SKSP rezidenti – “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib
Nazirlər Kabinetinin 2017-ci ilin
I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında
yaradılmaqda olan "SOCAR Polymer” Zavodunun istehsal edəcəyi hazır məhsullarla
tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat
Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının
rezidenti – "SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir
keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı,
50-dən çox sahibkar iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,
dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli
və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması
ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi
fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində
yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb,
ixrac potensialı yüksəlib.Biznes
və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın artırılması,
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı həyata keçirilən islahatlar
barədə məlumat verən nazir Şahin Mustafayev investisiya təşviqi mexanizminin
yaradılması nəticəsində qısa müddətdə 130 layihəyə investisiya təşviqi sənədinin
verildiyini qeyd edib. Bu layihələrin 62%-i sənaye sahəsinə
aiddir və onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,25 milyard
manatdan çox investisiya qoyulacaq və 8 mindən çox yeni iş yeri açılacaq.
Nazir Şahin Mustafayev qeyd edib ki, dövlət
başçısının müvafiq Fərman və Sərəncamları ilə yaradılmış Sumqayıt Kimya,
Balaxanı, Qaradağ sənaye parkları artıq fəaliyyət göstərir və bu parklara
rezidentlər cəlb olunaraq onların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur
və güzəştli rejim yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkı ərazisinin
genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun
çeşidi və həcminə görə ən böyük sənaye parkıdır. Parkın artıq 10 rezidenti var. Sənaye Parkında rezidentlər
tərəfindən bu il 5, gələn il isə 2 müəssisisə istifadəyə veriləcək və bu müəssisələr
idxalı əvəz edən və ixracyönümlü məhsullar istehsal edəcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye
parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə
yaxın iş yerinin açılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihələrindən
biri olan "SOCAR Polymer"in icra vəziyyətinin daima
ölkə başçısının nəzarətində olduğunu qeyd edən nazir "SOCAR Polimer” layihəsinin
ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, "SOCAR Polymer” MMC-nin istehsalı
olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli
müəssisələrin, kiçik və orta sahibkarlığın xammala olan tələbatını ödəyəcək və
onların inkişafına stimul verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda
məhsul ölkə daxilində istehsal ediləcək. Qeyd
olunub ki, dövlət başçısının tapşırığına əsasən, bu müəssisənin istehsal edəcəyi
məhsullardan istifadə etməklə yeni zavod və fabriklərin, istehsal sahələrinin
yaradılması məqsədilə sahibkarlar arasında geniş təbliğat işləri aparılmalı, iş
adamları "SOCAR
Polymer”in məhsulları ilə tanış edilməlidir.
SOCAR-ın
prezidenti Rövnəq Abdullayev "SOCAR
Polymer” layihəsinin əhəmiyyəti barədə məlumat verərək, müəssisənin ölkədə digər
sənaye sahələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Layihənin Azərbaycanda
sahibkarlığın inkişafına töhfə olduğunu, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin
layihəyə cəlb edildiyini diqqətə çatdıran SOCAR prezidenti burada istehsal
olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının yerli şirkətlər
tərəfindən ölkəmizdə son istehlak malları istehsal edilməsinə yaradacağı
imkanlardan bəhs edib. Qeyd olunub ki, zavod istismara verildikdən sonra
qeyri-neft sənayesinin ən iri və aparıcı müəssisələrindən olacaqdır. "SOCAR Polymer”in istehsal edəcəyi
məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli
rol oynayacaq, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcəkdir.
"Azərkimya”
İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qurumun fəaliyyəti
və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
"Sumqayıt
Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov parkda yaradılan şərait,
sahibkarların səmərəli fəaliyyəti üçün qurulan infrastruktur, tətbiq olunan güzəştlər
və rezidentlər haqqında danışıb.
"SOCAR
Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib ki, müəssisədə istehsal ediləcək
məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması
planlaşdırılır. Şirkətin 2018-ci ilin əvvəlinə illik istehsal gücü 180 min ton
polipropilen olan və ildə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal etmək
gücündə olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Bu məhsullar
üçün xammal olaraq "Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və
etilendən istifadə olunacaqdır. Qeyd olunub ki, hazırda zavodun tikintisində 1500-ə
yaxın işçi çalışır. Müəssisə fəaliyyətə başladıqdan sonra isə 300 nəfər daimi
işlə təmin olunacaqdır.
Tədbirdə sahibkarlarla "SOCAR Polymer”in istehsal
edəcəyi məhsullardan istifadə imkanlarına dair müzakirələr aparılıb, onların
sualları cavablandırılıb.
Tədbirdə
həmçinin, Sumqayıt Kimya Sənaye Parkının yeni 10-cu rezidenti "STDC” MMC-yə qeydiyyat şəhadətnaməsi
təqdim edilib.