• cümə, 19 Aprel, 10:32
  • Baku Bakı 13°C

SOCAR sərbəstləşən işçiləri üçün proqram təklif edir

22.01.14 08:39 2208
SOCAR sərbəstləşən işçiləri üçün proqram təklif edir
Son günlər Dövlət Neft Şirkətinin (SOCAR) bəzi qurumlarının ləğvi nəticəsində ixtisara düşən işçilərin gələcək taleyi haqqında müxtəlif fikirlər səslənməkdədir. “İxtisarlar yenə də davam edəcəkmi?”, “Həmin işçilərin taleyi necə olacaq?”, “Sərbəstləşən işçilər özlərinə harada iş tapacaqlar?”, “İxtisarlar hansı kateqoriya işçilərə şamil ediləcək?” və s. tipli suallara cavablar axtarılır. Ancaq SOCAR rəhbərliyinin sərbəstləşən işçilərinin məşğulluğunun təmin olunmasına dair ötən həftə təsdiq etdiyi proqram ixtisara düşənləri təşvişə düşməməyə çağırır. Belə ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2014-cü il yanvarın 17-də şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması üçün tədbirlərin görülməsi barədə əmr imzalayıb.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkənin milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq məqsədi ilə ARDNŞ tərəfindən həyata keçirilən ardıcıl islahatlar bir sıra yeni iş yerlərinin açılması zərurətini ortaya çıxarıb. Həmçinin yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli və effekt verməyən biznes proseslərinin aradan qaldırılması məsələsini gündəmə gətirib. “Bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə SOCAR-ın risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyənləşdirilən həmin proseslərin təkmilləşdirilməsi, bir qayda olaraq, idarəetmə strukturunda müəyyən dəyişikliklərin aparılmasını şərtləndirir. Bu dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olur”.
Əmrdə sərbəstləşən işçilərin proqrama qoşulmaq üçün müraciət etmə müddəti, proqramın qüvvədə olma müddəti müəyyən olunub. Proqramın icrasının həyata keçirilməsi məqsədi ilə SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucovun sədrliyi ilə daimi fəaliyyət göstərəcək komissiya yaradılıb. Belə ki, komissiyaya proqrama qoşulmuş sərbəstləşən işçilərin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə yerləşdirilməsi, bu, mümkün olmadıqda isə icraçı qurumla birlikdə onların kənar təşkilatlarda, şirkətin podratçıları, subpodratçıları, eləcə də SOCAR ilə müqavilə münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılıb. Sənəddə həmçinin komissiyanın vəsatəti əsasında proqram iştirakçılarının ixtisasının artırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar yer alıb. Sənədin iştirakçısı olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilməsi və onların SOCAR-ın digər müəssisələrində və ya kənar təşkilatlarda yerləşdirilməsi təmin olunacaq. Bunun üçün sərbəstləşmiş işçilər müəyyən edilmiş müddət ərzində sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməklə proqrama qoşula bilərlər. Sərbəstləşən işçinin SOCAR-ın daxili normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da saxlanılır. Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır: o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək SOCAR-ın həyata keçirdiyi yeni proqrama qoşulmaqda sərbəstlik əldə edir. Sənədin daha bir üstün cəhəti ondan ibarətdir ki, sərbəstləşən işçinin sosial təminatı ən azı bir il müddətində təmin olunacaq və bu müddət ərzində ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil ediləcək. Bu da onlar üçün daha əlverişli yeni iş yerlərinin tapılmasına köməklik göstərəcək. Belə ki, proqram çərçivəsində müvafiq dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə təmin olunması üçün zəruri tədbirlər görüləcəkdir.
Təbii sual yaranır: ixtisarların səbəbi nədir və ümumiyyətlə, şirkətin kadr bazasının məhdudlaşdırılmasına ehtiyac varmı? Aparılan ixtisarların həm iqtisadi, həm də sosial tərəflərinin olduğunu bildirən iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, ARDNŞ-in yaxın illərdə müəyyən sayda işçisi ilə vidalaşması gözlənilir. Belə ki, şirkət ötən ilin sonlarından ixtisarla başlayıb. “Əvvəla, iqtisadi baxımdan nə qədər təəccüblü görünsə də, şirkətdə ixtisarlara ehtiyac var və ARDNŞ bütün hallarda işçilərin sayını azaltmalıdır. Bunun izahatı sadədir: 66 min 200 işçiyə malik olan Dövlət Neft Şirkəti ildə 8.3 milyon ton xam neft və 6.9 milyard kub metr mavi qaz hasil edir. 3 min işçiyə malik olan BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan digər üzvlər ilə birlikdə ildə 35.1 milyon ton xam neft və 20.0 milyard kub metr mavi qaz çıxarır. Deməli, işçilərin sayı 20 dəfə az olan xarici şirkət ARDNŞ-ə nisbətən 4.2 dəfə çox neft, 2.9 dəfə çox mavi qaz hasil edir. Bu isə o deməkdir ki, ABƏŞ-də çalışan hər nəfər orta hesabla ildə 8.8 min ton neft, 5 milyon kub metr isə qaz istehsal edir. Adambaşına hesablanan bu göstəricilər ARDNŞ-də tamamilə fərqlidir: bizim şirkətdə hər bir nəfər orta hesabla 125 ton neft, 104.2 min kub metr mavi qaz istehsal edir. Göründüyü kimi, söhbət heç də faiz fərqlərdən deyil, dəfələrlə ifadə edilən nisbətdən gedir”.
Ekspertin fikrincə, Dövlət Neft Şirkətinin mavi qaz istehsal etdiyi bəzi quyular rentabelli deyil və həmin yataqlardan hasilat çox xərclidir. Hətta xarici şirkətlər də sözügedən quyularda hasilatda maraqlı deyillər. “Amma bununla belə, bu heç də daha az istehsalın sözügedən çətinliklə əlaqəli olması anlamına gəlməməlidir. Belə olan halda isə, ARDNŞ-in şişmiş heyətinin kiçildilməsi olduqca vacibdir. Əks halda, Dövlət Neft Şirkəti uzun müddətli dövrdə nə müqayisəli nə də mütləq rentabellik əmsalına malik olması çətin olacaq”. Ekspert hesab edir ki, ARDNŞ-in sosial, hətta tikinti yönümlü iri trestlər və ya şöbələr saxlaması iqtisadi baxımdan doğru olmamaqla yanaşı, həmçinin vəsaitlərin səmərəli xərclənməsi imkanlarını və o cümlədən, şəffaflığı azaldır. Belə ki, Dövlət Neft Şirkəti nəinki məktəb, hətta birbaşa onun fəaliyyəti ilə bağlı olan hər hansı inşaat işini özü həyata keçirməməlidir. Bunun üçün ARDNŞ tender elan edərək daha yaxşı təklifə malik olan kənar şirkətə həmin sifarişi verməlidir. Bununla da, şirkət kifayət qədər böyük işçi heyətinə malik olan trest və ya şöbələri saxlamamaqla vəsaitə qənaət edərək daha uyğun və xeyli ucuz şərtlər ilə həmin işi sifariş verir. Sifarişlərin kənar şirkətlərə tender əsasında verilməsi vəsaitlərin xərclənməsindəki şəffaflığı artıra bilər”. Ekspert qeyd edib ki, ARDNŞ-də çalışan işçilərin 21 600 nəfəri fəhlə kateqoriyasına daxil olmayan əməkdaşlardır. Belə ki, Dövlət Neft Şirkətində fəhlə olmayanların sayı 20 mindən çoxdur. “Bu isə neft hasilatının 73,0 faizini verən ABƏŞ-in bütün işçilərinin sayından 5 dəfə çoxdur. Deməli, ARDNŞ yalnız və daha çox fəhlələr ilə deyil, eləcə də “müdirlər” ilə də vidalaşmalıdır. Deməli, neft şirkəti ixtisarlara hökmən getməlidir, təbii ki, məsələnin sosial tərəfi də diqqətdən yayınmamalıdır”.
İqtisadçı ekspert İlham Şaban “Kaspi”yə açıqlamasında bildirib ki, əslində SOCAR ixtisarlara 2006-cı ildən başlamalı idi. “Ancaq hər dəfə sosial layihələr həyata keçirərək bu günə qədər gəlib çatdı. Neft şirkəti əsasən 2008-ci ildən xarici bazara çıxdı. 2010-cu ildən sonra isə ümumiyyətlə, Avropa bazarında fəaliyyətini genişləndirdi. O bazarlarda layihələri bir çox kreditlər aldı. Kredit qoyarkən banklar girov tələb edirlər. Banklar girov kimi nefti qəbul etmirlər. Əsasən kommersiya şirkətinin strukturunu tələb edirlər. Bu proses də ona uyğundur. İki ildən bir Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik aparılır. Ancaq bu yenə də ləng gedir”.
Ekspert işçilərin məşğulluğunun təmin olunmasına dair təsdiq edilən proqramı müsbət dəyərləndirib: “Dövlət Neft Şirkəti yaranandan müstəqilliyimizin iqtisadi yükünü çiyinlərində daşıyır”. İxtisasartırmaya ehtiyacı olan işçilər üçün isə müəyyən kursların təşkilinə münasibət bildirən ekspert hesab edir ki, təlimlər sərbəstləşən işçilərin işlə təminatında kömək edəcək. “90-cı illərin əvvəlində Varşava Müqaviləsinə görə, sovet qoşunları həmin müqaviləyə üzv olan dövlətlərin ərazisində çıxarılmağa başladı. Təxminən 100 minlik hərbi heyət həmin dövlətlərin ərazisindən çıxdı. O zaman hərbçilər üçün kurslar təşkil olundu. Onların arasında müxtəlif yaş qrupuna aid insanlar var idi. Bunun böyük faydası oldu. Amma bunlar neftçidirlər. Aralarında çilingər, qaynaqçı və s. peşə sahibləri var. Onlar təlim keçib özlərinə bir yerdə iş tapa biləcəklər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər