Smartfonlar mənəvi problem kimi

Smartfonlar mənəvi problem kimi

Təfsilat
04 Aprel 2013, 11:01 1849
Məktəbli şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulanda valideynlərin çoxu dərindən nəfəs aldı. “Şagirdlərə mobil telefonlar tam qadağan edilib. Bu proses davam edir. Məktəblilər üçün telefon oyuncaqdır. Çoxları üçün isə özünü təsdiq və ya əyləncə vasitəsidir” - deyə Pedaqoji Şura tərəfindən qəbul edilən qərar valideynlər tərəfindən yekdilliklə dəstəkləndi.

Əlbəttə, çoxdan idi ki, məktəbyaşlı uşaqların mobil telefonlardan təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də əyləncə məqsədi ilə istifadə etmələri, fikirlərini dərsdən yayındırmaları pedaqoqları da narahat edirdi. Yeniyetmələrin telefonlarda müxtəlif oyunlarla başlarını qatmaları, üstəlik, bir-birlərinə çılpaq şəkillər ötürmələri də əsl narahatlıq doğuran fakt kimi hallanırdı.

Qeyd edək ki, mobil telefonlardan, xüsusən smartfonlardan yeniyetmələrin əyləncə məqsədilə istifadə etmələri artıq dünyanın bir çox ölkələrində narahatlıq yaradıb. Xüsusən məktəbyaşlı şagirdlərin mobil telefonlardan pornofotolor yaymaq məqsədilə istifadəsi mənəvi problem kimi qabardılır. «Kibernetik inqilab özü ilə düzəlişlər və seksual özünüifadələr gətirir» - deyə alimlər həyəcanla bildirirlər. “Bu gün dəbdə olan «sekstinq» (sexting) termini şəbəkədən gəlib. Bu, hər hansı bir mətnə və ya sorğu tələbinə cavab olaraq açıq-saçıq porno təsvirlərin yollanmasıdır. Smartfonlar pornofotoların yayılması üçün yaxşı vasitədir”. Hesab olunur ki, 14 yaşından başlayaraq 20 faizə qədər məktəbli şagirdləri, o cümlədən müxtəlif kollec tələbələrini son onilliyin bu təcrübəsi əməlli-başlı cəlb edib. Mütəxəssislər hələ qərara gələ bilməyiblər ki, bu vərdiş özünü pis aparmağın nəticəsidir, yoxsa internet dövrünün inkişafının? Belə ki, Solt-Leyk-Siti şəhər universitetinin alimi Donald Strasberq «Archives of Seksual Behavior» jurnalında informasiya texnologiyalarının gənclərin həyatında mühüm rol oynadığını qeyd edib. Polislər tərəfindən aparılan tədqiqatların nəticələrini gündəmə gətirən dərgi göstərib ki, şəbəkədə pornoqrafiyanın yayılması əsasən gənclərin bir-birlərinə smartfonlar vasitəsilə çılpaq şəkillər ötürməsi zamanı yaranır.

ABŞ alimlərinin ölkənin cənub-şərqində şəxsi məktəblərin 606 şagirdi arasında apardığı sorğular nəticəsində onların sekstinq təcrübəsini aşkara çıxarıblar. Tədqiqatda iştirak edənlərin demək olar ki, hər beşindən biri mobil telefon vasitəsilə çılpaq şəkillər göndərdiyini etiraf edib. Hər üç nəfərdən biri telefon vasitəsilə bu cür şəkillər aldığını bildirib. Hər üç nəfərdən biri isə bunu leqal etdiyini boynuna alıb. Onlar həmçinin bu təcrübəni münasib hesab ediblər. Məqalə müəllifləri belə bir nəticəyə gəliblər: təhsil işçiləri səylərinə və cəhdlərinə baxmayaraq, sekstinqin təhlükəsini aradan qaldıra bilmirlər. Bu fikirlə Texas Universitetinin professoru Cef Templ də «Yuxarı sinif şagirdlərinin sekstinqi» adlanan məqaləsində razılaşıb. Belə ki, ictimai məktəbdə oxuyan minlərlə yeniyetmə arasında aparılan tədqiqatlar da eyni nəticəni üzə çıxarıb. Alimlərin 14 yaşından 19 yaşına qədər yeniyetmələrə ünvanladığı «Çılpaq şəkillər göndərirsinizmi?», «Kimdənsə xahiş edirsinizmi?», «Özünüz belə fotolar alırsınızmı?» və «Bu, sizi nə qədər narahat edir?» sualları onların maraqlarını üzə çıxarıb. Şagirdlərin demək olar ki, yarısı çılpaq fotolar istədiklərini etiraf edib. Bu fakt isə ortaya əlavə suallar çıxarıb: bu fotolar onların qız və ya oğlan dostlarınındırmı? Ancaq yeniyetmələr bunu etiraf etmək istəməyiblər.

Alimlər narahatlıqla bildirirlər ki, pornofotolara meyillilik yeniyetmə qız və oğlanların davranışında mənfi hallara gətirib çıxarır. Onlar buna daha çox yeni sosial bəla kimi yanaşırlar. Bəzi psixoloqlar isə bunu «16 yaşından aşağı uşaqların baxması qadağandır» elanı verilən filmlərə olan maraqla eyniləşdirirlər. «Bu gün internet və mobil telefonlar var. Onlar istədikləri filmə internetdə də baxa bilirlər. Şəbəkədə çoxlu çılpaq fotolar, kliplər yerləşdirilib. Yeniyetməlik dövrü üçün bunun elə də təhlükəsi yoxdur”.
Psixoloq Dəyanət Rzayev də hesab edir ki, məktəbyaşlı uşaqlar və yeniyetmələr mobil telefonlardan və smartfonlardan daha çox müxtəlif şəkillər yaymaqdan ötrü istifadə edirlər: “Telefonlarla müxtəlif şəkillərin yayılması smartfonların icad olunmadığı vaxtlarda da olub. Onda yeniyetmələr bluetooth-la bir-birlərinə porno şəkillər göndərirdilər. 20 yaşdan aşağı uşaqlar bu cür şəkillərə aludə olurlar». Psixoloq hesab edir ki, gənclər arasında pornoqrafik şəkillərin yayılması daxili boşluğun nəticəsidir: «Təbii ki, hər insan bu işlə məşğul olmur. Bunu edənlər fotoları kiməsə yollayır, reaksiyaları öyrənirlər. Onlar şəkilləri xüsusən öz tanışlarına, dostlarına - tanış qızlar oğlan dostlarına və ya oğlanlar qız dostlarına yollaya bilərlər».

D.Rzayevin fikrincə, hələ ki bu, kütləvi bir hala çevrilməyib. Bununla belə, psixoloq pornoqrafik şəkillərin gənclərin mobil telefonlarında yer almasını müsbət hal hesab etmir: «Bunun mənfi tərəfləri çoxdur. İnsanlar pornoları və elə filmləri çox izlədikcə, onlarda əks cinsə qarşı adiləşmə prosesi gedir. Onda insanların bir-birinə də maraqlı reaksiyası olmur. Çünki insanda qapalı saxlanan məqamlar olmalıdır. Yoxsa gələcəkdə cinslər bir-biri üçün o qədər də maraq kəsb etməyə bilər. Ona görə də elə şeylər var ki, gizlədilməlidir».

Təranə Məhərrəmova