• cümə axşamı, 28 mart, 12:52
  • Baku Bakı 16°C

Sizə usta lazımdı? - Peşə liseyindən reportaj

19.05.14 08:19 3031
Sizə usta lazımdı? - Peşə liseyindən reportaj
“Bu gün hər kəs universitet oxumağa can atır. Universiteti bitirdikdən sonra isə, diplom xatirinə oxuyanlar ya iş tapa bilmir, ya da diplomunu suvenir kimi evə qoyub, bizneslə məşğul olurlar. Lakin əmək bazarına diqqət yetirsəniz görərsiniz ki, sənətini dərindən bilən peşəkarlar çox azdır və onlara tələbat var. Belə insanlar da məhz peşə məktəblərində yetişirlər”.
Həmsöhbətimiz Aydının sözlərinə görə, əmək bazarında peşə təhsili olan işçilərə tələbat böyükdür: “Ali məktəbi bitirənlərin əksəriyyəti işinin mütəxəssisi olmaq üçün yox, diplom almaq üçün təhsil alırlar. Mən də universitetə daxil olmaq üçün uzun müddət çalışdım. Amma nə yaxşı ki, daxil olmamışam. Çünki peşə liseyində öyrəndiyim qaynaqçılıq peşəsi ilə bəzi ali təhsil diplomlularından fərqli olaraq normal iş tapıb işləyirəm”.
Bu gün ölkəmizdə valideynlərin əksəriyyəti peşə təhsilinə könülsüz yanaşır, övladlarının savadının olub-olmamasına fikir vermədən ali təhsil almağa məcbur edirlər. Biz də ölkəmizdə texniki peşə məktəblərinin vəziyyətini və bu təhsil ocaqlarına marağın nə dərəcədə olduğunu öyrənmək üçün Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən 4 saylı peşə liseyinə yollandıq.
Çox sevilən peşə
Sözügedən liseyə daxil olduqda, oranın ən son avadanlıqlarla təchiz olunması, müasir dizaynlı sinif otaqları, liseyin ixtisasa uyğun olaraq alətlərlə təmin olunması diqqətimizdən yayınmadı. Liseydə həm nəzəri, həm də praktiki dərslər keçirilirdi. Nəzəriyyəni öyrəndikdən sonra, uşaqlar emalatxanaya daxil olur, öyrəndiklərini burada tətbiq edirlər. Sinif otaqlarında kifayət qədər şagirdin olması diqqətimizi çəkdi. Şagirdlərdən kimi dərsə qulaq asır, kimisi də onu maraqlandıran sualları müəlliməsindən soruşurdu. Otaqları müşahidə etdikdən sonra liseyin direktoru ilə söhbətləşmək üçün onun kabinetinə yollanırıq.
Liseyin direktoru Emin Zeynalov bizimlə söhbətində bildirdi ki, burada 230 şagird təhsil alır. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən peşə məktəblərinə qəbulda artım müşahidə olunur: “Bizim liseydə müasir tələblərə cavab verən ixtisas üzrə kadr hazırlığı aparılır. Bu ixtisaslar elektrik qaynaqçısı, quru inşaat ustası, dülgər-xarrat parket ustası, radioteleviziya təmiri və xidməti üzrə mexanik, kompyuter üzrə operator və mühasibdir. Bu ixtisaslar peşəkar müəllimlər tərəfindən şagirdlərə öyrədilir və əmək bazarına hazırlanırlar”.
Direktorun sözlərinə görə, son zamanlar şagirdlər arasında mühasibatlıq və kompyuter işi peşələrinə maraq çoxdur: “Kompyuter əsrində yaşadığımız üçün şagirdlər daha çox bu peşələrə yiyələnmək istəyirlər. Gələcəkdə isə liseyimizdə ofisiantlıq və dülgərlik üzrə kadr hazırlığını planlaşdırırıq”.
Gələcəyi parlaq olan ixtisas
Tənəffüs zamanı qarşımıza çıxan Nihad kompyuter üzrə operator ixtisasında təhsil aldığını bildirdi. O, 9-cu sinfi bitirdikdən sonra bu liseyə daxil olub. Hazırda ikinci kursda oxuyan həmsöhbətimiz deyir ki, ən böyük arzusu gələcəkdə kompyuter üzrə mütəxəssis olmaqdır: “Kompyuterlə işləməyi çox sevirəm. Onun sökülüb yığılması mənə həmişə maraq verirdi. Bu səbəbdən ailəmin də dəstəyi ilə bu ixtisasa yiyələnmək üçün peşə məktəbinə daxil oldum”.
Nihadın köməkliyi ilə tələbələrin nəzəri biliklərini tətbiq etdikləri tədris emalatxanasına yollanırıq. Əvvəlcə quru inşaat ustası ixtisasının şagirdlərini emalatxanada müşahidə edirik. Şagirdlərə həvəslə bu sənətin sirlərini öyrədən Bəybala müəllim deyir ki, tədris etdiyi ixtisasın gələcəyi parlaqdır: “Gördüyünüz kimi şagirdlər öyrənməyə çox həvəslidirlər. Çünki bu peşə çox rahat, əziyyəti az olan və gələcəyi parlaq peşələrdəndir. Quru inşaat gələcəkdə bütün tikinti işlərində tətbiq ediləcək. Hazırda da əmək bazarında bu sahədə peşəkar ustalara tələbat var”. Müəllimlə söhbət əsnasında məlum oldu ki, onun tələbəsi gördüyü işə görə, MDB ölkələri arasında keçirilən müsabiqədə ikinci yerə layiq görülüb. Bəybala müəllim deyir ki, bu ixtisası bitirən tələbələr əsgərliklərini bitirib gəldikdən sonra onların iş problemi olmur: “Biz bütün tələbələri 3-cü kursda məşhur şirkətlərə istehsalat təcrübəsinə yollayırıq. Orada öz bacarığını göstərə bilən tələbə, elə təcrübə keçdiyi şirkət tərəfindən işə qəbul olunur. Bizim elə bir tələbəmiz yoxdur ki, sənətini sevsin, bacarıqlı olsun, amma iş tapmasın”.
Qaynaqçılıq sənətinin sirri
Emalatxanada qonşu otaqda “qaynaqçılıq” ixtisasının tələbələri müəllimləri ilə birlikdə qaynaq işlərini görürdülər. Müəllimdən icazə aldıqdan sonra otağa daxil olduq. Buradakı tələbələr qaynaqçı geyimində əllərində qaynaq alətləri ilə diqqətlə müəllimlərini dinləyirdilər. Tələbələrə müəyyən göstərişlər verən Balağa müəllim səbrlə onlara bu peşənin sirlərini öyrədirdi.
Müəllimlə söhbət əsnasında məlum olur ki, o 1970-ci ildən bu günə kimi 4 saylı liseydə qaynaqçı yetişdirir: “Bizim uşaqlar çox bacarıqlıdırlar. Sözü bir dəfə deyən kimi tapşırığı yerinə yetirirlər. Bu peşənin uşaqlara öyrətdiyim ilk sirri odur ki, işə sakit başla başlasınlar, əgər əsəbidilərsə, yaxud harasa tələsirlərsə, qaynağı atıb işlərinin ardınca getsinlər. Çünki belə olan halda işin uğurlu alınacağı mümkün deyil”.
Qaynaqçılıq emalatxanasında dəmirdən düzəldilən fiqurlar diqqətimizi çəkdi. Müəllimin sözlərinə görə bu fiqurları şagirdlər özləri dəmiri əyərək düzəldirlər. Burada əsas prinsip bütün fiqurların eyni ölçüdə olmasıdır: “Bu fiqurları eyni ölçüdə düzəltməklə uşaqlar işlərində dəqiq olmağı öyrənirlər. Burada elə şagirdlər var ki, artıq sənəti bilirlər və mənim özümə də işlərimdə kömək edə bilirlər.”
Müəlliminin tapşırıqlarını həvəslə yerinə yetirən Böyükağa deyir ki, uşaqlıqdan qaynaqçı olmaq istəyib: “Qaynaq işində yaranan qığılcımlar məndə həmişə maraq oyadırdı. Hər dəfə düşünürdüm ki, bu necə yaranır, necə tənzimlənir. Valideynlərimin dəstəyi ilə liseyə qəbul oldum və sevdiyim peşənin sirlərinə yiyələndim”.
Hüquqşünas, yoxsa qaynaqçı
Adının çəkilməsini istəməyən tələbə isə artıq müəllimlərindən öyrəndiklərini professional şəkildə tətbiq edərək pul qazanmağa başlayıb. Onun sözlərinə görə, əvvəllər valideynləri onun qaynaqçı olmasını istəmirdilər: “Valideynlərim mənim hüquqşünas olmağımı istəyirdilər. Hər dəfə anam deyirdi ki, sənin hüquqşünas olduğunu görmək mənim ən böyük arzumdur. Lakin mənim bu sənətə nə marağım, nə də bacarığım var idi. Dəfələrlə universitetə sənəd verdim, amma qəbul ola bilmədim. Sonra düşündüm ki, hər kəs universitet oxusa, ölkədə işləyə biləcək usta qalmaz. Hər sənətə tələbat olduğu kimi, ölkəmizdə işini bilən ustalara da tələbat var. Bunu nəzərə alaraq valideynlərimi razı saldım və qaynaqçılıq sənətinə yiyələnmək üçün bu liseyə daxil oldum”.
Reportajımızı bitirdikdən sonra şagirdləri işləri ilə baş-başa qoyub, peşə məktəbindən ayrıldıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər