• cümə, 29 Mart, 08:46
  • Baku Bakı 5°C

“Sizi eşidirəm, buyurun” – Sadə peşə adamı

02.06.14 10:06 3899
“Sizi eşidirəm, buyurun” – Sadə peşə adamı
Turanə Hüseynova: “Çox sağ ol, qızım, siz bizim taleyimizi həll etdiniz” deyəndə, elə bilirəm mənə dünyaları verirlər”

- Məlumat xidməti 27. Sizi eşidirəm, buyurun.
- Mənə təcili yardımın nömrəsi lazımdır.
- 103. Zəng edib xidmətimizdən istifadə etdiyiniz üçün minnətdarıq.
Turanə Hüseynova 10 ildir ki, telefonçu qız kimi “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin “109” telefon sorğu mərkəzində abonentlərə xidmət göstərir. 10 ildir ki, dediyi ünvanlar, telefon nömrələri fərqli olsa da, “Məlumat xidməti 27” olan şəxsi nömrəsi dəyişməz olaraq qalır.
Ali təhsilli telefonçu
Texniki Universitetin radiotexnika və rabitə fakültəsini həm bakalavr, həm də magistratura pilləsi üzrə bitirib. Magistratura pilləsində təhsil alarkən sözügedən qurumda telefonçu qız kimi işə başlayıb. Iş növbəli olduğundan səhər dərsə gedib, günortalar işləyib: “Günortadan sonra çalışa biləcəyim iş axtarırdım. 109 xidmətinə gedib çıxdım. Amma telefonçu qız olmağa xüsusi marağım yox idi. İşlədikcə isə işimi sevməyə başladım”.
Sənətinin sirlərindən danışan müsahibimi deyir ki, burada işləmək üçün ən başlıcası səbr lazımdır: “Gərək abonentləri başa sala biləsən, onları dinləməyi, düzgün məlumat alıb düzgün nömrə, ünvan verməyi bacarasan. Gün ərzində hər cür insan zəng edə bilər. Təhsilli, təhsilsiz, müxtəlif xarakterli, dünyagörüşlü abonentlərlə ünsiyyətdə olursan. Biri başa düşür, biri anlamır, biri yaşlı, biri cavan olur. Müxtəlif təbəqədən olan abonentlər səni başa düşənə, razı qalanacan səbrli davranmalısan. Məsələn, keçən gün yaşlı kişi zəng etmişdi, bir idarənin telefon nöməsini istəyirdi. Nə qədər qışqırırdımsa, məni eşitmirdi. Deyirəm, “dayı, bu nömrəlni yaz. Deyəndə düz deyir, yazanda səhv yazırdı”. Telefonu xanımına verdi, o da başa düşmədi. Axırda kişi yenidən dəstəyi götürdü. Onu birtəhər başa saldım ki, nömrə budur. Axırda dedi ki, “bala, bağışla, bu qədər qulaq asdın, bizi sakit başa saldın, çox sağ ol”.
Amma 109-un elə istifadəçiləri də olur ki, “sağ ol” deməyi belə unudur: “Elə abonent var ki, səbirlidir, nömrəni, ünvanı axtaranda telefonda səbirlə gözləyir və sonda təşəkkür edir. Eləsi də var ki, sağolllaşmamış dəstəyi yerindən asır”.
“Gözləyin, kağız-qələm gətirim”
Turanə deyir ki, abonentlərin əksəriyyəti ünvan, telefon nömrəsi istəyəndə yanlarında kağız-qələm götürmürlər: “Elə olur nömrəni 3 dəfə təkrarladırlar. Sonra da deyirlər ki, “yadımızda qalmayacaq, gözləyin, gedib kağız-qələm gətirim”. Bu, istər-istəməz telefonçulara pis təsir edir. Belə çıxır ki, səhərdən öz-özünə nömrə deyirmişsən. Onları gözləmək bizim işimizə də ziyan vurur. Çünki gün ərzində onlarla abonentə cavab verməli, planı həm kəmiyyət, həm də keyfiyyət baxımdan doldurmalıyıq”.
Telefonçular hansı nömrələri əzbər bilir?
Turanə abonentlərin bəzən bir zəngə bir neçə idarədən nömrə istədiklərindən də narazılığını bildirdi: “Bizdə qaydayla bir zəngə bir arayışdı. İkinci arayış verməyə haqqımız yoxdu. Abonent bir idarədən beş-altı nömrə istəyə bilər. Amma xidmət pulluya keçəndən və keyfiyyət yüksələndən sonra bir zəngə iki və daha çox idarədən nömrə, ünvan vermək mümkün deyil”.
Telefonçular əksər idarələrin telefon nömrələrini əzbər bilirlər. Həmsöhbətimiz abonentlərin daha çox Azərcell, Bakcell, Hava Limanı, avtovağzal, dəmiryol vağzalından nömrə istədiklərini deyir: “Abonentlərin tez-tez istədikləri nömrələri bütün telefonçular ixtiyarsız olaraq beyinlərinə həkk edirlər. Ancaq nömrələri əzbər bilmək vacib deyil. Sadəcə keyfiyyət baxımından, istifadəçilərin gözləməməsi üçün bu, yaxşı bir haldır. Hətta nömrələrin hansı səhifədə olduğu da yadımızda qalır. Qeyd edim ki, hazırda nömrələri, ünvanları tapmaq üçün həm kompyuter sistemindən, həm də nömrə kitablarından itifadə edirik”.
“Nömrəni tapa bilməyəcəyimdən qorxdum”
Işə yeni gəldiyi vaxtları xatırlayan Turanə deyir ki, telefonçuların abonentlərin istədikləri nömrələri kitabın səhifələrindən əzbər bilmələri onu təəccübləndirib: “Mən işə yeni başlayanda kompyuter sistemi yox idi. Telefonçular ünvanları da, nömrələri də 12 dənə qalın kitabdan tapıb deyirdilər. Fikirləşirdim ki, bunlar haradan bilirlər ki, filan nömrə hansı kitabda, hansı səhifədədir. Hətta məni həyəcan bürüdü, iş çətin gəldi. Abonentlərin istədikləri nömrəni tapa bilməyəcəyimdən qorxdum. Bir müddət sonra isə hansı nömrənin hansı kitabda, hansı səhifədə olduğunu əzbərdən öyrəndim. əslində bunun üçün xüsusi çaba sərf etməyə ehtiyac yoxdur. İş prosesində istər-istəməz öyrənirsən. Çünki hər gün gördüyün işdir”.
“Ağacın sağ tərəfindəki binanın nömrəsini verin”
Müsahibimiz işlərinin zərərli hesab olunduğunu deyir: “Bütün günü qulağımızda qulaqcıq olduğuna və biz kompyuterin qarşısında oturduğumuza görə işimiz zərərli sayılır”.
Telefonçu qız gün ərzində başlarına gələn maraqlı əhvalatları da bizimlə bölüşdü: “Bir də görürsən, abonent zəng edib deyir ki, ““Koroğlu” metrosunun yanında böyük bir bina var, o binanın üçüncü mərtəbəsinin nömrəsini ver”. Ya da eləsi olur ki, deyir ki, “3-cü mikrarayonda supermarket tərəfdə böyük bir ağac var, o ağacın sağ tərəfində bina var. Binanın nömrəsi 13, ikinci blok, ikinci mərtəbədir, amma qapının nömrəsini bilmirəm, oranın nömrəsini ver”. Təsəvvür edin, nə ad, nə soyad, nə dəqiq ünvan demirlər, amma bizdən nömrə tələb edirlər. Təbii ki, bu halda nömrə tapmaq mümkün olmur. Bu zaman çox vaxt abonent narazı qalır. Düzrdür, başa salırıq, eləsi var ki, anlayır ki, ad, soyad, ata adı olmayanda, yaxud ünvanı bilməyəndə bizim telefon nömrəsi tapmağımız mümkün deyil. Amma eləsi də var ki, anlamır, elə bilir, biz bütün hallarda onları nömrə ilə təmin etməliyik”.
Peşəsinin sevdiyi tərəflərində də danışan həmsöhbətimiz insanlara kömək etməyi sevdiyini deyir: “Hansısa idarənin, evin nömrəsini, ünvanını verirsən, hardasa kiməsə kömək etmiş sayılırsan. Buna görə adam özünü rahat hiss edir. Əvəzində abonentlər “çox sağ ol, qızım, siz bizim taleyimizi həll etdiniz” deyəndə elə bilirəm mənə dünyaları verirlər. Düşünürəm ki, bir adama köməklik edə bildim. Belə hallarda adam işindən zövq alır. Işimin sevilməyən tərəfi isə dəqiq məlumat verə bilməyən abonentlərə nömrə tapmaqda yardım edə bilməməyimizdir ki, bu halda çoxları bizimlə kobud davranırlar”.
“Dayı, kəndçilər gələndə orda düşür”
Turanə həmkarlarından birinin iş prosesində başına gələn maraqlı bir hadisəni də bizimlə bölüşdü: “Yaşlı bir kişi zəng edib avtovağzala necə gedə biləcəyini soruşub. Həmkarım da deyib ki, 20 Yanvara, oradan da avtovağzala getsin. Kişi deyib, “qızım, mən kəndçi adamam, haradan bilim 20 Yanvar hardadır”. Həmkarım da cavabında “dayı, kəndçilər gələndə birinci orada düşür”, deyə bildirib. Zarafatı tutan yaşlı dayı da, xeyli gülüb”.
“General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”
Müsahibimiz öz sahələrində kimlərin yaxşı işçi sayıldığını da bildirdi: “Səbirli olan, abonentlərə yaxşı xidmət göstərən, planı yerinə yetirən, müəyyən stajı olan işçi yaxşı işçi sayılır. Plan bizdə dərəcə ilədir. Dərəcələr birinci-altıncı arasında dəyişir. Dördüncü dərəcədə saata 30, beşinci dərəcə 35, altıncı dərəcədə isə 40 abonentin sualını cavablandırmalısan. Məndə altıncı dərəcədir. Telenfonçu üçün bundan yaxşı dərəcə yoxdur. Yalnız vəzifə olaraq mühəndislər, telefonçu briqadirlər, baş telefonçu olur”.
Turanə də gələcəkdə işində daha yauxarı pillələrə keçmək fikrindədir. Deyir ki, “general olmaq istəməyən əsgər, yaxşı əsgər deyil. Gərək arzulayasan ki, arzuna da çatasan. Bundan başqa, təhsilimi doktorantura pilləsi üzrə davam etdirmək fikrindəyəm”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər