• cümə, 19 Aprel, 13:31
  • Baku Bakı 25°C

SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib - Fotolar

17.01.17 14:02 1293
SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib - Fotolar
Bu gün SOCAR İstiqrazları üzrə ilk faiz ödənişinin həyata keçirilməsi münasibətilə SOCAR-ın baş ofisində - SOCAR TOWER-da mətbuat konfransı keçirilib. Mətbuat konfransında SOCAR-ın və onun struktur bölməsi olan «SOCAR Capital» şirkətinin rəhbərliyi də iştirak edib.
«SOCAR Capital» şirkətinin Müşahidə Şurasının sədri SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. «SOCAR İstiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb. Nəticədə, istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib»-deyə S.Qasımov bildirib.
Mətbuat konfransında bildirilib ki, yanvarın 17-də həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR İstiqrazlarının sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
Mətbuat konfransında bildirilib ki, SOCAR İstiqrazlarının buraxılmasından əldə edilən vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.
Mətbuat nümayəndələrinin suallarına cavab verən SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi və "SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: «SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100 faizlik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb».
SOCAR-ın vitse-prezidenti S.Qasımov isə bildirib ki, məhz belə əlverişli şərtlərinə görə SOCAR İstiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 milyon dollardan artıq tələb qeydə alınıb. Onun sözlərinə görə, bu da istiqrazların ümumi həcmindən iki dəfə artıqdır.
Qeyd olunub ki, SOCAR İstiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Bu kağızların dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində təkrar bazarda istiqrazlar üzrə 40 milyon dollara yaxın əməliyyat aparılıb. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusilə böyük olub.
Tədbirdə bildirilib ki, təkrar bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətənaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar.
Mətbuat konfransında qeyd olunub ki, ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.
Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb.
İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olub.
Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.

banner

Oxşar Xəbərlər