AZE | RUS | ENG |


Sloveniyada yazılan tarixin daha bir iştirakçısı - Portret

Sloveniyada yazılan tarixin daha bir iştirakçısı - Portret
Onu ağır mübarizə gözləyir

Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında Avropa çempionatında çıxış edən cüdo yığmamız uğurlu çıxışı ilə diqqət çəkdi. Cüdo millimiz ilk dəfə komanda yarışlarında qitə çempionu oldu. Bundan əlavə, gənc cüdoçularımız Mariborda baş tutan Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu ki, bu da, yüksək nəticədir. Ötən yazıda turniri qızıl medalla başa vurmuş Kəramət Hüseynovun uğura gedən yolundan bəhs etmişdik. Bu dəfə isə gənc cüdoçularımıza olan marağı nəzərə alaraq, Sloveniyadakı qitə birinciliyində tarix yazmış daha bir perspektivli idmançımızı tanıdacağıq. Söhbət, qitə birinciliyini gümüş medalla başa vurmuş Murad Fətiyevdən gedir. 
 
 
 
Atanın yolu ilə 
  
Murad Fətiyev 1999-cu il, fevralın 4-də İmişli rayonunda dünyaya gəlib. Qısa müddət sonra isə onun ailəsi Bakıya köçüb. Muradın idmanla tanışlığı çox erkən olub. Onun bu idman növünə gəlməsi üçün xüsusi bir səbəbə ehtiyacı olmayıb. Muradın atası vaxtilə peşəkar cüdoçu olub. O, oğlunun da özünün yolu ilə getməsini arzulayırdı. Murad cüdo ilə tanış olanda, çox kiçik olub. Belə ki, atası onu cəmi 4 yaşında bu idman növünə yazdırır. Yəni kiçik Murad məktəbdə qələm tutmağı öyrənmədən, cüdonun sirlərinə yiyələnməyə başlayıb. Ata Fətiyev oğlunu inandığı, məşqçilik bacarığına güvəndiyi birinə - keçmiş müəllimi Tərlan Həsənova həvalə edir.

Bir neçə il ancaq bu idman növünün sirlərinə yiyələnməklə məşğul olan Murad, daha sonra yarışlara da qatılmağa başlayır. Nəticə isə özünü çox gözlətmir. O, 10 yaşında Bakı, cəmi 1 il sonra isə ölkə çempionu olur. Muradın ölkədaxili uğurları davamlı olur. Daha sonra yeniyetmə və gənclər arasında Bakı və Azərbaycan çempionluğunu qazanır. 

O, əvvəllər cüdo ilə həvəskar kimi məşğul olurdu. Lakin yaşa dolduqca, bu idman növündə uğur qazana biləcəyini dərk edir. 14 yaşından sonra isə onda cüdoda ciddi uğurlar qazana biləcəyinə inam yaranır: "Əsas həvəs 12-13 yaşımdan başladı. Əvvəl uşaq idim, elə də dərk eləmirdim. 14 yaşımdan sonra isə bu sahədə uğurlar qazanacağıma inanmağa başladım”. 
 
 

İlk beynəlxalq uğurlar
 
Ancaq Murad beynəlxalq arenalardakı uğurları bir qədər gözləməli olur. Belə ki, onun ilk beynəlxalq uğuru ötən ilə təsadüf edir. İspaniyanın Fuenxirola şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda iştirak edən Fətiyev, turniri bürünc medalla başa vurur. O, bu il Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa kuboku yarışında da həmin nəticəni təkrarlayır, Çexiyanın paytaxtından da "bürünc”lə qayıdır. Beynəlxalq arenalarda qazandığı medallar daha böyük uğurun astanasında olmasından xəbər verirdi. Nəticə eyni idi. Fərq isə ondan ibarət idi ki, bir il öncəki turnirdə 66 kq çəkidə yarışan Murad, bu il 73 kq çəki dərəcəsində mübarizə aparırdı. Burda isə onu ən perspektivli cüdoçulardan hesab edilən Hidayət Heydərovla gərgin mübarizə gözləyirdi.
 
Mariborda yazılan tarixin iştirakçısı
 
Cüdo yığmamız Sloveniyanın Maribor şəhərinə yollananda, həmişə olduğu kimi, bu komandadan da uğur gözlənilirdi. Lakin çox az insan uğurun bu qədər böyük olacağını gözləyirdi. Yığmamız qitə birinciliyini 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurmaqla yanaşı, komanda hesabında birinci olmağı da bacardı. Bu isə ölkə cüdo tarixində ilk idi. Ölkəmizə medal qazandıran cüdoçularımız arasında Murad da var idi. O, 73 kq çəki dərəcəsində növbə ilə portuqaliyalı və almaniyalı rəqiblərini mübarizədən kənarlaşdırdı. 1/4 finalda isə onun rəqibi Ukraynanı təmsil edən erməni idmançı oldu. Bu rəqibini də üstələyən Fətiyev yarımfinala vəsiqə qazanır. Addım-addım medala doğru irəliləyən perspektivli cüdoçumuz yarımfinalda israilli rəqibini mübarizədən kənarlaşdırır. Həlledici döyüşdə isə onun rəqibi komanda yoldaşı Hidayət Heydərov olur. Yalnız komanda yoldaşına uduzan Murad, qitə birinciliyini gümüş medalla başa vurur. Bu, onun karyerasında hələ ki, ən yüksək nəticədir.
 
 

73 kq-ın ağırlığı
 
Ancaq cəmi 18 yaşı olan Fətiyevin gələcək uğurları hələ irəlidədir. Belə deməyə onun son yarışlardakı çıxışı, yüksələn qrafiklə davam edən nəticələri əsas verir. Lakin uğurlara gedən yolda onu tatami üzərindəki rəqiblərindən öncə, komanda yoldaşları ilə millidəki əsas yer uğrunda mübarizə gözləyir. Murad hazırda 73 kq çəki dərəcəsində mübarizə aparır. Hansı ki, bu çəkidə onu qitə birinciliyinin finalında məğlub etmiş və ölkənin ən perspektivli gənclərindən sayılan Hidayət Heydərov çıxış edir. Əsas komandada isə bu çəki dərəcəsində Rio olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov mübarizə aparır. Ümumiyyətlə, bu çəki dərəcəsinin Azərbaycan cüdosu üçün böyük mənası var. Elə təkcə, ilk və hələ ki, yeganə olan olimpiada qızılımızın bu çəkidə qazanıldığını demək kifayətdə. Elnur Məmmədli 2008-ci ildə keçirilən Pekin olimpiadasında məhz 73 kq çəki dərəcəsində olimpiya "qızıl”ını boynundan asmışdı. 
Lakin Fətiyev Heydərov və ya Orucovla mübarizə aparmağa məcbur olmaya da bilər. Belə ki, hazırda cəmi 18 yaşı olan perspektivli idmançının gələcəkdə daha yüksək çəki dərəcəsində mübarizə aparmaq şansı da var. O, "hələ yaşım azdı, çəkimin artması ehtimalı da var” deyir. Ancaq bu ehtimal olmasa belə, o, yığmadakı yer uğrunda mübarizə aparmaqdan da çəkinmir.  
 
 
          
Ancaq cüdoya köklənmiş gənc
 
Bir çox gənc məşğul olduğu idman növünə nə qədər bağlı olsa da, idmandan kənarda fikrini yayındırmağa, başqa sahələrə də maraq göstərməyə çalışır. Ancaq Muradda tam fərqlidir. O, cüdoya tam bağlıdır. Özünün sözlərinə görə, demək olar bütün asudə vaxtını da bu idman növü ilə məşğul olmaqla, bu qəbildən olan yarışları izləməklə keçirir. Digər idman növlərindən isə futbol, basketbolla maraqlanır. Bu oyunları həm izləməyi, həm də oynamağı xoşlayır. Onun futbolda sevimli klubu isə "Çelsi”dir. 
Hər bir uşaqda olduğu kimi, onun da kiçik yaşlarından kumiri olub. Murad uşaq vaxtından fransalı cüdoçu Teddi Rinerin pərəstişkarıdır. Elə indi də 9 qat dünya və 2 qat olimpiya çempionu olmuş bu idmançını özü üçün kumir hesab edir. Ölkə daxilində isə son olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovu daha çox bəyənir.     
   
Hədəf: 2020
 
Murad hazırda yaxın tarixlərdə keçiriləcək yarışlara köklənib. Lakin hər bir idmançıda olduğu kimi, onun da əsas bir hədəfi var - olimpiya çempionluğu: "Əsad hədəflərim qarşıdakı yarışlarda yaxşı çıxış etmək, qızıl medal qazanmaqdı. Bir ay sonra gənclər arasında dünya çempionatı olacaq. Həm orda, həm də gələn il ölkəmizdə keçiriləcək dünya çempionatında uğur qazanmaq istəyirəm. Əsas hədəfim isə 2020-ci ildə keçiriləcək olimpiadada qızıl medal qazanmaqdı”.
 
 

Asan qazanılmayan uğur
 
Uğura gedən yol heç də asan başa gəlmir. Bu uğurlara ağır məşqlər, bəzən də bezdirici zədələr hesabına nail olunur. Ancaq gərgin məşqlərin bəhrəsi tatami üzərində görülür. Murad da bu fikirdədir: "Məşqlər çox çətin olur. Burda dözümlülük lazımdır. Yarışlar nisbətən asan olur. Əsas əziyyəti məşqlərdə görürsən. Bu Avropa çempionatına da yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz Elçin İsmayılov bizi yaxşı hazırlaşdırmışdı. Hazırlığın bəhrəsini isə tatami üzərində gördük. Orda tarix yazdıq. Sevinirəm ki, bu tarix yazan heyətdə mən də oldum”.
 
Portret

Murad hələ çox gəncdir. Gənc olmasına baxmayaraq, artıq uğurları ilə diqqət çəkməyi bacarıb. Onun əsas yarışları, uğurları hələ irəlidədir. Özünə, potensialına güvənən Fətiyevin əsas xüsusiyyəti də məhz inamdır. Ən əsası isə böyük uğurların məşqlərdə tökülən tər hesabına qazanıldığına inanır. İnam və ağır məşqlər olan yerdə isə uğur özünü çox gözlətməməlidir.
 
Elnur
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001