• cümə axşamı, 28 mart, 22:11
  • Baku Bakı 13°C

Skripkası bəzəyi olan aktrisa - Sənət

01.03.19 12:30 3808
Skripkası bəzəyi olan aktrisa - Sənət
O, 1994-cü ildə Bakıda anadan olub. Uşaqlıqdan balet, rəssamlıq, moda, rəqslə məşğuldur. 5 yaşından skripka ifaçılığı ilə məşğul olmağa başlayıb və 12 yaşında Hüseyn Cavidin həyatından bəhs edən "Cavid Ömrü” filmində sənətkarın qızı Turan xanım obrazına çəkilib. O gündən həyatı dəyişib. Söhbət hazırda ATV telekanalında yayımlanan "O gecə” serialının baş qəhrəmanı - Baharı canlandıran Dəniz Tacəddindən gedir.

Gənc aktrisa redaksiyamızın qonağı oldu. Zərif, incə bir xanım və çiynində böyük skripka. Çiynində daşıdığı bu skripka sanki onun bir bəzək əşyasıdır. O, bu skripka çantasını sevərək daşıyır. Deyir ki, bu alət heç də ona əlavə yük deyil.
- 12 yaş. Hüseyn Cavidin qızı Turan və ilk dəfə aktrisalıq etmək. Yəqin ki, qarışıq duyğulardır.
- Sevinirəm ki, debüt filmim məhz belə dəyərli bir obrazla başladı. 12 yaşım vardı və bu obraza çox həvəslə hazırlaşırdım, öz üzərimdə işləyirdim. Əslində bu obraza başqa aktrisa təsdiqlənmişdi. Rejissor məni gördükdən sonra fikrini dəyişdi və bütün diqqəti üzərimə cəmlədi.

- Peşəkar skripkaçı olmağa doğru addımlayarkən sizi birdən-birə belə ani qərar verməyə nə vadar etdi?
- Skripka ifaçısı idim və həyat elə gətirdi ki, aktrisalıq sənətinə gedən qapılarımın açıq olduğunu gördüm. İncəsənət Universitetini bitirməsəm belə, bu sənətin peşəkarlarından ustad dərsləri almışdım. Onlardan bu sənətin sirlərini öyrənmişəm. Açığı, aktrisa olduğum üçün heç də peşman deyiləm.
- Musiqi deyib yola çıxdığınız bir dönəmdə aktrisa oldunuz. Musiqiçini aktrisaya çevirən yol yəqin ki, asan olmadı.
- Oynadığım filmlərdə, seriallarda musiqidən də istifadə edirəm. Təbii ki, bir aktrisa olaraq, bu mənim üstünlüyümdür. Ötən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkil etdiyi, İsmayil İmanın müəllifi olduğu 5 pərdəli interaktiv tamaşada rol aldım. Rejissorumuz Tərlan Rəsulov idi. O tamaşada aktrisalıqla yanaşı, skripkadan da istifadə edirəm. Mən orada həyat yoldaşı tərəfindən döyülən, ailəsi tərəfindən zorla ərə verilən, fiziki təcavüzlərə məruz qalmış bir qız obrazını canlandırıram.
- Rusiya istehsalı olan bədii film "Kuxnya. Poslednyaya bitva”-da maraqlı obrazınız var. Bu filmin səsini Avropa ölkələrindən eşidik.
- Bu layihə iştirak etdiyim ən uğurlu filmlərdən oldu. Filmdə Rusiyanın tanınmış sənət adamları ilə birlikdə rol almışdım. Bu mənə çox uğur gətirdi. Burada Roza adlı bir qızı canlandırıram. Onlar məni Moskvaya dəvət etdilər, kastinqdən keçdim və bu obraza təsdiqləndim. Çəkilişlər Sankt-Peterburqda və Moskvada gerçəkləşdi.
Xarici filmlərdə oynadığım üçün özümü şanslı hesab edirəm. Bu işdə 2013-cü ildən etibarən Azərbaycanda ilk aktyor agentliyi olan "Actors Agency” mənə çox kömək edir. Onlarla əməkdaşlıq edirəm. İştirak etdiyim bütün layihələrlə bağlı menecerim Səbuhi Məmmədov məşğul olur. Ümumiyyətlə dünya film sektorunda aktyorlar onların işlərini görən agentliklərlə çalışırlar. Burada həm aktyorun hüquqları qorunur, həm də aktyor sırf öz işinə, yəni yaradıcılığına yönəlir, maddi və hüquqi məsələlərin içərisində boğulmur. Aktyorun bu işlərini meneceri həll edir.
- Çəkildiyiniz serialları və filmləri sizə məhz meneceriniz tapır?
- Onların arasında Səbuhinin tapdıqları da var, mənə olunan təklifləri ona yönləndirdiklərim də. Çünki mənim onlardan kənarda işləməyə icazəm yoxdur, onlarla müqaviləmiz var.
- "Eliza” filmi də sizin üçün uğurlu layihələrdən oldu.
- Elədir. Bu film 2015-ci ildə "Debüt” kinostudiyası tərəfindən çəkilib. Burada baş rolu canlandırıram. Film ötən il Amerikanın Nyu-York şəhərində hər il keçirilən "Bronx World Cinema” festivalına dəvət aldı. Sevindirici haldır ki, həm filmin rejissoru Məzahir Haşımov, həm də aktyor işi münsiflər heyəti tərəfindən qiymətləndirildi.Həmin filmin bu qədər uğur gətirəcəyinə inamımız yox idi. "Eliza” filmi gözləntilərimizi aşdı. Sankt-Peterburqda keçirilən "Müqəddəs Anna” və bir çox festivallarda yer tutdu. Bu film ailə-məişət mövzusunda idi. Ana-atası olmayan bir qızı canlandırırdım. Bu qız hamıya qarşı çıxırdı. Komik bir film idi. Hazırda həmin filmin rejissoru Məzahir Haşımovla yeni bir layihə işləyirik. Belə ki, Cəfər Cabbarlı film studiyası tərəfindən istehsal olunan "Sizə məktub var” filmində baş rolu – Səidəni canlandıracam.
- Qeyd etdiniz ki, bir çox ustad dərslərində iştirak etmisiniz. Bu dərslər aktrisa olaraq sizə nə qazandırıb?
- Əlbəttə ki, bu dərslər mənə təcrübə qazandırır, eyni zamanda biliklərimi dərinləşdirir. Hər bir aktrisa özünü inkişaf etdirməlidir, dillər öyrənməli, fəlsəfəni, psixologiyanı yaxşı bilməlidir. İnsan bunu nəyəsə görə deyil, özü üçün etməlidir. İlk olaraq klassik aktyor məktəbini öyrəndim. Burada Konstantin Stanislavski, Bertolt Brexd, Meyerxold sisteminə yaxından bələd oldum. Hazırda "Poliqon” adlı aktyor kursunda təhsil alıram. Bir ildir ki, daimi olaraq ora gedirəm.
- Balet, rəssamlıq, moda, rəqs - hansının içində bir parça Dəniz var?
- Yəqin ki, onların hamısı parça-parça toplanaraq aktrisa Dənizi tamamlayıb. Valideynlərim məni çoxşaxəli böyütməyə çalışıblar.
- Skripkanın həyatınızdakı rolu nədən ibarətdir?
- Hesab edirəm ki, hər bir insan musiqinin peşəkar ifaçısı olmasa belə, mütləq musiqi ilə məşğul olmalıdır. Bu, istər-istəməz insanın həyata yanaşmasını dəyişir, daxili zənginliyi artırır. Musiqiyə gedən və getməyən uşaqlar arasında fərqi hiss edirəm. Musiqi insanları mərhəmətli edir.

- Peşəkar skripka ifaçısı olan aktrisanın üstünlükləri nələrdir?
- Üstünlükləri çoxdur. Ən əsas odur ki, çəkildiyin rollar sənə görə yazılır. O rolu da özün canlandırırsan və musiqini özün ifa edirsən. Onun dadı bir başqadır.
- Təbiəti, dənizi sevirsinizmi?
- Əlbəttə sevirəm.
- Heç dənizlə söhbət etmisiniz?
- Mən o qədər də romantik biri deyiləm. Realist insanam. Ancaq dənizi sevirəm.
- Çox səmimi və mülayim bir xarakterə sahibsiniz. Aktrisa üçün bu qədər səmimiyyət nə dərəcədə düzgündür?
- Bu mövzu ilə bağlı düşünürəm. Nə qədər yaxşı aktrisa olursan-ol, ən birinci yaxşı insan olmalısan. Qarşındakı insan mədəni, adekvat, dünyagörüşlü biridirsə, nə üçün səmimi ünsiyyət qurmayasan? Mənim üçün hər şeydən əvvəl insanlıq dayanır. Aqressiya və qürrələnmək insanı deqradasiyaya uğradır. Bu zaman sən gözünün önünü görmürsən. Bu da sənin daxili inkişafını bir şəxsiyyət və mütəxəssis kimi ləngidir. Gərək özünü inkişaf etdirəsən, biliklərini artırasan, yüksək səviyyəyə qalxasan. Bunu özünü dartaraq etmək düzgün deyil. Bu, bütün sahələrdə çalışan insanlara aiddir.

Sevərək, ürəklə görülən iş bərəkətli olur və üstün şəkildə sənə geri dönür. Bəzən həmkarlarımdan "çox pul vermədilər deyə yaxşı işləmədim, ürəyimi qoymadım” kimi ifadələr eşidirəm. Əgər sən bu şərtlə razı deyilsənsə, o zaman təklifdən imtina et. Ancaq nəyisə mükəmməl etməməyi öz adına və imzana sığışdırmamalısan.
- "O gecə” serialında baş rolu canlandırdığınız Baharın yerində olsaydınız, necə addım atardınız?
- Baharın yerində olsaydım, çox şeyi dəyişərdim. Bahar təhsil almış, savadlı bir qızdır. Bu serial gender problemi üzərində qurulub və hazırda Azərbaycanda ən aktual mövzulardan biridir. Yəqin ki, mən bu qədər problemlərə dözməzdim. Bahar həmişə susur. Mən heç vaxt icazə verməzdim ki, kimsə mənim qürurumu əzsin. Bahar isə danışmır, haqqını tələb etmir.
- Seriallarda, filmlərdə davamlı olaraq baş qəhrəmanı canlandırmaq necə bir hissdir?
- Əlbəttə ki, gözəl hissdir, ancaq gözəl olduğu qədər də məsuliyyətlidir. Çalışıram ki, canlandırdığım obrazlarda ssenaridən əlavə, improvizələrim də olsun, öz xəttimi sevdirim. Səmimi oynayım ki, baxan insan da özünü orada görə bilsin.
- Çox zərif, incə bir xanımsınız. Bu ağır skripkanı özünüzlə necə daşıyır, ondan necə zövq alırsınız?
- Skripkanı sevirəm. Onu ifa edərkən ruhum rahatlaşır. İnsan adaptasiya olan bir məxluqdur. Çalışıram ki, ruhum zənginləşsin. Boş zamanlarımda musiqi ilə məşğul oluram. Mənə lazım olmayan informasiyalardan isə özümü təcrid edirəm.

- Təkcə informasiyadanmı?
- Elə insanlardan da. Mənim çox az sayda yaxın dostlarım var. Hamı ilə gözəl münasibətdəyəm, həmkarlarımın xətrini çox istəyirəm, ancaq həqiqətən mənə yaxın olan insanlar çox azdır. Hamı ilə yaxın olsam, mənim özümə enerjim çatmaz. Gərək ətrafında sənin düşüncəndə olan insanlar olsun ki, hədəfinə çatasan. Söhbət sənin ruh əkizindən, mənəvi cəhətdən sənə yaxın olan insandan gedir.
- İndi həyatınızdan kimlərisə çıxaran deyil, daha çox çevrə toplayan yaş dövründəsiniz.
- Əslində hamı ilə gözəl münasibətdəyəm. Ancaq bu o demək deyil ki, mən onları həyatıma yaxın buraxmalıyam. Mənə yaxın olan çox az insanlar var, o insanların yanında çox sərbəst və rahat oluram.
- Skripka və aktrisalıq arasında seçim etmək məcburiyyətində qalsanız, hansını seçərdiniz?
- Əlbəttə ki, aktrisalığı seçərdim.
- Niyə?
- Çünki aktrisalıq mənə daha yaxındır. Bunu maddi və yaxud da məşhurluq gətirməsi prizmasından qiymətləndirməyin. Mən bu işdə daha xoşbəxt oluram. Konfutsinin bir sözü var: "Sevdiyiniz işlə məşğul olun, o zaman bir gün də olsun iş gününüz olmayacaq”. Mən də öz işimdən həzz alıram. Ola bilər ki, çəkilişlər 10-20 saat çəksin, amma mən işimdən yorulmuram. İşə sevgi ilə yanaşanda, onun bəhrəsi də, nəticəsi də gözəl olur.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər