AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

SİZİ sevirik – TEATRI sevdiyiniz qədər

SİZİ sevirik – TEATRI sevdiyiniz qədər

16 Aprel 2020, 09:55 711
Bəlkə də bu sətirləri, nə siz, nə də səbəbkarın özü oxumayacaqdı. Əgər, ya zəlzələdən, ya vəlvələdən 2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmasaydım.
Məryəm xanımın dili ilə desək, "xoşbaxt” vaxtlarımız idi. ADMİU-nun Teatrşünaslıq ixtisasına qəbul olmuşduq və bir az ixtisas seçimimizin, bir az da qohum-qardaşın ixtisasımızla bağlı suallarının çaşqınlığı içərisində universitetə daban döyürdük.
Və məhz həmin günlərdə taleyin bizə hədiyyə etdiyi o qəribə adamla tanış olduq. Doğrudur, orta məktəbdə mənə ədəbiyyat dərsini tədris etmiş Şamama müəlliməm, Teatrşünaslıq ixtisasına qəbul olunduğumu eşidəndə, Məryəm Əlizadə haqqında bir xeyli danışmışdı (özü də bu ixtisası qiyabi oxuyubmuş). Televiziya ekranlarından da Məryəm xanımın bulaq kimi rəvan danışığını bir neçə dəfə eşitmişdim. Amma və lakin...
Amma və lakin bilmirdim ki, tale məni bu günə qədər tanıdığım ən maraqlı adamla görüşə hazırlayırmış. Elə birinci dərsdən Məryəm xanım təsəvvürümüzdə mövcud olan müəllim streotiplərini darmadağın elədi.
Çox gözəl, səlis və maraqlı nitqi ilə fikrimizi özünə cəlb etmişdi. Düzü, nə danışdığını xatırlamıram... Bircə onu xatırlayıram ki, teatr haqda danışırdı və çox gözəl danışırdı. Elə danışırdı ki, haqqında söz açdığı predmetə sevgisini hər sözündən, hər cümləsindən, intonasiyasından duyurdun.
Beləcə, teatr haqqında, teatr xadimləri barədə elə gözəl, sevgiylə söhbət edirdi ki, dünyanın ən gözəl xəstəliyinə - teatra necə yoluxduğumuzun fərqinə belə varmadıq. Odur-budur, Məryəm xanım bizim üçün müəllimdən çox dost oldu, yoldaş oldu, sirdaş oldu, valideyn oldu. Bu illər ərzində dalaşdıq da, barışdıq da, mübahisələrimiz də çox oldu, danladığı, incidiyi vaxtlar olsa da, qürurlandığı məqamlar da az olmadı. Bu illər ərzində dəyişməyən yeganə şey ona qarşı sevgimiz və hörmətimiz oldu.
Məryəm xanım, çox qəribə, ziddiyətli adamdır. Özü Vaqif müəllimin şəxsiyyətini və yaradıcılığını paradokslar müstəvisində araşdırmağa çalışmışdı zamanında. Elə Məryəm xanımın özü də təzadlarla doludur, paradokslardan ibarətdir. 
Mən onu "müdrik uşaq”, yaxud "sadəlövh böyük” adlandırardım. O, hərdən uşaq kimi sadəlövh, kövrək, cığal ola bilir, hərdən də dünyanın altından da-üstündən də xəbərdar olan müdrik adam. O, sadədir, səmimidir, ancaq eyni zamanda, həm də təəsəvvür edə bilməyəcəyiniz qədər mürəkkəb və uzaqgörəndir. Teatr prosesi, tamaşalar, sənətkarlar, hadisələr və onların nəticələri haqqında heyrətmiz dəqiq təyinlər verir (özü də bəzən bu təyinlər çox əyləncəli olur...) O, çoxmərtəbəli düşünür, hər şeyi ən incə detalına qədər araşdırır, dəfələrlə götür-qoy edir.
Çox incə duyuma, güclü intuisiyaya və mükəmməl zövqə malik Məryəm xanımın yazıları olduqca səmimidir. Çünki o gözəl anlayır ki, "başqası olmağın” dəbdə olduğu bir zamanda "özü olmaq” teatr üçün də, tənqid üçün də yeganə xilas yoludur.
Kitabları və məqalələri bir-birini tamamayır. Gündə bir kitab yazmaq onluq deyil – yarım əsrə yaxın elmi fəaliyyəti ərzində vur-tut 5 monoqrafiyası var. Halbuki, yazdıqları 50 kitaba da sığmazdı, bəlkə. Ancaq kitab məsələsində həm bir az "tənbəl”, həm də aşırı məsuliyyətlidir. Məryəm xanım, nə yazırsa, həmişəlik yazır. Yazdığı kitabların hamısı teatrşünaslar üçün ustad dərsidir. Üstündən 30 il keçməsinə baxmayaraq, onun qələmindən çıxan "Teatr: seyr və sehr” monoqrafiyası Azərbaycan teatrşünaslığında ən yaxşı nəzəri monoqrafiya statusunu saxlamaqda. Kitabları sıxılmış, kip informasiyalarla, orijinal fikirlərlə, ideyalarla doludur. Bu səbəbdən Məryəm xanımın kitablarını yavaş-yavaş oxumaq lazımdır.  Məqalələri isə su kimi içilir.  Məryəm xanım, nədən yazırsa, yazsın, predmetini ən dərin qatlarına qədər açmağı bacarır. Məntiqli, dəqiq və inandırıcı arqumentləri ilə hər hansı teatr təzahürünü mükəmməl təhlil edərək, dəqiq diaqnoz qoymağa qdirdir.
Son vaxtlar az yazsa da, yazdıqları çox dəyərlidir, oxunaqlıdır, anlaşılandır və teatr prosesinə fayda verir. "Proses” Məryəm xanımın teatrşünaslıq fəaliyyətinin açar sözüdür. Çünki bu yazılar prosesin içindən doğulub, proseslə qol-boyun olub yol gedir, bəzən yanaşı addımlayır, bəzən hətta onu qabaqlayır, ən əsası, prosesə xidmət edir.
O, sadə yazır, aydın yazır, ancaq yazdıqlarının böyük elmi dəyəri var. Postmodern hoqqalardan istifadə etmir. Məryəm Əlizadənin məqalələrinin sadəliyi, aydınlığı və səmimiliyi onları teatr prosesi üçün hava-su kimi lazımlı edir. O gözəl anlayır və tələbələrinə də təlqin edir ki, teatr sənəti efemerdir. Ən parlaq teatr hadisələri, tamaşalar, görüşlər, tapıntılar və teatr qəhrəmanları da nə vaxtsa, ölməyə məhkumdur. Geci-tezi var, sadəcə. Bütün bu hadisələr və adamlar ancaq əfsanələrdə, yaşamağa məhkumdur. Bu əfsanələri isə teatrşünaslar yaradır. Teatrşünas məhz bu öləri hadisələri və şəxsiyyətləri ölümsüzləşdirəndir. Tənqidçi tamaşanı gələcək üçün qoruyub-saxlayan adamdır. Tarix boyu qadının ən əsas ilahi görəvi od keşikçisi olmaqdırsa, teatrşünasın da bəxtinə teatr keşikçisi olmaq yazılıb. Məryəm xanım uzun illər boyu teatr keşikçisi kimi xidmət edib, teatrın alovunu sönməyə qoymayan iki-üç teatrşünasdan biri olub.
Məryəm xanımın məqalələri son dərəcə subyektivdir.  Deyirlər ki, tənqidçi obyektiv olmalıdır. Mənə görə, teatrşünaslıqda obyektivlik deyilən şey, ümumiyyətlə, yoxdur və ola da bilməz. Hətta obyektiv olduqlarını iddia edən teatrşünaslar belə obyektiv deyillər. Axı, teatrşünas öz bədii seçimlərindən və zövqündən niyə imtina etsin ki? Əsası, teatrı sevmək və pisi yaxşıya qarışdırmamaqdır, ədalətli olmaqdır.
Məryəm xanımın müəllimləri, ustadları haqqında yazdığı yazıları oxumağın bir ayrı ləzzəti var. Nə yalan deyim, şəxsən mən Cəfər Cəfərovu, Məryəm Əlizadənin onun haqqında yazdığı essesini oxuyandan sonra sevməyə başlamışam. Halbuki o vaxta qədər, milli peşəkar teatrşünaslıq elminin banisinin, demək olar ki, çap olunmuş bütün əsərləri ilə tanış idim. Məryəm xanımın yazısını oxuyandan sonra C.Cəfərovun köhnə hesab etdiyim yazıları, teatrşünaslıq fəaliyyəti mənim üçün fəqrli məna kəsb etməyə başldı. Sanki sklet əzələ və dəri qatı ilə örtüldü, cana gəldi və dil açaraq bizimlə ünsiyyətə girməyə başladı.
Ümumiyyətlə, Məryəm xanımdan çox şey öyrənmişik. Bilirəm ki, bir az da eqozim yatır bu duyum-qənaətimin altında. Hərdən mənə elə gəlir ki, o, ən yaxşı bizə dərs deyib, ən çox bizi yaxına buraxıb, hamıdan artıq bizi sevib və öyrədib. Üstümdə haqqı çoxdur Məryəm xanımın. Saymaqla bitməz. Elə onu demək bəsdir ki, Vaqif müəllimlə tanış edib məni və düşünməyi öyrədib. Güvənib, inanıb həmişə. Tolerant olmağı, dinləməyi və sevməyi təlqin edib. Biz xeyirxahlığı, şəfqəti, sevgini, mərhəməti, ləyaqəti, mərdliyi, sədaqəti onun yaşam tərzində görmüşük, ondan öyrənmişik. Vaqif müəllimin xəstə olduğu vaxtlarda göstərdiyi dəyanəti, fədakarlığı ilə çoxlarına kişilik dərsi keçib. Ömrünü dostlarına, tanışlarına, qohumlarına, tələbələrinə və bunların hamısından üstün olan ƏLAHƏZRƏT TEATRa xərcləyib. O teatrın tarixini yazıb, bu gün – 7.0 yaşının tamamında isə teatr tariximiz onun adını öz səhifələrinə həkk edir. Azərbaycan teatrı Sizə minnətdardır – onu sevdiyiniz, yaşatdığınız, təbliğ etdiyiniz üçün.
Doğum gününüz mübarək, əziz Məryəm xanım.
SİZİ sevirik – TEATRI sevdiyiniz qədər.
 
Elçin Cəfərov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru