• cümə, 29 Mart, 09:31
  • Baku Bakı 5°C

Slovak uşaqların gözünü çexlərdən çəkən oğlan – Portret

23.05.16 10:17 1779
Slovak uşaqların gözünü çexlərdən çəkən oğlan – Portret
Futbol üzrə Avropa çempionatının startına təxminən 3 həftə qalır. Bunu nəzərə alaraq, biz də oxuculara Avropa çempionatında iştirak edəcək komandalar və lider futbolçular barədə məlumat veririk. Bu dəfə Slovakiya yığmasının lideri Marek Hamşikdən söhbət açacağıq.

Çexiyanın kölgəsində
Çexoslovakiya dağıldıqdan sonra bu ölkənin futbol millisinin qazandığı uğurlar Çexiyaya şamil edilməyə başladı. Bu, hər nə qədər sosialist ölkəsinin digər parçası olan Slovakiyanın etirazı ilə qarşılansa da, hələ də, Çexoslovakiya yığması deyiləndə, məhz indiki Çexiya millisi yada düşür. İnsafən, bu ölkələr ayrıldıqdan sonra Çexiyanın futboldakı uğurları keçmiş müttəfiqindən bir xeyli artıqdır. Çexoslovakiya dağıldıqdan sonra çexlər bir dəfə Avropa çempionatının finalına (1996), bir dəfə isə yarımfinalına kimi (2004) irəliləməyi bacarıblar. Slovakiya Avropada ortabab imici qazanıb. Slovaklar hətta DÇ-2010-a kimi böyük turnirlərə belə qatıla bilməmişdi.
Çexlərin dünya futboluna daha çox ulduz qazandırması da slovakları qonşusunun kölgəsində qoyan amillərdən idi. Belə ki, Çexiya ötən əsrin 90-cı illərindən etibarən dünya futboluna Pavel Nedved, Tomaş Rositski, Petr Çex, Yan Koller, Milan Baroş kimi ulduzlar qazandırsa da, slovaklar bu cəhətdən "böyük qardaş"ından geridə qalırdı.
Ancaq son illər vəziyyət nisbətən dəyişməkdədir. DÇ-2010-da ilk dəfə böyük turnirlərdə iştirak edən Slovakiya millisi bu il Avropa çempionatının final mərhələsində də çıxış edəcək. Artıq slovakların da Avropada özünü göstərən ulduz futbolçusu var. Son illərdə İtaliya nəhənglərindən olan "Napoli"nin əvəzedilməz üzvünə çevrilən Marek Hamşik qarşıdakı qitə birinciliyində Slovakiyanın əsas "silah"larından biridir.

Oğlunun transferi üçün maşınını satan ata
Marek Hamşik 1987-ci il, iyul ayının 27-də Çexoslovakiyanın Banska-Bıstritsa şəhərində (hazırda Slovakiya ərazisidir) dünyaya gəlib. O, dünyaya gələrkən valideynləri çox gənc olub. Belə ki, Marek dünyaya göz açarkən, onun atası Rixard və anası Renatanın cəmi 18 yaşı olub. Marek özünü tanımağa başlayandan futbolla məşğul olmağa başlayıb. Düzü, bunda təəccüblü heç nə yoxdur. Belə ki, Marekin həm atası, həm də anası idmançı olub. Özü də, elə-belə yox, peşəkar idmançı. Marekin atası Rixard futbolçu olub. O, Çexoslovakiyanın "Dukla" komandasında top qovub. Renata isə peşəkar həndbolçu olub. Marekin anası Çexoslovakiya millisinin də şərəfini qoruyurdu. Hər iki valideyninin peşəkar idmançı olması, Marekin gələcəkdə futbolla məşğul olmasına təsir edən amillərdən olub. Ailədə də hamı onun gələcəkdə idmançı olmasını istəyirdi. Hətta Marek yeni doğulanda babası ona hədiyyə olaraq buts alıbmış.
Balaca Marek cəmi 4 yaşında olanda atası onu yerli "Yupi Podlavitse" futbol komandasına yazdırır. Onun inkişafı çox sürətlə gedirdi. Marek 5 yaşında olarkən qatıldığı turnirdə ən yaxşı oyunçu seçilir. Baxmayaraq ki, o, bu turnirdə özündən yaşca böyüklərə qarşı çıxış edirdi.
1997-ci ildə Marek komandasının heyətində Almaniyada təşkil edilən turnirə qatılır. Hamşik bu turnirdə bombardir olur.
O, keçirdiyi bütün oyunlarda yüksək məhsuldarlıq nümayiş etdirirdi. 1998/99 mövsümündə 11 yaşlı Marek meydana çıxdığı 38 oyunda 111 (!) qola imza atmışdı. Çox keçmir ki, Marekin istedadı böyük klubların diqqətini çəkir. Çexiyanın köklü klublarından Praqa "Sparta"sı onu heyətinə cəlb etməkdə maraqlı idi. Çexlər hər şeyə hazır idi, qalırdı Marekin valideynlərindən birinin Praqada çalışmağa razılıq verməsi. Ancaq Rixardla Renatadan heç biri vətəni tərk etmək istəmirlər. Beləliklə, "Sparta"ya keçid alınmır. Ancaq Marekin istedadı "Yupi Podlavitse"ni üstələyirdi.
O, 2002-ci ildə bu komandanı tərk edir. Slovakiyanın ən köklü klublarından "Slovan" (Bratislava) gənc Hamşikə "elçi düşür". Ancaq "Yupi Podlavitse" Mareki buraxmaq istəmirdi. Əsas işi futbolçu yetişdirmək olan komanda Hamşikdən maksimum qazanmağı planlaşdırırdı. Onlar Marekin keçidi üçün "Slovan"dan 125 min Slovakiya kronu tələb edirdilər. "Slovan" Hamşikin keçidində maraqlı olsa da, klubda ciddi maliyyə çətinliyi olduğundan, bu məbləği ödəmək istəmirdi. Nəticədə, Marekin atası Rixard özü bu məbləği kluba ödəmək qərarına gəlir. O, bunun üçün "Şkoda" markalı avtomobilini satmaqla yanaşı, dostlarından borc da alır. Beləliklə, Hamşik 2002-ci ilin 6 avqustunda "Slovan"ın futbolçusu olur.
Bratislavadakı ilk günlər Marek üçün çətin olur. Yad şəhər, yeni komanda və ailəsinin yanında olmaması Hamşik üçün çətin olsa da, o, bu çətinliyə dözə bilir. Çox çəkmir ki, Marek Slovakiyanın U-17 millisinə dəvət alır. 2004-cü ilin 24 iyulunda isə Hamşik "Slovan"ın heyətində Slovakiya 2-ci liqasında (o vaxt "Slovan" bu liqada mübarizə aparırdı) peşəkar futbolda ilk addımını atır.
2004-cü ildə isə o, İtaliyanın "Breşiya" klubunun diqqətini cəlb edir. Əslində italyanlar hələ 2003-cü ildən Marekin "izinə düşmüşdü". 2004-cü ildə Marek 60 min avro qarşılığında "Breşiya"ya transfer olunur. O, 2005-ci il, martın 20-də "Kyevo"ya qarşı oyunda A seriyasında debüt edir. Marek A seriyasında debüt edərkən 18 yaşı belə tamam olmamışdı. Ancaq bu, Marekin "Breşiya"nın heyətində A seriyasında keçirdiyi son matç olur. Elə həmin mövsüm "Breşiya" B seriyasına düşür. Marek 2 il B seriyasında çıxış edir. Klub aşağı liqaya düşdükdən sonra Hamşik komandanın əsas üzvlərindən birinə çevrilir. O, B seriyasındakı ilk mövsümündə 24, ikinci mövsümündə isə 40 oyunda meydana çıxır.

Avropa nəhənglərinin diqqət mərkəzində

Cəmi 20 yaşı olan futbolçunun yüksək səviyyəli oyunu Avropanın nəhəng klublarının diqqətindən yayınmır. "Liverpul", "Çelsi", "Mançester Yunayted" kimi Premyer Liqa klublarıyla yanaşı, Ukrayna "Şaxtyor"u və Rusiya ÇSKA-sının skautları da tez-tez "Breşiya"nın oyunlarına gələrək, Hamşiki izləyirdilər. Nəhayət, 2007-ci ilin yayında Marekin yeni klubu bəlli olur. O, yenə İtaliyada qalmağa qərar verir. Yeni komandası isə A seriyasının iddialı klublarından "Napoli" olur. Neapol təmsilçisi onun keçidi üçün 5,5 milyon avrosundan keçir. 2007-ci ildə klubla futbolçu arasında 5 illik müqavilə imzalanır. Ancaq Hamşik "Napoli"də özünü elə doğruldur ki, onunla müqavilə müddəti təkrar uzadılır. Marekin Neapol klubuyla hazırkı müqavilə müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulub. Hamşikin klubdakı nüfuzu barədə danışdıqda isə onun komandanın kapitanı olduğunu demək kifayətdir. Marek artıq 9 ildir çıxış etdiyi klubda özünü azarkeşlərə də sevdirib. Hazırda neapollu çılğın azarkeşlər Hamşiksiz "Napoli"ni təsəvvür belə etmirlər. Marek "Napoli"də keçidiyi 9 il ərzində 403 oyunda meydana çıxaraq, 98 qola imza atıb. O, Neapol klubunun heyətində A seriyasını qazana bilməsə də, iki dəfə İtaliya kubokuna (2011/12, 2013/14), bir dəfə isə ölkə superkubokuna (2014) yiyələnib.
Bundan əlavə, Hamşik bir dəfə A seriyasının ən yaxşı gənc futbolçusu (2008), 5 dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilib (2009, 2010, 2013, 2014, 2015), 1 dəfə A seriyasında (2010/11), 1 dəfə isə Avropa Liqasında (2014/15) mövsümün simvolik komandasına düşüb.

İtaliyada da onu unutmadı

Marek Martina Franovayla evlidi. Cütlüyün Kristian və Lukas adlı iki oğlu var. Martina ilə Marekin tanışlığı isə çox illər öncəyə təsadüf edir. Belə ki, Martina Marekin kiçik bacısı Mixaela ilə birgə həndbol komandasında çıxış edirdi. Cütlük ilk dəfə tanış olanda Martinanın 13, Marekin isə 15 yaşı var idi. Marek İtaliyaya yollandıqdan sonra bir müddət Martinayla görüşməsə də, sonradan onlar yenidən bir araya gəlirlər.
Kozakın əsas "silahı"
Hamşik hələ "Slovan"da çıxış edərkən, Slovakiya millisinə dəvət alırdı. 2007-ci ildə isə Polşaya qarşı yoxlama oyununda əsas millidə debüt edir. Çox çəkmir ki, o, millinin əsas heyət üzvünə çevrilir. Hamşik yığmanın tarixi uğurunda - DÇ-2010-a vəsiqə qazanmasında yaxından iştirak edir. O, CAR-dakı final mərhələsində də millinin bütün oyunlarında iştirak edir. Həmin turnirdə Slovakiya millisi Paraqvay, İtaliya və Yeni Zelandiya ilə mübarizədə qrupu 2-ci pillədə başa vuraraq, 1/8 finala vəsiqə qazanır. Burda isə turnirin gələcək finalçısı Hollandiyaya məğlub olaraq (1:2) mübarizəni dayandırır. Slovakiya millisinin DÇ-2010-dakı çıxışı yüksək qiymətləndirilir. Xüsusilə slovakların qrupda son dünya çempionu İtaliyanı məğlub etməsi (3:2) bu ölkənin futbol tarixinə qızıl hərflərlə yazılır. Şübhəsiz, bu uğurlarda millinin mundialdakı bütün oyunlarında iştirak edən Marekin xüsusi rolu var idi.
Slovakiya millisi AÇ-2012 və DÇ-2014-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra yenidən böyük turnirə - AÇ-2016-ya vəsiqə qazandı. Hamşik Fransada təşkil ediləcək qitə birinciliyində Slovakiya millisinin baş məşqçisi Yan Kozakın əsas "silah"larından biri hesab edilir. Kozakın Rusiya, İngiltərə və Uelslə qrup oyunlarında Hamşikin təcrübəsinə ehtiyacı var. Millidə ikinci kapitan olan Marek, Slovakiyaya növbəti tarixi zəfəri yaşatmaq üçün komandanı arxasınca aparmalıdır.
Hamşikin uşaq vaxtı kumiri Çexiya futbolunun əfsanəsi Pavel Nedved idi. Marekin hansısa slovakiyalı futbolçuya yox, məhz qonşu Çexiyanın futbolçusuna pərəstiş etməsinə səbəb yerli futbolçuların Avropanın top-komandalarında liderə çevrilə bilməməsi idi. Ancaq Hamşik bu gedişi dəyişməyi bacarıb. Artıq Slovakiyada futbolun sirlərinə yiyələnən bir çox azyaşlının kumiri hansısa çex futbolçu yox, məhz slovak Marek Hamşikdir.



banner

Oxşar Xəbərlər