• cümə, 29 Mart, 02:39
  • Baku Bakı 7°C

“Sizə məktub var” – Sadə peşə adamı

07.07.14 08:35 2476
“Sizə məktub var” – Sadə peşə adamı
“Azərbaycanda məktubun kimdən gəlməsi ilə sahibindən çox, onun qonşuları maraqlanır. Bəzən olur ki, hansısa ünvana məktub çatdıranda ev yiyəsini tapa bilmədikdə, qonşudan soruşmaq məcburiyyətində qalırıq. Həmin qonşu məktubun kimdən gəlməsi ilə maraqlanmadan ünvanı göstərmir”.
Bu sözləri bizimlə söhbətində gənc poçtalyon Arzu Rzayev dedi. Həmsöhbətimiz 1 ildir ki, Azərpoçt MMC-nin 22 saylı idarəsində poçtalyon vəzifəsində çalışır. O, yay-qış bilmədən poçta gələn məktubları ünvanlarına çatdırır. Öz sənətinin vurğunu olan müsahibimiz bizimlə söhbətində işinin xüsusiyyətlərindən, peşəsinin sirlərindən danışdı. Əvvəlcə müsahibimizi tanıyaq.
Ali təhsilli poçtalyon
Arzu Rzayev 1991-ci ildə Naftalan şəhərində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin “Radiotexnika və rabitə” fakültəsinə daxil olub. 2012-ci ilən isə sözügedən univeristetdə Çoxkanallı telekomunikasiya sistemləri fakültəsi üzrə magistr təhsili almağa başlayıb. Həmsöhbətimiz magistratura pilləsində təhsil alarkən, “Azərpoçt”un 22 saylı filialında poçtalyon kimi işləməyə başlayıb: “Hələ bakalavr təhsili alarkən 3-cü kursda yay təcrübəsi üçün bizi poçtlara göndərdilər. Mən də 22 saylı poçt idarəsində təcrübə keçirdim. Burada 20 gün işlədikdən sonra, bu sənəti sevməyə başladım. Artıq təcrübə müddətində az-çox sənətin xüsusiyyətlərini öyrənmişdim. Təcürbə müddəti bittikdən sonra da burada qalıb çalışmaq istədim. Həm təhsil alırdım, həm də poçtalyon kimi burada işləməyə başladım”.
“Sənəti mənə anam sevdirdi”
Poçtalyonluq sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, yalnız bu sənətdə yox, bütün peşələrdə işinin öhdəsindən gələ bilmək üçün ilk növbədə sənətini sevməlisən: “Poçtalyon peşəsinə xüsusi maraq və sevgi mənə ailəmdən gəlir. Anam və dayım Rabitə Texnikumunu bitirdikləri üçün bu sahədə çalışırdılar. Anam bu peşə haqqında o qədər xoş danışırdı ki, bu sənəti sevməyə başladım. Ailəm uşaq yaşlarımdan mənə rabitə sahəsində oxumağı məsləhət görürdülər. Onların istəyi ilə mən də bu sahədə oxudum və bu, məndə sözügedən sənətə xüsusi maraq oyandı. Ümumiyyətlə, sənətini peşəkarcasına görə bilmək üçün onu sevməli və işinə məsuliyyətlə yanaşmalısan. Mən də sənətimi sevirəm. Hər gün yeni insanlarla rastlaşıram, yeni ünvanlara gedirəm. Poçtalyonluq sayəsində Bakıda demək olar ki, hər yeri tanıyıram”.
“Mənə məktub gələ bilməz”
Arzu hər gün saat 9.00-da işə gəlir və 18.00-a kimi idarəyə gələn poçt kisələrini qəbul edir. Daha sonra o, məktubları möhürləyib ünvanlara çatdırır. Müsahibimiz deyir ki, heç vaxt sənətindən bezməyib, amma kaprizli müştərilər onu da yorub: “Gənclərin əksəriyyəti daha aktual peşə və ixtisasların dalınca gedirlər. Hər kəsin bir seçimi və qisməti var. Bu sənəti də mən anamın sayəsində sevmişəm və heç vaxt seçimimdən peşiman olmamışam. Düzdür, bəzən işlərim çox olub, amma heç vaxt sənətimdən bezməmişəm. Lakin iş əsnasında kaprizli insanlar bizi yorurlar. Bəzən ünvana gedirik, ev sahibi bizimlə dava edir ki, “mənə məktub gələ bilməz” və yaxud deyirlər ki, “aç özün oxu, səhv gətirmisən”. Bəzən məni gördükdə qapını belə açmırlar”.
“Az qalır ki, məktubu özü açıb oxusun”
Bu sahədə müsahibimizi ən çox təəccübləndirən məsələ isə qonşuların gələn məktublarla daha çox maraqlanmasıdır: “Bizim poçta gün ərzində 400-ə yaxın məktub daxil olur. Bu məktubları çatdırmaq üçün ünvanlara yollanırıq. Bəzən olur ki, ev yiyəsini tapa bilmirik, məcbur olub qonşu ilə maraqlanırıq. Qonşu az qalır, məktubu özü açıb oxusun ki, görüm orada nə yazılıb. Məktubun haradan, kimdən gəldiyini bilmədən bizə məlumat vermirlər. Qonşular məktub haqqında yiyəsindən daha çox maraqlanır”.
Məşhurlara gələn məktublar
Arzu məşhur insanların da evlərinə məktub çatdırıb. O deyir ki, məktubu çatdırmaq üçün Aktyor Şamil Süleymanlı, Rasim Balayevin də ünvanına gedib: “Sadə adamlara olduğu kimi, məşhur simalarla da tanış olmaq imkanımız olur. Hətta bir gün məşhur deputatlardan birinin evinə məktub aparırdım. Hansı ünvana getdiyimi görüb bir kişi mənə yaxınlaşdı və nə lazım olduğunu soruşdu. Sən demə, bu şəxs həmin deputat imiş. Mən o qədər həyəcanlanmışdım ki, onun simasını unutmuşdum. Məktubu verdikdən sonra anladım ki, axtardığım deputat bu imiş”.
“Niyyətin hara, mənzilin ora”
İlk günlər ünvanları tapmaqda çətinlik çəkən müsahibimiz şəhərdə yaşamadığı üçün ünvanlara getmək və onları tanımaq həmişə ona maraqlı gəlib. Onun sözlərinə görə, xüsusilə hansısa nazirliklərə, dövlət idarələrinə məktub gəldikdə, həmin məktubu daha həvəslə ünvana çatdırır: “Tələbə olarkən, müəllimimiz başqa universitetlərə nə isə göndərəndə mən aparırdım. Çünki Naftalanda yaşadığım üçün Bakını o qədər də tanımırdım. Bütün universitetləri görmək, idarələrlə tanış olmaq istəyirdim. “Niyətin hara, mənzilin ora” deyib atalarımız. Tale elə gətirdi ki, bu peşənin ardınca getməli oldum”.
Gələcək planlarından danışan müsahibimiz deyir ki, əsas məqsədi öz ixtisası üzrə pillə-pillə irəliləməkdir: “Özümü rabiətədən başqa heç bir sənətdə təsəvvür edə bilmirəm. İşimi çox sevirəm, insanlarla işləmək, onlarla daim ünsiyyətdə olmaq, yeni simalar görmək mənə zövq verir”.
Sonda həmyaşıdlarına məsləhət verən müsahibimiz vurğuladı ki, istədikləri, ən əsası bacara biləcəkləri peşə və sənəti seçsinlər. Seçdikləri peşənin çətinliyindən çəkinmədən işlərinə davam etsinlər. Bir sözlə, seçdikləri peşəni sevməyi bacarsınlar.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər