdanda valideynlərimə Moskvada ali məktəbə qəbul olmaq istədiyimi dedim. Anam razı olmadı ki, “artıq qocalırıq, səni Moskvada gəlib necə görəcəyik”. Etiraz etmək istədim, amma atamın üzünə baxdım, o, üzünü yana çevirdi. Başa düşdüm ki, getməyimi istəmir və getmədim. Sənədlərimi Xarici Dillər Universitetinə verdim. O zaman artıq başa düşürdüm ki, jurnalistika təhsili almadan da jurnalist işləyə bilərəm. Qorbaçov hakimiyyətə yeni gəlmişdi, aşkarlıq, yenidənqurma şüarları dəbdə idi. Düşündüm ki, sərhədlər açılar, mən xaricə, xaricilər bura gələ bilər. Buna görə əlavə dil bilmək lazımdır”.
Həm oxuyur, həm zavodda nəzarətçi işləyir
Birinci kursda oxuyarkən gecə növbəsində çörək zavodunda nəzarətçi işləyir. Bütün gecəni oyaq olduğundan dərslərini artıqlaması ilə edir: “Ancaq birinci kursun sonunda yoruldum və işləmədim. Həm də o vaxt əlaçı kimi yeni təsis olunan “Lenin komsomolu” adına təqaüd də alırdım. Təqaüd Sovet dövründə orta səviyyədə yaşayan bir vətəndaşın maaşı qədər idi”.
Millət vəkili institutda da ictimai işlərdə fəallıq göstərir, burada da komsomol təşkilat katibi olur. Amma Topxana meşəsinin qırılmasına etiraz aksiyaları başlayanda C.Feyziyev fakültələrində komsomol təşkilatının buraxıldığını elan edir: “Məni danladılar ki, yaxşı bir gələcəyin ola bilərdi, niyə belə etdin. Amma mən görürdüm ki, quruluş artıq çökür”.
Universiteti qırmızı diplomla bitirən həmsöhbətimiz Bakıda tələbə yataqxanasında qalır: “Yeməyi həmişə otaq yoldaşım bişirirdi. Biz yeməyi bir qayda olaraq bütün dərslərimizi hazırlayıb qurtarandan sonra gecə saat 12-də yeyib yatırdıq. Bunun orqanizmə ziyanlı olduğunu heç düşünmürdük”.
Tələbə vaxtı bizim ən çox üz tutduqları yer teatr və kino olduğundan qrup yoldaşları ilə bütün kinoteatrların, teatrların nömrəsini əzbər bildiklərini deyir.
“Meşədə azdıq”
C.Feyziyev tələbə vaxtı başlarına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: “İkinci kursda oxuyanda qrupumuz təşəbbüs göstərdi ki, Xızı dağlarına gedək. Müəllimlərimizi də dəvət etdik və bazar günü sübh tezdən görüşüb 15 tələbə və 4-5 müəllim yola düşdük. Xızıda indi adını xatırlamadığım bir bulaq var idi, orada düşdük. Bir az söhbətləşəndən sonra hamımız bir istiqamətdə meşəyə doğru getdik. Özümüz də istəmədən qruplara bölündük. Söhbətləşə-söhbətləşə getdik. Bir vaxt geri dönmək istədik, amma heç kimi tapmadıq, heç gəldiyimiz yerləri də tanıya bilmədik. Çox sıx meşə idi. Qışqırmağa başladıq, səsimiz əks-səda verdiyindən qorxduq. Gedib bataqlığa çıxdıq, qurbağaların, müxtəlif quşların səsi bizi bir az da qorxutdu. Stress keçirməyə başladıq. Artıq qızlar yeriyə bilmirdi. Hamımız qorxurduq ki, gecə düşər və burada qalarıq. Təhlükəni hiss edirdik ki, gecə burada qalsaq, vəhşi heyvanlarla üz-üzə gələcəyik. Nəhayət, ağacların arasından gün işığı göründü. Ora tərəf getdik və cığır gördük, 1 saat gedib yola çıxdıq. Yolun kənarında hamımız yerə sərildik, qalxmağa taqətimiz yox idi. Maşın səsi eşidən kimi hamımız bir nəfər kimi yolun ortasına çıxıb “Jiquli”nin qarşısında dayandıq. Yolu azdığımızı və gedəcəyimiz bulağın adını dedik. Adam təəccüb etdi ki, həmin bulaqdan buraya 23 kilometrdir. Biz, deməyəsən, özümüz də hiss etmədən 23 km qət etmişdik. Sürücü bizi maşınına otuzdurub həmin bulağın başına apardı. Müəllimlər çox əsəbi idilər. Bizdən başqa 2 qrup da azmışdı. Yenidən sürücünün köməyi ilə itən 6-7 nəfərlik qrup da bir saatdan sonra tapıldı. Uşaqlar tapıldıqca hamı qucaqlaşıb ağlaşırdı. Biz tapıldıqca keçirdiyimiz hisslər çox unikal idi. Həmin hadisə bizə yaxşı bir təcrübə oldu. Artıq bildik ki, meşədə qrupdan ayrılıb dərinliyə getmək olmaz. Həmin hadisə bizi insan olaraq da bir-birimizə daha da sevdirdi”.
Lalə MUSAQIZI Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">
banner

Oxşar Xəbərlər