• şənbə, 20 Aprel, 04:57
  • Baku Bakı 15°C

SOCAR – bir dünya brendi

24.12.13 09:12 3183
SOCAR – bir dünya brendi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq arenada yeni bir uğura imza atıb. Şirkət Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin qalibi olub. Artıq “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
İmzalanma mərasimində qeyd olunub ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsisinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.
Azərbaycan şirkətinin beynəlxalq aləmdə nüfuzunun artması ümumi ölkənin imicinə müsbət təsir edəcək bir hadisədir. Bu baxımdan bir daha SOCAR-ın beynəlxalq fəaliyyəti haqda yazmaq yerinə düşər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 2 neft, 1 qaz emalı zavodu, Neft Donanması, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 22 struktur bölməsi var.
Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr, alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukraynada və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. ölkələrdə treydinq şirkətləri təsis olunub.
“SOCAR Petroleum SA Rumıniya”
Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 30 yanvar 2011-ci il tarixdə təsis edilib. Elə həmin vaxtdan da SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlayıb.
2011-ci ilin sentyabr ayından etibarən Şirkət ona məxsus olan 1 neft bazası və 14 yanacaqdoldurma məntəqəsi vasitəsilə Rumıniya əhalisini Avro-5 standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli neft məhsulları ilə təmin edir. Bununla yanaşı, ilin sonuna kimi bir neçə yeni YDM-lərin alınaraq və yaxud kirayə edilərək SOCAR brendi altında xidmət göstərməsi planlaşdırılır. 2015-ci ilə qədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq.
“SOCAR Energy Ukrayna”
Şirkətin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Hal-hazırda “SOCAR Energy Ukrayna” şirkətində 50-yə yaxın mütəxəssis çalışır. Kollektiv iş və professional yanaşma ARDNŞ-nin Ukraynada layihələrinin effektiv həyata keçirilməsinə imkan yaradır.
Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə “SOCAR Energy Ukrayna”ya məxsus 9 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Yaxın vaxtlarda ölkənin müxtəlif bölgələrində daha bir neçə YDM-in istifadəyə verilməsi gözlənilir. 2009-cu ildə ARDNŞ Ukraynanın Odessa şəhərindən 5 km aralıda yerləşən, sahəsi 3,6 ha olan “Naftonreyd” neft bazasını əldə edib. Ümumi həcmi 15250 m3, illik dövriyyəsi 200 min m3 olan neft bazası neft məhsullarının saxlanması üçün nəzərdə tutulub.
“SOCAR Georgia Gas” MMC
2007-ci ildə təsis edilib. Qurumun əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına təbii qazın idxalı və satışından, həmçinin qaz boru kəmərlərinin tikintisi və reabilitasiyasından ibarətdir.
Hazırda “SOCAR Georgia Gas” MMC-nin tərkibində 19 funksional xidmət fəaliyyət göstərir. Bundan əlavə, “SOCAR Georgia Gas” MMC Gürcüstanın bir sıra bölgələrində 6 distribyutor şirkəti təsis edib. “SOCAR Georgia Gas” MMC-nin fəaliyyət dövrü ərzində ümumi investisiyaların həçmi 77 milyon ABŞ dolları təşkil edib (qaz boru kəmərlərinin tikintisi, reabilitasiyası və layihələndirmə işləri). Əlavə olaraq 30 milyon ABŞ dolları həcmində investisiyaların qoyuluşu nəzərdə tutulur (3 illik proqrama əsasən).
2010-cu ildə “SOCAR Georgia Gas” MMC-yə təbii qazın idxalı, satışı və qaz boru kəmərlərinin keyfiyyətli inşasının həyata keçirilməsinə görə ISO-9001:2008 beynəlxalq sertifikatı təqdim olunub. Həmin il “SOCAR Georgia Gas” MMC Gürcüstan Prezidentinin “Bütün kəndlərin qazlaşdırılması” adlı Proqramında aktiv iştirakına görə “İlin ən yaxşı şirkəti” adına layiq görülüb.
“SOCAR Georgia Petroleum” MMC
Şirkətin əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına neft məhsulların idxalı (benzin, dizel, aviasiya yanacağı, LPG, bitum, mazut, yağlar), həmçinin neft məhsullarının topdan və parakəndə satışı, SOCAR brendi altında müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir. Hazırda “SOCAR Georgia Petroleum” MMC-nin tabeçiliyində olan yanacaqdoldurma məntəqələrinin sayı 1000-ü keçib.
2011-ci ildə “SOCAR Georgia Petroleum” MMC Almaniyanın Berlin şəhərində “Keyfiyyət və Biznes Prestij” adlı mükafata layiq görülüb. Həmin il “SOCAR Georgia Petroleum” MMC-yə keyfiyyətin təşkili üzrə ISO-9001:2008 sertifikatı təqdim olunub. Bundan əlavə, “SOCAR Georgia Petroleum” MMC fəaliyyət dövrü ərzində bir sıra mükafatlar alıb: 2010-cu ildə “Gürcüstana ən böyük sərmayə yatıran şirkət”, “Müasir YDM şəbəkəsi”, “Xeyriyyəçi şirkət”, 2007-ci ildən başlayaraq isə hər il “İlin ən iri vergi ödəyici şirkəti” adlarına layiq görülüb.
“SOCAR Trading”
Qərargahı Cenevrədə yerləşən şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi xam neft həcmlərinin Ceyhan limanından satışını, üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir, eyni zamanda, logistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə ARDNŞ-yə yardım göstərir.
2008-ci ilin aprelində fəaliyyətə başlayan şirkət ARDNŞ-nin hasil etdiyi neftin Avropa, Asiya və Amerika istehlakçılarına müvəffəqiyyətlə çatdırılmasını təmin edir. “SOCAR Trading” neft logistika əməliyyatlarına sərmayə qoyuluşu, üçüncü tərəflərin xam neft və neft məhsulları və emal əməliyyatlarında iştirakla bağlı böyük uğurlara imza atıb. Üçüncü tərəf əməliyyatlarının həyata keçirilməsi “SOCAR Trading”in fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil edir. “SOCAR Trading”in Cenevrə, Bakı, Sinqapur, Vyetnam, Dubay və Laqosda ofisləri fəaliyyət göstərir və daha bir neçə şəhərdə ofislərinin açılması planlaşdırılıb.
Əsas fəaliyyəti marketinq və satış olmaqla bərabər, “SOCAR Trading” ARDNŞ-nin beynəlxalq aktivlərinin genişlənməsi işində də yardım göstərir. Şirkət 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Fucayra limanında 645 000 m3-lik neft məhsulları terminalının inşasına sərmayə yatırımına başlayıb.
Türkiyədə özəl sektora ən böyük yatırım
ARDNŞ-Turcas qrupunun Petkim yarımadasında reallaşdıracağı Emal-Neft kimyası-Enerji-Logistika inteqrasiyasının ən əhəmiyyətli halqası olan ARDNŞ-Turcas Egey Neft Emalı Zavodu Türkiyənin tarixində bu sahəyə yönəldiləcək ən böyük özəl sektor yatırımı olacaq. Petkim Əliağa Kompleksində inşa ediləcək emal zavodu illik 10 milyon ton xam neft emal etmək gücünə sahib olacaq. Müəssisənin yaradılması işlərinə 2008-ci ildə “Petkim”in nəzarət-səhm paketinin ARDNŞ-Turcas qrupuna keçməsindən sonra start verilib. Həmin il Ekoloji Təsirin Qiymətləndirilməsi ilə bağlı edilən müraciət 2009-ci ilin dekabr ayında müsbət cavablandırılıb, 2010-ci ilin iyun ayında isə Enerji Bazarını Tənzimləmə Qurumu tərəfindən lisenziyalaşdırma işləri başa çatıb.
Egey Neft Emalı Zavodu ilk dövrlərdə yüngül və ağır nafta məhsullarıyla “Petkim”in xammala olan ehtiyaclarını ödəyəcək, digər tərəfdən isə hələ idxal ilə ödənən ultra aşağı kükürdlü dizel, maye qaz, aviasiya yanacağı, ksilollar kimi digər neft məhsulları tələbatının əhəmiyyətli hissəsini qarşılayacaq. Müəssisənin yaradılması “Petkim”in xammal təhlükəsizliyini təmin etməklə yanaşı, emal ilə neft kimyası arasında inteqrasiya yaradacaq. Egey Neft Emalı Zavodunda istehsal Avropa Birliyinin neft məhsullarının keyfiyyəti ilə bağlı standartlarına cavab verəcək, eyni zamanda ekoloji cəhətdən zərərsiz məhsulların istehsal edildiyi texnologiyalara sahib olacaq.
Təməli 2011-ci ildə qoyulan Egey Neft Emalı Zavodunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Prezidentin qiymətləndirdiyi şirkət
Dekabrın 17-də dünyanın ən böyük enerji layihəsi olan “Şahdəniz-2” üzrə yekun müqavilələr imzalandı. Bakıda keçirilən imzalanma mərasimində Prezident İlham Əliyevin xüsusi minnətdarlıq ifadə etdiyi şirkətlərdən biri də məhz ARDNŞ oldu: “Azərbaycanın qaz ehtiyatları onları gözləyən bazarlara ixrac olunacaq. Qiymətləndirmələrə görə, Azərbaycanın ümumi qaz ehtiyatları təqribən üç trilyon kubmetr təşkil edir “Şahdəniz -2”, TANAP və TAP dünyanın iri enerji layihələridir. Biz ən azı 45 milyard dollar həcmində investisiyalar və dəhliz boyunca ən azı 30 min yeni iş yeri gözləyirik. Və əlbəttə ki, bu layihənin böyük əlavə səylərə ehtiyacı var...
Mən bütün Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik etmək istərdim. Bu, ölkəmizin uzunmüddətli davamlı iqtisadi inkişafını təmin edəcək. Eyni zamanda, mən “Şahdəniz” konsorsiumuna Azərbaycana sadiqliyinə görə öz minnətdarlığımı bildirmək istərdim. Xüsusilə strateji tərəfdaşlara və Azərbaycanın enerji layihələrinin iki liderinə - ARDNŞ və BP-yə xüsusi minnətdarlığımı bildirmək istərdim. ARDNŞ və BP arasında tərəfdaşlıq 20 illik tarixə malikdir və bu gün imzalanan investisiya qərarı bizə bu strateji tərəfdaşlığı ən azı daha 40 il, ola bilsin ki, daha da çox davam etdirməyə imkan verir”.
Qeyd edək ki, ARDNŞ “Şahdəniz-2” layihəsində 10 faizlik paya malikdir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər